Bernardo Bertoluccinin unudulmaz 5 filmi

Bernardo Bertoluccinin unudulmaz 5 filmi

Bernardo Bertolucci sadəcə italyan deyil, dünya kinosunun nəhəng kinorejissorlarından hesab olunur, «XX əsrin sonuncu böyük maestrosu» olaraq tanınır. 1960-cı illərin başlanğıcında filmlərini çəkməyə başlayan Bertolucci bir çox filmə imzasını atıb. Onun unudulmaz filmlərindən bəziləri... «Konformist» (1970) İtaliya-Fransa-Qərbi Almaniyanın birgə istehsalı olan bu siyası dramatik filmdə Bertolucci həm rejissor, həm də ssenaristdir. Faşist ideologiyasını tənqid edən bu filmdə milliyyətçilik, ortaq yaddaş kimi mövzulara toxunulur. Filmin qəhrəmanı Marcello (Jean-Louis Trintignant) italyan diktatoru Mussolini-yə xidmət göstərən, sual-cavab etmədən itaət edən bir konformistdir. Bal ayı üçün Parisə gedən zaman ona yeni bir vəzifə verilir. Ondan İtaliyada faşizmə qarşı bir təhlükə olaraq qəbul edilən yaşlı bir professoru tapıb öldürməsi istənilir.  Türkiyədə nümayişinə senzura qoyulan film, yalnız 1989-cu ilin aprelində 8-ci Beynəlxalq İstanbul Film Festivalı çərçivəsində göstərilib. «Parisdə sonuncu tanqo»(1972) İtaliya və Fransanın bu müştərək filmində Jeanne (Maria Schneider) ərə getməyə hazırlaşan parisli, sadə bir qadındır. Ev axtararkən Paul (Marlon Brando) adlı qəribə bir amerikalı ilə qarşılaşır. Yaşca ondan böyük olmasına baxmayaraq ondan çox təsirlənir. Onların arasında qəribə bir münasibət başlayır. Davamlı şəkildə bir yerdə olsalar da onlar bir-birlərinə həyatlarına dair heç bir şey soruşmurlar. Aralarındakı şəxsiyyət fərqliliyi ikisini də çıxılmaz bir yola sürükləyir. «Parisdə sonuncu tanqo» öz dövrünün ən erotik filmlərindən biri kimi qəbul edilir. Lakin film çəkilişi zamanı 19 yaşında olan Maria Schneider-in razılığı olmadan təcavüz səhnəsində oynamağa məcbur edilməsi iddiası rejissora qarşı tənqidi reaksiyalara səbəb olmuşdu. «1900» (1976) İtaliya istehsalı olan bu dövr tarixi filmi Bertolucci-nin vətəni Emilia ərazisində çəkilib və XX əsrin ilk yarısında İtaliyada baş verən qarışıqlıq içində iki nəfərin həyat xronologiyasını lentə alıb. Film dostluq, siyasi hadisələr və iqtisadi quruluş paralelində necə bir düşmənçiliyə çevrilə bilməsindən bəhs edir. İtaliyada məşhur torpaq sahiblərindən Berlingheri ailəsinin oğlu Alfredo (Robert De Niro) və kəndli Olmo (Gerard Depardieu) 1900-cü ildə, eyni gündə dünyaya gəliblər. Onlar ölkədə faşizm və kommunizm arasındakı siyasi münaqişənin nəinki şahidinə, hətta iştirakçısına çevrilirlər. Alfredo və Olmo arasındakı münasibət, yaşları artdıqca kəskinləşən təbəqə fərqliliyi, ölkə daxilində və xaricində baş verən siyasi problemlərə görə dostluqdan düşmənliyə çevrilir. Müharibəyə gedib qayıdan Alfredo artıq Olmo-nun gözündə məhv edilməsi lazım olan faşist bir lider vəziyyətinə gəlmişdir. Film 1976-cı ildə Cannes Film Festivalında nümayiş etdirilib, lakin müsabiqədə iştirak etməyib. «Sonuncu İmperator» (1987) ABŞ istehsalı olan film Çinin sonuncu imperatoru Pu Yi-nin həyat hekayəsindən bəhs edir. Bertolucci filmin ssenarisini Mark Peploe ilə birgə yazıb. Bu filmlə Çin hökuməti ilk dəfə «Qadağan olunmuş şəhər»də film çəkilişinə icazə verib. «Qadağan olunmuş şəhər» Pekinin mərkəzində yerləşən saraydır. Kino tarixinin ən çox mükafat alan, ən geniş ifaçı heyəti olan filmlərinin başında dayanan «Sonuncu imperator» dastansayağı bir hekayədir. 2 yaşında taxta çıxan Çinin sonuncu imperatoru Pu Yi-nin (John Lone) timsalında 60 ilin hekayəsi danışılır. Çəkilişi 2,5 il davam edən filmdə 19 mindən çox insan oynayıb. «Sonuncu imperator» Bertolucci-nin "Şərq Trilogiyası«nın ilk filmidir. Bu silsilə sonrakı illərdə çəkilən „Göylərin pərdəsi altında“ və „Balaca Budda“ filmləriylə tamamlanır. Film, „ən yaxşı rejissor“ və „ən yaxşı film“ kateqoriyası da daxil olmaqla ümumilikdə 9 Oscar mükafatını qazanıb. »Göylərin pərdəsi altında"(1990) Britaniya istehsalı olan film amerikalı yazıçı və bəstəkar Paul Bowles-in 1949-cu ildə yazdığı eyni adlı romanı əsasında çəkilmişdir. New York-dan olan Port (John Malkovich) və xanımı Kit (Debra Winger) nikahlarını xilas etmək və cansıxıcı münasibətlərinə həyəcan qatmaq üçün Afrikaya səyahət edirlər. Dostları George (Campbell Scott) da onlara bu səyahətdə yoldaşlıq edir. Səyahət Saxara səhrasında başa çatan zaman bu üç amerikalı öz həyatlarını kökündən dəyişdirəcək hadisələrin içinə sürüklənirlər. Qaynaq,BBC Azərbaycan  Qaynaq 2.kayzen.az
568 Views