Rusiyada müəllimləri niyə işdən çıxarırlar?

Son illərdə Rusiyada bir neçə müəllimi şəkillərini sosial şəbəkədə paylaşdıqlarına görə işdən çıxarıblar.

BBC Rus Xidməti buna görə diqqət mərkəzinə gəlmiş pedaqoqlarla görüşüb, bu xoşagəlməz şöhrətdən sonra onların necə yaşadıqlarını öyrənib.

“Ancaq fahişələr belə geyinib şəkil çəkdirirlər – dikdaban ayaqqabı, dizdən yuxarı don, hər yeriniz çöldə! Kimi cəlb etmək istəyirsiz? Pedaqoq adını daşımağa layiq deyilsiz, məktəbin reputasiyasına ləkəsiz! Oğlan şagirdlərin sizə vurulması təəccüblü deyil. Bunun bir addım sonrası pedofiliyadır!”

Rus dili və ədəbiyyatı müəllimi Tatyana Kuvşinnikova deyir ki, 13 saylı Barnaul məktəbinin direktoru onu “VKontakte” sosial şəbəkəsində paylaşdığı şəkillərə görə işdən çıxaranda məhz bu sözləri deyib (Sitat “Komsomolskaya pravda”dan götürülüb).

Məktəb rəhbərliyi BBC-ə bununla bağlı şərh verməkdən imtina edib.

Qış üzgüçülüyü üzrə Altay “Ağ ayılar” Federasiyasının üzvü 38 yaşlı Kuvşinnikova şaxtalı havada bənövşəyi qısa donda çəkdirdiyi şəklini paylaşıb.

Şəkil Krasnoyarskda pedaqoqun dostlarıyla birlikdə iştirak etdiyi Universiada şərəfinə yarışdan sonra çəkilib.

“VKontakte”də Kuvşinnikovanın idman çimərliyində və medallarıyla çəkdirdiyi xeyli şəkli var.

Müəllimə deyir ki, məktəb direktoru Lyudmila Kuznetsova onu yanına fevral ayında çağırıb – hansısa valideynin şikayətinə əsasən.

Əvvəlcə direktor onun işdən çıxarılması haqqında əmr yazıb, valideynlərin müraciətindən sonra isə Kuvşinnikovanı yenidən işə bərpa edib.

“Komsomolskaya pravda”ya verdiyi müsahibədə sonrakı hadisələri müəllimə “zəhərləmə” olaraq qiymətləndirib:

“Hər gün işə ölümə yollanırammış kimi gedirdim. Dərs-hissə müdiri tez-tez dərslərimə girməyə başlamışdı. Təsəvvür edirsizmi, hətta tapşırığı lövhənin hansı tərəfində yazmağıma da qarışırdı”.

Kuvşinnikovanın sözlərinə görə, rəhbərlik şagirdlərin dəftərlərini yoxlayıb kimə hansı qiyməti yazdığına da baxırmış: “Mən düşündüm ki, bu artıq ədəbsizlikdir və işdən getmək lazımdır”.

Müəllimə baş verənlərdən həmin məktəbdə təhsil alan oğlunun da ziyan çəkdiyini deyir – ona aşağı qiymətlər verməyə başlayıblarmış.

Kuvşinnikova şəkillərini idmandakı uğurlarının sübutu hesab edir, amma çalışdığı məktəbdə ona deyiblər ki, valideynlər bunu başqa cür qiymətləndirirlər.

Hərçənd Barnaul bələdiyyəsində olayla bağlı fərqli fikirdədirlər, deyirlər ki, Kuvşinnikovanın işdən çıxmasını istəməyiblər.

“Onu məktəbdən getməyə vadar edən təzyiq faktları aşkarlanmayıb. Hətta məktəb rəhbərliyi işdə qalması üçün onu dilə də tutub – şagirdlər çıxılmaz duruma düşüblər, heç olmasa, rübü başa vurmaq lazımıydı.

Amma müəllimə razılaşmayıb və gedib” – bələdiyyənin mətbuat xidmətindən “İnterfaks” agentliyinə belə deyiblər.

