Göz müayinəsi

Gözün müayinəsinə göz qapaqlarının, göz qapaqları və göz alması konyuktivalarının yoxlanılması ilə başlanır. Aşağı göz qapağı konyuktivasının müayinəsi zamanı aşağı göz qapağını şəhadət barmağı və ya baş barmaq vasitəsilə aşağıya elə çəkirlər ki, keçid büküşü aydın görünür. Yuxarı göz qapağı konyuktivasının müayinəsində xəstəyə aşağı baxmağı təklif edirlər. Sonra göz qapağının kirpikli kənarını sağ əlin baş və şəhadət barmaqları ilə tutub göz almasından aşağı və qabağa çəkirlər, Tibb bacısı sol əlinin baş barmağı ilə göz qapağının ortasını qığırdağın yuxarı kənarında təsbit edir.

 

Bu zaman yuxarı göz qapağını diyircək üzərində çevrilmə kimi barmaq ətrafında çevirirlər.Göz qapaqlarını barmaqla çevirdikdə xəstənin müxtəlif istiqamətli yuxarı, aşağı, sağa və sola baxışlarında göz almasının konyuktivasını görmək olar. Göz qapağının və konyuktivanın müayinəsi aydın gün işığında və ya süni işıqda müayinə edilməlidir. Bu zaman yandan işıqlandırma metodundan istifadə edilməsi daha yaxşı nəticə verir.
Ön kameranın, buynuz qişanın, bəbəyin, qüzehli qişanın tədqiqi də hökmən yandan işıqlandırma metodu ilə aparılmalıdır. Xəstəni, stulda oturdaraq ondan sol tərəfdə 100 vatlıq güclü işıq lampası (ən yaxşısı donuq rəngli lampa) yerləşdirirlər. İşıq şüaları onun (lampanın) fokus məsafəsində (5 sm) qoyulan iki tərəfi qabarıq 20,0 D-lik lupanın köməyi ilə buynuz qişada toplanır.
Göz yaşı kisəsinin müayinəsi xəstənin həmişə göz yaşı axmasından və konyuktiva kisəsində selikli və ya selikli-irin ifrazatın olmasından şikayət etdiyi halda keçirilir. Bundan ötrü tibb bacısı aşağı göz qapağını sol əlin baş barmağı ilə çəkib aralayır ki, aşağı göz yaşı nöqtəsi aydın görünür. Sağ əlin baş barmağı ilə gözlə burnun arxası arasındakı göz yaşı kisəsi sahəsinə basılır. Bu zaman bulanıq irin mayesinin çıxması göz yaşı kisəsi iltihabının olmasını göstərir. Bu xəstəni həkimə göndərmək lazımdır.
Narahat uşaqların gözlərini xüsusi üsul ilə müayinə edirlər. Ana tibb bacısından sağda əyləşərək uşağın bədənini və əllərini tutub saxlayır. Bu zaman tibb bacısı uşağın başını öz dizləri arasında təsbit edir və müayinə üçün əlləri sərbəst qalır.
Sarği materiali ancaq hiqroskopik pambıqdan hazırlanır. Gözlərin qorunması üçün 4 – 5 sm-lik kvadratşəkilli və ya 4 – 5 sm diametrində dairəvi pambıq – tənzif yastıqcıqlar tətbiq edilir. Bunları qabaqca sərilib hazırlanmış və hər iki tərəfindən tənziflə örtülmüş pambıq qatlarından uyğun şəkildə biçirlər. Operasiya edilmiş xəstələr üçün pərdəciklər tətbiq edilir. Onların eni 9 sm, uzunluğu isə 14 – 16 sm olan və ikiqat qatlanmış tənzif və ya bintlərdən hazırlayırlar. Həmin pərdəciklər leykoplastır ilə xəstənin alnına yapışdırılır. Göz qapaqlarını təmizləmək üçün dərman damcıları damızdırılmasında və məlhəm qoyulmasında yumşaq pambıq kürəcikləri işlədilir. Qabaqca avtoklavda sterilizə edilmiş pambıq kürəcikləri üzərinə 1:6000 civə oksisianatı və ya 2 %-li borat turşusu məhlulu tökülərək 40 – 60 dəqiqə qaynadılır. Kürəciklər həmin məhlulda saxlanır.
