Xızır peyğəmbər haqqında

“(Ya Rəsulum!) Yadına sal ki, bir zaman Musa öz gənc dostuna (xidmətində olan Yuşə ibn Nuna) belə demişdi: “Mən (Xızırla görüşmək üçün) iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca (bu səfərdən) geri dönməyəcəyəm!” (“Kəhf”-60)

“Həzrəti Musaya insanların ən biliklisi kimdir?-deyə soruşuldu. O da “mənəm” cavabını verdi. Tanrı “Allah bilər” demədiyi üçün ona vəhy edib bildirdi: “Dənizlərin birləşdiyi yerdə bir qulum vardır ki, o səndən daha biliklidir”(Buxaridən).

Qurani-Kərimdə kitablı peyğəmbər olan Həzrəti Musanın müdriklik öyrənmək üçün iki dənizin qovuşduğu yerə gəlməsi və burada Xızır adlı bir şəxsdən elm öyrənməsindən bəhs edilir. İki dənizin qovuşduğu bu müqəddəs yer bu gün üzərində gəzdiyimiz Azərbaycan torpağıdır və Həzrəti Musa ilə Xızırın qayıqla üzdüyü dəniz də elə onun adını daşıyan Xəzər dənizidir.

 

Tədqiqatçılar Xızırın (ə) nə zaman və harada yaşaması barədə müəyyən mülazihələr irəli sürüblər. Bəzilərinə görə, Xızır Həzrəti İbrahimin zamanında Babildən köç edib, bəzilərinə görə Həzrəti Süleymanla eyni vaxtda yaşayıb. Hətta onun əfsanəvi İran hökmdarı Firudinin müasiri olduğu da qeyd olunur. Türkiyədəki ələvi məzhəbli müsəlmanlar Xızırın Anadoluda yaşadığı, bir adının da Bəhruz olduğu inancındadırlar. Əsl həqiqət isə budur ki, Xızır nəbi (şumər mənbələrində Kızır Nabu) m.ö 3468-ci ilin may ayının 6-da anadan olub, öz vətəni Azərbaycanda yaşamaqdadır, Həzrəti Musa ondan elm alıb, Makedoniyalı İskəndər onunla görüşüb. Hər bir kəlamı Allah tərəfindən göndərilən Qurani-Kərimin ayələri və peyğəmbərimizdən nəql olunan hədislər bu fikrə əsaslı dəlildir.

Bu gün islam və ayrılıqda türk dünyasında fərqli Xızır inancı mövcuddur. Türk dastanlarında və xalqın minillik inancında özünə yer tapmış Xızır inancı ilə yəhudi və ərəb mənbələrinin bildirdiyi Xıdır kimliyi fərqlənməkdədir. Bu baxımdan Xızırın kimliyi barədə ikili araşdırmaya ehtiyac duyulur. Yəhudi və ərəb mənbələrinə görə Xızır peyğəmbər:

· Mesapotomiyada Həzrəti İbrahimin və ya Həzrəti Süleymanın zamanında yaşayıb

· Mifik İran hökmdarı Efridür ibn Esfiyünün vaxtında həyatda olub

· Həzrəti Musanın zamanında yaşayıb və ona yoldaş olub

· Həzrəti Adəmin dövründə həyatda olub, Adəmin dəfn mərasimində iştirak edib.

· Həzrəti Məhəmməd peyğəmbərlə görüşüb, Onun dəfnində iştirak edib, Həzrət Əli ilə görüşüb.

· Avropa və Asiyaya hakim olan Zülqərneynin qoşununun başçısı və onun xalası oğludur.

· Əsl adı Belka bin Melkan, künyəsi Əbul-Abbasdır, soyu Nuhun oğlu Sama bağlıdır

Mənbələrin bildirdiyinə görə, Təbuk savaşında səhabələr ikindi namazını qıldıqdan sonra iki beyt eşidirlər. Fəqət şeiri deyəni görmədiklərindən Həzrəti Məhəmməd (s) səhabələrinə “bu iki beyti söyləyən qardaşım Xızırdır. Sizə tərif deyir” söyləyir. Digər bir rəvayətdə Xızır və qardaşı İlyasın birlikdə Həzrəti Məhəmmədin dəfninə gələrək Əhli-beytə başsağlığı verməsi bildirilir.

Xızır sözünün ərəb dilindəki “xadir” “xidr” “xadr” (“yaşıllıq”, rəvayətə görə Xızırın atdığı hər bir addımda torpaq yaşıllığa bürünür) kəlməsindən əmələ gəlməsi bildirilsə də, əslində bu ad aşağıda qeyd edəcəyimiz misradakı “xız” sözü ilə əlaqədardır. “Xız” (ən əski variantı “kız”-“qız”) od, atəş mənasını ifadə edir ki, əcdadlarımız xız istəyərkən yazın tezliklə gəlməsini və havaların istiləşməsini arzu etmişlər. “ır” isə “ər”-kişi sözündəndir və ümumilikdə ad Xız (od) gətirən kişi mənasındadır və Xəzər dənizi ilə Xızı rayonunun adı buradandır. Maraqlıdır ki, həm türk, həm də ki ərəb inancında Xızırın ayaq basdğı torpağın yaşıllığa bürünməsi və abi-həyatdan (dirilik suyundan) içməsi mövcuddur, fəqət onun fəsillə əlaqədar olan keyfiyyəti ərəblərdə yoxdur. Xızırın sevgililərə kömək etməsi, insanları bir-birinə sevdirməsi də yalnız türk inancında mövcuddur.

