İndira Gandhi (İndira Qandi) kimdir

O, Hindistan tarixində ölkəni 15 il idarə edən yeganə qadın baş nazir olub. Ölkəsinin ərazi bütövlüyünü qoruduğuna görə sikx separatçıları tərəfindən qətlə yetirilən İndira Qandinin oğlu da anasının acı taleyini təkrarladı. Belə ki, baş nazir seçilən Raciv Qandi də fanat-qatilin qurbanı oldu.
İndira Qandi başa düşürdü ki, onun həyatı təhlükə altındadır. Qətlinə bir gün qalmış o deyirdi: “Bu gün mən yaşayıram, sabah ola bilər həyatda olmayam… Ancaq qanımın hər damlası Hindistan xalqına məxsusdur”. 1984-cü il oktyabrın 31-də Qandinin məşhur ingilis yazıçısı və aktyoru Piter Ustinlə müsahibəsi olmalı idi. O bu görüşü səbirsizliklə gözləyirdi. Qandi nə geyinəcəyi barədə çox götür-qoy edəndən sonra zəfəran rəngli paltarı seçdi. Onun fikrincə, bu rəng ekranda gözəl görünməli idi. Onu kök göstərdiyinə görə, İndira həmin gün tərəddüdlə gülləkeçirməz jiletini çıxardı.
Beant Sinqx və Satvant Sinqx baş nazirin iqamətgahından ofisə gedən yolda gözətçi dəstəsində dayanmışdılar. Sikx-mühafizəçilərə yaxınlaşan İndira gülümsədi. Beant baş nazirə tapançadan üç dəfə atəş açdı, eyni zamanda Satvant da dayanmadan avtomatdan atəş açmağa başladı. Mühafizəçilər cavab atəşi açsalar da artıq gec idi.

Tənha uşaqlıq

1917-ci il noyabrın 19-da qədim hind şəhəri olan Allahabadda ölkədə məşhur olan vəkillər ailəsində bir qız uşağı dünyaya gəldi, adını İndira qoydular. Bir neçə gündən sonra onların evinə məşhur şairə Naydudan məktub gəldi. O, məktubda yazırdı: “Bu uşaq Hindistanın yeni ruhu olacaq”. Bunu o zaman heç kim ciddi qəbul etmədi. Qarşıda qızı tənha uşaqlıq, yaşına uyğun olmayan ciddi qərarların qəbulu, qayğı və əzablar gözləyirdi.

Erkən yaşlarından İndira anlayırdı ki, Hindistan təhqir olunub və ona görə də İndiraya yaxın bütün insanlar ölkəsinin müstəqilliyi, ərazisi uğrunda mübarizə aparırdılar. Mahatma Qandinin dərslərinə əsasən onlar ingilis mallarını boykot etməyi mütləq hesab edir və bir dəfə həyətdə bütün qiymətli xarici əşyaları yandırmışdılar. Yalnız İndiranın sevimli kuklası yandırılmadı, amma bir neçə müddətdən sonra o da külə çevrildi. Həyatında ilk mənəvi problemin həlli İndiraya böyük emosional gərginlik gətirdi və o, nevroz xəstəliyinə tutuldu. İndira böyüyəndə belə kibrit yandırılmasının səsini eşidə bilmirdi.
Uşaqlıqda o, adi uşaq oyunlarını deyil, hindlilərin müstəmləkəçilərə qarşı mübarizəsini oynayırdı. O, evdə olanları bir otağa yıxıb, qarşılarında ehtiraslı çıxışlar edirdi.

1925-ci ildə İndiranın anasında vərəm xəstəliyi aşkar edildi, atası onları İsveçrəyə aparmağı qərara aldı. Beləliklə, qızcığaz Avropaya düşdü. O, əvvəl Cenevrədə beynəlxalq məktəbə, sonra Montandakı başqa məktəbə getdi. Ölkələrinə qayıdandan sonra valideynləri onu pansiona verdilər. Buranı bitirdikdən sonra İndira məşhur milli Taqor universitetinə daxil oldu. 1935-ci ilin yazında o, təhsilini yarımçıq qoyaraq anası ilə bərabər Almaniyaya ağ ciyər xəstəlikləri klinikasına gedir. Bu arada atası inqilabi fəaliyyətinə görə həbsxanaya salınmışdı. Azadlığa çıxandan sonra o, həyat yoldaşının yanına gəldi, amma tezliklə qadın dünyasını dəyişdi.

