İsa peyğəmbərin həyatı (İncildən götürülmə)

Roma imperatoru Sezar Avqust əhalinin siyahıya alınması üçün fərman çıxarır. Buna görə də Yusiflə Məryəm doğulduqları şəhərə, Yerusəlimin cənubunda yerləşən Beytləhm şəhərinə getməli olur.Siyahıya alınmaq üçün Beytləhmə xeyli adam gəlib. Adam o qədər çoxdur ki, Yusiflə Məryəm qalmağa yer tapmır və məcbur olub bir tövlədə, mal-qara saxlandığı yerdə qalırlar. İsa həmin tövlədə doğulur. Məryəm körpəsini bələyib axura — heyvanlara yem tökülən qaba qoyur.

Çox ehtimal ki, bu fərmanın çıxarılmasında Allahın rəhbərliyi var. Çünki bunun sayəsində İsa Beytləhmdə, onun əcdadı Davud padşahın şəhərində anadan olur. Axı Müqəddəs Yazılarda yazılmışdı ki, vəd edilmiş hökmdar Beytləhmdə anadan olacaq (Mikə 5:2).

Bu, əlamətdar gecədir! Yehova Allahın calalı otlaqda olan çobanların ətrafına gur işıq saçır! Yehovanın bir mələyi çobanlara deyir: «Qorxmayın! Mən sizə bütün insanlara bəxtiyarlıq bəxş edəcək müjdəni çatdırmağa gəlmişəm. Bu gün Davudun şəhərində sizin üçün xilaskar, Ağa Məsih doğulub. Sizə nişan verirəm: axurun içində, bələkdə bir körpə tapacaqsınız». Qəflətən bu mələyin yanında saysız-hesabsız mələklər peyda olub deyirlər: «Göylərdəki Allahımıza alqış olsun! Yerdə Onun bəyəndiyi insanlara sülh nəsib olsun!» (Luka 2:10—14).

Məryəm, Yusif və çobanlar axura qoyulmuş körpə İsaya baxırlar

Mələklər qeyb olandan sonra çobanlar bir-birinə deyirlər: «Gəlin elə bu saat durub Beytləhmə gedək və Yehovanın bizə bildirdiyi bu hadisəni gözümüzlə görək» (Luka 2:15). Onlar dərhal yola düşürlər və mələyin dediyi yerə gedib körpə İsanı tapırlar. Çobanlar mələyin dediklərini danışanda eşidənlər mat-məəttəl qalır. Məryəm isə bütün bu sözləri ürəyində saxlayır və onların mənası üzərində düşünür.

Bu gün çoxları İsanın dekabrın 25-də anadan olduğunu düşünür. Ancaq dekabr ayında Beytləhmdə hava yağmurlu və soyuq olur. Çox vaxt hətta qar yağır. Çətin ki, çobanlar ilin bu vaxtı sürülərini gecə çöldə, açıq havada saxlayardılar. Bundan əlavə, Roma Sezarı da ona qarşı üsyan qaldırmağa meyilli olan xalqdan qışın oğlan çağında siyahıya alınmaq üçün yola çıxmağı tələb etməzdi. Belə qənaətə gəlmək olar ki, İsa oktyabr ayında anadan olmuşdu.

Yusiflə Məryəm Nasirəyə qayıtmırlar, onlar Beytləhmdə qalırlar. Tövratdakı qanuna uyğun olaraq, onlar səkkizgünlük İsanı sünnət edirlər (Lavililər 12:2, 3). Həmçinin İsraildə oğlan uşağına sünnət edilən gün ad vermək adəti var. Yusiflə Məryəm Cəbrayıl mələyin göstərişinə əsasən, uşağın adını İsa qoyurlar.

Bir aydan çox vaxt keçib. Artıq körpə qırxgünlükdür. Valideynləri onu götürüb Allahın Yerusəlimdəki məbədinə gətirirlər. Bura onların qaldığı evdən cəmi bir neçə kilometr məsafədə yerləşir. Allahın qanununa görə, oğlan uşağı qırxgünlük olanda anası pak olmaq üçün məbəddə qurban gətirməli idi (Lavililər 12:4—7).

