lord Corc Bayron kimdir?

lord Corc Bayron ile ilgili görsel sonucuBayronun həyatını araşdıranda irsilik faktorunu nəzərə almamaq olmur, çünki Bayronun yaxın qohumlarını abırlı adam adlandırmaq olmazdı. Onun atası Con Bayron birinci dəfə boşanmış qadınla evlənib Fransaya qaçmışdı. Birinci arvadı vəfat eləyib ona Avqusta adlı bir qız qoyub getmişdi. İkinci dəfə isə pula görə evlənmişdi. Bütün borclarını qaytarandan və qadının cehizini xərcləyib qurtarandan sonra o, arvadını uşaqla birlikdə atıb getmişdi.
Bayronun anası isə ipə-sapa yatmaz xasiyyətli bir qadın idi. Onun atasının əmisi tamam çökmüş malikanədə elə pozğun həyat yaşayırdı ki, onu «iyrənc lord Bayron» adlandırırdılar. Həmin bu malikanə sonradan Corc Bayrona miras qalır. Bayronun babasını «tufanlı Gek» adlandırırdılar. O da dənizdə nəvəsinin quruda apardığı əxlaqsız həyat tərzi yaşayırdı.

Corc doğulanda atası bütün pulları xərcləyib qurtarmışdı. Xanım Bayron Ebendində məskunlaşdı və «axsaq oğlunu» şəxsi məktəbə verdi. Bayronun uşaqlıq hoqqalarından çox danışırlar. Ona dayəlik eləyən Qrey bacıları deyirdi ki, sığallamaqla bu uşaqla nə istəsən, eləmək olar. Amma anası özündən çıxan kimi əlinə keçəni oğluna tolazlayırdı. Anasının qəzəbinə adətən istehzayla cavab verərdi. Əsəbi vaxtlarında anası onun şikəstliyini başına qaxırdı.

Atası öləndə Corcun 3 yaşı vardı. O, hardasa Fransa tərəflərdə içib, mənliyini itirmiş şəkildə dünyasını dəyişmişdi. Yalançı adla yaşayan «vəhşi Cekin» o vaxtlar 36 yaşı vardı. Bu yaş Bayronlar ailəsi üçün qəzavü-qədər yaşı sayılır.

«Gecələr qadınlara və ulduzlara xüsusi parlaqlıq verir»

Gimnaziyada o, çox pis oxuyurdu. Bəlkə də yatmazdan əvvəl Meri Qreyin oxuduğu İncildən seçmələr ona daha çox xeyir gətirmişdi, nəinki gimnaziya müəllimləri. Ölü dillər və qədim keçmiş Bayronu maraqlandırmırdı. Amma ingilis klassiklərinin əsərlərini böyük maraqla oxuyurdu. Oxuduğu illərdə haqsızlığa qarşı çıxan və kiçikləri incidənləri yerində oturdan cəngavər  kimi tanınmağı başlamışdı.
Kembricdə oxuyarkən Bayron elmi biliklərini artırmasa da, üzmək, at çapmaq, boks vurmaq, içmək, kart oynamaq kimi sənətlərdə ad çıxarmışdı. Ona görə də həmişə pula ehtiyacı vardı və daim borc içindəydi. Başı ayılanda şeir yazırdı. Bu şeirlər işıq üzü görən kimi müəllifinin taleyini artıq həll eləmiş oldu. Onları tənqid atəşinə tutan yazı mətbuatda bir ildən sonra çıxmasaydı, yəqin ki, Bayron onu oxuyub sınar və heç vaxt yazmazdı. Tənqid yayılanda o artıq 214 səhifəlik roman, 380 şeirlik poema, 660 sətir müxtəlif kiçik şerlərin müəllifiydi. Tənqid Bayronu əlbəttə ki, məyis elədi. Yenicə çıxmış satirik şeirləri isə tənqidə cavab kimi ortaya gəldi və o qədər uğur gətirdi ki, şairin mənliyi və sınıq ürəyi yerinə qayıtdı.
lord Corc Bayron (ingilis şairi)Onun bioqrafiyası adalarda yaşayan və gözü həmişə uzaqlarda olan cavanın həyatına bənzəyir: həmişə uzaq dənizlər çox cazibəli görünür. Bayron çox düşkün vəziyyətdəydi və İspaniya, Albaniya, Yunanıstan, Türkiyə və Kiçik Asiyanı gəzəndən sonra daha da düşkünləşmişdi. Nədənsə hamı düşünürdü ki, Bayron bu arada yaranmış əsərinin qəhrəmanı Çayld-Qarold kimi səbatsız həyat yaşayır, hətta hərəmxana da saxlayır. Onun hərəmxana saxlamağa imkanı yoxuydu. Lordlar Palatasında ölüm cəzası kəsilmiş toxucuları müdafiə edən nitqindən iki gün sonra isə Çayld-Qaroldun yeni iki nəğməsi nəşr olunan gün 14 min nüsxə bir günə satılıb qurtardı. Əsərin ədəbsiz tonu heç kimi narahat eləmədi. Bu rəqəm onu ən məşhur yazarlar sırasına qatdı. Bu qəhrəmanın niyə belə uğur qazanmasını o özü də anlamırdı: «Bir gün mən gözlərimi açıb özümü məşhur gördüm». O, cavan, adlı-sanlı və naümid idi. Ümidsizliyinin səbəbi isə məlum deyildi.

