PEYĞƏMBƏRİ-ƏKRƏM (S) XANIM ZƏHRA (Ə.S.) VƏ ONUN BAŞINA GƏTİRİLƏCƏK MÜSİBƏTLƏRDƏN DANIŞIR!

 Peyğəmbəri-Əkrəmin (s) öz sevimli qızı xanım Fatimeyi-Zəhraya (ə.s.) məhəbbət və ehtiramı yalnız atalıq hisslərindən qaynaqlanmırdı. O həzrət qızına böyük gözlə baxır, böyük məqam sahibi bilirdı. Çünki onda bir çox məziyyət və fəzilətlər müşahidə etmişdi.

Peyğəmbəri-Əkrəmin (s) qızı Fatimeyi-Zəhraya (ə.s.) olan məhəbbətini öz dilinə gətirməsi və “Fatimətu əhəbbul-xəlqi iləyyə! Fatimətu əəzzun-nasi ələyyə!” (Mənim üçün ən sevimli və ən əziz kəs Fatimədir!) – deyə buyurması ilə onun uca məqamını insanlara tanıtdırmaq istəyirdi. Çünki o həzrət özündən az sonra əziz qızının başına olmazın zülmlərinin gətiriləcəyini yaxşı bilirdi. Peyğəmbər (s) insanlara höccəti tamamlamaq istəyirdi ki, heç kim bəhanə gətirə bilməsin, heç kim deyə bilməsin ki, Zəhranı (ə.s.) tanımadıq. Elə bu məqsədlə Peyğəmbər (s) onun haqqında buyurur:

“Onu tanıyan tanıyır, tanımayan tanısın: “O, Muhəmmədin qızı Fatimədir, mənim bədənim bir parçasıdır, mənim ürəyimdir və vücudumun ruhudur. Onu incidən, həqiqətən, məni incitmiş və mən incidən isə, həqiqətən, Allah-Taalanı incitmişdir.” (Kəşful-ğummə”, 1-ci cild, səh.466.)

Başqa bir hədisdə isə belə buyurur:

“Amma qızım Fatimə! Həqiqətən, o, əvvəlindən sonuna qədər dünya qadınlarının sərvəridir. Mənim bədənim bir parçasıdır, gözümün işığıdır, qəlbimin meyvəsidir və vücudumun ruhudur.”

“O, insan simasında bir huridir. İbadət mehrabında, Rəbbinin hüzurunda durarkən, nuru səma mələkləri üçün parlayar, necə ki, ulduzların nuru yer əhli üçün parlayır.”

Allah-Taala mələklərinə buyurar: “Ey Mənim mələklərim! Xalis kənizim (bəndəm) və kənizlərimin sərvəri Fatiməyə baxın, görün Mənim dərgahımda necə dayanıb? Məndən qorxduğu üçün necə də bədəni titrəyir? Bütün qəlbi ilə necə də Mənə ibadət edir? Sizi şahid tuturam ki, onun şiələrini cəhənnəm odundan amanda saxlayacağam!”

Peyğəmbəri-Əkrəm (s) bundan sonra buyurdu:

“Hər zaman Fatiməni görəndə, özümdən sonra onun başına gətiriləcək hadisələri xatırlayıram, sanki zillətin onun evinə üz gətirdiyini, hörmətinin tapdalandığını, haqqının qəsb edildiyini, öz irsindən məhrum edildiyini, qabırğasının sındırıldığını, bətnindəki uşağın siqt edildiyini, “Ey Muhəmməd!” deyə nalə etdiyini, lakin heç kimin ona cavab vermədiyini, fəryad edərək kömək istədiyini, ancaq heç kimin onun fəryadına yetmədiyini görürəm! O, Əhli-beytimin arasından qəmli, müsibətli, haqqı qəsb olunmuş və qətlə yetirilmiş halda mənə qovuşacaq ilk şəxsdir.”

Mən o zaman deyərəm: “İlahi! Ona zülm edənlərə lənət et, onun haqqını qəsb edənləri cəzalandır, onu xar edənləri xar et, övladının siqt olmasına səbəb olanları cəhənnəmində əbədi saxla.” Bu zaman mələklər “amin” deyər! (“Əmali”, Şeyx Səduq, 24-cü məclis, hədis 2.)

Yazar. Rza Şükürlü

Mənbə.Maide.az