Qışda yatanlar yayda məni görəndə deyirlər, protein vurub – Müsahibə(oxu.az)

Rövşən Xəlilov ile ilgili görsel sonucu

Budəfəki müsahibimiz pauerliftinq üzrə dördqat dünya, ikiqat Avropa çempionudur. O, sonuncu nailiyyətini ABŞ-ın Orlando şəhərində keçirilən WPS versiyası üzrə dünya çempionatında qazanıb. 75 kq çəki dərəcəsində Full Powerlifting (Üç hərəkətin cəmi) və Deadlift (Ağırlığı yerdən qaldırma) növlərində çempion olmaqla, iki qızıl medala yiyələnib. Bununla da o, 9 noyabr – Bayraq Günündə Azərbaycan bayrağını okeanın o tayında qaldırmağı bacarıb.

Rövşən Xəlilov

– 1990-cı il noyabrın 9-da Mingəçevirdə doğulmuşam. İdmana marağım uşaq yaşlarından başlayıb. Hər bir uşaq kimi mənim də marağıma Jan-Cloud Van Damın, Brüs Leenin filmləri səbəb olub. Yeddi yaşımda atam məni idman zalına yazdırdı. İlk vaxtlarda sambo və güləşlə məşğul olmuşam. O vaxt müəllimim də deyirdi ki, səndə texnika fiziki gücdən daha çoxdur.

Həmişə zalda ağır çəkilərlə işləməyi xoşlayırdım. Güləşdə rəqiblərim üzərində texniki fəndlərdən çox, onları qaldırıb yerə çırpırdım. Fiziki güc məndə genetik olub. Ancaq yarışlardan birində qolum dirsəkdən qırıldı. Həkimlər idmanla məşğul olmağıma imkan vermədi. Anam da belə şeylərə çox həssas idi. Ona söz verdim ki, daha güləşməyəcəyəm və sözümü tutdum.

 

2009-cu ilin Rövşən Xəlilov ile ilgili görsel sonucu Mingəçevirdəki “Çempion” fitnes zalına yazıldım. Orada dünya və Avropa çempionu Samir Məmmədovun yarışa hazırlaşdığını gördüm. Onda dedim ki, bunu mən də edə bilərəm. Elə oldu ki, bunu etdim və Samir müəllim gördü ki, 52 kq çəkisi olan bir uşaqda fiziki güc var.

Dedi ki, səni yarışa apara bilərik. İki ay sonra yarışa getdim və ilk turnirdə uğur qazandım. Bundan sonra qarşıma məqsəd qoydum ki, Azərbaycan rekordu qıracağam və dəfələrlə ölkə çempionu olacağam. Universitetdə oxuya-oxuya yarışlara qatıldım. 2013-cü ildə Avropa çempionu oldum. Daha sonra hərbi xidmətə getdim.

Hərbi xidmətdən sonra Bakıya köçdüm. Bundan sonra pauerliftinqin digər növləri ilə məşğul olmağa başladım. Əvvəllər sinədən qaldırma – bench press növündə hazırlaşırdımsa, yerdən qaldırma, ağırlıqla oturub-qalxma, gil qaldırma, Strongman idman növü, Mas-restlinq, bir sözlə, güc idman növləri ilə məşğul oldum. Mas-restlinqdə (Mas-wrestling yakut milli idman növüdür – S.M.) Avropa üçüncüsüyəm. Şükür Allaha ki, pauerliftinqdə dəfələrlə Azərbaycan çempionu oldum, ölkə rekordunu qırdım, dünya və Avropa çempionu oldum.

– Güləş və samboda nəticələləriniz olubmu?

–  Dəfələrlə region çempionu olmuşam. Sərbəst güləşdə tələbələr arasında ölkə çempionatının mükafatçılarındanam. Samboda isə ölkə üçüncüsü olmuşam. Səhv etmirəmsə, qolumu qıran idmançı Avropa Oyunlarında gümüş medal qazanmış samboçu İslam Qasımov (dünya və Avropa çempionumuz – S.M.) idi (gülür). Sambo üzrə Azərbaycan çempionatında onunla güləşəndə qolum qırılmışdı.