Xızır, Xızır xız gətir,

Var dərədən od gətir.

Xızıra Xızır deyərlər

Xızıra çıraq qoyarlar

“Kitabi-Dədə Qorqud”da Xızır “Boz atlı Xızır” adlandırılır və dara düşən insanların imdadına çatan kimi göstərilir. “Dirsə xanın oğlu Buğacın boyu”nda göstərilir ki, Xızır yaralı Buğaca yardımçı olur, şəfa yolunu göstərir: “Oğlan yenə dedi: Ana, ağlama; qorxma, bu yaradan mənə ölüm yoxdur. Boz atlı Xızır yanıma gəldi, üç dəfə yaramı sığadı. “Bu yaradan sənə ölüm yoxdur. Dağ çiçəyi ilə ana südü sənə dərmandır” – dedi”.

Ələvi müsəlmanlara görə Allah tərəfindən Xızır peyğəmbərə aşağıdakı vəzifələr verilib:

Aləmləri gəzərək darda olanlara yardım edir, bəzi təbiət hadisələrinə müdaxilə edir, gərəkli olan insanlara gizli elm öyrədir.

Allaha niyaz edən qulların dualarını Kəbədə olan Saba mələyinə çatdırır. Hər azan vaxtında Kəbəyə gedərək yardım edəcəyi insanların siyahısını alaraq vəzifəsini yerinə yetirir.

Təkcə insanlara deyil, Allahın yaratdığı digər aləmlərdəki canlı varlıqlara da yardımçı olur.

Bitkilərin cücərməsinə, heyvanların çoxalmasına, insanların güclənməsinə yardımçı olur.

Müxtəlif xəstəliklərdən şəfa tapmağa, ailədə ruzi-bərəkətin artmasına köməklik edir.

Yeni doğulan körpənin və can verən xəstənin yanında olur.

Yola çıxan yolçu ona əmanət edilir.

Xızır əmanətlərin keşikçisi hesab edilir və insanlar bir-birilərinə bir şey əmanət etdikləri zaman “Bu Xızır əmanətidir” deyirlər.

Doğu Anadoluda ovçular arasında geniş yayılmış rəvayətə görə, ovlanmasını günah hesab etdikləri dağ keçisinə silah tuşladıqları zaman orada peyda olan ağ saqallı və danışmayaraq yalnız əsasını sallayaraq “dur” deyən şəxs məhz Həzrəti Xızırdır.

Digər maraqlı bir fakt Koreya savaşında vuruşan Dersimdən olan əsgərlərin anlatdıqlarıdır. Belə ki, onlar yenildikləri vaxt “Yetiş Xızır” dedikləri zaman düşmənin hücumunu dayandıran və onları məğlubiyyətə uğradan ağ paltarlı, ağ saqqallı, əsalı komandanın Xızır olduğunu bildirirdilər.

Haşiyə –Ölümsüzlük hər zaman bəşər üçün arzu olaraq qalacaqdır. Təbii ki, bu ancaq mövcud məkan üçün xarakterikdir və Tanrı dərgahında seçilmiş ali insanlar əbədiyyat qazanacaqlar. Bunu Adəmdən-Xatəmə, Zərdüştdən-Nəsimiyədək bütün bilginlər insanlara anladıblar. Fəqət Rəbb özü bildiyi səbəblərdən bəzi seçilmiş bəndələrinə Qiyamətədək bu dünyada ölümsüzlük bəxş edib. Bir daha qeyd edək ki, ancaq Qiyamətədək. Çünki Quranda da deyildiyi kimi, bütün bəşər ölümü dadacaqdır. Bu dünyada ikən əbədiyyət qazanan müqəddəslərdən biri də məhz Həzrəti Xızırdır. Ona görə də Xızır (ə) müxtəlif formalarda imdad istəyənlərin köməyinə çatır.

Xalq arasında olan rəvayətlərə və islam alimlərinin verdiyi məlumatlara əsaslanaraq Həzrət Xızırın insanları hansı formada göründüyü barədə söz söyləmək mümkündür. Ümumi rəyə görə:

üƏsasən ağ saqqallı və əlində əsası olan şəkildə
İnsanın tanıdığı bir şəxsin qiyafəsində
Dilənçi və yoxsul dərviş kimi

Yazar. Dilqəm Əhməd

Mənbə. kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.