Adolf Hitlerin ölüm sirləri

1945-ci il aprel ayının sonlarında 20-ci əsrin ən qanlı diktatorlarından biri olan Hitler Berlindəki yeraltı bunkerdə, əvvəlcə, həyat yoldaşı Yeva Braunu, sevimli itini, sonra isə özünü öldürdü. Bu barədə məlumat Berlinə hücum edən müttəfiq qoşunların rəhbərlərinə yalnız may ayının 2-də məlum oldu. May ayının əvvəllərində Berlinə daxil olan sovet əsgərləri bomba partlaması nəticəsində əmələ gələn böyük bir çuxurda Hitlerin və həyat yoldaşı Yevanın yarıyanmış cəsədlərini aşkar etdilər. Dərhal bu barədə Stalinə məlumat verildi.

Tapılmış cəsədlərin, həqiqətən də, Hitlerin və həyat yoldaşının olub-olmamasını müəyyən etmək üçün Stalinin əmri ilə o dövrdə SSRİ-nin ən məşhur tibb ekspertləri dərhal Berlinə göndərildi. Sovet tibb ekspertləri uzun müddət Hitlerin və Yeva Braunun meyitini tədqiq etdilər. Eyni zamanda paralel olaraq SSRİ xüsusi xidmət orqanları Hitlerin özünü öldürməsi ilə bağlı əsir kimi ələ keçirilən və fürerin həyatının son dəqiqələrində onun yanında olan və ya bu işdən dolayı yollarla xəbər tutan adamların istintaqını davam etdirirdilər.

Nəhayət, uzun araşdırmalardan və tədqiqatlardan sonra tibbi ekspertizanın nəticələri və kəşfiyyat araşdırmaları Hitlerin, həqiqətən də, yeraltı bunkerdə özünü öldürdüyü barədə qəti hökm çıxarılmasına imkan verdi. Bunun ardınca da Hitlerin ölümü barədə tibbi ekspertizanın nəticələri mətbuatda dərc olundu.

Hitlerin ölümü ilə bağlı yeni şayiə

SSRİ rəhbərliyi bir müddət Hitlerin və həyat yoldaşının meyiti ilə nə edəcəyini bilmədi. Sonra onları dəfn etdilər. Ötən əsrin 50-ci illərinin sonu, 60-cı illərin əvvəllərində Hitlerin sağ olması və Argentinada və ya Paraqvayda yaşaması barədə məlumatlar yayılmağa başladı. O vaxt dərhal SSRİ rəhbərliyi yenidən Hitlerin cəsədinin qalıqlarının ekspertizadan keçirilməsi barədə göstəriş verdi. Hitlerin cəsədi yenə də ən təcrübəli tibbi ekspertlər tərəfindən ekspertizadan keçirildi. Yenə də çıxarılan yekun rəy eyni oldu: əldə olan cəsədin qalıqları, həqiqətən də, Hitlerindir. Bu barədə dərhal beynəlxalq aləmə məlumat verildi və Hitlerin sağ olması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirildi.

Bəs əgər, həqiqətən də, yanmış cəsədin qalıqları Hitlerə məxsus idisə, onda fürerin sağ olması barədə yayılan şayiələrdən məqsəd nə idi? Bu suala birmənalı cavab vermək mümkün olmadı. Lakin həmin dövrdə SSRİ-də belə hesab edirdilər ki, Hitlerin sağ olması barədə mətbuata ötürülən sensasiyalı məlumatların arxasında Qərbin xüsusi xidmət orqanları dayanır. Guya onlar bu yolla SSRİ-yə  qarşı psixoloji mübarizə aparırdılar. Məntiqi baxımdan Hitlerin sağ olması barədə Qərb mətbuatında yayılan sensasiyalı məlumatların SSRİ-də belə qarşılanması düzgün idi. Amma Hitlerin ətrafında yaranan saysız-hesabsız, bəzən həqiqətdən daha çox fantastika təsiri bağışlayan iddiaların arxasında müəyyən həqiqətin ola bilməsi istisna edilmir. Hitlerin sağ olması ilə bağlı şübhələri artıran iki fakt məlumdur.