Məryəm belə də edir. O, iki balaca quş qurban gətirir. Buradan biz Yusiflə Məryəmin maddi vəziyyətlərinin nə yerdə olduğunu öyrənirik. Qanuna əsasən, qadından bir toğlu və quş qurbanı gətirmək tələb olunurdu. Əgər qadının buna imkanı çatmırdısa, onda bir cüt göyərçin, yaxud bir cüt qumru quşu gətirə bilərdi. Məryəmin təqdimindən görünür ki, o, kasıb idi.

Məbəddə Şəmun adlı yaşlı bir kişi Yusiflə Məryəmə yaxınlaşır. Yehova Allah ona bildirmişdi ki, o, ölməmişdən qabaq vəd edilmiş Məsihi görəcək. Həmin gün müqəddəs ruh Şəmunu məbədə yönəldir və o, orada Yusiflə Məryəmə rast gəlir. Şəmun körpəni qucağına alır.

Şəmun uşağı qucağında tutub Allaha şükür edir: «Ya Külli-İxtiyar Allah! Dediyin kimi, indi qulun qəbrə arxayın gedə bilər, çünki xilas yolunu öz gözlərimlə gördüm, o yolu ki Sən bütün xalqların önündə hazırladın. O, xalqların gözündəki duvağı qaldıran işıqdır, xalqın İsrailin şərəfidir» (Luka 2:29—32).

Yusiflə Məryəm bunları eşidəndə heyrətlənirlər. Sonra Şəmun onlara xeyir-dua verib Məryəmə deyir ki, onun oğlu «İsraildə bir çoxlarının yıxılması və yenidən qalxması üçündür» və kədər Məryəmin qəlbini iti qılınc kimi yarıb keçəcək (Luka 2:34).

Həmin gün 84 yaşlı qadın peyğəmbər Hənnə də orada idi. Ümumiyyətlə, o, həmişə məbədə olur. Hənnə Yusifə, Məryəmə və körpə İsaya yaxınlaşır. O, Allaha şükür etməyə və hər kəsə İsa haqqında danışmağa başlayır.

Yusif və Məryəm məbəddə baş verənləri görüb hədsiz sevinirlər. Bütün bunlar bir daha onları əmin edir ki, İsa Allahın vəd etdiyi övladdır!

Şərqdən bir neçə adam gəlir. Onlar münəccimlərdir. Münəccimlər göy cisimlərinin vəziyyətini araşdırıb insanların həyatında baş verən hadisələrin mənasını bildiklərini iddia edən insanlardır (Əşiya 47:13). Onlar öz ölkələrində yeni bir «ulduz» görüb onun ardınca yüzlərlə kilometr yol qət edirlər. Maraqlıdır ki, bu «ulduz» onları Beytləhmə yox, Yerusəlimə gətirib çıxarır.

Yerusəlimə çatdıqda onlar soruşurlar: «Yəhudilərin təzəcə anadan olmuş padşahı haradadır? Biz şərqdə olanda onun ulduzunu gördük. Gəlmişik ona təzim edək» (Mətta 2:1, 2).

Münəccimlər Hirod padşaha baş əyirlər

Yerusəlim padşahı Hirod bunu eşidəndə təşvişə düşür. O, böyük kahinləri və digər yəhudi din xadimlərini toplayıb onlardan Məsihin harada doğulmalı olduğunu xəbər alır. Onlar Müqəddəs Yazılarda oxuduqlarına əsasən, cavab verirlər: «Yəhudiyyə Beytləhmində» (Mətta 2:5; Mikə 5:2). Onda Hirod münəccimləri gizlincə yanına çağırıb deyir: «Gedin, uşağı yaxşı-yaxşı axtarın. Tapan kimi mənə xəbər verin ki, mən də gəlib ona təzim edim» (Mətta 2:8). Əslində isə onun niyyəti uşağı öldürməkdir.