Göz sarğilari göz qapaqları və göz alması zədələndikdə aparılan operasiyadan sonra gözün rahatlığını təmin etmək üçün qoyulur. Konyuktivanın kəskin iltihab xəstəliyində gözə sarğı qoymaq olmaz. 5-7 sm enində bint sarğıları əsasən göz alması çıxarıldıqdan və ya göz orbiti sahəsində operasiya keçirildikdən sonra tətbiq edilir. Sarğı kip olmalı, lakin xəstə onun gözə təzyiq etməsini və ya qulaq altını dartmasını hiss etməməlidir. Bir gözə qoyulan – monokulyar və hər iki gözə qoyulan – binokulyar sarğı ola bilər. Sarğı qoyulmazdan qabaq qapalı göz qapağı üzərindən pambıq tənzif yastıqcıq yerləşdirilir və bunun üzərindən sarğı qoyulur. Bu zaman tibb bacısı bintin ucunu sol əlilə xəstə tərəfindəki qulaq sırğalığı yanında tutub saxlayır. Pambıq tənzif sarğını bint vasitəsilə alnın ətrafında elə təsbit edirlər ki, bintin baş hissəsi sağlam gözə tərəf aparılsın. Sonra binti xəstə göz tərəfindən qulağın altı ilə yuxarı aparıb gözün üzərindən keçirərək yastıqcığı başlıca olaraq burun tərəfdən örtür və sonra binti ənsə üzrə yenə qulaq sırğalığı altına aparırlar. Bu surətdə binti 4-5dövrə sarıyır və sonuncu dövrəsini alnın üzərindən keçirərək, sarğını xəstə gözdən əks tərəfdən yan hissədə bağlayırlar.
Başqa hallarda, lazım gəldikcə, bint əvəzində pambıq-tənzif yastıqcıqlar tətbiq edilir və bunlar 1 sm enində yapışqan plastırla bərkidilir.
Xəstənin gözdaxili operasiyalarina hazirlanmasi. Operasiya ərəfəsində xəstə gigiyenik vanna qəbul edir. Bu zaman onun yataq camaşırı və alt paltarı dəyişilir və ona işlətmə dərmanı verilir. Xəstənin operasiya ediləcək gözünün kirpikləri qırxdır. Xəstənin sinir sisteminin oyanıqlığını azaltmaq üçün həkim ona yuxu dərmanı və sedativ vasitələr təyin edir. Xəstə bunları operasiya ərəfəsi axşamı və operasiya günü səhər qəbul etməlidir. Operasiyaya 30 dəqiqə qalmış 2 %-li promedol məhlulu ilə inyeksiya aparılır. Bir sıra hallarda qlaukoma operasiyasından qabaq və ya kataraktanın ekstraksiyasına 1 saat qalmış həkimin təyinatı üzrə xəstəyə qliserol (daxildə qəbul etmək üçün 50 %-li qliserin məhlulu) verilir. Tibb bacısı həkimin operasiyaqabağı etdiyi bütün təyinat və göstərişlərinin yerinə yetirilməsinə ciddi fikir verməlidir.
İstilik proseduralarinin, soyuğun və yayindirici vasitələrin tətbiq edilməsi. Gözlərə isidici kompres aşağıdakı qaydada qoyulur. Qapalı göz qapaqları üzərinə qaynanmış isti suda və ya izotonik natrium-xlorid məhlulunda isladıb sıxmış və tənzif üstündən kompres kağızı və ya nazik müşəmbə qoyurlar (bunlar ölçüsü yaş salfetin ölçüsündən artıq olmalıdır), sonra bunu pambıq qatı ilə örtərək bint ilə sarıyırlar.