Məmurlar Kuvşinnikovanın oğluna qarşı da hər hansı təzyiq olmadığını bildiriblər.

KİV bu qalmaqal haqqında yazandan sonra Altay vilayətinin təhsil naziri Maksim Kostenko Kuvşinnikovanı müdafiə edib.

O vəd edib ki, müəlliməyə yeni iş yeri tapacaqlar.

Federal nazirlik məsələnin araşdırılması barədə göstəriş verib.

Amma Kuvşinnikova artıq ümumtəhsil məktəblərində çalışmaq istəməyib.

“Danışır Moskva” radiosuna müsahibəsində o bunları deyib:

“Daha həvəsim yoxdur. Onsuz da qəpik-quruş verirlər, aylıq maaş 11-12 min rubldur. Mənə özəl məktəbdə iş təklif ediblər, incəsənət məktəbində də işləmək olar. İkinci sənətim rəssamlıqdır axı… Həm yaradıcılıqla məşğul olmaq, həm uşaqları öyrətmək daha maraqlıdır”.

Martın 27-sində nazir Kostenko TASS-a bildirib ki, Kuvşinnikovaya müəllimlər üçün sosial şəbəkələrdən istifadə qaydalarının hazırlanmasını və tədrisini təklif edib və o da razılaşıb.

“Özünə inamı artırmaq üçün”

Kuvşinnikova müəllim işləməyə başlamazdan çox-çox əvvəl paylaşılan şəkillərə görə cəzalandırılan yeganə pedaqoq deyil.

7 saylı Omsk məktəbində çalışan 26 yaşlı tarix müəllimi Viktoriya Popovanın başına gələnlər də xeyli səs-küyə səbəb olan hadisələrdəndir.

Ötən dərs ilinin sonunda Popova xəbər tutub ki, şəhərdə “plus size” ölçülü qızlar üçün model agentliyi açılıb və “özünə inamını artırmaq üçün” testdən keçmək qərarına gəlib.

Ona fotosessiyada iştirak etməyi, örtülü çimərlik paltarında poz verməyi təklif ediblər.

Sonra da Popovanın özünün xəbəri olmadan şəkillərini “İnstaqram”da dərc ediblər.

Bir neçə gün sonra məktəb rəhbərliyi ona bildirib ki, valideynlərdən kollektiv şikayət ərizəsi daxil olub və o, “məktəbin imicinə və pedaqoji işçinin yüksək statusuna xələl gətirib”.

Popovaya həmçinin deyiblər ki, o, pedaqoqların professional kodeksini pozub.

Müəlliməyə işdən öz ərizəsiylə getməyi təklif ediblər.

Hadisə ictimailəşəndən sonra tanınmış şəxslər, məsələn, aktrisa Evelina Bledans və digər məşhur sənət adamları onun müdafiəsinə qalxıblar.

Müəllimənin həmkarları da ona dəstək olublar, sosial şəbəkələrdə aksiya başladaraq #MüəllimlərDəAdamdır və #OmskluViktoriyayaDəstəkOlaq həştəqləriylə çimərlik paltarında şəkillərini paylaşıblar.

Rusiya Federasiyasının Əmək Məcəlləsinə görə, “tərbiyəvi fəaliyyətlə” məşğul olan şəxsləri “bu işi davam etdirməyə imkan verməyən əxlaqsız hərəkətə görə” işdən çıxarmaq olar (8-ci par., 1-ci maddə. 81).

Amma Məcəllədə əxlaqsız hərəkətlərin konkret siyahısı göstərilməyib.

Kuvşinnikova hadisəsində olduğu kimi, bu olay da KİV-də işıqlandırılandan sonra məmurlar Popovanı müdafiə ediblər.

Omsk mətbuatının yazdığına görə, hazırda o, öz işinə geri dönməyə hazırlaşır.

Hələ ki, məktəbin saytındakı müəllimlər siyahısında onun adı yoxdur.

BBC-nin zənglərinə nə Popovanın özü, nə də məktəb rəhbərliyi cavab verib.