Onlar yola düşdükdən sonra qəribə bir şey baş verir. Şərqdə gördükləri «ulduz» onların qabağınca gedir. Görünür, bu, qeyri-adi bir ulduzdur, axı o, münəccimlərə yol göstərmək üçün göndərilib. Ulduz gəlib Yusiflə Məryəmin körpə ilə birlikdə qaldıqları evin düz üzərində dayanır.

Ulduzu izləyib Beytləhmə gələn münəccbmlər Məryəm və İsaya hədyyələr verirlər

Münəccimlər evə girirlər. Onlar Məryəmlə balaca İsanı görəndə diz çöküb uşağa təzim edirlər. Sonra torbalarından qızıl, kündür və mürr çıxarıb ona təqdim edirlər. Münəccimlər Hirodun yanına qayıtmaq istəyəndə Allah yuxularında onlara tapşırır ki, ora getməsinlər. Buna görə də öz ölkələrinə başqa yolla qayıdırlar.

Sizcə, münəccimlərə yol göstərən bu «ulduzu» kim göndərmişdi? Yadınızdadır, ulduz münəccimləri birbaşa Beytləhmə, İsanın olduğu yerə yox, əvvəlcə Yerusəlimə, İsanı öldürmək istəyən padşah Hirodun yanına gətirmişdi. Əgər Allah işə qarışıb münəccimlərə xəbərdarlıq etməsəydi, Hirod uşağı öldürəcəkdi. Əslində, İsanın ölümünü arzulayan kəs Allahın düşməni olan Şeytan İblis idi. O, bu niyyətinə yetişmək üçün həmin «ulduzdan» istifadə etmişdi.

Gecəyarısı Yehovanın mələyi Yusifə görünüb deyir: «Dur, uşağı və anasını götür, Misirə qaç. Mən sənə deməyincə oradan çıxma. Çünki Hirod uşağı tapıb öldürmək istəyir» (Mətta 2:13). Yusif dərhal Məryəmi oyadıb bu təcili xəbəri ona çatdırır.

Onlar bir an belə yubanmadan gecəyarısı ölkədən qaçırlar. Bu lap vaxtında olur, çünki Hirod münəccimlərin onu aldatdığını öyrənir. Hirod onlara İsanı tapanda gəlib yerini ona xəbər vermələrini tapşırmışdı. Münəccimlər isə padşaha heç nə demədən ölkədən çıxıb getmişdilər. Padşah bərk qəzəblənir və İsanı öldürməkdən ötrü Beytləhm və onun ətrafında iki yaşa qədərki bütün oğlan uşaqlarını öldürməyi əmr edir. Bu yaş həddini o, şərqdən gəlmiş münəccimlərdən aldığı məlumata əsasən təxmin edir.

Əsgər körpə oğlan uşağını anasının əlindən alır

Körpə uşaqların qətlə yetirilməsi dəhşətli bir şeydir! Düzdür, nə qədər uşağın öldürüldüyü bizə məlum deyil, amma bir onu deyə bilərik ki, bununla Ərəmya peyğəmbərin anaların ağlaşması və böyük şivən qoparması ilə bağlı dediyi peyğəmbərlik yerinə yetir (Ərəmya 31:15).

Bu arada Yusif ailəsi ilə Misirə gəlib çatır və orada məskunlaşır. Günlərin bir günü gecə Yehovanın mələyi yenə Yusifə yuxuda görünür. İndi isə o, belə deyir: «Dur, uşağı və anasını götür, İsrail torpağına get, çünki uşağın canına qəsd etmək istəyənlər öldülər» (Mətta 2:20). Beləcə, Yusif qərara gəlir ki, ailəsini götürüb vətəninə qayıtsın. Bununla da başqa bir peyğəmbərlik — Allahın Öz oğlunu Misirdən çağıracağı haqqındakı peyğəmbərlik yerinə yetir (Huşə 11:1).