«Qadın yeganə hədiyyədir ki, öz-özünü qablaşdıra bilir»

Artıq kübar cəmiyyətinin qapıları qarşısında taybatay açıq idi. O axsayan ayağını unuda bilmir və buna görə də utancaqlıq keçirirdi. Səfər təəssüratı altında yazılmış növbəti sevgi və qisas mövzusunda olan əsəri «Kafir»i oxucular yenə də çox yaxşı qarşıladı. Bundan sonra yazacağı əsərin uğuru artıq müəyyən olmuşdu. Şərq ruhlu poemalar bir-birinin ardınca çıxır. Burada piratlar, qaçaqmalçılıqdan danışılır. Çox güman ki, bunlar şairin romantik uydurmaları deyildi.
Bayron təbii axsaqlığından doğan utancaqlığını aradan götürmək üçün qeyri-adi gözəlliyi barədə ətrafda mif yaratmışdı. Romantik solğun dəriyə olan dəb Bayrondan başlayır. Nə qədər qadınlar keçib onun kiçik, amma təlatümlü həyatından. Demək çətindi. O, Lesbiya və Karolinaya, Elizaya, Annaya, Marion, Meri, Qarriet və Cessiyə şeirlər həsr eləyib. Bütün şeirlərində o, ehtiraslı və kədərlidir: «Məncə, sevgi absurd bir şeydir. Romantizm və süniliklə suvarılmış komplimentlər jarqonudur. Əgər mənim 15 məşuqəm olsaydı, iki həftə keçmiş mən onların birini də xatırlamazdım».

Avqusta və Corc Bayron

Onlar atabir bacı və qardaş idi. «Vəhşi Cek» adını çıxarmış ataları ikinci evliliyində qızını nənəsinin tərbiyəsinə vermişdi. Nənə isə istəmirdi ki, Avqusta ata tərəfinin qohumlarıyla görüşsün. Ona görə də Avqusta «balaca Bayron»dan xəbər tutmamışdı. Nənə vəfat edəndən sonra onlar görüşdü və bir-birini o dəqiqə bəyəndi. Avqustanın 17 yaşı olanda Corc ondan 4 yaş kiçik olsa da, özünü bacısının qəyyumu kimi aparırdı. Onlar görüşəndə Avqusta artıq nişanlı idi.
Avqustanın məktubları uğursuz nikahından danışdıqca, daha uzun olurdu. Onun artıq 27 yaşı vardı. Köməyinə yalnız qardaşı gələ bilərdi. Avqusta Londona gələn kimi Bayron anlayır ki, qabaqlar qadınlardan heç kim onun bu qədər xoşuna gəlməyib. Bayronsayağı profil, sadə cizgilər ona o qədər əziz və sevimli idi ki. Özünə vurğun, personasının əsiri olan Bayron bu qadında öz əksini gördü, öz portretini tapdı. Hər ikisi adamlar arasında qapalı olmasına baxmayaraq, ikilikdə sərbəst olur, hər şeydən danışa bilirdilər. Avqustanın poeziyadan başı çıxmasa və intellektual olmasa da, bu, qətiyyən maneçilik yaratmırdı. Bayron çox böyük günah qarşısında olduğunu bilirdi. Saray xanımı titulu Avqustaya imkan verirdi ki, Sent-Ceyms sarayında yaşayıb istədiyi adamı qəbul edə bilsin…
Avqusta payızda evə qayıdanda artıq hamilə idi. 3 uşaq anası, ərini hələ də sevən qadın vəziyyətini tam anlayırdı. Amma o bilirdi ki, «balaca Bayron»un hər bir kaprizinin qarşısında o acizdir. Əgər Bayron dilini dinc saxlaya bilsəydi, adam arasında ikibaşlı eyhamlarla bacı və qardaş sevgisindən danışmasaydı, ola bilər ki, bundan hamı xəbər tutmazdı. Amma yenə də «Korsar»ın 30 minlik tirajı bir günə satılırdı. Müəllifi ittiham eləyənlər də onun əsərlərini oxuyurdu.
Avqustanın uşağı doğulandan sonra onların münasibəti artıq sirr deyildi. Doğulan qızın adını Medera qoyurlar. Şair də anlayır ki, o, ya ölkədən getməli, ya da evlənməlidir ki, söhbətlərə son qoyulsun.
Avqusta qardaşını hər məktubda evlənməyə sövq eləyirdi. Cavabında Bayron «Məni yalnız pul cəlb eləyir. Qadına gəlincə, o, nə qədər yaşlı olsa, bir o qədər yaxşı olar. Onda cənnətə daha tez düşər…» deyirdi.