Bunlardan biri, 1970-ci ildə  SSRİ-yə o dövrdə rəhbərlik edən Brejnevin gizli əmrilə Maqdeburqda (Almaniya) dəfn olunan Hitlerin və Yeva Braunun cəsədlərinin tələm-tələsik yandırılması ilə bağlıdır. Yandırılmış cəsədlərin külü dərhal da yaxındakı çaya atılıb. Aydın məsələdir ki, Brejnev Hitlerin və Yeva Braunun cəsədlərinin yandırılaraq yox edilməsi barədə gizli əmri boş-boşuna verə bilməzdi. Qərbdəki bəzi tədqiqatçılar bunun səbəbini SSRİ rəhbərliyinin kəşfiyyat məlumatlarına əsasən cəsədlərin Hitlerə və Yeva Brauna aid olmaması barədə qəti qənaətə gəlməsi ilə izah edirlər. Belə güman edilir ki, SSRİ kəşfiyyatı uzun axtarışlardan sonra Hitlerin, həqiqətən də, müharibədən sonra Cənubi Amerikada yaşaması barədə dəqiq məlumat əldə edib. Aldadılmış vəziyyətdə qaldıqlarını gizlətmək üçün isə SSRİ rəhbərliyinin saxta cəsədləri yandırmaqdan başqa yolu qalmayıbmış.

İkincisi, inanmaq çətindir ki, fürerin ətrafındakılar özünü öldürən Hitlerin cəsədini torpağın daha dərinliklərində dəfn etməyiblər. Çünki məlum idi ki, fürerin cəsədi ələ keçiriləcəyi təqdirdə onu təhqir edəcəklər. Alman komandanlığı heç vaxt buna yol verə bilməzdi. Ona görə də argentinalı tədqiqatçının Hitlerin sovet əsgərlərinin əlinə keçən cəsədinin SSRİ rəhbərliyini aldatmağa və izi itirməyə xidmət etdiyini söyləməsi ağlabatan görünür.

Hitlerin Berlindən qaçışı

Abel Basti yazır: “1943-cü ildə sovet qoşunları cəbhədə təşəbbüsü ələ almışdılar və artıq Hitlerin müharibəni uduzacağının ilk əlamətləri görünməyə başlamışdı. Belə vəziyyətdə Almaniya rəhbərləri ölkədən qaçaraq, Cənubi Amerika ölkələrində sığınacaq tapmaq üçün plan hazırladılar. Bu planın hazırlanması və həyata keçirilməsi isə Hitlerin etibarlı silahdaşları olan Bormana və Müllerə tapşırılmışdı. Onlar bu məlumatın sızmaması üçün bütün imkanlardan istifadə edirdilər. Çünki sirr açılacağı təqdirdə məsuliyyəti onlar daşıyacaqdılar. Tədqiqatlar göstərir ki,1943-45-ci illərdə Argentina, Paraqvay, Çili və digər ölkələrdə saxta adlarla xeyli avropalı mühacir gəlmiş, bu ölkəyə pul köçürmələri fantastik şəkildə artmışdı. Həmin dövrdə saxta sənədlərlə Cənubi Amerikaya gələrək orada məskunlaşanların sayı o qədər çoxdur ki, kimin kim olduğunu ortaya çıxarmaq üçün bir ömür bəs eləməz.

1945-ci ilin aprel ayında sovet qoşunlarının Berlinə hücumu başlandı. Od tutub yanan Berlindən alman hərbi komandanlığı və hərbi hava qüvvələri təcili şəkildə bir neçə təyyarəni sağ-salamat İspaniyaya göndərə bildilər. Həmin dövrdə İspaniyada Hitlerin ən yaxın dostlarından və müttəfiqlərindən olan general Franko hakimiyyətdə idi. İspaniyadan isə təyyarədəkilər dərhal sualtı qayıqlarla Argentinanın Kaleta-de-los-Lores limanına gətirildilər”.

