Koroğlunun əsil həyatı

Cəlalilər hərəkatının başçılarından biri idi. XVI əsrin ortaları – XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlalidəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.

Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini “Koroğlu dastanı” – nda tapmışdır. Dastanla hadisə və şəxsiyyətlər silsiləsinin tarixilik xətti pozulmamış, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılmışdır. Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, Həsən paşa və s.) əksəriyyəti tarixi simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel qalası olmuşdur (müxtəlif ərazilərdə “Çənlibel” adlı çoxlu qalalar mövcuddur). XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı çəkilir.

A.Təbrizlinin “Tarixlər kitabı” əsərində cəlali dəstələrindən 20-dən çox başçısının, o cümlədən Koroğlunun adı xüsusi qeyd edilir. Koroğlunun vuruşmalardakı mərdlik və şücaəti, kasıbların dostu, zülmkarların düşməni xalq qəhrəmanına çevirmişdir.

Azərbaycan Əlyazmalar İnstitutundakı əlyazmalarda aşıq-şair Koroğlunun çoxlu şerləri qorunub saxlanır.

Dastanın bizə aid olan nüsxəsi Yazılması

Tanınmış polyak şərqşünası, şair və dilmancı Aleksandr Xodzko Cənubi Azərbaycandan Avropaya apardığı “Koroğlu” dastanının əlyazmasını Hacı Mirzə İsgəndərin təşəbbüsü ilə ingilis dilinə çevirib Londonda dərc etdirməklə (1842) eposun tarixində silinməz bir iz qoymuşdur. Dastanın söyləyicisi Aşıq Sadıq adı ilə ün qazanmış Sadıq bəy olmuşdur. Dastanı Mirzə Əbdülvahab qələmə almış, Mirzə İsgəndərin nökər və qulluqçuları – Mirzə Mehdi Gilani, Həzrətqulu bəy və Yaqub bəy isə bu işə şahidlik etmişlər. Qələmə alınma tarixi: çərşənbə günü, rəbiüləvvəl ayının 15-i, hicri-qəməri 1250-ci il. Əlyazmanın müəllifindən soraq verən son qeyd isə belədir:

“Bu nüsxəni əvvəldən axıra qədər Mahmud xan Dünbüli Dircuy toplamışdır. Mətn düzgündür, lakin türki rəsmül-xəttində bir neçə səhv gedibdir. Ulu Mirzə İsgəndər bunu qeyd etsə də, onları düzəltməyə fürsət olmadı.”

Bu nəsr bir il sonra O. Volfun tərcüməsində alman oxucularına da çatdırılmışdır. Yenə həmin ildə Jorj Sand “Koroğlunun sərgüzəşt və improvizasiyaları”nı A. Xodzkonun nəsrindən tərcümə edərək “Müstəqil icmal” jurnalında, 1853-cü ildə isə oğlu Moris Sandın illustrasiyaları ilə ayrıca kitab şəklində çap etdirilməsi eposun Avropada daha geniş vüsət almasına təkan vermişdir. London nəsrinin S. S. Penninin tərcüməsi ilə rus dilindəki çapı (Tiflis, 1856) isə eposa daha böyük oxucu auditoriyası qazanmışdır.

Koroğlu kimdir?

Eposun meydana gəlmə amillərindən ilk dəfə əsaslı şəkildə bəhs açan türkmən alimi B. A. Karrıyevin gətirdiyi dəlillər bizdə və başqa ölkələrdə irəli sürülən qənaətlərin özəyini təşkil edir. Daha doğrusu, Eliyas Muşeq, Arakel Təbrizi, Övliya Çələbi, İvan Şopen, A. Xodzko, S. S. Penn, İ. Petruşevski, H. Samuelyanın və başqalarının Koroğlu haqqında söylədiklərinə onun tədqiqatında daha geniş şərh verilmiş, bu səbəbdən də tarixi məxəzlərdən gətirdiyi sitatlar sonralar dərslikləri bəzəmişdir.

“Doğrudan da, XVII yüzildə böyük şöhrət qazanmış Koroğlu adlı şəxs yaşamışdır. Azərbaycan və türkmən variantlarında göstərilir ki, Koroğlu tuk (daha dəqiq desək, təkə) tayfasından çıxmış türkmən idi və onun atası sultan Murada xidmət etmişdi”. H. Samuelyanın bu qənaətlərinin Arakel Təbrizinin və Eliyas Muşeqin (XVIII əsr) şahidliyinə əsasən irəli sürüldüyünü bildirən alimə görə, bunlar eposun meydanagəlmə səbəblərini və yerini müəyyənləşdirən yeganə mənbələrdir. Arakel Təbrizi İran şahı I Abbasın hakimiyyəti dövründəki hadisələrdən bəhs açmış və baş verən üsyana başçılıq edən şəxslərdən birinin adının Koroğlu olduğunu bildirmişdir. Qəribədir ki, o, indi aşıqların oxuduğu mahnıların çoxunun da Koroğlu tərəfindən qoşulduğunu vurğulayırdı. Arakel Təbrizi söyləyirdi ki, üsyankarlar özlərini “cəlalilər” (ərəb sözü “cəlal” – məşhur, şöhrətli, ölən yaradan deməkdir) adlandırırdılar. Onlar şaha və tərəfdarlarına qarşı amansızcasına vuruşurdular. O yazırdı: “Cəlalilər monarxa bütünlüklə tabe olmurdular; onların heç yerdə daimi yaşayış məskənləri yox idi, qabaqlarına nə çıxırdı, hamısını dağıdırdılar, haralara onlar haqqında heç bir məlumat çatmamışdı, tez oralara üz tutur, soyğunçuluğa başlayır, qənimətlər toplayır və yerdə qalan hər şeyi oda atırdılar”.

