Haradan bilək ki, aldığımız nemətdir, yoxsa istidrac?

Allahın insana bəla və ya nemət verməsi, bizim ölçü vahidimizlə hər zaman üstbəüst düşmür. Məxsusən də İlahi hikməti anlamayan və İlahi düzəni qəbul etməyənlər bu mövzularda daha çox azırlar. Ətrafda baş verən, bəzi insan ölçülərinə uyğun gəlməyən hadisələrdə Rəbbimizin yanaşmasını anlaya bilmirlər.

Bəzən onlara verilənləri nemət kimi görənlər və bunu özlərinə xüsusi lütf kimi qəbul edənlər, əslində bəlanın tam ortasında olduğunun fərqinə belə varmırlar. Əksinə, bəlalar içində qovrulan insanlar isə bunu Allahın nəzərindən uzaq düşmələri kimi qəbul edirlər ki, bu isə bəzən İlahi rəhmətə qərq olmadır. “Ənam” surəsinin 44-cü ayəsində Rəbbimiz bizim ölçülərə uyğun olmayan bir yanaşmasını təqdim edir:

“Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular”.

İstidrac – Allahın bəndəsinə ardı-arası kəsilməyən nemətlərin verməsidir ki, onun vasitəsi ilə bəndə bir an da olsun özünə qayıda bilməz və Allahın zikrindən məhrum qalar və Allahdan uzaq, qəflət halında qəfil olaraq canı alınar.

Ayədən göründüyü kimi, bizə nemət kimi görünən məsələlər – əslində Allahın insana göndərə biləcəyi ən böyük bəlalardandır. Rəbbimiz bu cür nemət sayılan şeyləri əzabını artırmaq istədiyi kəslərə də verir. Səbəb kimi isə insanların əsil hədəflərini – onlara vaxtilə xatırlanan məsələni bağladıqları əhdi unutmaları göstərilir.

Ayədən elə anlaşılır ki, toplumda elə insanlar da var ki, Rəbbimiz onlara Öz adının xatırlanmasını da belə, çox görür. Onlara bəla olaraq, başlarını özlərinə qarışdıra biləcək var-dövlət, sağlamlıq və bu kimi nemət kimi görünəcək şeyləri əta edir. Bu isə o kəsləri daha da qafil edir və Rəbbimiz onları elə bu halda da yaxalayır və hər şey ortada qalır. Onlar, onlara verilən nemətlər içində qərq olub, halları ilə fəxr etdikləri vaxt Allah verilən nemətlərin əsil səbəbini reallaşdırır.

Amma görəsən Rəbbimizin bəndələrini nemətlərinə qərq etməsi hər zaman istidrac halıdır, yoxsa başqa cür də olur?

Bu sualın cavabı kimi Həzrət Rəsulallahla (s) bir səhabənin dialoqu keçdiyi bir rəvayəti qeyd edirik.

“Mən Allahın qəzəbinə duçar olduğumdan şübhələnirəm” – narahatlığı ilə Rəsulallaha (s) bir səhabə yaxınlaşır. Rəsulallah (s) bu qənaətə nə üçün gəldiyini soruşduqda, səhabə deyir: “Allah mənə verdiyi nemətləri günü-gündən artırır. Hara gedirəmsə, sanki nemətlər qapısı üzümə açılır. Ya Rəsulallah, görəsən mən istidraca mübtəla olmuşam?”.

Rəsulallah (s) buyurur ki, bunu anlamağın çox sadə bir yolu var: “De görüm, o verilən nemətlərin müqabilində nə edirsən?”.

Səhabə deyir: “Ya Rəsulallah (s), verilən nemətlərin qarşılığında mən dəfələrlə şükür edib, o sərvəti İlahi xidmətdə sərf edirəm”.

Rəsulallah (s) təbəssüm edərək, buyurur: “Onda narahat olma, sənin əldə etdiklərin – Allahın qəzəbinin yox, rəhmətinin içində qərq olduğunun göstəricisidir”.

Rəbbimizin qəzəbindən uzaq olmaq ümidi ilə…

Yazar.Mətləb Həmzəli

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

Qaynaq sayt. deyerler.org