Abel Basti apardığı tədqiqatlar nəticəsində bu qənaətə gəlib ki, od tutub yanan Berlindən İspaniyaya və oradan da sualtı qayıqlarla Argentinaya göndərilənlər fürer və onun ailəsi olub. Basti iddia edir ki, almanlar izi itirmək üçün həmin sualtı qayıqları məhv ediblər. O, dediklərinə sübut kimi Argentinanın Kaleta-de-los-Lores limanı sahillərində 30 metr dərinlikdə tapılan üç alman sualtı qayığını göstərir, bu qayıqlar barədə Argentinanın hərbi və mülki arxivlərində heç bir məlumatın olmadığını söyləyir. Hitlerin ardınca Berlinin təslim olmasına bir neçə saat qalmış onun ən yaxın silahdaşı və fürerin qaçırılma əməliyyatına rəhbərlik edən Bormanın da müəmmalı şəkildə yoxa çıxmasının üstü bu gün də açılmayıb. Belə güman edilir ki, Borman da Hitleri qaçırdığı yolla Cənubi Amerikaya qaçıb…

Hitler 1964-cü ilə kimi yaşayıb?

Basti məsələ ilə bağlı diqqəti həmin dövrdə Argentinaya rəhbərlik edən və nasistlərlə sıx əlaqəyə malik olan Peronun ölkəyə gələn almanlara himayədarlıq etməsinə çəkir. Onun sözlərinə görə, Peron ölkəyə gələnin Hitler olduğu bildirilməyib. Çünki bu sirr yayıla bilərdi. Basti Hitlerin Peronun yaxın dostu Eykxornun malikanəsində sığınacaq tapdığını deyir və buna sübut kimi bağbanın söylədiklərini fakt kimi ortaya qoyur. Bağban Basti ilə söhbətində Hitleri dəfələrlə bağda gəzərkən gördüyünü deyib. Basti izinə düşüldüyü səbəbindən Hitlerin ömrünün son illərini Paraqvayda keçirdiyini və orada 1964-cü ildə öldüyünü bildirib. O, haradansa əlinə keçən Hitlerin ölmüş şəkildə çəkilən şəklini də mətbuatda dərc etdirib. Amma Basti Hitlerin harada dəfn edildiyini hələlik bildirməyib. O bununla bağlı yazdığı kitabında geniş məlumat verəcəyini söyləyib.

Təkrar ekspertiza lazımdır

Hitlerin həyatını tədqiq edən və bununla bağlı “Reyxin sonuncu sirri: Hitler kaput” kitabının müəllifi Leon Arbatski Bastinin yeni ehtimalları ilə bağlı təkrar ekspertizanın aparılmasının vacibliyini söyləyib. Onun fikrincə, Rusiyada və ABŞ-da Hitlerin başının rentgen şəkilləri saxlanılır və bunlar müqayisəli şəkildə yenidən tədqiq edilməlidir. Amma o da şübhə doğurmur ki, əgər alman kəşfiyyatı izi itirmək üçün Hitlerin əkizinin cəsədini SSRİ kəşfiyyatına sırıyıbsa, onda onun başının rentgen şəkillərini də saxtalaşdıra bilərdilər. Necə deyərlər, Hitler ətrafında müəmmalar davam edir və onun Almaniyadan qaçaraq, Cənubi Amerikada yaşaması barədə deyilənlərə inanmaq da mümkündür, inanmamaq da. Amma Hitlerlə bağlı müəmmalara haçansa aydınlıq gətiriləcəyi də istisna edilmir.

Mənbə: Zaman, akademiya.net kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.