“Alt paltarını şəhərin o biri başından almaq”

27 yaşlı Yuliya Rıvkina çoxdandır ki, öz “İnstagram” səhifəsində ancaq dəniz, çimərlik, palmalar və dağlar fonunda şəkillər paylaşır.

“Hər şeyi atdım və Antalyaya gəldim” – Yuliya statusunda belə yazıb.

Moskva yaxınlığındakı Lyubertsı şəhərində bədən tərbiyəsi müəllimi işləmiş Yuliya iki il əvvəl yeni həyata başlayıb – sosial şəbəkədə paylaşdığı şəkil qalmaqalından sonra.

“Life” nəşrinin yazdığına görə, “şagirdlərin valideynləri bədən tərbiyəsi müəlliminin açıq-saçıq şəkilərindən qeyzləniblər”.

Onları Rusiya Valideyn Komitələri və Cəmiyyətləri Assosiasiyasının rəhbəri Olqa Letkova da dəstəkləyib.

O, Rıvkinanın əlində alkoqol şüşəsi və siqaretlə, o cümlədən bar piştaxtası üzərində şpaqat açmış vəziyyətdə şəkillərinə istinadən deyib ki, “İnternetdə belə şeylərə yol vermək olmaz. Bu cür müəllimlər cəzalandırılmalıdır”.

Məktəbdən çıxan Rıvkina əvvəlcə televiziyada işə düzəlib, sonra da ölkədən gedib

“Life” həmçinin yazıb ki, Rıvkinanın həmkarları onu müdafiə ediblər, bildiriblər ki, o, yaxşı mütəxəssisdir və şəkillərinin peşə fəaliyyətinə dəxli yoxdur.

BBC-ə müsahibəsində Rıvkina deyib ki, şəkil qalmaqalına görə məktəbə hansısa idarədən qadın məmur gəlib və onu “işdən azad olunmaqla bağlı ərizə yazmağa məcbur edib”.

Məmurun arqumentlərindən biri belə olub: “Müəllim hətta alt paltarını da gedib şəhərin o biri başından almalıdır”.

Rıvkina deyir ki, şəkillər köhnə olduğu üçün məktəb direktoru onu müdafiə etməyə çalışıb:

“Amma qadın məmur direktora da təzyiq etməyə başladı, eyham vurdu ki, narazıların hamısı onun kimi davranacaq”.

Nəticədə Rıvkinə ərizə yazmalı olub.

Az sonra ikinci iş yerində – çirlidinq üzrə trener işlədiyi məktəbdə də ondan öz xoşuyla getməyi xahiş ediblər.

Rıvkina qeyd edir ki, nə müəllimlərdən, nə də valideynlərdən təzyiq görüb:

“Hamısı mənim tərəfimdəydi. Hətta valideynlər mənim işə bərpa olunmağım üçün petisiya yazmaq istəyirdilər. Amma mən artıq mənəvi baxımdan buna hazır deyildim”.

İnternetdəki reaksiyalar da çox sərt olmayıb: “Şərh yazanların 90 faizi şəkillərdə işdən çıxarılmaq üçün əsas görmədiklərini bildirirdilər. Hətta zarafat edənlər də vardı ki, açıq-saçıq fotolarla bağlı xəbər başlıqlarını görüb onlara baxmaq üçün saytlara giriblər, amma heç nə tapmayıblar”.

Rıvkina deyir ki, onu incidən şagirdlərindən ayrılmaq olub:

“Onlar mənə etibar edirdilər, mənimlə məsləhətləşirdilər. Şagirdlərim hələ də mənə yazırlar”.

Məktəbdən çıxandan sonra Rıvkina “Dom-2” tele-şousunda redaktor işləyib, sonra daimi yaşamaq üçün Türkiyəyə köçüb.

O, gənc müəllimlərə bu qədər nəzarət edilməsini doğru saymır:

“Ən kədərlisi budur ki, indi gəncləri az qala hər şeyə görə sıxışdırırlar, amma uşaqları vuran, onlara ağıldankəm deyən yaşlı müəllimlərə bir söz deyən yoxdur”.

