İMAM BAQİR (Ə) VƏ SİYASİ MƏSƏLƏLƏR

Şiə imamlarının, xüsusilə, imam Baqir (ə) və imam Sadiqin (ə) fəaliyyətləri özünəməxsus zəngin mədəniyyətə sahib bir məktəbin meydana gəlməsinə səbəb oldu və bu məktəb sonralar “Cəfəri” məktəbi adı ilə məşhurlaşdı. Bütün sahələrdə Əhli-beyt elmlərini nizamlı şəkildə irəli aparan bu geniş məktəb həmin imamların əlli beş ilə yaxın (48-94-cu h.q. illəri) göstərdikləri mütəmadi fəaliyyətlərinin məhsuludur. Əməvilər və Abbasilərin öz hakimiyyətlərini qorumaq üçün hər bir müxalifəti şiddətlə boğduqları bir dönəmdə şiə imamları əsas vəzifələrini İslamın həqiqi təlimlərini izah etməkdə gördülər.

Bu isə, məsum imamların zalım hökmdarlarla müxalif olmaması mənasında başa düşülməməlidir, əksinə məsum imamlar (ə) xilafətin onlara məxsus olduğunu və Qüreyşin zorla bu haqqı onlardan aldığını söyləyirdilər. Buna görə də, məsləhətli şəkildə icazə verilən bəzi istisna hallardan başqa, şiələrin zalım hakimlərlə həmkarlığı qadağan edilirdi. İmam Baqirin (ə) zalımlarla müxalifəti və şiələri onlarla həmkarlıq etməməyə çağırması o həzrətin aşkar mövqeyi idi.

İmam Baqir (ə) müxtəlif yollarla xalqı zalım hakimlərə qarsı etiraza və onlara nəsihət vermək üçün təşviq edirdi. O həzrətin hədislərinin birində belə buyurulur: Zülmkar hakimin yanına gedib onu ilahi təqvayadəvət edən, nəsihət verən və qiyamətdən qorxudan şəxsə bütün cin və insanların savabı verilər.” (“Əl-ixtisas”, Şeyx Müfid, Şeyx Müfid, s. 261.)

İmam Baqir (ə) və digər imamlar hakim xəlifələrin yürütdükləri siyasət və proqramların qeyri-qanuni olduğuna təkid edir, İslam cəmiyyətində həqiqi hakimiyyətin bərpasını zəruri bilir və buyururdular: “Ey Məhəmməd (ibn Müslüm)! Bu ümmətdən hər kəs ədalətli və Allah tərəfindən təyin edilən bir imama iqtida etməsə, yolunu azmışdır və bu halda ölərsə, küfr və nifaq halında ölmüşdür. Ey Məhəmməd! Zalım hakimlər və onların tərəfdarları Allahın dinindən uzaq düşdülər və başqalarını da azdırdılar. Gördükləri işlər də tufanlı bir gündə küləyin göyə sovurduğu külü xatırlayır, belə ki, yerinə yetirdikləri işlərdən fayda əldə etmədilər. Bu da azğınlıqdan başqa bir şey deyil.” (“Kafi”, Şeyx Kuleyni, c. 1, s. 183-184.)

Bu ifadələrdə məqsəd camaatı Əhli-beytə yönəltmək və onlara zülmkar hakim və xəlifələrin xalqa etdikləri zülm və haqsızlıqları aydınlaşdırmaq idi.

Bir gün imam Baqir (ə) xəlifə Hişam ibn Əbdülməlikin yanına aparıldıqda, ona “xəlifə” və “möminlərin əmiri” – deyə salam vermədikdə, Hişam hirslənib ətrafındakılardan o həzrəti qınamalarını istəyir və sonra da o həzrətə belə deyir: “Hər zaman siz Əhli-beytdən bir nəfər müsəlmanlar arasında ixtilaf salmış və onları öz imamətinə dəvət etmişdir.”

Ondan sonra İmamı tənqid edərək camaatı onu məzəmmət etməyə çağırmışdır. İmam bu zaman üzünü xalqa tutaraq belə buyurur: “Ey millət! Hara gedirsiniz, hara aparılırsınız? Əvvəliniz biz Əhli-beyt vasitəsilə hidayətə çatdı və axır-aqibətiniz də yenə bizim vasitəmizlə sona çatacaq! Xilafəti əlinizə keçirməyinizə baxmayaraq, sonda İslam ümmətinin idarəsi və işləri bizə çatacaqdır. Çünki biz elə bir Əhli-beytdənik ki, yaxşı aqibət bizimlədir. Allah da buyurur ki, “yaxşı aqibət təqvalılarındır.” (“Əl-mənaqib” c. 2, s. 280.)

Hişam imam Baqirin (ə) həbs olunmasını əmr etdi. İmam zindanda olduğu zaman məhbuslar o həzrətin təsiri altına düşdü və ona bağlandılar. Bundan xəbər tutan Hişam o həzrətin Mədinəyə göndərilməsini əmr etdi.

Əməvilərin hakimiyyəti dövründə Əhli-beytə ən çox zülm edən Hişam ibn Əbdülməlik olmuşdur. Onun yaramaz sözləri Zeyd ibn Əlini (122-ci h.q. ilində) Kufədə ona qarşı qiyama məcbur etdi. Hişam ilə Zeyd arasında olan bir görüşdə Hişam, hətta imam Baqirə (ə) hörmətsizlik edərək, Əməvilərə xas istehza ilə o həzrəti ləqəbi “Baqir” olduğu halda, “Bəqər” (inək) dedi. Onun ədəbsizliyindən narahat olan Zeyd: “Rəsulullah (s) ona “Baqir” ləqəbini verdiyi halda, sən ona “Bəqər”mi deyirsən? Belə çıxır ki, səninlə Rəsulullah (s) arasında düşmənçilik var. Ona dünyada müxalif olduğun kimi, axirətdə də qarşı tərəfdə olacaqsan, o, cənnətə gedəcək, sən isə cəhənnəmə!” – deyə etirazını bildirmişdi. (“Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 7, s. 132)

Yazar. Rza. Şükürlü

Mənbə. kayzen.az