Bazar(bardak) iqtisadiyyatı şəraitində:

Bazar iqtisadiyyatı yarandığı gündən istənilən ekstermal şəraitdə satmaq bacarığı olan dəllallar, alverçilər, sırıyanlar, atanşiklər yaratdı. İstər istəməz bu qeyri-adi istedad sahibləri daha çox qazanmaq istəyi ilə gündən-günə daha da təkmilləşirlər, sırımağın yollarını öyrənirlər. Nə qədər öyrənsələr də yenə dar düşüncə ilə, keçmiş variantlarla sırıyırlar, amma bacarırlar. Bazar iqtisadiyyatı bizə gələndən bir qədər sonra isə, marketlər peyda oldu. Burda sırıyanlar demək olar ki yoxdur, amma adamı elə izləyənlər var ki, gəl

görəsən. Burda insan sərbəst olmalıdı, amma bir sıradan o biri sıraya keçən kimi izləndiyini görürsən, istər-istəməz satıcı qız sən keçən sıraya keçərək güya nəyisə düzəldir, daha başa düşmürlər ki, kamera var, o, hər şeyi izləyir. Marketlər yenə qənaətbəxşdir. Təsadüfən metronun çıxışındakı keçiddən keçəsən və ya bazara gedəsən, peşman olarsan. Bir neçə adam qarşısına bir yeşik alça qoyub satır. Deyəcəksiz ki, burda nə var ki? Burda bezmək var, burda bir cümlənin sürətlə və tez-tez təkrar olunması və s. kimi dəhşətli anlar var. Bunlar başa düşmürlər ki, camaat kor deyil, görür. Daha qışqırmağa ehtiyac yoxdur. Camaatın qulağını gözüylə səhv salmayın. Metroların çıxışındakı keçidlərdən keçmək xüsusi bir bacarıq tələb edir, çoxları bunu öyrənib. Adam əlindən, alıb-satan əlindən, ağzını ayırıb nəyəsə baxan əlindən keçiddən yolun digər tərəfinə keçmək uzun vaxt aparmaqla yanaşı həm də bezdirir.

Keçiddə nə desən var, qəzetdən tutmuş, göy göyərtiyə, alçaya( meyvələr fəsildən asılı olaraq dəyişir), pal-paltara, parfumeriya məhsullarına, disklərə, telefonlara, hətta internet kartlara kimi nə desən var. Satmağa səbri çatmayan alverçilərin çəkdiyi siqaretin tüstüsü içəridə vəziyyəti son dərəcə gərginləşdirir. Burdakı marketinq anlayışı elmə məlum deyil. Bu dəhşətli keçidi keçmək istəyirdim ki, arxadan kiminsə yüksək səslə, dayanmadan: “ yol verin, yol verin üstünüz kraska olacaq” deməsini eşitdim, bu qədər adamın içində boyalı nəsə aparmaq normal görünmədi, amma məsələ bununla bitmir. Camaat yol vermirdi yola verirdi. Mən də yola verdim, amma keçdikdən sonra boyalı nəyinsə olmasını görmədim.

Bu vay şüvən salan alça satan imiş, əlində bir qutu alça camaatı dolayır ki, yol verin üstünüz boya olacaq. Bu addımla nəqliyyatı asanlaşdırır, amma düşünmür ki, camaatı dolayır, camaat da dolanmağa öyrənib, heç kim etiraz etmədi. Keçidi çıxanda elə bil hardasa xor musiqisi oxunan bir zala girirsən, beş-altı alça satan dayanmadan alça alça…. deyə qışqırır. Limon satanlarla alça satanların səsləri bir birinə qarışmışdı, hərdən polad, polad və pusu, pusu sözləri və alıcının gəlmədiyini görəndə isə əəə(eee)… kimi səslər də işlədilirdi. Biri satanda digəri zarafatcasına “qoyun bizdə sataq da” kimi ismarıclar da verirdi. Diqqətimi bir çinli (vəzifəli mənada deyil, çin vətəndaşı mənasında) satıcı da cəlb etdi, fəqir döyükmüşdü, amma bağırmırdı, başını aşağı salıb alıcının gəlməsini gözləyirdi.

Mənbə. kayzen.az