Gözlərə spirt və yarıspirt kompreslər qoyulması praktikada tətbiq edilmir. Quru istilik – isitqac şəklində tətbiq edilir. 80° C-yə qədər istiliyi olan suyu adi isitqaca və ya yastı butulkaya tökürlər. Xəstə yanı üstə uzanır və salfetlə örtülmüş xəstə gözünü həmin isitqaca söykəyir və bu vəziyyətdə 30 dəqiqə qalır.
Göz travmasından (kontuziyadan) və operasiyadan sonra xəstənin gözünə soyuq təyin edilir. Bundan ötrü rezin qovuğa buz parçaları və ya buzlu (dondurulmuş) su doldurub salfet, ya da dəsmalın üzərindən xəstənin qövs sahəsinə qoyulur. Bu zaman həmin gözə təzyiq etməməlidir..
Zəli qoyulması. Göz xəstəliklərinin müalicəsi praktikasında zəli bir yayındırıcı vasitə kimi tətbiq edilir. Zəli tətbiqi metodu adidir, lakin onu gözün yaxınlığında qoyduqda tibb bacısı ehtiyatlı olmalıdır. Zəlini başı yuxarı quru sınaq şüşəsinə və ya balaca damcı şüşəsinə salıb, sonra sınaq şüşəsinin ağzını, göz yarığı səviyyəsində gicgah dərisinə yapışdırır, ta zəlinin sormağa başlanmasına qədər şaquli vəziyyətdə saxlayırlar. Zəli dəriyə yapışandan sonra şüşəni götürürlər. Gicgahda venalar üzdə yerləşdikdə və gicgah arteriyasının döyünməsi hiss olunan yerlərə zəli qoyulmasına icazə verilmir. Gicgaha ən çoxu 2 zəli qoymaq olar. Zəli qoyulmasından 35 – 60 dəqiqə sonra özü düşməzsə, onun üzərinə hipertonik natrium-xlorid məhlulu tökmək və ya duz səpməklə düşürmək olar. Bundan sonra zəlinin sorduğu yerə təzyiqedici sarğı qoyulur.
Manipulyasiyalarin (əllə görülən işlərin) keçirilməsi. Bütün göz manipulyasiyaları olduqca ehtiyatlı keçirilməlidir. Hər manipulyasiyadan əvvəl tibb bacısı əllərini sabunla yumalıdır.
Traxoma dənələrinin əzilməsi əməliyyatında xəstə uzanmış vəziyyətdə olur. Əlləri – operasiyaya hazırladıqda olduğu kimi dərmanlayıb təmizləmək yaxşıdır. Tibb bacısı gözlərini xəstənin gözündən sıçrayan ifrazatdan qorumaq üçün hökmən qoruyucu eynək və ya roslavsev maskası taxmalıdır. Göz qapaqları dərisini spirtlə silir, gözləri kalium-permanqanatın zəif məhlulu ilə yuyur və gözə 30 %-li natrium-sulfat məhlulu damızdırırlar. Göz alması və göz qapaqları konyuktivasını 0,5 – 1 %-li dikain məhlulu ilə anesteziya edirlər. Bundan sonra yuxarı göz qapağını çevirir, yuxarı keçid büküşünün konyuktivası altına 1 %-li novokain məhlulu, sonra aşağı göz qapağını çəkib aşağı keçid büküşünün konyuktivası altına da, cəmi 2 ml-dən çox olmayaraq, novokain yeridirlər. Tibb bacısı anesteziyadan sonra sağ əlilə Bellyarminov pinsetini götürərək, yuxarı göz qapağını çevirir, pinsetin bir branşını konyuktivanın yuxarı tacına daxil edir, digərini isə çevrilmiş göz qapağı qığırdağının konyuktivası üzərinə qoyur. Pinsetin branşlarını (taylarını) basıb bağlayaraq, onu göz qapağı boyunca ötürür və follikulları partladırlar, lakin elə etmək lazımdır ki, selikli qişa çox zədələnməsin və buynuz qişaya toxunmasın. Aşağı göz qapağı sahəsində də eyni manipulyasiya təkrarlanır. Göz qapaqlarının xarici və daxili bucaqlarında olan follikulları pinsetin kənarları ilə əzirlər. Traxoma dənələri əzildikdən sonra konyuktiva boşluğunu kalium-­permanqanat məhlulu ilə yuyur, göz qapaqları arxasına 1%-li tetrasiklin məlhəmi qoyurlar.