«İblisin ox qabında yumşaq səsdən iti silah yoxdur»

Bayron seçimini Anabella Milbank adlı xanımda saxlayır. Onlar evlənəndə Hötedən sonra Avropanın ən məşhur şairinin 27 yaşı vardı. Londonda evlilik həyatına qədəm qoyan kimi arvadının 10 min frank cehizi, eləcə də özünün 8 min frank pulu elə bil ki, göyə sovruldu.
Bayron kitablarını satmağa məcbur idi. Onların varidatını 8 dəfə siyahıya almışdılar ki, hərraca qoysunlar. Bolluq içində yaşamış ledi Bayron buna dözə bilməzdi. Üstəlik, Bayronun teatr komitəsində aktrisa, müğənni və rəqqasələrlə romanlarının arası kəsilmirdi. Kreditorların təkidiylə malikanəsini satmağa məcbur olan Bayronun borcu 30 minə çatsa da, malikanəni alan tapılmırdı. Ona görə də Bayron qəzəbini, hirsini teatrlarda və içki badələrində batırmağa çalışırdı.
Bacısı Avqusta ilə əlaqəsinə eyhamları və dəli kimi hərəkətləri Bayronun havalanması barədə düşüncələrə yer ayırırdı. Onlar evlənəndə ledi Bayron bacı-qardaşın münasibətindən xəbərsiz idi. Sonradan ərinin homoseksual münasibətləri haqda şayiələr də təsdiqləndi. Bacı-qardaş bir yerdə olanda elə bil ki, Anabellanın otaqda olduğunu unudurdular. Mederanı isə Bayron hamının yanında qızı adlandırırdı. Hətta deyirlər ki, Bayronun arvadıyla cinsi münasibətləri yox dərəcəsindəydi. Gecələr o, çığırıb ayılır, arvadı qoluna toxunan kimi «mənə əl vurma» qışqırıb qaçırdı. Bayron ömrü boyu düşünürdü ki, heç kim qadının necə yemək yediyini görməməlidir. Ona görə də arvadıyla onlar ayrılıqda yemək yeyirdi.
Evləndikləri ilin sonunda Bayronun qızı doğuldu və adını Ada qoydular. Az sonra ledi Bayron qızını da götürüb atasıgilə köçdü. Arabir «Əzizim Dik» xitablı incə müraciətlərlə dolu məktublar yazsa da, deyəsən, geri qayıtmayacağına söz vermişdi. Bayronların boşanma səbəbi gizli qalıb. Amma məlumdur ki, ledi Bayron həkim Leşinqtonun qəbulunda olub ona elə faktlar deyib ki, bundan sonra boşanma əleyhinə olan həkim qəti şəkildə deyib ki, onlar mütləq boşanmalıdır. Sadəcə, «xasiyyətləri tutmadı» versiyasıyla oxucular razılaşmaq istimirdi. Ledi Bayronun səbəbləri açıqlamaması da hamının fikrində nəsə dəhşətli və fantastik bir səbəb yaradırdı. Boşanma sensasiyaya çevrildi. Onu qoca ledi Melburn ilə cinsi əlaqədə suçlayırdılar, amma qarının xahişiylə. Deyirdilər ki, o, arvadını hamiləliyin sonuncu ayında zorlayırmış. Guya ledi Oksfordun 13 yaşlı qızını zorlamağa çalışıb.
Avqustanın Bayrondan 2 qızı – Medora və Ada doğulmuşdu. Bayronu Lordlar Palatasında görmək istəmir, küçədə təhqir edirdilər. Bayrona bu ölkədə artıq yer yoxuydu.