Yusif Yəhudiyyədə, Beytləhm şəhərinin yaxınlığında, Misirə qaçmazdan əvvəl yaşadığı yerə qayıtmaq istəyir. Amma eşidir ki, orada Hirodun qəddar oğlu Arxela padşahlıq edir. Həmçinin röyada da Allah onu təhlükə barədə xəbərdar edir. Ona görə də o, ailəsi ilə şimala, Cəlilənin Nasirə şəhərinə, yəhudilərin dini fəaliyyətinin qaynaşdığı yerdən uzaq bir yerə köçür. İsanın burada böyüməsi ilə daha bir peyğəmbərlik həyata keçir: «Ona nəsrani deyəcəklər» (Mətta 2:23).

Yusif İsanı dülgərliyə öyrədir

Peyğəmbər nasirədə böyüyür

MƏTTA 13:55, 56 MARK 6:3

  • YUSİFİN AİLƏSİ BÖYÜYÜR

  • İSA PEŞƏYƏ YİYƏLƏNİR

İsa Nasirə şəhərində böyüyür. Bu balaca şəhər Yəhudiyyənin şimalında, Cəlilə adlanan dağlıq bölgədə, Cəlilə dənizi kimi tanınan böyük gölün qərbində yerləşir.

İsanın təxminən iki yaşı olanda Yusifgil Misirdən bura köçür. Görünür, həmin vaxt onların yalnız bir uşağı var idi. Lakin sonradan İsanın Yaqub, Yusif, Şəmun və Yəhuda adlı ögey qardaşları doğulur. Yusiflə Məryəmin qızları da olur. Beləliklə, İsanın özündən kiçik, ən azından, altı bacı-qardaşı olur.

Əlbəttə, İsanın başqa qohumları da var. Biz artıq İlsəba və onun oğlu Yəhyanı tanıyırıq. Onlar cənubda, Yəhudiyyədə yaşayırlar. Həmçinin Cəlilə yaxınlığında Məryəmin Səlimə adlı qohumu yaşayır. Görünür, o, Məryəmin doğma bacısı, İsanın xalasıdır. Səlimənin ərinin adı Zəbədi, oğullarının adı isə Yaqub və Yəhyadır. Çox güman ki, onlar İsanın xalası uşaqlarının içində ən böyüyüdür. Uşaqlıqda İsanın onlarla nə qədər vaxt keçirdiyini bilmirik, amma sonralar onlar onun yaxın əməkdaşı, həvarisi olurlar.

Yusif get-gedə böyüyən ailəsini dolandırmaq üçün çox işləyir. O, dülgərdir. Yusif İsanı doğma oğlu kimi böyütdüyü üçün ona «dülgərin oğlu» deyirlər (Mətta 13:55). Yusif İsaya dülgərlik peşəsini öyrədir. İsa bu sənətə elə yaxşı yiyələnir ki, sonralar o, dülgər kimi tanınır (Mark 6:3).

Yusiflə Məryəm övladlarına ruhani tərbiyə verirdilər

Yehova Allaha ibadət Yusifin ailəsində başlıca yer tutur. Yusif və Məryəm, Allahın qanununa müvafiq olaraq, uşaqlarına «oturanda, yol gedəndə, yatanda, duranda» ruhani tərbiyə verirlər (Qanunun təkrarı 6:6—9). Nasirə şəhərində sinaqoq var və şübhəsiz, Yusif ailəsini müntəzəm ora ibadətə aparır. Sonralar İsa barəsində deyilir ki, o, «adəti üzrə şənbə günü» sinaqoqa gedir (Luka 4:16). Həmçinin hər il Yehovanın Yerusəlimdəki məbədinə ziyarət ailəyə misilsiz sevinc gətirir.

