Özünü kəşf etmək

Özünü tanımayan insanlar öz
həbsxanalarını inşa edən məhkumlar kimidir.
Con U.Qardner

Sirakuza kralı Giyeron onun üçün qızıl tac düzəldən zərgərin taca gümüş qatması mövzusunda şübhəyə düşür və məsələni aydınlaşdırmağı o dövrün ən məşhur alimlərindən biri olan Arximedə tapşırır. Arximed gecəsini gündüzünə qatır və hər an bu məsələni düşünür. Taca zərər vermədən ona gümüş qatılıb-qatılmamasını öyrənmək istəyi artıq Arximed üçün vazkeçilməz duyğu halına gəlir.
Bir gün çimərkən Arximedin ağlına bir fikir gəlir. Suyun qaldırma qüvvəti sayəsində taca gümüş qatılıb-qatılmamasını öyrənmə fikri. Kəşfinin həyacanıyla çıl-çılpaq küçəyə çıxaraq qışqırmağa başlayır:
– Evrika, Evrika! Tapdım! Kəşf etdim!
Ya sizin bir kəşfiniz yoxdurmu? Hər il minlərlə kəşf olunarkən siz sadəcə tamaşaçımı qalacaqsınız? Bəlkə kəşf etməyi düşünməmisiniz? Ola bilsin, bu mövzuda heç də fikirləşməmisiniz? Bəlkə nəyi fikirləşəcəyiniz sizə məlum deyil? Ya edə biləcəyiniz ən böyük kəşfdən xəbəriniz varmı?
Bir az sonra oxuyacağınız sətirlər sizi ən böyük kəşfinizlə tanışlığa çıxaracaq. Amma əvvəlcə ABŞ Templ Universitetinin qurucusu Dr. Russel H. Convelin qələmə aldığı “Almaz ərazisi” hekayəsi.

Almaz ərazisi
Qədim dövrlər. Hind çayı sahilləri. Almaz yatağı taparaq var-dövlət sahibi olan insanların sayı günü-gündən artmaqdadır. Bütün ərazi bu xəbərlə çalxalanır. Hər kəs almaz axtarışı və xülyasındadır.
Böyük əraziyə, bağa-bağçaya sahib Əli Hafəd adlı bir nəfər bu xəbərlərdən elə mütəəssir olur ki, nəhayətdə bütün mal-mülkünü satıb zənginlik xəyalları ilə yola düşməyə qərar verir. Lakin illər sürən arayış, çəkilən zəhmət nəticəsiz qalır və o, yaşadığı hadisələrin təsirindən elə hala gəlir ki, özünü çaya ataraq intihar edir.
Digər tərəfdən mal-mülkün yeni sahibi həyəti dolaşarkən parlaq cisimlərlə qarşılaşır. Daşların gözəlliyinə heyran qalaraq onların bir neçəsini evinin ən görkəmli yerinə qoyur.
Yeni sahibkarın evinə bir gün yaşadığı yerin ən müdrik adamı qonaq gəlir. Evin görkəmli yerindəki daşlar qocanın diqqətini çəkir və yeni sahibkar ondan daşların almaz olduğunu öyrənir.
Sən demə, ərazi almazlarla doludur. Özünü çaya ataraq canına qəsd edən adam zənginliyi öz bağçasında axtarmaq yerinə ətrafda axtarmışdır. Halbuki, bütün zənginlik öz bağçasındadır.
İnsanların çoxunun sahib olduğu tipik hal. Başqalarının nailiyyətlərini alqışlayıb qibtə ilə baxarkən, özünün sahib olduğu böyük potensialdan bixəbər olma. Zənginlik daxildə gizli ikən, özünü heçliyin dəryasında boğma. Əslində Yaradıcı insanların hər birinə müvəffəqiyyət gətirəcək qabiliyyətlər və xüsusiyyətlər vermişdir. Lakin bu məqsədin meyvəsilə bəhrələnənlər verilmiş nemətləri pas tutmağa məhkum etməyənlərdir.
Ən böyük kəşfinizə biganə qalmayın! Özünüzü kəşf edin!
Bəzən bir sual gəlir ağla. Nə səbəbə özümüzü kəşf və idrak etməliyik?
Cavab bəsitdir. Bir az düşünün. Sahib olduqlarınız və xəyal etdikləriniz arasındakı fərqi nəzərdən keçirin. Böyük uçurumla qarşılaşacaqsınız. Bu özünüzü kəşfiniz üçün yetərli əsas deyilmi?
H.T.Bokl “Kim ki, qaranlığı hiss etmir, o işığa müraciət edə bilməz”, – deyir. Yaşadığınız qaranlıqlan özünükəşf fənəri ilə aydınladın!

