Kəhf səhabələri ilə Həzrət İsanın (ə) məsəli arasında rabitə

 

Qurani-Kərim buyurur: “Həqiqətən o, (dünyaya gəlməsinin necəliyi, möcüzələri və ömrünün sonunda göydən yerə enməsi baxımından) Qiyamət elmi üçün bir nişanədir. Buna görə də ona (həmin günə) şübhə etməyin və Mənə (Mənim din və kitabıma) tabe olun ki, doğru yol budur”. (“Zuxruf” 61).

Təfsirçilərin bəziləri bu ayənin Həzrət İsanın (ə) rəcəti ilə Qiyamətin arasında bir rabitənin olmasına işarə etdiyini bəyan etmişdilər.

Ona görə də bu ayəni dörd cür təfsir etmişdilər.

1. Quranda Qiyamətə aid birbaşa elm var.

2. Quranın nazil olması – Qiyamətin yaxınlaşması əlamətidir. Çünki, ondan sonra başqa səma kitabı nazil olmayacaqdır.

3. Həzrət İsanın (ə) dünyaya gəlişi – Qiyamətin nişanələrindəndir.

4. Həzrət İsanın (ə) rəcəti – Qiyamətin yaxın olmasının nişanəsidir.

Əlbəttə ki, Quran qiyamətə malik olan elmi bizə çatdırmışdır və çatdırmaqdadır. Ancaq onun nazil olması birbaşa o demək deyildir ki, Qiyamət yaxındır.

Eyni zamanda Həzrət İsanın (ə) möcüzəvi şəkildə dünyaya gəlişi Qiyamətin yaxın olması nəzəriyyəsini sübut edə bilməz. Əgər bu nəzəriyyə doğrudursa, onda bütün insanların dünyaya gəlişi Qiyamətin yaxın olmasını göstərər. Çünki insanların xilqəti məhz İlahi qüdrət əsasında baş verir, öz-özünə deyil.

Quranın bu ayələri dediklərimizi təsdiq edə bilər: “Ey insanlar! Əgər (ölümdən sonra) dirilməyə şübhə edirsinizsə, onda (öz yaradılışınıza diqqət yetirin. Görmürsünüzmü ki,) Biz sizi (ulu baba və nənənizi möcüzəvi şəkildə birbaşa) torpaqdan, sonra (onların sonrakı nəsillərini isə vasitə ilə, torpağın tərkibində olan maddələri cəzb edib bədənə ötürməklə) nütfədən, sonra ələqədən (nütfənin dönüb olduğu laxta qandan) daha sonra bəzisinin yaradılışı kamil, bəzisininki isə qeyri-kamil olan muzğədən (ələqənin dönüb olduğu ət parçasından) yaratdıq ki, sizə (bu tədrici yaradılışda qüdrət və hikmətimizin son həddini) aydınlaşdıraq.

Biz (muzğədən) istədiyimizi (dölün kamilləşdiyi) müəyyən müddətədək uşaqlıqda saxlayırıq. Sonra sizi körpə olaraq (doğurub) çıxarırıq. (Daha) sonra cismi və ruhi kamala çatmağınız üçün (sizi qoruyuruq). Sizdən bəzisi (qocalmamış) vəfat edir və bəziniz ömrün ən aşağı mərhələsinə kimi aparılır ki, nəhayət o, (çoxlu) elmdən sonra heç nə bilməz. Və (qışda) yeri (torpağı) quru və ölmüş görürsən. Amma ona (yağış, qar və dolu şəklində) su göndərən kimi hərəkətə gəlir, qabarır və sevinc gətirən hər növ (bitki)dən bitirir.

(İnsan və bitkilərin) bu (cür yaradılmaları) ona görədir ki, Allah haqdır, ölüləri dirildən Odur və O, hər şeyə qadirdir.

Və buna görə(dir) ki, Qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir”. (“Həcc” 5-7).

Həzrət İsanın (ə) rəcətinin Qiyamətlə rabitədə olması nəzəriyyəsi haqqında isə deyə bilərik ki, bu nəzəriyyə – möhkəm nəzəriyyə sayılmalıdır. Belə ki, Kəhf səhabələrini yada salır. “Və beləcə (həmin yerin əhalisini onları uzun yuxudan oyatdığımız kimi) öz aralarında yenidən dirildilmələri barəsində mübahisə etdikləri zaman, Allahın vədinin haqq olmasını və Qiyamət günün(ün gəlməsin)də heç bir şəkk-şübhənin olmamasını bilmələri üçün onlar(ın halın)dan xəbərdar etdik. Beləliklə (bu hadisədən qane olmayan müşriklər) dedilər: «Onların (cəsədləri) üzərində bir bina tikin (və boşlayın), onlardan Rəbbi daha yaxşı xəbərdardır».

(Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik»”. (“Kəhf” 21).

Belə görünür ki, ayənin təfsirinə ən yaxın olan nəzəriyyə dördüncü nəzəriyyədir. Necə ki, Kəhf səhabələrinin uzun illərdən sonra oyanmaqları çox sayda insanı qəflətdən ayıltdı, Həzrət İsanın (ə) rəcəti də xristianları qəflət və cəhalət girdabından xilas edəcək və Qiyaməti yada salacaqdır.

O ki, qaldı Qiyamətin nə zaman baş verəcəyinə, bu zaman, Allahdan başqa heç kəsə aydın deyildir. Bu ayədə istifadə olunan “elmul lilsaə” sözünü Qiyamətin zamanı haqqındakı elmə aid etmək olar, nəinki Qiyamətin özünə.

İbni Abbasdan gələn hədisdə də bəyan edilir ki, İsa ibni Məryəmin (ə) nüzulu qiyamətdən əvvəl olacaqdır.

Beləliklə deyə bilərik ki, yuxarıdakı ayə Həzrət İsanın (ə) rəcətinə işarə edən ayədir. Bu ayə buyurur ki, Həzrət İsanın (ə) rəcəti Qiyamətdən əvvəl baş verəcəkdir. Onun dünyaya gəlişi – Qiyamət elmi üçün bir nişanədir. Yəni, ey insanlar! Qəflətdən ayılın və bilin ki, Qiyamət haqdır və bir gün gələcəkdir, ona şübhəniz olmasın. Necə ki, Qiyamətin gəlməyinə şübhəniz olmamalıdır, eləcə də Həzrət İsanın (ə) rəcətinə də şübhəniz olmamalıdır.

Mənbə.Deyerler.org/

 

Bir Cevap Yazın

Your email address will not be published.