Göz konyuktivasından yaxmanı səhər əl-üz yuyulmamışdan və gözlərə damcı damızdırmamışdan əvvəl götürürlər. Tibb bacısı bakterioskopik tədqiq üçün əvvəlcə od üzərində (közərdilənə kimi) sterilizə edilən platin ilgək və ya adi zond vasitəsilə yaxma götürür. Közərdilmiş ilgək soyuduqdan sonra, aşağı göz qapağını çəkib aralayaraq keçid büküşü üzərindən yaxma götürürlər; göz qapağını çevirərək, yuxarı keçid büküşündən də azca yaxma götürmək yaxşı olardı.
Götürülmüş sekretin (ifrazatın) nazik qatı spirtlə silinmiş əşya şüşəsinə yaxılır. Preparat quruduqdan sonra onu lampa alovu üzərində tutub təsbit edirlər. Şüşə üzərində yaxmanın qoyulduğu yeri karandaşla cızıb qeyd edir və şüşənin kənarında xəstənin familiyasını yazıb, tədqiq olunmaq üçün laboratoriyaya göndərirlər. Əkmək (bakterioloji tədqiqat) üçün konyuktivadan götürülən materialı da, yaxma materialı götürüldüyü kimi, ilgəklə götürür, lampanın alovu üzərində qida mühiti aqara və ya bulyona salırlar. Material sınaq şüşəsindəki qida mühitində yayılıb paylaşdırıldıqdan sonra həmin sınaq şüşəsini lampa alovu üzərində tıxacla bağlayırlar.
Göz damcıları pipetlə damızdırılır. Pipetləri azı 40 dəqiqə qaynatmaqla sterilizə edirlər. Damcıların damızdırılması üçün tibb bacısı aşağı göz qapağını sol əlində saxladığı pambıq tampon vasitəsilə aşağı çəkir və onu gözə yox, göz orbitinin kənarına doğru basır. Sonra xəstəyə yuxarı baxmağı təklif edirlər. Bundan sonra tibb bacısı sağ əlin baş və şəhadət barmaqları ilə pipetin başına basaraq konyuktivanın aşağı tacına 1 – 2 damcı dərman damızdırır. Xəstə gözünü yumduqda göz qapağı kənarından çıxan artıq damcıları eyni tamponla silib götürürlər. Gözə 2 damcıdan artıq göz damcısı damızdırmaq mənasızdır, çünki konyuktiva kisəsində ancaq 1 damcı yerləşir. Göz damcıları otaq temperaturu istiliyində olmalıdır. Çox soyuq damcılar göz qapaqlarının spazmına səbəb olur. Damcı məhluluna infeksiya düşməsinə və nəticədə məhlulun bütünlüklə infeksiyaya tutulub çirklənməsinə yol verilməməsi üçün, damcılama zamanı pipetin ucunu xəstənin kirpiklərinə toxunmamasına fikir verilməlidir. Əgər pipet xəstənin kirpiklərinə və ya göz qapağına dəyibsə, onu mütləq sterilizə etmək lazımdır. Hər xəstə üçün ayrıca steril pipet işlədilməsi infeksiyanın damcı məhlulu ilə bir xəstədən digərinə keçirilməməsini tamamilə təmin edir. Damcı məhlulunun 2 sm-dən artıq məsafədən damızdırılmasını xəstə xoşlamır.
