Birinci dünya müharibəsinin başlanması

Müharibənin hazırlanması XIX əsrin sonu – XX əsrin əvvəllərində Fransa hazırlanması və Almaniya arasında ziddiyyətlər kəskin miqyas almışdı. Bu ən çox 1870-1871-ci illər Fransa-Prussiya müharibəsinin nəticələri ilə əlaqədar idi. Fransa müharibə nəticəsində itirdiyi Elzas-Lotaringiya torpaqlarını geri almaq niyyətində idi. Almaniya isə öz növbəsində hər vəchlə Fransanın Avropada güclənməsinə imkan verməmək, onu təkləmək, real müttəfıqlərindən, xüsusən Böyük Britaniya və Rusiyadan ayırmağa çalışırdı. Fransa ilə Almaniya

arasında müstəmləkə məsələsi üzrə də ziddiyyət var idi. Müstəmləkə bölgüsündə çox gec iştirak etməyə başlayan Almaniya XIX əsrin 80-90-cı illərində Afrikada və Sakit okeanda bir sıra yerləri (Cənub-Qərbi və Cənub Şərqi Afrikanı, Karolin, Marian, Marşall adalarını, Yeni Qvineyanın bir hissəsini) ələ keçirmişdi. 1898-ci ildə Almaniyanın İran körfəzinədək uzanan Berlin-Bağdad dəmir yolu çəkilişini konsessiyaya götürmək razılığını alması ingilis-alman münasibətlərini daha da kəskinləşdirmişdi. Fransanın da Afrikada və Cənub-Şərqi Asiyada müstəmləkəçilik siyasətini gücləndirməsi bu ziddiyyətləri daha da dərinləşdirdi.

XIX əsrin axırlarında İngiltərə də Afrikada və Cənubi Asiyada mövqelərini möhkəmləndirdi. O, Cənubi Afrikanı tutmağa başladı. Şimali və Cənubi Rodeziyanı öz müstəmləkəsinə çevirdi. Uqandanı, Keniyanı, Nigeriyanı, Somalinin bir hissəsini ələ keçirdi. Sudanın zəbt edilməsini başa çatdırdı. İngiltərə Okeaniya adalarında möhkəmləndi.
ABŞ-ın hakim dairələri Mərkəzi və Cənubi Amerikada, Sakit okeanda və Şərqi Asiyada nüfuzlarını artırmaq siyasətini gücləndirdilər. ABŞ 80-ci illərdə Havay adalarını ələ keçirdi, 1887-ci ildə burada Perl-Harbor hərbi bazasını yaratdı
Müstəmləkə dövlətləri sırasına Yaponiya da daxil oldu. O, hələ XIX əsrin 70-ci illərində Uzaq Şərqdə müstəmləkə əldə etmək yoluna qədəm qoymuşdu. 1894-cü il Yapon-Çin müharibəsində qələbə çalan Yaponiya Lyaodun yarımadasını, Tayvan və Penxuledao adalarını ələ keçirdi. 1899-cu ildə o, Avropa ölkələri və ABŞ tərəfindən qəbul et dirilmiş qeyri bərabər hüquqlu müqavilələrin ləğv olunmasına nail oldu. O, 1904- 1905-ci illər Rus-Yapon müharibəsində qələbə çalaraq Lyaodun yarımadasının bir hissəsini, Cənubi Mançuriya dəmir yolunu və Cənubi Saxalini ələ keçirdi, Koreya üzərində xüsusi hüquqa malik oldu, 1910-cu ildə isə onu öz müstəmləkəsinə çevirdi.

Beləliklə, XIX əsrin sonu-XX əsrin əvvəllərində dünyanın iri dövlətlər arasında bölüşdürülməsi başa çatdırıldı. Bundan sonra bölünmüş dünyanı yenidən bölüşdürmək uğrunda mübarizə başlandı.
Bu məqsədlə ilk növbədə hərbi siyasi bloklar yaradıldı. 1879-cu ildə Almaniya Avstriya-Macarıstanla Rusiya əleyhinə çevrilmiş gizli müqavilə imzaladı. Fransa ilə münasibətləri pisləşmiş İtaliya 1882-ci ildə sözügedən müqaviləyə qoşuldu. Beləliklə, Rusiya və Fransaya qarşı çevrilmiş Üçlər ittifaqı formalaşdı.
Hadisələrin sonrakı inkişafı göstərdi ki, Üçlər ittifaqının yaradılması birinci dünya müharibəsinin hazırlanmasından xəbər verən əlamətlərdən biri idi. Bu, həm də Fransa və Rusiyanın iqtisadi və siyasi cəhətdən yaxınlaşması üçün marağı artırdı. 18911893-cü illərdə sözügedən ölkələrin nümayəndələri Almaniya və Avstriya-Macarıstanın ola biləcək hücumlarına qarşı hərbi-siyasi ittifaq bağlamaq barədə danışıqları başa çatdırdılar. Onlar razılığa gəldilər ki, imzalanacaq saziş Üçlük ittifaqının mövcudluğu müddətində öz qüvvəsini saxlayacaqdır.
Almaniyanın müstəmləkəçiliyi genişləndirmək sahəsində fəallığının artmasından qorxan Böyük Britaniya Fransa ilə yaxınlaşmağa başladı. O, 1904-cü ildə Fransa ilə hərbi müqavilə bağladı. Həmin ildə Böyük Britaniya ilə Rusiya arasında münasibətlər qaydaya salındı. Nəticədə, 1907-ci ildə onlar arasında da hərbi saziş imzalandı. Beləliklə. sözügedən sazişlər əsasında üç dövlətin “Antanta” (mənaca “razılaşma”, fransız “ententi” sözündəndir) ittifaqı formalaşdı, Nəticədə, dünyanı birinci cahan müharibəsinə sürükləyən iki-Üçlər ittifaqı və Antanta (razılıq) adlanan hərbi bloklar yaradıldı.
XX əsrin əvvəllərində beynəlxalq münasibətlərdə gərginlik meyli daha da gücləndi. Bu da, öz növbəsində qabaqcıl ölkələrdə silahlanmanı və iqtisadiyyatın hərbiləşdirilməsini artırdı. Bunların arasında Almaniya və Yaponiya xüsusi ilə fərqlənirdilər. 19051914-cü illərdə hərbi xərclərin ümumi miqdarı dəfələrlə artdı. 1914-cü il üçün Avropanın iri ölkələrində silahlı qüvvələrin sayı 4,5 milyon nəfərə çatdı.

