İmam Sadiqin (ə) səhabələrinə yazdığı məktub-1

İsmayıl ibn Cabir deyir ki, imam Sadiq (ə) səhabələrinə yazdığı bu məktubunda onlara göstəriş verir ki, onu vaxtaşırı mütaliə edib üzərində fikirləşsinlər, buyruqlarına əməl edərək qoruyub-saxlasınlar. Bundan sonra onlar da həmin məktubu evlərində namaz qıldıqları guşədə saxlayır və namazdan sonra onu düşünə-düşünə oxuyardılar:

 

Bağışlayan və mehriban Allahın adı ilə!

Rəbbinizdən afiyət (sağlam ömür) diləyin, daim aram, vüqarlı və təskinli olun, həyanı əldən verməyin və sizdən əvvəlki saleh insanların çəkindiklərindən çəkinin (onları örnək bilin)… Dilinizi yalan, böhtan, günah və nalayiq sözlərdən qoruyun. Çünki dilinizi Allahın bəyənmədikləri və qadağan etdiklərinə bulaşdırmayıb saxlasanız, bunun Allah dərgahında sizə faydası çoxdur. Belə ki, dilini Allahın bəyənmədikləri və qadağan etdiklərinə bulayan bəndəni Onun dərgahında hökmən həlakət və qəzəbi gözləyir. O, qiyamət günü məhşərə kar, kor və lal gələr. Belələri haqda Allah-Taala buyurur: “(Onlar) kar, lal və kordurlar. Buna görə də, geri qayıtmazlar.” (“Bəqərə”,18.) Yəni danışa bilməzlər: “Onlara üzr və bəhanə gətirməyə icazə verilməz.” (“Əl-mursəlat”, 36.)

Allahın qadağan etdiklərindən çəkinin, axirətinizə faydasız, savabı olmayan şeylər haqda danışmayın, Allahı çoxlu “təhlil” (La ilahə illəllah demək), “təqdis” (Quddus demək), “təsbih” (Subhanəllah demək) və həmd edin, dərgahına raz-niyaz əlini uzadın, heç kəsə bəlli olmayan savab və mükafatlarına rəğbət bəsləyin, dilinizi belə şeylərə məşğul edib Allahın qadağan etdiyi əsassız və bihudə sözlərdən çəkinin, dilini qorumayanlar, bihudə sözlərdən çəkinməyərək Allah dərgahında tövbə etməyib dünyadan gedənlərin axır-aqibəti isə əbədi cəhənnəm odudur.

Duanı unutmayın ki, müsəlmanlar Allah dərgahına dua, yalvarış, raz-niyaz və xahişdən başqa bir yolla istədiklərinə nail ola bilməmişlər. Allahın sizi rəğbət etdiyinə rəğbət göstərin, çağırışlarına cavab verərək nicat tapın və əzabından xilas olun. Nəfsinizi Allahın haramlarına adət etdirməyin ki, dünyada onlardan çəkinməyənləri Allah Behişt əhli üçün nəzərdə tutulan əbədi Cənnətin nemətləri, ləzzətləri və kəramətlərindən məhrum edər.

Bilin ki, Allaha itaəti tərk edib, Ona asi olmaqla dərgahında təhlükəyə əl atan, Behiştin əbədi nemətləri, ləzzətləri və əhlinin kəramətlərini haramlar və dünyanın müvəqqəti ləzzətlərilə dəyişən kəsin bəhrəsi necə də pisdir! Vay onların halına! Ah, onlar necə də nakam, qayıdışları necə də zərərli, qiyamət günü Rəbbin dərgahında necə də üzüqaradırlar! Siz də belə vəziyyətə düşməkdən və onların düçar olduqları bəladan Allaha pənah aparın. Bizim və sizin güc və qüvvəniz yalnız Ondandır…

Daim Allahı çağırın ki, O, mömin bəndələrinin duasını sevir və dualarını qəbul edəcəyini vəd vermişdir. Həm də O, qiyamətdə möminlərin dualarını elə qiymətləndirər ki, onun üçün Behişt nemətlərini artırar. Gecə-gündüz, hər han Allahı yad edin ki, Özü bunu əmr etmişdir. Allah, Onu yad edən mömini yad edər. Bilin ki, Allahı yad edən mömin bəndəni O da xoş nəzərlə yad edər. Allaha itaətdən yorulmayın ki, itaətsiz və Quranın zahiri və batini haramlarından çəkinmədən Onun dərgahında heç bir xeyir və yaxşılığı əldə etmək olmaz. Allah-Taala Öz haqq kitabında belə buyurur: “Günahın zahir və batinini atın!” (“Ənam”, 120.) Bilin ki, şübhəsiz, Allahın çəkindirdiyi hər hansı bir şey haramdır. Peyğəmbəri-Əkrəmin (s) sünnə və irsini yaşadın, ona möhkəm bağlanın. Nəfsinizin tələb və rəyinə uymayın ki, azğınlığa düşərsiniz. Çünki Allah dərgahında ən azğın insan Onun tərəfindən hidayətçi olmadan (cilovsuz) nəfsin istək və rəyinə uyandır. Mümkün qədər özünüzə yaxşılıq edin ki, “yaxşılıq etsəniz, özünüzə etmiş, pislik də etsəniz, öz zərərinizədir!”… (“İsra”, 7.)

Ey Allah Özü gözətçisi olan zümrə, Peyğəmbəri-Əkrəmin (s) və Əhli-beytindən olan hidayətçi imamların sünnə və irsinə (hədislərinə) tabe olun ki, ondan yapışan, sözsüz, doğru yolda, onu tərk edib üz çevirən isə zəlalətdədir. Çünki Allah Özü onlara itaət və vilayətinə tabe olmağı əmr etmişdir. Atamız Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hərçənd bir sıra əməllərdə daim sünnə və şəriətə tabe olmaq Allaha daha xoşdur və onları pozaraq nəfsin istəklərinə uyub, gecə-gündüz ibadətə çalışmaqdan daha faydalıdır. Agah olun ki, Allah tərəfindən hidayətçisi olmadan nəfsin tələbinə tabe olmaq və hüdudları aşmaq azğınlıq və hər azğınlıq bidət, hər bidətin də yeri Cəhənnəmdir! Demək, itaətsiz, səbirsiz və müti olmadan Allah dərgahında heç bir xeyir və yaxşılığı əldə etmək olmaz. Çünki səbir və (taleyə) razılıq Allaha itaət deməkdir.

Bilin ki, heç bir bəndə Allahın onun üçün yazdığı taleyə – istər xoşuna gəlsin, istər gəlməsin – razı olmayınca, imanlı hesab olunmaz və Allah da yazdığı taleyə səbirlə dözən hər kəsə uyğun xeyir və məsləhəti nəzərdə tutar.

Namazları, xüsusilə “orta namazı” (ikindi, başqa ehtimala görə, zöhr namazını) qoruyun (layiqincə yerinə yetirin). Allahın qarşısında təvazökarlıqla itaətə durun. Necə ki, Allah bunu Öz kitabında sizə və sizdən qabaqkı möminlərə əmr etmişdir.

Ardı var.

Tərcümə etdi: Rza Şükürlü

Mənbə. (Maide.az)