Yohannes Brams (1833 - 1897)

Yohannes Brams (1833 - 1897)

Bramsı çox zaman opera janrına müraciət etmədiyinə görə tənqid edər və bunun səbəbini soruşarmışlar. Brams isə bu suallara zarafatla belə cavab verərmiş: "Mənim opera yazmağım elə ailə qurmağıma tən gələr. Bunların heç biri mənlik deyil".Görkəmli alman bəstəkarı Yohannes Brams romantizmə xas çılğınlığı, emossionallığı dəqiq klassik formalarla məharətlə uzlaşdırmışdır. Ona görə də Bramsın musiqisi incə, səmimi, lakin eyni zamanda sərt və təmkinlidir. Bu səbəbdən Bramsı çox vaxt "romantiklər arasında klassik" adlandırırlar. Bramsın bədii irsi geniş və çoxşaxəlidir. Təkcə opera istisna olmaqla bəstəkar, demək olar ki, musiqinin əksər janrlarına müraciət etmişdir. Bethovendən sonrakı dövrdə Bramsın dörd simfoniyası Avropa simfonizminin ən yüksək nailiyyətləri sırasındadır. Şubertin yaradıcılıq axtarışlarını davam etdirən Brams külli miqdarda gözəl, poetik mahnılar bəstələmişdir. Onların bəziləri, məsələn, məşhur "Laylay" mahnısı vokal musiqinin gözəl inciləri sırasındadır. Onu da qeyd edək ki, Brams doğma vətəni Almaniyanın xalq mahnılarını toplayıb onları səs və fortepiano üçün işləmişdir. Brams fortepiano musiqisinin mahir ustası sayılır. Onun bu alətçün bəstələdiyi kiçik əsərləri - məşhur "Macar rəqsləri", intermetsoları, kapriççioları, balladaları, valsları və rapsodiyaları, eləcə də irimiqyaslı konsertləri lirik və dramatik obrazların şərhi və yüksək bədii zövq baxımından fərqlənir. Brams həmçinin bir sıra kamera-instrumental əsərlərin və nəhayət, "Alman rekviyemi"nin müəllifıdir. Şumanın Brams haqqında söylədiyi məşhur sözlərini xatırlatmaq istərdik. 20 yaşlı Bramsın əsərlərini dinlədikdən sonra o: "Cənablar, papaqlarınızı çıxardın, qarşınızdakı insan dahidir!" - deyə sənətə yenicə qədəm qoymuş gənc musiqiçiyə öz xeyir-duasını vermişdir. Elə biz də bu gün Şumanın fıkrinə şərik çıxaraq Brams irsinin dahiliyi qarşısında baş əyir, onun ecazkar sənətinə məftun oluruq. ✓ "Laylay" mahnısı ✓ Rapsodiya si minor (or. 79 N 1) ✓ 1 və 6 N-li "Macar rəqsləri" ✓ 4 N-li simfoniya: 4-cü hissə Bramsın həyatı və özü haqqında çox maraqlı bir videoçarxa isə zövqlə qulaq asın: https://youtu.be/qsgHjrYK3MQ?t=20 Məlumat.kayzen.az
Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi Müəllif Aida Hüseynova
568 Views