“Təzə şəkillər gözləyirik”

Moskvanın Şelkovskiy rayonunun Qrebnevskiy kəndində yaradıcı incəsənətdən və dünya incəsənəti mədəniyyətindən dərs deyən Dariya Puçkovanın hekayəsi də eynən Rıvkinanın başına gələnlərə bənzəyir:

“LifeNews” kanalının süjeti-qalmaqal-ərizə.

2016-cı ilin martında “Life” nəşri Puçkovanın sosial şəbəkədəki əliqamçılı şəklini dərc edir, amma müəllimə deyir ki, bu şəkli məktəbdə işləmdəyi vaxtlarda çəkdirib.

O, mətbuatda dərc olunan fotoların çoxunun ona aid olmadığını vurğulayır.

Hərçənd “Life” jurnalistini buna inandıra bilməyib:

“Deyirəm, bu mənim şəklim deyil, cavab verir ki, necə yəni!? Bu ki, sənsən! Çox oxşayır!”

Puçkova nəşri məhkəməyə vermək istəyib, amma sonra vaz keçib, düşünüb ki, xeyri olmayacaq. Buna baxmayaraq hazırda nəşrin saytında onunla bağlı xəbər tapmaq mümkün deyil.

Puçkova deyir ki, buna görə ona heç kim təzyiq etməyib, əksinə, ictimai dəstək görüb :

“Olaya biganə qalmayan adamlar “VKontakte”də qrup yaratdılar, KİV-də kampaniya başlatdılar”.

Şelkovskiy rayonunun təhsil komissiyasının sədri Qavriil Pavlovski də ona dəstək verib, deyib ki: “Mən hər hansı federal qanunun pozulması faktına rast gəlmədim. Şəxsi şəkilləri internetdə paylaşmaq bizdə hələ ki, qadağan edilməyib”.

Dariya Puçkova sübut etməyə çalışıb ki, onun əliqamçılı şəklində kriminal bir şey yoxdur, amma sonda ərizə yazıb işdən çıxıb.

Keçmiş müəllimə deyir ki, ərizə yazmağa onu heç kim məcbur etməyib, işdən öz xoşuyla gedib və bu, birbaşa qalmaqalla bağlı deyil. Direktor da “məktəbə bu səviyyədə diqqət cəlb etməmək üçün” məsələni böyütməməyə çalışmış.

Puçkova olaya “bir macəra kimi” baxdığını bildirir. Amma valideynləri qalmaqala görə çox narahat olublar və “ancaq buna görə daxili neqativ” hiss edib.

İndi o, freska istehsalıyla məşğul olan şirkətdə bərpaçı-rəssam işləyir və paralel olaraq özünün “yaradıcı layihələri” üzərində çalışır:

“Demək olar ki, dərhal iş tapdım, heç bir problem olmadı. Rəhbərlik məsələdən xəbərdardır və bu onları qətiyyən narahat etmir”.

Yeni işə başlayandan bir neçə gün sonra Puçkova “VKontakte”də özünün bir neçə şəklindən ibarət kollaj paylaşıb və ” Komsomolskaya pravda” saytı həmin kollajdan onun hekayəsinə illüstrasiya olaraq istifadə edib. Məqaləyə yazılan ilk şərh belə olub: “Daşa, artıq olar, yeni şəkillər gözləyirik”.

“İşıqlı gözlər”

Krasnoyarskdan olan 23 yaşlı musiqi müəlliməsi Mariya Şestopalova BBC-ə deyib ki, müəllimlərin işdən çıxarılması çox vaxt bir qrupun yox, “həyat və əxlaq barədə çox radikal baxışları olan bir nəfərin şikayətinə görə” baş verir.

Onun hekayəsində “radikal baxışlı” adam rolunda Sankt-Peterburq fəalı Timur Bulatov (İsayev) çıxış edib.

O, homoseksualist olduqlarından şübhələndiyi müəllimlərə qarşı mübarizə aparır.