«Nikah sevgidən doğur, necə ki, şərabdan sirkə əmələ gəlir»

İngiltərədən və ictimai qınaqdan incimiş şair Nyustid malikanəsinin satılması barədə əmr verdi. Bu, ona rahat maddi çətinlikdən uzaq və arzuladığı kimi sakit yaşamağı imkan verəcəkdi. Yenə də səyahətlər, müxtəlif şəhərlər. Sonra səfər təəssüratları kağıza köçərək qəhrəmanlarının diliylə canlanırdı. Yaşadığı əxlaqsız həyat tərzi ona gözəl poetik şeirlər yazmağa mane olmurdu: «Don Juan», «Mazeppa», «Françesko de Rimini»…
Qrafinya Qviççioli ilə görüş yeni məhəbbət tarixcəsini yaratdı və Bayronu pozğun həyatdan xilas elədi. Terezanın 60 yaşlı əri onların görüşünə etiraz eləmirdi. Qrafinya Bayronu romantik hisslər çələngiylə əhatə edərək, həqiqi sevgiyə olan inamını qaytarmaq üçün çalışırdı. Bayron isə əvvəlki kimi qadınların ünvanına tikanlı sözlər yağdırırdı: «Qadına güzgü və şirniyyat verin və o, çox razı qalacaq. Özümü tanıyanı bəşəriyyətin o biri yarısından əziyyət çəkmişəm. Qadına cəngavərcəsinə xidmət eləmək dünyada ən rəzil, hətta qul olmaqdan da betər bir asılılıqdır». Amma qrafinya Bayronun yaradıcılığında bir sıra gözəl və ağıllı qadınlar obrazının yaranmasına səbəb oldu. Bayron Terezanı sonuncu məhəbbəti sanırdı. Tereza ölkədən sürgün edilib monastra çəkilməsəydi, yəqin ki, o, növbəti ledi Bayron olacaqdı.
Tək qalan kimi onun evi yenə də hərəmxanaya çevrilir. Bayron Venesiyada olduğu müddətdə qadınlarının sayını hesaba almaq fikrinə düşür. Cəmi 200 qadını xatırlaya bilir: «Bu rəqəm dəqiq deyil, çünki son vaxtlar mən hesabı itirmişəm». Əlbəttə ki, «Veneranın xəstəlikləri» də ona rahatlıq vermirdi.

«Təklikdə insan özünü nisbətən az tənha hiss eləyir»

Yunanıstanda qiyam baş qaldırmasaydı, yəqin ki, Bayronu tədricən unudacaqdılar. İndi Bayrona tarixə düşəcək və özünü çox lazımlı duya biləcək bir hərəkət eləmək lazım idi. Yunanıstana kömək komitəsiylə danışıqlar apararaq o, bir qədər pul topladı və böyük həvəslə yeni səfərə həzırlaşmağa başladı. İnqilabçılar arasında sözləri düz gəlmədiyinə görə elə məqam çatdı ki, pul qıtlığı ümumi işin dayanmasına gətirə bilərdi. Onda Bayron İngiltərədəki varidatını satıb pulu Yunanıstan naminə xərclədi. Türklərlə savaşda can qoymuş Bayron yunanların hər kiçik qələbəsinə sevinir, hətta sağlamlığının qeydinə tamamilə qalmırdı. Pərəstişkarlarına isə belə deyirdi: «Siz məni şeir yazmamaqda qınayırsız. Baxın, mən bu gün şer yazmışam: «Bu gün mənim 36  yaşım tamam oldu».
Həmişə xəstəhal Bayron qızı Adanın sağlamlığından narahat idi. Onun sağalması barədə məktub alandan sonra o, sevincək olub gəzmək istədi. Gəzinti zamanı möhkəm yağış yağdı və Bayron bərk soyuqladı. Onun son sözləri belə idi: «Bacım mənim! Övladım mənim! Yazıq Yunanıstan! Mən ona vaxtımı, varidatımı, sağlamlığımı vermişəm! İndi isə həyatımı verirəm!»
Bayronun bədənini yarandan və beynini tədqiq edəndən sonra həkimlər dedi ki, bu, elə bil 80 yaşlı qocanın orqanlarıdır. Vəsiyyətnaməsində Bayron bütün varidatını – 100 min funt sterlinq o vaxta görə çox böyük məbləğ idi – bacısına qoyub. İki ildən sonra Avqustanın bir qəpiyi də yoxuydu. Deyirlər ki, Avqusta yanına gələn hər kəsdən sevimli qardaşının məktublarını oxumağı xahiş edirdi. Amma məktublar çox az idi, çünki Bayronun məktublarını satıb dolanırmış…

Müəllif: Gülnarə Rəfiq gulnarerefiq@gmail.com
Mənbə: Bizim Yol kayzen.az