Dəyişməyə qərar verin.
Uestminister monastırının zirzəmisində dəfn edilən Anqlikan keşişinin məzarı üstündə bu ifadələr yazılıdır:
“Gənc və xəyallarım sonsuz olduğu dövrdə dünyanı dəyişdirmək istəyirdim. Yaşlanıb dünya görüşüm artıqda dünyanın dəyişməyəcəyini anladım. Mən də istəklərimi bir az da azaldaraq məmləkətimi dəyişdirməyə qərar verdim. Halbuki, o da məndə dəyişilməyəcəyi təəssüratını buraxdı. Daha da yaşlanarkən son bir cəhdlə ailəmi və ən yaxınlarımı dəyişdirməyə qərara aldım. Amma, çox təəssüf, onları da qəbul etdirə bilmədim. Və indi ölüm döşəyində yatarkən fərqinə vardım ki, əvvəlcə yalnız özümü dəyişdirsəydim, nümunə olaraq ailəmi dəyişdirə bilərdim. Onlardan alacağım cəsarət və ilhamla məmləkətimi daha da inkişaf etdirərdim. Kim nə deyə bilər, bəlkə dünyanı da dəyişdirə bilərdim.
Ətrafınızdakıları dəyişdirməklə işə başlamayın. Çünki indilik dəyişməsi lazım olan sizsiniz. Dəyişməyə qərar verin.

Həyata fərqli prizmadan yanaşın.
Müvəffəqiyyətə gedən yolda əməl etməyiniz vacib olan prinsiplərdən biri həyata yanaşmanızı dəyişdirmənizdir. Con Kolenso “Həyata küsən insan həyatdan dərs ala bilməz”, – deyir. Həyata və gələcəyə daha inamla baxmalı, gözəl işlər görmə məqsədilə çalışmalısınız. Baxışınızla müvəffəqiyyət portretinizi çəkəcək, gələcək həyatınızı şəkilləndirəcəksiniz. Əşya və hadisələrin gözəl tərəflərini görmək zirvələrə yüksəlişə, bədbinlik isə heçliyə yelkən açmanıza zəmin yaradacaq. Unutmayın, həyatınız ona baxışınız və müvafiq davranışınızın yansımasıdır.
Bir gün ata və oğul meşədə gəzirlər. Necə olursa, oğul yıxılır və “Ah” deyib qışqırır. Elə həmin an qarşıdakı dağdan “Ah” deyə bir səs gəlir. Oğul səsin sahibin araşdırmaq üçün “Sən kimsən?”, – deyə səslənməyə başlayır. Aldığı cavab sualının eynisi olur – “Sən kimsən?”.
Oğul bu dəfə qəzəbindən “Sən qorxağın birisən”, – deyə səslənir. Dağdan gələn səs də onu qorxaqlıqla tənbeh edir.
Oğul atasına müraciət edərək məlumat almaq istəyir. Ata Oğlum, dinlə və öyrən”, – deyib dağa səslənir: “Sənə heyranam!”, – deyir. Gələn cavab “Sənə heyranam!”, – şəklində olur. Ata yenidən səslənib, “Sən möhtəşəmsən!”, – deyir. Dağdan cavab gəlir: “Sən möhtəşəmsən!”. Sonra hələ də bir şey anlamayıb onu təəccüblü baxışlarla seyr edən oğluna dönərək sözünə davam edir:
– Oğul, insanlar buna əks-səda deyirlər, amma əslində bu həyatdır. Həyat daima ona verdiklərini geri qaytarır. Həyat davranışların güzgüsüdür. Daha çox sevgi istədiyin zaman daha çox sev. Daha çox hörmət istəsən, daha çox hörmət et. İnsanların daha səbirli olmasını istəyirsənsə, daha səbirli olmağı öyrən. Bu qanun həyatımızın bir parçasıdır. Yadda saxla ki, həyatımız təsadüflərdən deyil, davranışlarımızın yansımasından ibarətdir.
Elə isə həyata yanaşmanızı dəyişin. Gözəl görüb, gözəl düşünün. Çünki ancaq gözəl görən gözəl düşünər və gözəl düşünən həyatından ləzzət alar.

