İngiltərə XI-XV əsrlərdə

İngiltərədə mərkəzləşmiş dövlətin yaranması. Fateh Vilhelm. Anqlların və saksların yaratdığı krallıqların birləşməsi nəticəsində IX əsrdə İngiltərə krallığı meydana gəldi və ölkədə feodalizm quruluşu bərqərar oldu.

1066-cı ildə Normandiya hersoqu Vilhelm İngiltərəni işğal etdi. Beləliklə, İngiltərədə mərkəzləşmiş dövlət yaradılmasının başlanğıcı qoyuldu. O, Lamanşı keçdi. Hastinqs vuruşması başlandı. Vilhelm hiyləyə əl atdı. O, qoşununu geri çəkdi. Vilhelmin atlı qoşunu hücuma keçib anqlo-saks qoşunlarına qalib gəldi, döyüşdə anqlo-saks kralı öldürüldü. London tutuldu, Vilhelm Fateh adı ilə İngiltərənin kralı oldu. Yerli feodalların torpağını öz vassallarına payladı. İngiltərə torpağının yeddidə birini özünə götürdü. Nəticədə İngiltərədə kral hakimiyyəti gücləndi və mərkəzləşmiş dövlətin əsası qoyuldu.

Şəxsən azad olan kəndlilər təhkimli kimi qeydə alındılar. Vergilərin ağırlığına baxmayaraq, şəhərlilər kralı müdafiə edirdilər. Onlar «yüz zülmkardansa, bir zülmkarın olmasını» üstün tuturdular.

Kəndlilər feodallara qarşı mübarizəni dayandırmadılar. Onlar meşələrə qaçırdılar. Onları «azad oxatanlar» adlandırır, xalq XIV əsrdə onlara nəğmələr – balladalar qoşmuşdu. Balladaların qəhrəmanı Robin Qud idi.

XII əsrdə İngiltərə kralı II Henrixin islahatları kral hakimiyyətini daha da gücləndirdi. İslahata əsasən hər bir azad adam yerli feodalı xəbərdar etmədən birbaşa kral məhkəməsinə müraciət edə bilərdi. İstintaqı 12 yerli sakin aparırdı. Onlar düzgün istintaq aparmaq üçün Bibliyaya and içirdilər. İstintaqın nəticəsi kral məhkəməsinə təqdim edilirdi. Beləliklə, demokratik dövlətlərdə olan andlı məhkəmələr yarandı. XII əsrdə kralın hərbi yürüşlərində iştirak etməyə məcbur olan cəngavərlər sonralar krala «qalxan pulu» adlanan xüsusi haqq ödəyirdilər. Kral bu pulla daimi nizami muzdlu ordu saxlayırdı.

 

İngiltərə parlamenti. XIII əsrdə İngiltərə kralı qüdrətli hakimiyyətə malik idi. Bundan istifadə edən kral öz vassallarından çoxlu ödənişlər, şəhərlilərdən ağır vergilər aldı. İri feodallar, cəngavər və şəhərlilər krala qarşı çıxdılar. Kəndlilər bundan istifadə edib malikanələri dağıtmağa başladı. Bundan qorxuya düşən feodallar barışmağa məcbur oldular.

Belə bir şəraitdə 1265-ci ildə İngiltərədə ilk dəfə parlament (fransızca «danışmaq» deməkdir) çağırıldı. XIV əsrdə parlament lordlar (ağalar) və nümayəndələr palatasına bölündü. Lordlar palatasına yepiskoplar, abbatlar, feodallar daxil idi. Nümayəndələr palatasına hər qraflıqdan iki cəngavər, hər iri şəhərdən iki şəhərli seçilirdi.