LUKA 2:40—52

  • ONİKİYAŞLI İSA MÜƏLLİMLƏRƏ SUALLAR VERİR

  • İSA PEYĞƏMBƏR YEHOVA ALLAHA ATA DEYƏ MÜRACİƏT EDİR

Bahar fəslidir. Hər il bu vaxtı Yusif ailəsini götürüb qohum-qonşuları ilə birgə Yerusəlimə ziyarətə gedir. Çünki Qanuna əsasən, onlar Pasxa bayramını qeyd etməlidirlər (Qanunun təkrarı 16:16). Yerusəlim Nasirə şəhərindən təxminən 120 kilometr aralıda yerləşir. Həmişəki kimi, səyahətqabağı hamı əl-ayağa düşüb. İsa artıq 12 yaşın içindədir, o, bu bayramı və yenidən məbəddə olmağı səbirsizliklə gözləyir.

İsa ailəsi ilə bura yalnız bir günlük gəlmir. Pasxa bayramının səhərisi günü yeddi gün davam edən Mayasız çörək bayramı başlayır (Mark 14:12). Bu, Pasxa bayramının bir hissəsi hesab olunur. Yol da daxil olmaqla, Nasirədən Yerusəlimə gedib-qayıtmaq iki həftə çəkir. Amma bu il İsanın başına gələn hadisəyə görə səyahət bir qədər uzanır. Bu xoşagəlməz hadisə Yerusəlimdən qayıdanda baş verir.

Qayıdan başı Yusiflə Məryəm elə fikirləşir ki, onlarla birgə olan qohum-qonşunun arasındadır. Amma gecələmək üçün dayananda görürlər ki, İsa yoxdur. Yusiflə Məryəm onu yol yoldaşları arasında axtarmağa başlayırlar, lakin tapa bilmirlər. Buna görə də təzədən Yerusəlimə qayıdası olurlar.

Düz iki gün onu durmadan axtarırlar, amma axtarışları boşa çıxır. Nəhayət, üçüncü gün onu çoxlu otaqları olan məbəddə tapırlar. İsa yəhudi müəllimlərinin arasında oturub onlara qulaq asır və suallar verir. Hamı onun ağlına heyran qalır.

Yusiflə Məryəm İsanı tapırlar

Məryəm ondan soruşur: «Oğlum, sən niyə belə elədin? Atanla mən səni çox axtardıq, səni tapana qədər ürəyimizi yedik» (Luka 2:48).

İsa valideynlərinin onun harada olduğunu bilmədiklərinə təəccüblənir. O deyir: «Məni niyə axtarırdınız? Məgər bilmirdiniz ki, mən Atamın evində olmalıyam?» (Luka 2:49).

İsa valideynləri ilə birlikdə evə, Nasirəyə qayıdır. O, heç vaxt valideynlərinin sözündən çıxmır. İsa böyüyür və hikmətlə dolur. O, kiçik yaşlarından Allahın və insanların hüsn-rəğbətini qazanır. Bəli, İsa lap uşaqlıqdan həm ruhani işlərə can atmaqda, həm ata-anaya hörmət göstərməkdə gözəl nümunə qoyur.

MƏTTA 3:1—12 MARK 1:1—8 LUKA 3:1—18 YƏHYA 1:6—8, 15—28

  • YƏHYA TƏBLİĞ VƏ VƏFTİZ ETMƏYƏ BAŞLAYIR

  • ÇOXLARI VƏFTİZ OLUR, ANCAQ HAMI YOX

Eramızın 29-cu ilinin bahar fəslidir. Onikiyaşlı İsanın məbəddə müəllimlərə suallar verdiyi vaxtdan təxminən 17 il ötüb. İsanın qohumu Yəhyanın adı dillər əzbəridir. O, İordan çayının şərq sahili boyu təbliğ edir.

Yəhya həm görünüşü, həm də danışığı ilə insanlarda xüsusi təəssürat oyadır. O, dəvə yunundan paltar geyir, belinə dəri qurşaq bağlayır; çəyirtkə və çöl balı ilə qidalanır. Bəs o, hansı xəbəri çatdırır? «Tövbə edin, çünki səmavi Padşahlıq yaxınlaşır», — deyə o bəyan edir (Mətta 3:2).

