London və tələbəçilik.

Bakıdakı dostlarımdan biri məndən London haqqında soruşdu. Burdakı tələbəçilik, London camaatı və bəzi özünəxas xüsusiyyətlər haqqında kiçik də olsa bir məqalə yazmamı xahiş etdi. Doğrusu bu məqalədə mənim Londonu başqa bir şəhərlə müqayisə etmək yaxud da tərifləmək deyil, mən sadəcə öz təcrübəmdən irəli gələn bəzi məqamları çatdırmaq istərdim.

Əvvəlcə qeyd etmək istərdim ki, burada deyildiyi kimi çox şey fərqlidir. İstər tələbə olmaq istərsə adi bir vətəndaş yaxud da turist. Hər bir təbəqənin özünəməxsus xüsusiyyətləri var. Səhər vaxtı dərsə tələsən tələbəni müşahidə etmək nə qədər təəssürat yaradirsa axşamlar da “kefi kök” evlərinə getməyə çalışan insanları görmək adamda başqa cür təsir oyadır. Amma burada insanlar çox səmimidir və ən çox işlətdikləri söz isə “sorry” yəni bağışla, fərqi yoxdur günah səndə olub ya yox.

Həftənin günləri də özünüməxsusdur. İş günləri hamı işə yaxud dərsə, istirahət günləri isə ya kinoya, ya kluba, ya da digər məşğuliyyətlər dalınca qaçırlar. İngilis camaatı çox səmimidir, istədiyin sualı soruşa bilərsən, əgər bilməsələr sadəcə bağişla deyib üzr istəyəcəklər.
Hamımıza məlum olduğu kimi təhsil sistemi də çox fərqli və təqdirə layiqdir. Tələbələr çox sərbəstdir. Dərsdən çıxmaq üçün icazə almağa ehtiyac yoxdu, sadəcə durub otağı tərk eləmək kifayətdir. Səmimi olmaq gərəkirsə mən iki aydan artıq müddətdə burada oxusamda hələ dərsi tərk eləməmişəm. Ən sadə səbəb isə sərbəstliyin insana öz məsuliyyətini hiss etməsinə böyük bir stimul verməsidir.

Londonda vaxtı cox maraqlı keçirməyə kifayyət qədər imkan var, amma dərslərin çox olması meni bu maqarladan az da olsa geri çəkir. İsrirahət günləri isə müxtəlif maraqlı yerlərdə olmağa çalışıram, istər muzeylər, istərsədə digər gəzməli və insanların çox sıx olduğu gözəl yerlərdə olmaqdan xüsusi zövq almaq mümkündür.

Burada ən bahalı nəqliyyat və evə verilən puldur, ümümiyyətlə London dünyanın ilk öndə gedən bahalı şəhərlərindən biridir, bu xüsusi ilə tələbələrə daha çox təsir edir.
Tələbələrin üzərinə düşən ən məsuliyyətli iş isə sərbəs oxumaq və öz üzərində işləməkdir, müəllimlər də mühazirələri çox maraqlı və başa düşülən edirlər. Açığı burada yüksək qiymət almaq və ümümiyyətlə təhsil almaq bir az çətindir, və bəzən bu adamı məyus edir.

Və sonda özümün az da olsa təcrübəmə əsaslanaraq deyə bilərəm ki, xarici ölkələrdə tələbə olduqda adam öz ölkəsinin qədrini daha çox bilir və özü özündə bəzi qərarları qəbul etmək məcburiyyətində qalır.

Mənbə kayzen.az