Bəxtiyar Vahabzadə Poeziyası

Həyat sən nə şirinsən

Səndən doymaq olarmı, həyat sən nə şirinsən!
Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!..
Özünü bu dünyada heç kəs qonaq sanmamış,
Ancaq ömrün özü də bərabər paylanmamış.
Ömür paylanan zaman görün kimə nə düşdü
Üç yüz il boz qarğaya, on il şahinə düşdü.
Həyat sən nə şirinsən, kim səndən doydu getdi?
Gedənlər bu dünyada qəlbini qoydu getdi.
Dünən qoca bir qarı dilində ahu-zarı.
«Bu dünyanın əlindən gəlmişəm zara»- dedi.
“Ölmürəm ki, bir dəfə canım qurtara”- dedi.
Ürəkdənmi söylədi o, bu sözü görəsən?
Xeyr, inanmıram mən!
O yana- yana dedi:
Dili söyləsə də, ürəyində o dərhal
«Lənət şeytana!»- dedi. 

 

Həyat, sevincin qədər əzabın da şirindir,
Səni mənalandıran o keşməkeşlərindir.
Iki yüz il yaşadı ləzzət içində Loğman,
Yenə möhlət istədi ölürkən Allahından.
Yatırdı göy çəməndə, çatdı ona Əzrail.
Söylədi- İki yüz il ömür sənə bəs deyil?!

Mən canını almağa gəlmişəm, nə sözün var?
Loğman dedi:- Sözüm yox, aldığını gəl apar.
Ancaq mənə macal ver bircə anlıq əcəldən,
Gəl canımı burda yox, o çəmənlikdə al sən.
Əzrail razılaşdı…
Ayağa qalxdı Loğman
Yeridi,
Daş asıldı ancaq ayaqlarından,

Asta- asta yeriyib çatdı dediyi yerə.
Loğman baxdı göylərə, Loğman baxdı yerlərə
Bu son baxışı ilə üstündə iki yüz il
Yaşadığı cahanla vidalaşdı elə bil…
Özü vidaşladısa, gözü qaldı cahanla
O, düşündü bu anda:
«Nə görmüşəm dünyada bu dünyaya gələndən?
Ah… elə bilirəm ki,dünən doğulmuşam mən.
Ömrümü verdim bada,
Nə görmüşəm dünyada.»

Loğmanın gözü bu an bir gülə dəydi durdu.
Ürəyini quş kimi gülə doğru uçurdu.
«Ah… onu kim üzəcək, bircə biləydim,- dedi.
O gülü də iyləyib sonra öləydim»,- dedi.
Ancaq, ancaq nə fayda…Yetişmiş artıq əcəl,
Loğman dedi:- Hazıram, al canımı indi sən,
Əzrail dedi:- Ancaq agah eylə məni sən,
Ölüm üçün nə fərqi bu çəmən, ya o çəmən?
Neçin məni qoymadın orda alım canını?
Loğman dedi:- Həyatın şirin olur hər anı
Ordan bura gəlincə bir az ömür qazandım,
Onu da bu dünyadan özümə fayda sandım.

Qoca öldü…
Dedilər:- Yaranan bir gün ölər.
Nəvələri çəməndən həmən gülü üzdülər,
Loğmanın qəbri üstə qoydular,
Titrədi gül,
Gülün ətri ilə doldu bütün çayır, bütün çöl.
O, ətriylə saxladı yolçuları yolundan,
Torpağın altındasa bunu duymmadı Loğman.

Həyat sən nə şirinsən, kim səndən doydu getdi?
Gedənlər öz qəlbini dünyada qoydu getdi.
Səndən doymaq olarmı, çoxun,azın da şirin.
Həyat qışın da şirin, həyat yazın da şirin!
Cürbəcür yazılar var ömrün varaqlarında…
Həyatımın qayğısız, fərəhli anlarında qədrini bilməmişəm.
Hələ nə var ki… “ömrüm qabaqdadır”- demişəm.
Otuzdan adlayınca, gündə otuz min kərə
Başımı yellədirəm hədər keçən illərə.
Səndən doymaq olarmı, həyat, sən, nə şirinsən!
Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!