Romada quldarlıq və islahatlar

E.Ə. II-I ƏSRLƏRDƏ ROMADA QULDARLIĞIN İNKİŞAFI

Romalılar əmək alətlərini iki yerə bölürdülər: canlı və cansız alətlər. Canlı alətləri isə iki qrupa ayırırdılar: danışan və danışmayan alətlər. Danışan alətlər dedikdə qullar nəzərdə tutulurdu.

Roma ordusunun əyalətlərdən qarət etdiyi sərvətlər Roma quldarlarının əlinə keçirdi. Quldarlar bu vəsaitlə bağlar və üzümlüklər salır, mal-qara sürüləri saxlayır, şəhərlərdə emalatxanalar açır, iri gəmilər inşa

edirdilər. Roma imperiyasının hər yerində qul bazarı var idi. Ən böyük qul bazarı Egey dənizindəki Delos adasında idi. Qullardan təsərrüfatın bütün sahələrində: daş karxanalarında, mədənlərdə, tikintilərdə, ev işlərində, gəmiçilikdə istifadə olunurdu. İtaliyada kənd təsərrüfatında quldan daha çox istifadə edirdilər. İş qabiliyyətini itirmiş qullar kimsəsiz adalara atılır və orada acından ölürdülər.

Romada daha çevik və güclü olan qullara xüsusi həbsxana məktəblərdə silah işlətməyi öyrədir, onları bir-biri ilə vuruşmağa məcbur edirdilər. Belə qullar qladiator adlanırdı. Qədim etrusklarda həlak olan döyüşçülərin şərəfinə əsirləri qurban vermək adəti var idi. Sonralar isə əsirləri bir-biri ilə vuruşdururdular. E.ə. III əsrdən Romada qladiator döyüşləri keçirilməyə başladı. Bu qladiator döyüşləri etruskların adəti ilə bağlı idi. Romada qladiator döyüşləri geniş yayılmışdı. Bu məqsəd üçün sirklərə oxşar amfiteatr tikilirdi. Amfıteatrın mərkəzi – qırmızı qum tökülmüş meydança arena adlanırdı. Məğlub olub sağ qalan qladiatorun taleyi tamaşaçılardan asılı idi. Onlar baş barmaqlarını aşağı salanda məğlub qladiator öldürülməli idi. Əllərini yuxarı qaldırdıqda isə onu sağ saxlayırdılar.

Qədim Roma və Yunanıstan qədim dünyanın klassik quldar dövləti idi. Qədim dünyanın heç bir ölkəsində bu qədər qul yox idi, E.ə. II əsrdə Roma əyalətlərində qulların üsyanı baş verdi. Bu dövrdə Siciliyada baş vermiş üsyan 6 il davam etdi. Quldarlar onu çox çətinliklə yatırtdılar.

QRAKX QARDAŞLARI VƏ ONLARIN İSLAHATLARI

Romanın apardığı müharibələr ölkəyə qul axınını çoxaltdı. Buna görə, kəndli əməyini ucuz qul əməyi sıxışdırırdı. Varlı quldarlar kəndlilərin torpağını zorla satın alırdılar. Bu da kəndlilərin var-yoxdan çıxmasına. səbəb olurdu. Var-yoxdan çıxmış kəndlilər şəhərlərə, birinci növbədə Romaya axışır, lakin iş tapmırdılar, çünki burada da bütün işləri qullar görürdü, nəticədə kəndlilər işsiz qalır, ölkədə evsiz-eşiksiz adamların sayı artırdı.

Kəndlilər var-yoxdan çıxdığı üçün Roma ordusu zəifləməyə başladı. Çünki Roma qoşununun əsasını kəndlilər təşkil edirdi. Kəndlilərin yoxsullaşması, çoxlu qul kütləsi Roma üçün təhlükə törədirdi. Bir çox Romalı aristokratlar kimi plebeylər nəslindən olan Tiberi və Qay Qrakx qardaşları da bunu yaxşı başa düşürdülər. Tiberi xalq qarşısında çıxış edərkən deyirdi: «Hətta vəhşi heyvanların da öz yuvaları var. Roma uğrunda vuruşan və ölənlərin isə hava və işıqdan başqa heç nəyi yoxdur». Tiberi və Qay qardaşları Roma quldarlıq dövlətini xilas etmək üçün torpaq islahatı hazırladılar. E.ə. 133-cü ildə Tiberi Qrakx tribun seçildi. Onun təklif etdiyi torpaq qanununa görə, hər bir romalı ailəsi 250 hektardan artıq dövlət torpağından istifadə edə bilməzdi; qalan torpaqlar pulsuz həmişəlik yoxsul kəndlilərə verilməli idi və onları satmaq qadağan olunmalı idi.

Senat bu təklifi rədd etdi. Forumda çağırılmış xalq yığıncağında Tiberi xalqa müraciət edib irəli sürdüyü qanunun ədalətli olduğunu sübut etdi. Xalq yığıncağı torpaq qanununu qəbul etdi. Senat xalqdan qorxub xalq yığıncağının qanununa qarşı çıxmadı. Tiberinin düşmənləri ona böhtan atıb dedilər ki, Tiberi padşah olmaq və respublikanı məhv etmək istəyir. Bundan istifadə edən senat xalqı «respublikanı xilas etməyə» çağırdı. Onlar isə Tiberini və onun 300 tərəfdarını öldürdülər. Ölənlərin meyitini cinayətkar kimi Tibr çayına atdılar. Torpaq qanunu həyata keçmədi.

On ildən sonra, yəni e.ə. 123-cü ildə Tiberinin qardaşı Qay Qrakx tribun seçildi. O, qardaşının işini davam etdirib torpağı kəndlilərə paylamağa başladı. 80 min yoxsul torpaq aldı. O, senatın hüququnu məhdudlaşdırmağı, yoxsulları dövlət işlərinə cəlb etməyi irəli sürdü, lakin Qayın tribun vaxtı başa çatandan sonra senatorlar ona qarşı çıxdılar. Roma küçələrində baş verən vuruşmalarda Qay və onun üç min tərəfdarı həlak oldu. Qayı öldürənə onun başı ağırlığında qızlı vəd etdilər. Torpağın yoxsullara verilməsi yenə də dayandırıldı. Kəndlilərin dövlətdən aldığı torpağın satılmasını qadağan edən qanun ləğv edildi. Varlılar kəndlilərin torpaqlarını satın almağa başladılar.

Mənbə. kayzen.az

Bir Cevap Yazın

Your email address will not be published.