Göz bəbəyini genəldici vasitələrin – midriatiklərin, bəbəyi daraldıcı vasitələrin – miotiklərin damızdırılmasında xüsusilə çox ehtiyatlı olmaq lazımdır. Midriatiklər və miotiklər qrupuna aid preparatların yanlış damızdırılması arzu olunmayan ağır nəticələrə səbəb olur. Məsələn, qlaukomalı xəstəyə bəbəyi genəldici dərmanlar (atropin, skopollamin, efedrin) damızdırdıqda daxili göz təzyiqi kəskin qlaukoma tutmasına səbəb olan dərəcədə yüksələ bilər. Damar qişasının kəskin iltihabı (ifrit, uvenit) olan xəstəyə bəbəyi daraldıcı dərmanların (pilokarpin, fosfakol) damızdırılması gözü iltihab prosesinin artıq dərəcədə şiddətlənməsinə və ağırlaşmalara (qüzehli qişanın büllurla bitişməsinə) səbəb olur.
Göz məlhəmləri dərman maddələrinin daha uzun müddət təsir göstərməsi və göz qapaqlarının gözə sürtünməsini azaltmaq lazım olduqda tətbiq edilir. Məlhəm belə qoyulur: tibb bacısı sol əli ilə aşağı göz qapağını çəkir (bu zaman xəstə yuxarı baxır); steril (qaynadılmış) çöpün enli ucu ilə az miqdarda məlhəm götürüb aşağı göz qapağının selikli qişasına yaxır, sonra xəstəyə gözlərini yummağı təklif edir və çöpü götürür. Məlhəmin gözdə bir bərabərdə yaxşı yayılması üçün tibb bacısı göz qapaqları hələ yuyulmuş halda ikən gözü yüngülcə masaj edir.
Hazırda müalicəedici göz plyonkaları (MGP) buraxılır. Bunların tərkibində atropin, pilokarpin, antibiotik preparatları olur. Tərkibində bu cür preparat olan plyonkanın konyuktiva kisəsinə daxil edirlər. Selikli qişa ilə isladılma nəticəsində plyonka elastikləşir və 25 – 40 dəqiqə ərzində tədricən əriyir. Bu plyonkalar gözə sutkada 1 – 2 dəfə qoyulur.
Gözə poroşok (dərman tozu) səpilməsi. Tibb bacısı aşağı göz qapağını sol əlin götürdüyü şüşə çöp vasitəsilə göz qapağının daxili səthinə poroşok səpir. Sonra göz, qapaqları qapalı olmaqla gözü yüngülcə masaj edir, bu zaman poroşok göz yaşında əriyib həll olur. Göz poroşoku kimi çox vaxt pudra şəklində narın xırdalanmış natrium-sulfasil (albusid) və ya ağ streptosid tətbiq edilir.
Gözlərin yuyulması. Konyuktiva kisəsinin dezinfeksiyası, ondan selik və irinin kənar edilməsi üçün, habelə kimyəvi maddələrlə əmələ gətirilmiş yanıqlarda ilk yardım göstərilən zaman gözləri yuyurlar. Gözlərin yuyulması üçün natrium-xloridin izotonik məhlulu, 1:5000 kalium-permanqanat, 2 %-li borat turşusu və s. tətbiq edilir. Sol əlin baş və şəhadət barmaqları ilə hər iki göz qapağını aralayaraq, gözü tibb bacısının sağ əlində saxladığı undinkadan və ya rezin baloncuqdan verilən məhlulu şırnağı ilə yuyurlar. Göz yuyulan zaman bu baloncuğu və ya undinkanı kirpikləri toxundurmaq olmaz. Göz yuyularkən axan maye gözdən xəstənin çənəsi altında tutduğu ləyənə tökülür.
