Notice: Undefined offset: -1 in /home/qozaz/public_html/wp-content/themes/graphene/inc/loop.php on line 142

Mirzə Ələkbər Sabirin Seirləri

Söz

Ey söz, nola dersəm sənə xürşidi-səmavat,
Səndən alıyor nurü ziyayi həmə zərrat.

Bir nuri-həqiqətsən, edib həq səni nazil
Kim, bəxş edəsən gülşəni-nasütə füyüzat.

Gəh lövhdə məstur, qələmdən gəhi cari,
Gəh ərşdə misbah, gəhi fərşdə mişkat.

Sübhi-əzəlidən uzun etdikdə təcəlli,

Məhv oldu cəhanı bürüyən dudeyi-zülmat.

Olmuş bütün ərbabi-nəzər aşiqi-hüsnün,
Təniri-üsyan eyləyir ərbabi-kamalat.

Bir möhibəyi-lütfi xudasən ki, həqiqət,
Insanlar edir zatın ilə fəxrü mübahat.

Sərkəşləri həp taətə məcbur ediyorsan,
Təsiri-nüfüzünla ərir sanki cəmadat.

Ey bariqeyi-fikr, əya leməyi-vicdan!
Ey şəşəeyi-qəlb, əya nuri-xəyalat!

Növi-bəşərə tərbiyə bəxş olduğun üçün –
Gər dənsə səzadır sənə ümmul-ədəbiyyat.

Sənsən füsəhayi-ərəbı eylədin ilzam,
Izhar bəlağətlə, əya nuri-məqamat.

Vicdanü dili-Sabirə nəşr eylə füyuzin,
Ta kim, bitə könlündə rəyahini-kəmalat.

Həvəs

Həvəs sövq eylər insanı həyatə,
Ətalət cəlb edər şəxsi məmatə;

Həvəs isal edər zatı səfayə,
Ətalət mübtəla eylər bəlayə;

Həvəs pirayeyi-əqlü hünərdir,
Ətalət mayeyi-iczü kədərdir;

Həvəsdən nəşət eylər həp fəxarət,
Ətalətdən törər min-min xəcalət;

Həvəs səhrası əmniyyətfəzadır,
Ətalət təngnası bir xətadır;

Həvəs birlə tərəqqiyyat dərkar,
Ətalətdən əməl mənkusü idbar.

Təbib ilə xəstə

Bir təbibə gedib də bir bimar
Dedi: “Mədəmdə ağrı bir şey var;

Bir dəva ver, mənə əlac eylə,
Ölürəm, careyi-mizac eylə”.

Tutdu nəbzin təbib onun dərhal:
“Nə yemişsən?” – deyə edincə sual,

Dedi: “Yanmış çörək yədim, doktur,
Yediyim bir əlavə şey yoxdur”.

Baxa qaldı təbib onun sözünə,
Istədi bir dəva tökə gözünə.

Xəstə: “Mədəmdir ağrıyan, a gözüm,
Yoxsa məfhumunuz deyilmi sözüm?”

Dedi doktor ona ki: “Ey əhməq,
Eybli olmasa gözün mütləq,

Yanmış etmək yəməz idin əsla,
Bu səbəblə yarar tökülsə dəva”.

 

Bir Cevap Yazın

Your email address will not be published.