İngiltərə cəngavərləri ilə şəhərliləri arasında Fransada olan silklər arasındakı kimi kəskin ziddiyyətlər yox idi. Buna görə də nümayəndələr palatası razılıq verməsə, hər hansı bir vergi toplanınası barədə heç bir qanun qəbul edilə bilməzdi. İngiltərə parlamenti dövlət işlərinə Fransa Baş Məclisinə nisbətən böyük təsir göstərirdi. Bunun səbəbi silklər arasında barışmaz ziddiyyətlərin olmaması idi. Fransada olduğu kimi, XIII-XIV əsrlərdə İngiltərədə də mərkəzləşdirilmiş dövlət möhkəmləndi. Bu dövlət formaca silki mütləqiyyət idi.

Uot Tayler üsyanı. XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi. Xalq təbliğatçıları meydana gəldi. Təbliğatçı Con Boll hamının bərabər olması ideyasını irəli sürdü və buna görə həbs olundu.

İngiltərədə feodal zülmünün güclənməsi, yoxsullar haqqında amansız qanunların verilməsi, vergilərin artırılması Uot Tayler üsyanına səbəb oldu.

1381-ci ildə Uot Taylerin başçılığı ilə kəndli üsyanı başlandı. Londonun şimalında bir neçə kəndin əhalisinin vergi yığanlara və kral məmurlarına divan tutması üsyan üçün siqnal oldu. Üsyançı kəndlilərə sənətkar,Yüzillik müharibənin iştirakçısı Uot Tayler başçılıq edirdi. Üsyançılar Londona gəlmiş, kral məsləhətçilərinə divan tutmuş, onların evlərini dağıtmışdılar. Kral Tauerqəsrində gizləndi. Xalq qəsri mühasirəyə aldı, kral kəndlilərlə görüşməyə məcbur oldu.

Üsyançılar təhkimçiliyin və biyarın ləğv olunması, torpaqdan istifadə haqqının azaldılması tələblərini krala verdilər. Kral bu vədlərin yerinə yetirilməsinə söz verdi. Lakin Uot Tayler başda olmaqla ardıcıl üsyançılar kralla yenidən görüşdülər və 2-ci tələblərini irəli sürdülər. İcmaların əlindən alınmış örüşlərin və meşələrin geri qaytarılmasını, yepiskopların və monastırların torpaqlarının müsadirə olunub kəndlilər arasında bölüşdürülməsini, İngiltərədə bütün adamlara hüquq bərabərliyi verilməsini tələb etdilər. Danışıq zamanı əyanlar Uot Tayleri öldürdülər. Con Boll edam edildi, üsyançılara divan tutuldu.

Üsyan məğlub oldu. Çünki kəndlilər arasında birlik və mütəşəkkillik yox idi,onlarda yaxşı krallara inam güclü idi. Lakin üsyan nəticəsiz qalmadı: XIV əsrdə bütün kəndlilərin ödənc müqabilində şəxsi asılılıqdan azad olması başa çatdı, feodallar kəndliləri bir daha biyara cəlb edə bilmədilər, yoxsullara qarşı amansız qanunlar yumşaldıldı.

Al qızılgül və ağ qızılgül müharibələri. Yüzillik müharibədən sonra İngiltərənin daxilində iki əyan nəsli və onların tərəfdarları arasında hakimiyyət uğrunda müharibə başlandı. Müharibə 30 il (1455-1485) davam etdi. Onlardan birinin gerbində al qızılgül, o birinin gerbində isə ağ qızılgül olduğuna görə bu müharibəni al qızılgül və ağ qızılgül müharibələri adlandırırdılar. Bu müharibələrdə əyanlar, demək olar ki bir-birini qırıb qurtardılar. Vuruşan əyan nəsillərindən birinin nümayəndəsi olan VII Henrix Tüdor (1485-1509) qalib gəldi və Tüdorlar sülaləsinin (1485-1603) hakimiyyəti başlandı. XV əsrin sonu – XVI əsrin əvvəllərində İngiltərədə kral hakimiyyəti xeyli gücləndi.

Mənbə. kayzen.az