Zarafat, nərd, şahmat və onların şərtləri haqqında | Qabusnamə

Bil, ey oğul, deyiblər: “zarafat şərin müqəddiməsidir”, yəni zarafat bütün bəlaların bələdçisidir. Bacardıqca şit zarafatdan qaç, əgər zarafat etsən, heç olmazsa, məst vaxtı etmə, belə halda şər və bəla daha çox olar. İstər ayıq ol, istərsə məst, nalayiq zarafatlardan və söyüş söyməkdən utan, xüsusilə nərd və şahmat oynadıqda, çünki bu iki oyunda adamlar daha tez əsəbiləşir və zarafata az davam gətirirlər.

Çox nərd və şahmat oynamağı özünə adət etmə, oynamalı olsan, hərdənbir oyna, quşdan, qoyundan, qonaqlıqdan və ya bunlardan daha kiçik olan bir şeydən oyna. Girov və puldan oynama, puldan oynamaq tərbiyəsizlikdir və qumar hesab edilər. Oynamağı yaxşı bilirsənsə, qumarbazlıqda ad çıxarmışla oynama ki, sən də qumarbaz kimi tanınarsan. Oynayırsansa, özündən daha adlı-sanlı və şöhrətlisi ilə oyna.


Nərd və şahmatda nəzakət qaydası belədir: əgər nərd oynasan, zərləri qoy əvvəlcə rəqib götürsün, şahmatda da ilk gedişi ona ver. Lakin cığalbazlar, xidmətçilər, arvadlar, uşaqlar və tündxasiyyətli adamlarla girovdan oynama, axırı cəncəl olar. Zərin xalları üstündə rəqiblə mübahisə edib hay-küy qaldırma, and içmə ki, filanı atmışdım. Andın doğru olsa da, camaat onu yalan güman edər.

Bütün şər və fəsadın əsası zarafatdır; zarafat etməkdən özünü qoru. Hərçənd zarafat nə günahdır, nə eyib. Peyğəmbər (s.) də zarafat edib.

Hekayət.  Aişənin evində bir qarı var idi, bir gün Peyğəmbərdən (s.) soruşdu: “Ey Allahın elçisi, mənim üzüm behiştə gedənlərinki kimidir, ya cəhənnəmə”, yəni: “Mən behiştliyəm, ya cəhənnəmlik?” 
Deyirlər Allahın elçisi zarafat edərdi, lakin həm də doğrusunu deyərdi. Peyğəmbər (s.) zarafatyana qarıya deyir: “O dünyada heç bir qoca qadın behiştdə olmayacaq”. Qarının kefi pozulur, ağlamağa başlayır. 
Peyğəmbər (s.) gülərək deyir: “Ağlama, mənim sözümdə xilaf olabilməz, doğru dedim ki, heç bir qoca behiştdə olmayacaq, çünki qiyamət günü hamı qəbirdən cavan qalxacaq”. Qarının könlü açılır.

Zarafat etmək olar, lakin söyüş söymək yaramaz. Əgər söyüş etməli olsan, barı az söy və öz taylarına de ki, cavab qaytarsalar, eyib olmasın. Şit zarafat etdikdə də ona ciddilik qarışdır, lakin söyüşdən qaç. Doğrudur, hərzarafatda bir şitlik var, lakin həddini bilmək lazımdır. Hər nə desən, onu da eşidərsən, xalqa nə edirsənsə, onu da xalqdan gözləməlisən. Lakin heç kəslə dalaşma, dalaşmaq kişi işi deyil, arvad və uşaq işidir. Əgər, işdir, biriilə dalaşmalı olsan, elə dalaş ki, barışığa yer qalsın.

Çox da sırtıq və inad olma. Alçaq adamların ən pis xasiyyəti sırtıqlıq və inaddır. Ən gözəl sifət təvazökarlıqdır. Təvazö elə bir vergidir ki, heç kəs ona həsəd etməz. Hər sözbaşı demə: „a kişi!“, çünki səbəbsiz olaraq „a kişi“ deyən adam kişini kişilikdən salmış olar.

Şərab içmək, zarafat etmək, eşqbazlıq — bunların hamısı cavanların işidir, lakin bu işlərin əndazəsini bilmək yaxşıdır, bunları elə gözəl təşkil etmək olar ki, camaat sənə irad tuta bilməz.

İndi ki şərab içmək, zarafat etmək, nərd və şahmat haqqında bir neçə söz deyildi, istər-istəməz məhəbbət, eşqbazlıq qaydaları və onların şərtləri haqqında da bəzi şeylər demək lazım gəlir. Yerinə yetirib-yetirməyəcəyini bilmirəm, çünki ürəyə hökm etmək çətin işdir.

Qaynaq. kayzen.az