Filippin

 

Filippin Asiyanın cənub-şərqində 7100 adada yerləşir. Onlardan yalnız 860-da məskunlaşma vardır. Paytaxtı Manila şəhəridir. Şimalda Tayvan, cənubda Malayziya və İndoneziya, şərqdə Sakit okean, qərbdə isə Cənubi Çin dənizi ilə həmsərhəddir. Sahəsi 300 min kvadrat kilometrdir. Əhalisi 81 milyon nəfərdir. Onların çoxu filippinlilərdir. Əhalinin 43%-i şəhərlərdə yaşayır. Rəsmi dili Filippin dilidir. İspan və ingilis dili də istifadə olunur. İqlimi subekvatorial və tropikdir. İyundan sentyabradək yağışlar yağır. Orta illik temperatur yay və qışda +27 dərəcədir. Ən iri adaları Luson, Mindoro, Samar, Panay, Palavan, Neqros, Sebu, Leyte və Mindanao. 75%-i yayla və dağ massivlərindən ibarət olan ərazi 74 əyalətə bölünüb. Filippin Respublikası aktiv seysmoloji zonada yerləşir. Fəaliyyətdə olan və sönmüş vulkanların sayı 50-ə yaxındır. Çayları itiaxandır. Pul vahidi pesodur.

 

Filippin mətbəxi

Filippin mətbəxinin formalaşmasına ölkənin yerləşdiyi coğrafi mövqe də təsirini göstərib. Adanın sahillərini yuyan dənizlər Filippin süfrəsinə su aləminə məxsus nemətləri, xüsusən də tunes və skat balığını gətirir. Asiyanın bütün ölkələrində yetişdirilən düyü burada da önəmli yer tutur. Filiippin (Phillipines)Məşhur xörəklərindən buğda unu və yumurtadan hazırlanan «Pansit kanton»u xüsusi qeyd etmək lazımdır. Bu ölkədə əti müxtəlif üsullarla hazırlayırlar. Onlardan biri adobedir (əti soya sousu, sarımsaq və istiotla sirkədə saxlayır sonra da qızardırlar). Hər bir əyalətdə adobeyə yerli inqredient əlavə edilir. Məsələn, bu, kokoslu qaymaq və ya sarıkök ola bilər. Filippinlilərin «Leçe flan» adlanan məşhur desertinin dadına baxsanız yaxşı olar. Tərkibi yumurta sarısı və süddən ibarətdir. Ölkənin mətbəxinə daxil olan xörəklər sırasında «Leçon manok» (qril toyuq), «Kare-kare» (mal əti və yerfındıqlı qatı şorba), «Kinilaun»un (sirkə və ya soğan, tomat və ədviyyatlı kokos südündə ət) adını çəkmək olar.

Filippində görməli yerlər

Sebu Filippinin böyüklüyünə görə ikinci şəhəri və eyniadlı adanın paytaxtıdır. Əsası 1565-ci ildə qoyulub. Onun kəşfi 1521-ci ldə gəmisi burada lövbər salmış Fernando Magellanın adı ilə bağlıdır. Dünya qoruğu hesab olunan Palavan adasına da baş çəkməyiniz məsləhətdir. Burada uzunluğu səkkiz kilometr olan yeraltı çay vasitəsilə birləşən mağaralar çox diqqət çəkir. Adanın mərkəzində timsah ferması fəaliyyət göstərir. Zamboanqo şəhəri Filippin arxipelaqında ən romantik və maraqlı məkanlardan biri hesab olunur. Maniladan 250 km şimalda, yumşaq iqlimi və təmiz havası ilə seçilən dağ kurortu Bagio yerləşir. Bu şəhər dəniz səviyyəsindən 1525 m yüksəklikdədir və ölkənin yay paytaxtı sayılır. Borakaysa dünyanın ən gözəl adalarından biridir. O, eni 50 m, uzunluğu 4 km olan «Ağ çimərliyi» ilə məşhurdur. Filippin (phillipines) yaşıl meşələri

Festivallar

Fiesta ölkə mədəniyyətinin ayrılmaz hissəsidir. Filippinlilərin bayram və festivallarının sayı (rəsmi olaraq 20 gün) həddindən artıq çoxdur. Əyalət, kənd və şəhərdə festivallar keçirilir. Sebuda «Diniyanq» bayramı (18-19 yanvar), Bagioda gül (23 fevral-3 mart), Malaybalayda «Kaamulan» (28 fevral-1 mart), Marinduk adasında «Moriones», Las-Pinasda beynəlxalq bambuk, Suriqaoda «Bonok-bonok» etnik, yay aylarında isə manqo və ananas festivalları keçirilir. Ati-Atixansa səhnələşdirilmiş bayramlardan biri sayılır və ölkənin ən qədim mərasimləri sırasındadır. Tarixi XIII əsrə aiddir. Bundan başqa, filippinlilərin balıq ovu turnirinin (yanvar ayı) də adını çəkə bilərik. Bayram günlərində gözəllik müsabiqəsi keçirilir, fiesta, universitet, şəhər və kəndlərin «şahı» və «şahzadəsi» seçilir.

Filippin,çimərlik,plyaj

Turistlərə məsləhət

İngilisdilli turistlər üçün Filippində dincəlmək çox rahatdır. Çünki bu dil ərazidə geniş istifadə olunur. Yerli sözləri öyrənmək də lazımdır. Belə ki, ölkə əhalisi 111 dialektdə danışır. Buraya dincəlməyə gəlmək üçün ən münasib vaxt yaydır. Çünki bayram və festivalların çoxu məhz bu fəsildə keçirilir. Manila və Sebuda yerləşən iri ticarət mərkəzlərindən lazım olan hər şeyi almaq olar. Dayvinqlə məşğul olmaq istəyənlər fürsəti qaçırmamalıdırlar. Çünki Filippinin ərazi sularındakı mərcan riflərinin uzunluğu 34 min km-dir. Bununla yanaşı, arxipelaqı əhatə edən dənizlərdə 2000-dən çox balıq, 6 dəniz tısbağası, 20 növ balina və delfin, eləcə də ağ köpək balığı vardır. Ümumiyyətlə, aktiv istirahəti (serfinq, paraşütdəntullanma) xoşlayanlar üçün bu adalar qrupu əla məkandır.

Mənbə. kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.