Qadağan olunan evlilik

Son altı il İndira vətənindən kənarda yaşadı. Bu illər ərzində o, atası ilə Asiya, Avropa, Afrikanın bir çox ölkəsini gəzdi. Tez-tez o, atasının xarici ölkələrin hökumət və ictimai xadimlərilə görüşlərində iştirak edirdi. Oksford Universitetinin Somerfil kollecini bitirən İndira hərbi vəziyyətin gərgin olmasına baxmayaraq, ölkəsinə qayıtmağı qərara alır. Onunla bərabər gələcək həyat yoldaşı, əslən pars (oda sitayiş edənlər) icmasından olan Feroz Qandi də Hindistana qayıdırdı. Fərqli dini konfessiyaları məxsus olduqlarına görə onların arasında rəsmi nikah qeyri-mümkün idi. Ancaq bütün bunlara baxmayaraq,1942-ci ilin martında onlar evlənirlər. Bal ayını bitirməmiş İndiranın atası və Hindistan milli konqress partiyasının digər üzvləri yenidən həbs olunurlar. Gənc ər-arvad gizlincə onların işini davam etdirirlər – qadağan olunan ədəbiyyatı yayır, təbliğat işi aparır, həyatlarını təhlükəyə ataraq mitinqlərdə çıxış edirdilər. 1944-cü ilin avqustunda İndiranın oğlu Raciv Ratna dünyaya gəlir. O da gələcəkdə anasının işini davam etdirərək baş nazir olur və anası kimi fanat-qatil tərəfindən qətlə yetirilir. İki ildən sonra ikinci oğlu – Sandjay anadan olur. Siyasətlə məşğul olmaq istəyinə baxmayaraq, İndira dəqiq əmin idi ki, ananın əsas vəzifəsi övladlarına qayğı göstərməkdir. Ona görə də vətəndaş və analıq vəzifəsini bərabər şəkildə yerinə yetirməyə çalışırdı.
1947-ci ildə Hindistanın müstəqilliyi elan olunduqdan sonra İndira məcburi köçkünlərlə iş üzrə gənclər təşkilatı yaradır, atasına hökumət işlərində yardımçı olur, ölkə parlamentinə seçim kampaniyalarında iştirak edirdi. Atası qızının siyasi karyeraya can atmasına qarşı çıxmırdı, amma onu dəstəkləmirdi də. Buna baxmayaraq, 1959-cu ildə İndira Qandi Hindistan milli konqresinin sədri seçilir. Beləliklə, ölkə tarixində ilk dəfə qadın hakim partiyanın başçısı olur.

Xanım baş-nazir

Amma ev işləri onun vaxtını çox aparırdı. Bu aralar əri ürək ağrılarından tez-tez şikayətlənirdi. 1960-ci ilin sentyabrında Feroz ağır vəziyyətdə xəstəxanaya çatdırılır və dünyasını dəyişir. Həyat yoldaşının ölümü İndira üçün böyük zərbə oldu. Fiziki və mənəvi yorğunluq onu xəstəxana palatasına gətirdi. Dörd ildən sonra isə İndira atasını itirdi. Tənha qalan qadın (övladları Oksfordda təhsil alırdılar) atasının başladığı işi başa çatdırmağı qərara aldı. O, 60-cı illərin sonu baş nazir vəzifəsinə yüksələrək hökumətin bank və istehsal sahəsində rolunu artırıb stabil milli iqtisadiyyat yaratmaq istəyirdi. İqtisadi problemlərin həllinə Pakistanla 14 günlük hərbi münaqişə səbəb oldu. Hərbi əməliyyatlar, üç il davam edən quraqlıq ölkəni aclıq təhlükəsi qarşısında qoydu. Yaranmış vəziyyətə görə bütün məsuliyyət baş nazir və onun tərəfdarlarının üzərinə qoyuldu.
1975-ci ilin yayında ölkədə fövqəladə vəziyyət elan edildi: spekulyantlara qarşı repressiya başlandı, senzura tətbiq olundu. İndira Qandini korrupsiyada, rüşvətxorluqda, adət-ənənəyə və dinə hörmətsizlikdə ittiham etdilər. Nəticədə 1977-ci ilin seçkilərində o qalib gəlmədi.
Məğlubiyyətdən sonra onu iki dəfə həbs etdilər. Ancaq rəqiblərinin bütün ittihamları sübutunu tapmadı. İndiranın populyarlığı artmağa başladı, onun həbsə alınması insanların narazılığına səbəb oldu. Azadlığa buraxıldıqdan sonra isə onun yanına bütün Hindistandan tərəfdaşlar gəlməyə başladı.

Amansız qətl

1980-ci il seçkilərində o, yenidən baş nazir seçildi və ötən onillikdə reallaşdıra bilmədiyi iqtisadi proqramı həyata keçirməyə başladı. Onun rəhbərliyi altında Hindistan beynəlxalq arenada tanındı, kütləvi qırğın silahlarının istifadəsi, hazırlanması əleyhinə çıxanlardan oldu.
1984-cü ildə Pencab ştatında məskunlaşan sikx separatçıları ölkədə daxili vəziyyəti gərginləşdirdi. Sikxlər bu ştatın ölkədən ayrılmasını tələb edir və Amritsar şəhərində “Qızıl məbədi”nə silah-sursat yığırdılar. Hərbi mənada əməliyyat uğurlu alındı: ekstremistlər məbəddən çıxarıldı, ancaq ictimaiyyət bu addımı yaxşı qarşılamadı. Əməliyyat nəticəsində çoxlu insan həlak oldu, sikxlər intiqam alacaqlarına söz verdilər. Elə gün olmurdu ki, onlar baş naziri, övladlarını və nəvələrini ölümlə hədələməsindər. Ona dəfələrlə təklif edirdilər ki, mühafizə xidmətindən bütün sikxləri çıxarsın, amma o bunu lazım bilmirdi.

Mənbə: “Aysel” jurnalı

Məlumat. kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.