Oruc tutmaq nə üçün lazımdır?

Oruc da başqa vacib əməllər kimi, xüsusi hikmətə malikdir. Orucun 5 mühüm hikməti vardır ki, onlarla tanış olaq:

1. İxlas əldə etmək və özünü islah etmək üçün. Həzrət Zəhra (s.ə) buyurur: “Allah orucu, ixlası təsdiq etmək üçün vacib etmişdir”.

2. Cismi qüvvələrin balansını təmin etmək üçün . Orucun ikinci hikməti odur ki, oruc tutanın bədənini tənzimləyər və bədən balansını normaya salar. Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam qalasınız”.

3. Təqvanın təmrini üçün. Orucun üçüncü mühüm hikməti – təqvanı təmrin etməkdir. Müsəlman Ramazan ayı boyunca bir ay ərzində təqvasını təmrin edər, nəfsinə qalib gələr. Müsəlman halal qidadan çəkinərək, başqalarının malına əl uzatmamağı öyrənər. Həyat yoldaşının yanına getməməklə, başqasının namusuna göz dikməməyi öyrənər.

4. Zənginlə yoxsul arasında olan fasilə azalar. Oruc tutanın çəkdiyi aclıq, susuzluq, məhrumiyyət – orucun başqa hikmətlərindəndir. Oruc zəngin insana yoxsul insanın çəkdiyi əziyyəti daddırır və onunla həmdərd olmasına səbəb olur. Nəticədə zəngin ilə yoxsul arasında olan fasilə azalır. Zəngin başa düşür ki, onun bir ayda çəkdiyi bu əziyyəti yoxsul insan bütün ömrü boyu çəkir. İmam Hüseynə (ə) sual verirlər ki, Allah orucu niyə vacib etmişdir? Həzrət (ə) buyurur: “Zəngin aclığı dadsın və ehtiyacından artığını yoxsula geri qaytarsın”.

5. Axirəti yada salmaq üçün. Oruc insana axirəti xatırldar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Bu ayda aclıq və susuzluğunuz ilə Qiyamət gününün aclıq və susuzluğunu yada salın”. (İslami saytlara istinadən)

İsti havada oruc tutmağın savabı nədir?

Aqil insan cəhənnəm haqqındakı ayələri oxuyan zaman ondan xilas olmaq üçün yollar axtarar və hədislərə diqqət edər. Həzrət Peyğəmbər (s) buyurur: “Oruc (cəhənnəm) – atəşindən qalxandır”.

Yəni, insan əgər İlahi qürb niyyətilə oruc tutarsa, cəhənnəm atəşindən özünü qoruya bilər. Məsumlarımız (ə) isti yay günlərində oruc tutmağı tövsiyə edir və bu əməlin Qiyamət üçün ehtiyat olduğunu bəyan edərdilər.

İmam Sadiq (ə) buyurur: “Hər kim isti havada bir gün oruc tutarsa və susuzluq ona üz tutarsa Əziz və Böyük Allah min mələyi onun üçün vəzifələndirər ki, iftar zamanına qədər üzünə əl çəksinlər və ona müjdə versinlər. Əziz və Böyük Allah buyurur: “Necə də gözəl ətrin vardır! Ey mələklərim! Sizi şahid tuturam ki, həqiqətən onu bağışladım””. (Tebyan)

İsti havada oruc tutmağın o qədər bərəkətləri vardır ki, nəql olunur Həzrət Məryəm (s.ə) dünyasını dəyişdikdən sonra arzu etmişdir ki, dünyaya geri qayıtsın və isti havada Allahın bu vacibatını yerinə yetirsin. Hədisdə belə nəql olunur: “Həzrət İsa (ə) anası Məryəmin (s.ə) vəfatından sonra onu çağırır və buyurur: “Ana! Mənimlə söhbət et! Dünyaya qayıtmaq istəyirsənmi?”. Xanım (s.ə) buyurur: “Bəli. Arzum budur ki, dünyada olam və qışın soyuq gecələrini sübh çağına qədər Allah dərgahında münacat və ibadətlə keçirəm, yayın isti günlərini oruc tutam””.

Bu İlahi vacibat hədislərin nəzərində bir növ cihaddır. Həzrət Peyğəmbər (s) buyurur: “İsti havada oruc tutmaq cihaddır”. İmam Sadiq (ə) buyurur: “Ən fəzilətli cihad – isti havada oruc tutmaqdır”

Oruc tutmaq barədə 7 yanlış stereotip

Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.

Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz.

Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.

Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur.

Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.

Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.

Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz.

Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır.

Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.

Həqiqət: Bunlar – 2 müxtəlif vacib əməllərdir. Lakin, onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir.

Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil.

Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir.

Yanlışlıq: Oruc tutan iynə və peyvənd vura bilməz.

Həqiqət: Bilər. Məhdudiyyət yalnız qidanı əvəz edən iynələrə, məsələn, qlükozaya aiddir.

Qaynaq,/Deyerler.org/