Alimlər: Kosmosdakı qara dəliklər “gələcəyə pəncərə” ola bilər

“Physical Review Letters” jurnalında alimlərin kosmosdakı qara dəliklə bağlı yeni məqaləsi dərc edilib.

Məqaləyə əsasən, qara dəliyə düşən materiya sinqulyarlığın daxilində izsiz yoxa çıxa bilməz. Ola bilər ki, bu materiya Kainatın uzaq gələcəyinə nəql edilir.

Nisbilik nəzəriyyəsinə əsasən, Kainatda sinqulyarlıqlar, yəni çox yüksək sıxlığı və kütləsi olan nöqtələr var. Bir çox hallarda bu sinqulyarlıqlar qara dəliklərdir.

Bu yaxınlarda alimlər kəşf ediblər ki, qara dəliklər sinqulyar olmaq məcburiyyətində deyillər. Sinqulyarlığın olduğu nöqtədə çox yüksək sıxlığı olan obyekt də ola bilər. Bu obyekt bizim üçün görünməz olan tuneldir və iki müxtəlif məkanı birləşdirir.

Bu ideya günümüzdə kosmoloqlar arasında böyük mübahisələrə səbəb olur. Çünki teoriyanın mövcud olduğunu və ya onu inkar edən heç bir dəlil hələ də tapılmayıb. Hələlik kvant qravitasiyası mövcud olmadığı üçün araşdırmalar aparıla bilmir.

Pensilvaniya universitetinin alimi Xavyer Olmedo və onun həmkarları bu teoriyaya maraqlı izah təklif ediblər. Onların fikrinə görə, qara dəliyin içində materiya ilə bəzi proseslər gedir. Buna görə alimlər ulduz kütləsinin qara dəliyinin daxili strukturunu öyrənməyə çalışıblar. Məlum olub ki, qara dəliyin mərkəzi hissəsi Kainatın digər hissəsi ilə müqayisədə ya keçmişdə, ya da gələcəkdə olur. Qara dəliklər materiyanı udmur, sadəcə onu gələcəyə atır. Onun daxilinə isə hətta işıq sürəti ilə də hərəkət edərək düşmək olmur. Ağ dəliklər kvant tunellərindən ibarətdir. Bu tunellər qara dəliklərin mərkəzini uzaq keçmiş və ya gələcəklə birləşdirir.

Yazar. Hikmət Həsənov
Mənbə. Ölkə.Az