Yəhyanın sözlərini eşidənlərin ürəyi riqqətə gəlir. Çoxları anlayır ki, tövbə etmək, yəni düşüncə tərzini dəyişib əvvəlki həyat yolundan əl çəkmək lazımdır. «Yerusəlim, bütün Yəhudiyyə və İordan ətrafı bölgələrin camaatı onun yanına» axışır (Mətta 3:5). Yəhyanın yanına gələnlərin çoxu tövbə edir. O, onları İordan çayında suya batırıb çıxarmaqla vəftiz edir. Nəyə görə?

Tövbə edən yəhudilər Yəhyanın yanına vəftiz olunmağa gəlirlər

Yəhya insanları Allahın Qanun əhdinə qarşı işlətdikləri günahlardan sidqi-ürəkdən tövbə etdiklərinin əlaməti və ya təsdiqi olaraq vəftiz edir (Həvarilərin işləri 19:4). Ancaq vəftiz olmağa hamı yararlı deyil. Yəhudi din xadimləri olan fərisi və saddukilərdən bəziləri Yəhyanın yanına gələndə o, onları «əfi ilan balaları» adlandıraraq deyir: «Tövbəyə yaraşan bəhrələr gətirin, “Atamız İbrahimdir”, — deyib özünüzü arxayınlaşdırmayın. Bunu bilin ki, Allah istəsə, İbrahimə bu daşlardan da övlad yarada bilər. Balta artıq ağacların dibindədir. Yaxşı meyvə gətirməyən ağac kəsilib oda atılacaq» (Mətta 3:7—10).

Yəhyanın diqqət mərkəzində olduğunu, qüdrətli bir xəbər çatdırdığını və çoxlarını vəftiz etdiyini görən yəhudilər kahin və lavililəri onun yanına göndərib soruşurlar:

— Sən kimsən?

— Mən Məsih deyiləm, — deyə Yəhya etiraf edir.

— Bəs onda kimsən? Olmaya, İlyassan?

— Xeyr.

— Bəlkə, həmin o Peyğəmbərsən? (Onlar Musa peyğəmbərin dediyi peyğəmbəri nəzərdə tuturlar.) (Qanunun təkrarı 18:15, 18).

— Xeyr, — deyə Yəhya cavab verir.

Onlar təkid edirlər: «Axı sən kimsən? Özün haqqında bir şey de ki, bizi göndərənlərə cavab verə bilək». Yəhya deyir: «Mən Əşiya peyğəmbərin dediyi, çöllükdə: “Yehovanın yolunu hamarlayın!” — deyə car çəkənin səsiyəm» (Yəhya 1:19—23).

«Əgər sən nə Məsih, nə İlyas, nə də həmin o Peyğəmbər deyilsənsə, bəs onda nəyə görə vəftiz edirsən?» — deyə onlar bilmək istəyirlər. Yəhya onlara cavab verir: «Mən suda vəftiz edirəm. Lakin aranızda bir nəfər var, siz onu tanımırsınız. O, məndən sonra gəlir, amma mən onun səndəlinin bağını belə, açmağa layiq deyiləm» (Yəhya 1:25—27).

Bəli, Yəhya başa düşür ki, Məsihi, gələcək padşahı qəbul etmələri üçün insanların ürəklərini hazırlamağa kömək etməklə yol hazırlamış olur. Yəhya gələcək Məsih haqqında belə deyir: «Mən onun ayağından səndəlini çıxartmağa belə, layiq deyiləm» (Mətta 3:11). Yəhya həmçinin deyir: «Məndən sonra gələn məni ötüb keçdi, çünki o, məndən əvvəl var olub» (Yəhya 1:15).

Yəhyanın: «Tövbə edin, çünki səmavi Padşahlıq yaxınlaşır», — deyə çatdırdığı xəbər, həqiqətən də, yerindədir (Mətta 3:2). Bununla o, açıq-aydın bəyan edir ki, Yehovanın təyin etdiyi Padşahın, İsa Məsihin xidməti tezliklə başlayacaq.

Mənbə. www.jw.org