Beləliklə, tarixi mənbələrdə Koroğlunun şəxsiyyəti haqqında ilk dəfə Arakel Təbrizi özünün 1662-ci ildə qələmə aldığı “Tarix” kitabında məlumat vermişdir. Şəhərlərin kasıb əhalisinin və kənd camaatının üsyan qaldırmasından bəhs açarkən o göstərmişdir ki, üsyan başçılarının birinin adı Koroğludur. Övliya Çələbinin XVII yüzilliyə aid “Səyahətnamə”sində də Koroğlu cəlalilər hərəkatının ən görkəmli nümayəndələrindən biri tək xatırlanmışdır. Eləcə də, Cənubi Azərbaycanda yaşayan tacir Eliyas Muşeqin də məlumatları böyük maraq doğurur. B.A.Karrıyev H.Samuelyana istinadən bildirir ki, Eliyas Muşeq İran şahı tərəfindən Ruyiyaya göndərilmişdi. Ancaq Həştərxanda İranın gizli agenti kimi həbs edilmiş və topladığı “Nəğmələr” dəftəri əlindən alınmışdı. Bu topluda Koroğlu barədə 1721-ci ildə erməni əlifbası ilə yazıya alınmış 13 qəhrəmanlıq nəğməsi var. Həmin şerlər 1954-cü ildə İrəvanda , 1969-cu ildə Bakıda işıq üzü görmüşdü. Maraqlıdır ki, Eliyas Muşeq nəğmələri yerli ağsaqqalların və xanəndələrin dilindən eşitdiyini qısa, izahatedici mətnlərdə bildirir və şerlərlə yanaşı verir. Onun qeydlərindən məlum olur ki, Koroğlu osmanlı ölkəsinin dağ və meşələ-rində yaşamışdır. Başına topladığı çoxsaylı qaçaq atlılarla yollarda ağalıq etmiş, hərdən ötüb-keçən tacirləri basqınla soymuş, hərdən də özlərinin razılığı ilə onların pullarını əllərindən almışdır. Bu hadisələr iranlı şah Abbasın və türk sultanı Muradın hakimiyyətdə olduğu çağlarda baş vermişdir.

Cəlali üsyanları

“Tarixi mənbələrdə göstərilir ki, 1518-ci ildə Toqatda Şeyx Cəlali ilk böyük üsyan qaldırmışdır, çox güman ki, cəlalilər onun adı ilə əlaqədardır”. Paris nüsxəsində qəhrəmanlar Cəlali Koroğlu və Nəzər Cəlali adıyla verilir. Molla Cumanın düzüb-qoşduğu dastanların birində də bu addan istifadə olunur: “Cəlali Məhəmməd və Tavat xanım”.

1571-1573-cü illərdə Təbrizdə sənətkarlar və şəhər yoxsullarının böyük bir üsyanı olmuşdur. Çəkməçi, mahud toxuyan, şalvar-duz, dəvəçi, səbzəfruş və başqalarının iştirak etdiyi üsyanı şah amansızcasına yatırtmışdır. H. Rumlunun, İsgəndər Münşinin yazdıqlarına görə, üsyanda qəssablar silki mühüm rol oynamışdır. Həsən bəy Rumlu pəhləvan hərəkatının başçılarından birinin adının Əvəz olduğunu yazır. İ. T. Petruşevski bunun Eyvaz ola biləcəyi fikrini irəli sürür. P. Əfəndiyev faktlar üzərində müqayisələr apararaq belə qənaətə gəlir ki, Eyvaz əvəzsiz bir pəhləvan, həm də Qəssab Alının oğludur. Belə olduqda dastandakı Eyvazın tarixi Əvəz-Eyvazın prototipi olmasına şübhə yeri qalmır .

1577-1578-ci illərdə Şirvanda yeni bir xalq üsyanı olmuşdur. Tarixçi H. Rumlunun təsvir etdiyinə görə üsyan qəddarcasına yatırılmış və onun iştirikçılarından 400 nəfərin başı kəsilib şahın sarayına göndərilmişdir. P. Əfəndiyev İ. P. Petruşevskiyə istinadən göstərirdi ki, Azərbaycan kəndəlrində 35 növ vergi və mükəlləfiyyat tətbiq edilirdi.