PEYĞƏMBƏRİ-ƏKRƏMİN (Ə) ƏN BÖYÜK İFTİXARI – ALLAHA BƏNDƏÇİLİK

Qurani-Kərimin “Zariyat” surəsinin 56-cı ayəsində Yaradan Allaha ibadət və bəndəçilik yaradılışın məqsədi kimi göstərilir və buyurulur:

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”

Bu ayənin zahirinə əsasən, insanların yaradılışında bir hədəf var, o da Allaha ibadət və bəndəçilikdir. Ayədə qeyd olunan “لِيَعْبُدُونِ” (Liyə`buduni – Mənə ibadət etmək üçün) ifadəsi insanın yalnız ibadət vasitəsilə kamilliyə çatmasını aşılayır.

 

İbadət və bəndəçilik insanlar üçün zati və fitri ehtiyacdan yaranan bir əməldir və buna görə də, ibadətin insan üçün daimi və sabit bir ehtiyac olması vurğulanır. İnsan ibadət sayəsində istənilən kamillik zirvəzini fəth edə bilir. Qurani-Kərimin ifadəsi ilə desək, “məhmud” məqamına nail olmaq istəyən kəs ibadət yolunu qət etməlidir. “İsra” surəsinin 79-cu ayəsində buyurulur:

(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (gecə) namazı qıl, ola bilsin ki, Rəbbin səni bəyənilib tərəflənən məqama çatdırsın.”

Əllamə Şəhid Mürtəza Mütəhhəri (r) yazır: “İnsan yalnız ibadət etməklə kamilliyə çata bilər.” (“Məcmueyi-asar”, Şəhid Mütəhhəri, 21-ci cild, səh.197.)

İmam Xomeyni (r) də bəndəçiliyi risalət məqamına çatmaq üçün bir nərdivan, risalət məqamına çatmağı isə bəndəliyin nəticəsi bilir. Peyğəmbəri-Əkrəm (s) də kamil ibadət və bəndəçilik vasitəsilə o ali məqama çatmışdır.” (“Sirrus-səlat”, İmam Xomeyni , səh.89.)

Əmirəlmöminin Əli (ə) münacatlarının birində necə də gözəl deyir:

“İlahi! Bu izzət mənə kifayətdir ki, mən Sənin bəndənəm və bu iftixar mənə kifayətdir ki, Sən mənim Rəbbimsən.” (“Biharul-ənvar”, 38-ci cild, səh.340, hədis 14.)

Qeysəri “Əl-fususul-hikəm” kitabının şərhində “bəndə” sözünü təhlil edərkən yazır: “Peyğəmbəri-Əkrəm (s) Allahın ixlaslı bəndəsi olsa da, “bəndə” sözünün o həzrətə deyilməsi ədəb qaydalarına ziddir.” (“Şərhu fususil-hikəm”, Qeysəri, 1-ci cild, səh.60.)

İmam Xomeyni (r) isə Peyğəmbəri-Əkrəmin (s) bəndəliyi haqda irəli sürülən bu fikrə belə cavab verir:

“Qeysərinin bu sözü təkcə Allaha nisbətdə yox, həm də Allahın Rəsuluna (s) nisbətdə də ədəb qaydalarına ziddir, çünki bəndəçilik Allah Rəsulunun (s) ən böyük iftixarı idi.” (“Təliqat əla şərhi fususil-hikəm və misbahil-uns”, səh.55.)

Elə Peyğəmbərin (s) ibadət və bəndəçiliyinin əzəmətinə xatir, namazın “təşəhhüd”ündə o həzrətin peyğəmbərliyinə şəhadət verməmişdən öncə, bəndəçiliyinə şəhadət verilir. Həmçinin, o həzrət iftixarlı bəndəçilik məqamına sahib olduğundan, Allah-Taala Qurani-Kərimin “İsra” surəsinin 1-ci ayəsində belə buyurur:

Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri) göstərmək üçün bəndəsini (Peyğəmbəri) bir gecə (Məkkədəki) Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz Məscidül-Əqsaya (Beytül-Müqəddəsə) aparan Allah pak və müqəddəsdir…”

“Furqan” surəsinin 1-ci ayəsində belə buyurur:

Aləmləri qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Peyğəmbərə) nazil edən Allah nə qədər ucadır!

Həmçinin “Nəcm” surəsinin 53-cü ayəsində buyurur:

Sonra (Allahın Öz) bəndəsinə (Peyğəmbərinə) vəhy buyurduğunu vəhy etdi.”

Bəli, Qurani-Kərimə əsasən, Peyğəmbəri-Əkrəmin (s) ən önəmli xüsusiyyəti, ən iftixarlı medalı Allaha bəndəçilik məqamıdır ki, o həzrətin raz-niyazları, “Hira” mağarasındakı münacatları, duaları və gecə ibadətləri bu xüsusiyyətin bir cilvəsidir.

Yazar Rza Şükürlü

Mənbə.(Maide.az)

Bir Cevap Yazın

Your email address will not be published.