Filofobiya nədir

Filofoblar çox fərqli insan keyfiyyətlərinə və həyat yoluna sahibdirlər. Yəni onların hamısı bir birinə oxşamırlar. Buna baxmayaraq, onları birləşdirən əsas xüsusiyyət – əks cinslə güvənli münasibətlər qurmaq istəməməsi, ya da bacarmamasıdır.

Filofobiyadan əziyyət çəkən insanlar bəzən problemi dərk etmirlər. Onlar özlərinə uyğun həyat tərzi hansıdırsa, onu da yaşamağa çalışırlar. Elə bir həyat yolu seçməyə çalışırlar ki, özlərini təhlükəsiz və rahat şəkildə hiss etsinlər. 

Öz praktikamdan misal gətirim. Bir xanım xaricdə təhsil almışdı. Xaricə getməsinin səbəbini izah edəndə maraqlı məqam ortaya çıxdı. Xanım Bakıda qalacağı təqdirdə ailəsi onu evləndirmək istəyirmiş. O isə evlənmək istəmirdi. “Həm hazır deyiləm, həm də sevməkdən qorxuram, bağlanmaqdan qorxuram“.

Təbii ki, xanım filofobiyadan əziyyət çəkirdi, bu qorxu isə öz növbəsində onun ölkəni tərk etməsinə səbəb oldu. Yəni xaricə getmək qərarının əsasını təhsilin özü yox, qorxu təşkil etdi. Bu qorxudan əziyyət çəkənlər həyatlarını ondan qaynaqlanan qərarlar əsasında qururlar. Bu isə heç də həmişə müsbət qərarlar demək deyil.

Sevməkdən qorxan bir insanın xarici dünya ilə daxili dünyası nə qədər məsafəli olsa, o qədər də ona başqa bir insanı öz “şəxsi ərazisinə” buraxmaq, öz ürəyini açmaq, öz hisslərini, fikirlərini etibar etmək çətin olacaq.

Bütün bunların nəticəsində insan özünü həmişə bədbəxt hiss edir. O hissi, emosional olaraq “ac” qalır, dostlarla, iş yoldaşları ilə münasibətlər isə təbii ki bu “aclığı” aradan götürə bilməz.

Əks cinslə yaxın münasibətlər qurmaq cəhdləri adətən qısamüddətli və uğursuz olur. Həmin münasibətlərdən sonra boşluq və həyatın mənasızlığı kimi hisslər yaranmağa başlayır. Burda bir məqamı əlavə etmək istərdim ki, evli kişilərin xəyanət etmələrinin əsasında bəzən filofobiya dayana bilər. Öz həyat yoldaşları ilə yaxın, səmimi münasibətlər qura bilməmək, sevməkdən, bağlanmaqdan qorxu onları bəzən qısamüddətli münasibətlərə sürükləyir. Bu onlara haqq qazandırmır, təbii ki, lakin psixoloji problem kimi baxanda, filofobiya həll edilməklə, deməli bəzi xəyanət hallarını da aradan qaldırmaq mümkündür. (Xahiş edirəm, sırf bu misalı əsas götürərək, şərhlərdə aqressiv mesajlar yazmayın)

Filofobiyanı yarada biləcək səbəblər:

  • Əlçatmaz, ideal partnyor obrazı. Mükəmməllik sindromu da deyə bilərik. Çox gözəl şəxsiyyətə malik ata və ya anadan qaynaqlanan, həmçinin bədii əsərlərdən formalaşan mükəmməl partnyor obrazı və onun əlçatmaz olması.
  • Uşaq vaxtı əks cinsə qarşı aşağılayıcı münasibətin formalaşması.
  • Ailə münaqişələri, fiziki zorakılıq, valideynin xəyanəti və s. ailə qurmaq qorxusu formalaşdırır. Doğma atası xəyanət edən xanım yad bir kişiyə necə etibar edib, onunla ailə quracaq?
  • İlk sevginin uğursuz bitməsi. Unudula bilməməsi. Keçmiş ilə yaşamaq.
  • Uğursuz seksual təcrübə. Zorlanma, kobud və aşağılayıcı seksual xarakterli davranışa məruz qalma və s. gələcəkdə mümkün kişi və qadın münasibətlərinə qarşı güclü qorxu, bəzi hallarda isə nifrət formalaşdırır.
  • Boşanma. Ailə həyatından sonra insanlar bəzi hallarda qarşı cinslə bütün münasibətləri kəsirlər, öz hisslərində qapanıb, özlərini və ya keçmiş yoldaşlarını günahlandırmaqla məşğul olurlar.
  • Doğma insanı itirmək. Yaxın insanın ölümündən sonra onun mənfi tərəfləri unudularaq, obrazı ideallaşdırılır. Real həyatdakı insanlar kənarda qalırlar, obraz isə hər kəslə ünsiyyəti “əvəzləyir”.

Yuxarıda sadalanan məqamları yaşamış çox insan ola bilər, lakin onlardan heç də hamısı filofobiyadan əziyyət çəkmirlər.

Xəstəliyin inkişaf etməsinə təkan verən əlavə amillər:
— natamamlıq kompleksi
— müstəqilliyi itirmək qorxusu
— insanın psixi qeyri stabilliyi
— öz qərar və davranışlara görə məsuliyyəti öz üzərinə götürə bilməmək
— kiminsə qayğısına qalmaq arzusunun olmaması.

Filofobiyanın inkişafına həmçinin bütün dünyada dağılmaqda olan ailə dəyərləri, aqressiv istifadəçi “mədəniyyəti”, kişi və qadınlarda partnyora qarşı həddindən artıq yüksək tələblərin formalaşdırılması səbəb olur.

Müalicə:
Filofobiya öz üzərində işləməklə, ya da psixoloqa müraciət edilərək müalicə oluna bilər. Problemin dərk edilməsi onun həlli üçün tələb olunan ilk addımdır. Özünə inamın bərpası, həyata pozitiv baxış, ünsiyyət dairəsinin genişləndirilməsi, həyat şərtlərinin dəyişdirilməsi filofobiya ilə mübarizədə görüləcək tədbirlərə aid edilə bilər.

İnsan sosial, içtimai varlıqdır və sevgi onun həyatının ayrılmaz bir hissəsidir. Şüurlu şəkildə sevgidən imtina etməyə dəyməz. Hansı həyat təcrübənizin olmasından asılı olmayaraq, onu olduğu kimi qəbul etməyə çalışın. Hər şey bir təcrübədir. Təcrübə isə sizin inkişafınız üçün əsas amildir. Həyata yeni baxış formalaşır, yeni məlumatlar əldə edirsiniz. İnsan sevəndə qorxu geri çəkilir, sevən insan rahatlıqla uğur qazana bilir, problemləri həll edir, həyatı sevincli yaşamağa başlayır. Sevgi özünü ifadə etməkdir. Bu gözəl hissi yaşamaqla biz itirdiyimizdən də çox qazanırıq.

Sevən insan gül kimi çiçəkləyir
“Hə, bəs qarşılıqlı sevgi olmayanda, Nizami, necə olur o gülün halı” – sualını vermək istəyəcəksiniz.
Bu zaman Siz yenə də qazanırsınız. İnsan kimi, şəxsiyyət kimi formalaşırsınız, böyüyürsünüz və yeni həyata doğru daha da qorxmaz halda addımlamağa başlayırsınız.

Psixoloq olaraq Sizinlə işləyəndə bu çətin labirintlərdən bir yerdə keçirik. Biz Sizinlə birlikdə böyüyürük. Qarşılıqlı və yaxud da qarşılıqsız sevgi ilə. Biz böyüyürük.

Psixoloq Nizami Orucov

Mənbə. kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.