Göz qapaqları kənarlarına brilyant abısı 1 %-li spirt məhlulunun sürtülməsi göz qapaqlarının isti su ilə və ya 50 %-li spirt-efir qatışığı ilə silinərək yağdan təmizlənməsindən sonra keçirilir. Göz qapaqları kənarına dərmanı zonda kip sarınmış pambıq tampon və ya ağac çöpün itiləşdirilmiş ucu ilə sürtürlər. Bu zaman aşağı göz qapağını aşağıya çəkirlər, yuxarı göz qapağı kənarına dərman sürtüldükdə isə göz almasından aralayırlar ki, məhlul xəstənin konyuktivasına və ya buynuz qişasına düşməsin.
Kirpiklərin qırxılması. Göz almasının yarılması ilə əlaqədar operasiyanın keçirilməsi ərəfəsinə kirpikləri qırxırlar. Bunları ehtiyatlı qırxırlar ki, göz qapağının kənarı yaralanmasın. Kirpiklərin konyuktiva boşluğuna və ya buynuz qişaya düşməməsinə də fikir vermək lazımdır. Bu zaman xəstələri pəncərə qabağında və ya işığa qarşı oturdur, küt uclu kiçik qayçının taylarını steril vazelinlə yağlayır və sonra göz qapağının kənarı üzrə xaricdən içəriyə doğru bütün kirpikləri qırxırlar. Yuxarı göz qapağının kirpikləri qırxılan zaman xəstə aşağıya, aşağı göz qapağının kirpikləri qırxılan da isə yuxarıya baxmalıdır.
Kirpiklərin epilyasiyası (çıxarılması) onlar düzgün böyümədikdə, epilyasiya pinseti vasitəsi ilə keçirilir.
Göz protezinin qoyulması texnikası. Gözü olmayan xəstə hökmən göz protezi taxmalıdır, əks halda konyuktiva boşluğunun həcmi (ölçüsü) azalır. Böyümə dövründə protezin olmaması üzün müvafiq yarım hissəsinin böyüməkdə geri qalmasına səbəb olur, protez olmadıqda göz qapaqları və kirpiklər konyuktiva boşluğuna doğru qıvrılaraq selikli qişanı qıcıqlandırır. Göz protezini gözün çıxarılmasının 4 – 5-ci günü taxmağa başlayırlar (bu ilk protezləşdirmə adlanır). 1 ½ – 2 ay keçdikdən sonra konyuktiva kisəsinin şişi keçdikdə isə həmişəlik göz protezi qoyulur. Süni gözün konyuktiva boşluğuna qoyulması və ona qulluq etmə metodikasını öyrətmək tibb bacısının vəzifəsinə daxildir. Protezi qoymazdan qabaq konyuktiva boşluğunu yuyur və oraya 30 %-li natrium-sulfasil (albusid) məhlulu damızdırırlar. Sağ və sol protezi onların daxili səthində olan buruna yönəldilən kəsiyə görə fərqləndirirlər. Protezi taxdıqda xəstənin aşağıya baxmasını təklif edirlər. Bu zaman tibb bacısı xəstənin yuxarı göz qapağını sol əlilə dartıb aralayır. Protezi sağ əlin baş və şəhadət barmaqları ilə tutaraq yuxarı kənarı ilə keçid büküşünə qoyur, sonra xəstənin yuxarıya baxmasını təklif edərək aşağı göz qapağını çəkib aralayıb və protezi aşağı kənarı ilə asanlıqla öz yerinə qoyurlar. Protezi çıxarıldıqda xəstə yuxarıya baxmalıdır. Tibb bacısı aşağı göz qapağını aşağıya tərəf elə dartır ki, protezin kənarı aydın görünsün. Eyni zamanda o sağ əlilə şüşə çubuğu protezin arxa divarı altına çatdıraraq, onun köməyi ilə protezi konyuktiva boşluğundan itələyib çıxarır və qabaqcadan hazırlanmış salfet və ya nəm pambıq üzərinə salır.

Mənbə.kayzen.az