Bulatovun fəaliyyəti haqqında “Meduza” saytında məlumat dərc edilib. Məsələn, yazılıb ki, 2014-cü ildə o, Sankt-Peterburqda bir homoseksual müəllimənin işdən çıxarılmasına nail olub.

“Tayqa.info” nəşrinə müsahibəsində Bulatov bildirib ki, indiyə qədər 60 müəllim məhz onun müdaxiləsi nəticəsində məktəbdən uzaqlaşdırılıb.

Bulatov onların hər biri haqqında geniş dosye hazırlayaraq məktəbə və yerli məmurlara göndərib.

O, Şestopalova haqqında da məlumat toplayıb – həmin vaxt 21 yaşlı müəllimə Krasnoyarskdakı 4 saylı əlavə təhsil mərkəzində vokaldan dərs deyirmiş. Materialın dərcindən sonra onu direktorun yanına çağırıblar.

Mariya Şestopalova işdən azad olunsa da, müəllimə karyerasını davam etdirib

“VKontakte”dəki şəkillərin skrinşotları da əlavə edilmiş 31 səhifəlik sənəddə Şestopalova “LGBT-müəllimə” və “uşaqbazlığın təbliğatçısı” kimi qələmə verilib.

“Mariya – əxlaqsız şəxsdir. Səhifəsində emosiyalarını söyüşlə ifadə edir, LGBT-dən olan pozğunları aktiv şəkildə təbliğ edir, homoseksualizmin təbliğatıyla məşğuldur, mütəmadi olaraq alkoqol qəbul edir” yazan Bulatov sübut olaraq 2013-2014cü illərə aid şəkilləri göstərib.

Şestopalova BBC-ə bildirib ki, qalmaqala qədər nə şagirdlərlə, nə də onların valideynləriylə problemi olub:

“Gözlərində işıq olan gənc pedaqoq, mahnı oxuyan və müsabiqələrdə qalib gələn uşaqlar. Müxtəlif tədbirlər hazırlayırdım, gah muzeylərdə, gah əlillər evində mahnılar oxuyurduq və sairə. Rəhbərlikdən də heç bir irad eşitməmişdim”.

Direktorla söhbət 6 saat davam edib. Müəlliməni hələ məktəbdə işə başlamazdan əvvəl baş vermiş hadisələrə – dodağındakı pirsinqə və əyləncə məclislərindəki şəkillərinə görə danlayıblar.

Şestopalova deyir ki, onu “mərkəzin reputasiyasından və gələcək taleyindən tutmuş valideynlərimin taleyinə qədər müxtəlif şeylərlə şantaj ediblər”:

“Ərizə yazmalı oldum. Bütün mümkün vasitələrlə altı saatlıq təzyiqə heç kimin əsəbləri dözməzdi. Özlərini elə apardılar ki, guya mənim qeydimə qaldıqları üçün işdən könüllü getməyimi istəyirlər. İndi başa düşürəm ki, maddəylə heç cür çıxara bilməzlərmiş”.

Amma o, işsiz qalmayıb. Elə sabahısı gün ikinci iş yeri olan özəl musiqi məktəbində Şestopalovaya təklif ediblər ki, məşğul olduğu şagirdlərin sayını artırsın.

Müəllimənin dediyinə görə, əvvəlki məktəbdə şagirdlər və valideynlər onu dəstəkləyiblər, hətta onun müdafiəsi üçün məktublar da yazıblar: “Jurnalistlərlə böyük şagirdlər özləri, kiçik şagirdlərinsə valideynləri əlaqə saxlayır, mənim haqqımda çoxlu xoş söz deyirdilər”.

Gənc müəlliməni işdən getməyə məcbur etdiyini məktəb rəhbərliyi boynuna almayıb.

“Meduza”ya açıqlamasında direktor Olqa Etsel bildirib ki, onu sadəcə izahat üçün çağırıblar və söhbət cəmi saat yarım davam edib.

KİV olay haqqında yazandan sonra Şestopalovanı işə bərpa ediblər, amma o, məktəbdə cəmi bir həftə işləyə bilib.