Ä°lgili resim

– Pauerliftinq və ağırlıqqaldırma idman növləri bir-birinə yaxındır. Ancaq sizin məşğul olduğunuz idman növü ağırlıqqaldırmadan fərqli olaraq, Olimpiya idman növü sayılmır. Niyə məhz pauerliftinqi seçdiniz?

– Çünki Mingəçevir şəhərində ağır atletika idman növü ilə məşğul olan yox idi. Ağlıma gətirməzdim ki, pauerliftinqlə məşğul olaram. Çünki güləşlə bu idman arasında oxşarlıq belə yoxdur. Yeganə oxşarlıq budur ki, güləşlə məşğul olarkən də belə fiziki məşqlər edirdim. Artıq bu idmanla məşğul olduqdan sonra gördüm ki, daha çox ağır çəkilərlə məşq edə bilərəm.

Təkəbbürlükdən uzaq olum. Amma hazırda fəxrlə deyə bilərəm ki, 75 kq çəki dərəcəsinədək olan insanlar arasında Azərbaycanda məndən çox ağırlıq qaldıran yoxdur. Varsa, gəlsin, yarışaq.

Rövşən Xəlilov ile ilgili görsel sonucu

– Rekordlarınız hansılardır?

– Yerdən qaldırmada – dead lift növündə 275 kq qaldırmaqla Azərbaycan rekordu qırmışam. Üç hərəkətin cəminə əsasən, 660 kq-dan çox qaldırıram. Mən Strong Man idman növü ilə də məşğul olmuşam. Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyevin dəvəti ilə bu yay yarışda iştirak etdim.

120 kq-dan çox idmançılar maşını yerindən qaldıra bilmirdi. Amma özümdə güc tapıb həmin KIA maşınını iki dəfə yerindən qaldırdım. Hətta mən orda 300 kq-lıq təkəri də hamıdan tez fırlatdım. Baxmayaraq ki, ona qədər pauerliftinq üzrə dünya və Avropa çempionu olsam da, məhz bu yarışdan sonra daha çox tanındım.

– Bəs bu idman növü üzrə xaricdə çıxış etmək imkanınız var?

– Məndə çəki 72 kq-dır. Ora isə 90 kq-dan yuxarı idmançıları aparırlar. Sadəcə olaraq, o şou xarakterli yarışa həvəskar kimi qatılmışdım, amma peşəkarlardan heç də geri qalmadım. Mənə deyildi ki, çəkimi 90 kq-a qaldırsam, gələcəkdə bizi o yarışda təmsil edə bilərəm. Bizdən Vüsal Mərdanov, Aydın Hüseynov, Razim Hüseynov, Namiq Mehdiyev kimi idmançılar bizi xaricdə belə yarışlarda təmsil edir.

– Pauerliftinqdə Azərbaycan dünya reytinqində neçənci sıralarda qərarlaşıb?

– Bizim idmançılar dünyada ən güclülər sırasındadır. Mən bunu yaxınlarda ABŞ-da dünya çempionatında olanda da gördüm. Hafiz Verdiyev, Ramil Əhmədov kimi idmançılarımız dünya reytinqində ilk “üçlük”dədir. Mən özüm də dünyanın ən güclü on idmançısı arasında mütləq çəkidə III yerdəyəm. Ümumiyyətlə, pauerliftinqdə Hafiz və Ramildən başqa, Rüfət Ağayev, Vüsal Mərdanov və Razim Hüseynov kimi dünyanın mütləq çempionları var.

– Yarışlara federasiya xətti ilə gedirsiniz, yoxsa öz maliyyənizlə?

– Biz rəsmi olaraq nazirliyin və millinin idmançıları sayılırıq. Bəzən maliyyə cəhətdən problem olur. ABŞ-a gedərkən viza alınmasında problem yaşadıq. Bu zaman sponsorlarımıza müraciət edirik. Mənim sponsorum Azərbaycanın milli idman geyim brendi olan şirkətin rəhbəri İlqar İmamquliyevdir.