Müharibənin başlanması Beynəlxalq siyasi şəraitin olduqca kəskinləşməsi dünya müharibəsi təhlükəsinin yaxınlaşdığından xəbər verirdi. Onun başlanması üçün əsas bəhanə 1914-cü il iyunun 15(28)-də Avstriya-Macarıstan taxt-tacının varisi Frans Ferdinandın Bosniyanın paytaxtı Sarayevo şəhərində “Gənc Bosniya” millətçi təşkilatının üzvü Qavrilo Prinsip tərəfindən qətlə yetirilməsi oldu. Almaniya kayzeri II Vilhelmin dəstəyi ilə Avstriya-Macarıstan , iyulun 10(23)-də Serbiyaya, onun daxili işlərinə qarışmaq hüququ verilməsi tələbilə ultimatum verdi. Serbiya tərəfindən ultimatumun qəbul olunması onun milli suverenlikdən imtina etməsi demək olardı. Serbiyanın ultimatumda göstərilən bir sıra tələbləri yerinə yetirməyə razılıq verməsinə baxmayaraq Avstriya-Macarıstan 1914-cü il iyulun 15(28)-də ona müharibə elan etdi. Bu, Balkanlarda böyük marağı olan Antanta dövlətlərini narahat etməyə bilməzdi. Buna görə də ertəsi gün
Rusiya ölkədə qismən səfərbərlik elan etdi. İyulun 19(avqustun 1də)-da Almaniya Rusiyaya, iyulun 21(avqustun 3-də)-də onun müttəfiqi Fransaya müharibə elan etdi. İyulun 22(avqustun 4-də)də Almaniya Belçikanın ərazisindən Fransaya hücum etmək məqsədilə onun bitərəfliyini pozdu. Bunu görən İngiltərə iyulun 23(avqustun 5-də)-də Almaniyaya müharibə elan etdi. Bir az sonra Almaniya və Avstriya-Macarıstan tərəfdən Türkiyə və Bolqarıstan müharibəyə girdilər. 1917-ci ilin aprelində Antanta ölkələri tərəfdən ABŞ müharibəyə daxil oldu.
Beləliklə, 1914-cü il avqustun l-də ümumən 1,5 milyard nəfər əhalisi olan (bu planet əhalisinin 87%-i demək idi) 38 ölkənin iştirak etdiyi birinci dünya müharibəsi başlandı. Müharibə dövründə 73,5 milyon nəfər adam hərbi səfərbərliyə alınmışdı. Öz səbəb və xarakterinə görə bu müharibə Avropa qitəsində hökmranlıq, bölünmüş dünyanı yenidən bölüşdürmək, müstəmləkələri, nüfuz və kapital qoyuluşu dairələrini yenidən paylaşdırmaq, ucuz xammal bazarları və öz mallarını satmaq üçün bazarlar əldə etmək uğrunda iki dövlətlər qrupu -Üçlər ittifaqı və Antanta arasında hərbi münaqişə idi. Müharibə XIX əsrdə və XX əsrin əvvəllərində kapitalist dünyasının inkişafının nəticəsi idi. O, elə bir dönüş dövründə baş vermişdi ki, artıq bu vaxt azad sahibkarlıq kapitalizminin klassik nümunəsinin imkanları tükənmişdi. Cəmiyyət həyatının iqtisadi, sosial, mənəvi sahələrini əhatə edən böhran əlamətləri özünü biruzə verməyə başlamışdı.
Müharibə tez bir zamanda Belçika və Fransanı, Şərqi Prussiya və Qalisiyanı, Serbiya və Fələstini, Cənubi Qafqaz və Afrikanı, bütün okeanları əhatə etmişdi.

Mənbə.kazen.az