Elə ilk iş günündə – dekabrın 30-unda onu dərsə gəlməyən uşaqlarla bağlı izahat yazmağa məcbur ediblər:

“Başa düşdüm ki, rəhbərlik bir bəhanə tapıb məni işdən çıxaracaq, ona görə də gözləməməyi və əsəblərimi bir də pozmamağı qərara alıb yeni il tətilindən sonra işdən çıxdım”.

Məcburi populyarlıq Şestopalovanı bir az qorxudub, amma dediyinə görə, nadir neqativ şərhlər ancaq internetdə olub:

“Həyatda mənə mənfi münasibət göstərən bircə nəfərlə də rastlaşmadım. Hətta indi də yeni insanlarla tanış olanda bəziləri soruşur ki, işdən çıxardıqları qız sənsənmi? Yumorla cavab verirəm”.

Amma pedaqoq onu da etiraf edir ki, müəllimlərin şəkil probleminə görə işdən çıxarılması xəbərlərini hələ də çox ağrıyla qarşılayır:

“O qədər əsəbləşirəm ki, sakitləşdirici qəbul etməli oluram”.

Şestopalova hesab edir ki, məkəb rəhbərliyi məsələni araşdırmaq əvəzinə “problemli işçilərdən” dərhal qurtulmağa çalışır, çünki birini işdən çıxarmaq yuxarı instansiyaya izahat verməkdən qat-qat asandır.

O, şəkillərini “VKontakte”də paylaşmasından peşman deyil: “Baş verənlər mənim indiki kimi olmağıma yardım etdi. Bundan başqa, bir daha əmin oldum ki, mən doğru peşə seçmişəm və düz istiqamətdə irəliləyirəm”.

“Çimərlik geyiminə heç bir etirazımız yoxdur”

Hərçənd Rusiyada elə hallar da olub ki, sosial şəbəkədəki şəkilləri müəllimlərə qalmaqallı şöhrət yox, sağlam populyarlıq qazandırıb.

Hərçənd nadir hallarda.

Məsələn, Permdən olan ingilis dili müəllimi Vyaçeslav Posoxu mətbuat “Rusiyanın ən yaraşıqlı müəllimi” adlandırıb.

Amma İnstagramda paylaşdığı qurşaqdan yuxarı çılpaq şəkillərinə görə yox, “Təhsildə kişi” müsabiqəsindəki qələbəsinə görə.

Onun şəkilləri ictimaiyyətin diqqətini bu qələbədən sonra cəlb edib.

“Ura.ru” nəşrinin məlumatına görə, şəkillərə münasibətdə oxucuların fikri haçalanıb.

Bəziləri müəllimin fiziki göstəricilərinə heyran olub, bəziləri isə belə şəkillər paylaşdığı üçün onu qınayıb.

Perm vilayətinin Təhsil Nazirliyi tənqidlərə qoşulmayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kseniya Xromko “Ura.ru”-ya açıqlamasında deyib ki, “Nə çimərlik geyimlərinə qarşıyıq, nə də yaraşıqlı Posoxa. İdman zalına gedir, gənc nəslə yaxşı nümunə göstərir.

Bu yaxınlarda “Təhsildə kişi” müsabiqəsinin qalibi olub.

Qətiyyən özündən razı ədəbaz deyil, əksinə, son dərəcə adekvat və erudisiyalı bir adamdır. Hətta şəxsinə bu qədər diqqət ona əcaib görünür”.

Posox özü BBC-ə müsahibəsində deyib ki, reaksiyalar da, mənfi və müsbət münasibətlər də ancaq internet çərçivəsində olub, oradakı hay-küy onun İnstagram səhifəsində hər hansı dəyişikliyə gətirib çıxarmayıb, sadəcə indi o, şəkilaltı mətnlərə daha diqqətli yanaşır:

“Mən böyük auditoriyaya çıxış imkanından özüm üçün vacib olan informasiyaları paylaşmaq üçün istifadə edirəm”.

Mənbə.bbc.com saytında götürülmüş məlumatdır