Son yarışda mənə dəstək olan, məşq etdiyim Vitr Fitnes idman zalının rəhbəri Vüqar Namazova təşəkkür edirəm. Təəssüf ki, onun özü ABŞ-da WPS versiyası üzrə keçirilən dünya çempionatında karyerasını bitirəcək çox böyük zədə aldı. Onun əzələsi cırıldı. Amerikalı həkimlər orada dedi ki, karyeranızı bitirməlisiniz. Amma mən onun yerinə də ABŞ-da medal qazandım. Bildiyiniz kimi, orada iki kateqoriya üzrə dünya çempionu oldum.

– Bayaq qeyd etdiniz ki, analar övladları üçün həssas olurlar və onların zədələnməsindən qorxurlar. Amma nəzərə alaq ki, indi məşğul olduğunuz idman növündə də zədə almaq ehtimalı çoxdur…

– Həqiqətən, bizim evdə bu idmanla məşğul olduğum üçün böyük narazılıq var. Ona görə də ailəmdən kənarda – Bakıda yaşayıram. Amma bu, mənim həyatımın bir hissəsidir. Yüngül çəki ilə məşq edə bilmirəm, ağır çəkiyə öyrəşmişəm. Bu idman həyatımın mənasıdır. Yarış məkanında ölsəm belə, mən o ağırlıqları qaldırmalıyam.

– Ciddi zədələndiyiniz an olubmu?

– Bəli. Hətta ürəyim gedib. Həkimlər məni ayıldıb. Ötən il sinə əzələm cırılmışdı deyə bir müddət idmandan uzaqlaşmışdım. Ancaq ağrıkəsici dərman və iynələr hesabına yarışlara çıxırıq. Ancaq bundan sonra özümü bodibildinq və stronqmen idman növündə sınamaq istəyirəm.

Rövşən Xəlilov ile ilgili görsel sonucu

– Bu, həmin zədələrdən irəli gəlir?

– Yox. Sadəcə olaraq, mən bu idman növündə yetərincə uğur qazanmışam. Bu idmanın vətəni ABŞ idi. Orada da çempion oldum. Ən böyük arzum ölkə başçısı İlham Əliyev və Fövqəladə Hallar Nazirliyinin giziri kimi nazirimiz Kəmaləddin Heydərovla görüşüb, onlardan təbrik almaqdır. Nazirliyin Xüsusi Riskli Xilasetməsində mütəxəssis xilasedici vəzifəsindəyəm. Uşaqlıqdan arzuladığım rütbə leytenant olub. Allahın izni ilə o rütbəyə də tezliklə yüksələrəm.

– Bodibildinqin iki növü var: klassik və mens fizik. Hansında gücünüzü sınayacaqsınız?

– Mens fizik üçün hündürboylu idmançılara ehtiyac var. Məndə boy hündür olmadığından və bədən quruluşum, ayaqlarım klassik bodibildinqə uyğun gəldiyindən, orada çıxış edəcəyəm. Bodibildinqə keçməyimin səbəbi isə pauerliftinqin Azərbaycanda bir o qədər də tanınmamasıdır.

Halbuki sosial şəbəkə vasitəsilə bu idmanı Azərbaycanda populyarlaşdırmaq istədik. Görürəm ki, gənclərin marağı bodibildinqədir. Yaxınlarda Fuad Quluzadə (“İdman Azərbaycan”ın teleaparıcısı – S.M.) Vüqar Verdiyev və Elnur Şıxəliyevlə birgə peşəkar bodibildinqçi adına layiq görülüb.

Bu idman daha reytinqlidir. Orada Azərbaycan çempionatının üçüncüsü belə pauerliftinq üzrə dünya çempionunundan daha çox tanınır. Artıq gələn il keçiriləcək növbəti Azərbaycan çempionatı üçün Bodibildinq və Fitnes Federasiyasına müraciət etmişəm.

– Yalançı dünya və Avropa çempionlarımız çoxdur. Gəlib özlərini Azərbaycanda çempion kimi təqdim edənlərə necə baxırsınız?

– Tək məşğul olduğum idman növündə yox, qaydasız döyüş, kikboksinqdə belə yalançı dünya çempionları var. Halbuki onların qalib olduqları yarışlar nazirliyin rəsmi şəkildə tanımadığı reytinq xarakterli turnirlərdir. Azərbaycanda belə çoxlu sayda yalançı çempionlar var. Hər idman edəndən idmançı olmaz.

İdmançı uğur qazanıb, bayraq qaldırandır. Bizdə rəqibin gücündən, əzələsindən qorxub yarışa çıxmayanlar da var. Onda ora niyə getmişdin? Ölkədə də adını qoyur ki, zədələndim, xəstələndim, o qədər bəhanələr uydurur. Və yaxud da gedib həvəskarları məğlub edir, gəlib Azərbaycanda deyir ki, mən qalib oldum.

– Sizi yaxınlarda Damlanın çəkildiyi “Taxta Ayı” filminin premyerasında gördük. Şou aləmi ilə yaxınlığınız necədir?

– Orada dostlarım çoxdur. Damla xanımın ətrafında olan prodüserlərlə tanışlığım var. Damla xanımın musiqilərini dinləyirəm, xanımlığına hörmət edirəm, görürəm ki, qalmaqaldan uzaq insandır. Heç kimə pislik etməyən, başını salıb öz peşəsi ilə məşğul olan xanım kimi ona böyük hörmətim var.

– Dostunuz, həmkarınız Ramil Əhmədov bir çayın reklam çarxında rol alıb. Sizə də belə təkliflər gəlirmi?

– İnşallah, Yeni ildən sonra bir filmə çəkilməliyəm. Ad çəkməyəcəyəm. Orada ciddi rollardan birinə dəvət almışam. Həvəsim var, inşallah, alınar (gülür).

– Maşınınız yoxdur? Nə əcəb?

– Açığı, sürə bilmirəm. Ancaq yaxşı maşın qaldıra bilirəm (gülür). Məndə maşın sürməyə qorxu var. Bir-iki dəfə atam mənə maşın sürməyi öyrətmək istəyib. Amma hiss etmişəm ki, məndə qorxu var. Düşünürəm ki, özümə maşın alsam belə, sürücüm olacaq (gülür).

– Deməli, daha çox ictimai nəqliyyatdan istifadə edirsiniz. Metroda və ya avtobusda qızların baxışları ilə çox üz-üzə gəlirsiniz?

– Ümumiyyətlə, xanımlardan çox, oğlanların baxışları ilə üz-üzə gəlirəm. Sanki mənim kimi bədən quruluşu olmağı arzulayır, ancaq tənbəllik edir. Onlar qışda isti yataqlarında olanda sən məşq edirsən. Ancaq yayda sən gündəmdə olanda deyirlər ki, yüz faiz protein vurub (gülür).

Yəni, kinayəli baxırlar mənə… Bəzən bizdə məşqə başlamağa utanırlar. Deyirlər ki, zalda hamıdan arıq görünəcəyəm. Mən də deyirəm ki, məşqə başlayanda 52 kq idim. O kompleksi özüm də yaşamamışam. Utanmaq lazım deyil. Yemək və yatmaq rejiminə riayət etməlisən.

Həftədə üç dəfə məşq etməklə də məndəki əzələlərə sahib olmaq mümkündür. Çünki əzələlər qidalanma və istirahət zamanı da inkişaf edir. Həftədə beş yox, üç dəfə, gündə üç yox, bir saat məşq et, amma bu rejimi pozma. Qidalanma zamanı ən çox ət yeməklərinə üstünlük vermək lazımdır.

Yazar. Səbuhi MUSAYEV

Mənbə.oxu.az