Əsla “bit sindromuna” məruz qalmayın.
Məlumunuzdur ki, öz boyundan dəfələrlə yüksəyə tullanma sahəsində rekord göstərici bitlərə aiddir. Beləki, onlar boylarından 100 dəfə çox hündürlüyə tullana bilirlər. Bir insanın eyni performansı göstərməsi 200 metr hündürlüyə tullanmağı lazım qılır. Hətta işin daha da maraqlı yönü bitlərin 78 saat dayanmadan tullanmalarına davam etmələridir.
Bitlər üzərində aparılmış maraqlı bir təcrübənin nəticəsini sizlə paylaşmaq istəyirəm. Bir gün bitləri isidilmiş sacın üzərinə qoyurlar. Bu halda dayanmadan tullanmağa davam edən bitlərin tullanma hündürlükləri 60 sm təşkil edir. Sonra bitləri 30 sm hündürlükdə qaba qoyur və qapağını örtərək isidirlər. Tullandıqca başı qapağa dəyən bitlər beləliklə 29 sm hündürlüyə tullanmağa başlayırlar. Bir müddət belə saxladıqdan sonra qabı qapağı açıq şəkildə isitməyə davam edirlər. Lakin bitlər tullandıqları halda heç cür qabdan çıxa bilmirlər. Çünki artıq ən çox 29 sm hündürlüyə tullana biləcəklərinə qəbullanırlar.
Günlük həyatda sözü gedən hadisənin bənzəri insanlarda da müşahidə olunur. Qarşılaşılmış əngəllər bir müddət sonra insanları ümidsizliyə sövq edir və müvəffəq olmayacaqlarına inandırır. Özqəbullanmalar qabiliyyətləri korladır, xəyali baryerlər idealları puç edir.
Müvəffəq olmaq istəyirsinizsə, əsassız qəbullanmalarınızın məhsulu xəyali baryerləri yıxın. İmkanlarınız haqqında böyük düşünün və siz siz olun, əsla bit sindromuna məruz qalmayın. Çünki qazanmağa namizəd birinin itirilmiş bir məsələyə bağlanmağı qədər acınacaqlı durum ola bilməz.

İçinizdəki makiyajı silin.
Nədənsə çox vaxt “maska taxırmış” kimi hərəkət edirsiniz. Sevincli imiş kimi, zəngin imiş kimi, güclü imiş kimi, sakit imiş kimi olmadığınız birini canlandırırsınız. Özünüzümü aldadırsınız, yoxsa başqalarınımı?
Ən təbii halınızla özümüz olmağa çalışmalıyıq. Ancaq özünü sevməyən, güvənməyən insan ətrafına hasar çəkər gizlənmək üçün. Yox, əgər özünüzü həqiqətən sevirsinizsə, başqaları haqqınızda nə düşünürsə, düşünsün, siz düşüncələrinizi reallaşdırın. Heç bir makiyaja ehtiyac olmadan içinizdəki divi oyandırın.

Qəbullanmalara ram olmayın.
Qabilyyətlərinizi kəşf edib, imkanlarınız haqqında böyük düşünməyə başladınızmı, ətraf mühitin qəbullanmaları ilə qarşılaşacaqsınız. Hətta ən yaxınlarınız belə “Bu iş belə gəlib, belə gedər”, “Köhnə kəndə təzə qayda gətirməyə ehtiyac yoxdur” kimi sözlərlə həyata keçirməyi planladığınız layihələri mənasız sayacaq, yaşanılmış bənzəri nümunələri əsas gətirərək sizi vaz keçirmək istəyəcəklər. Ortada illərdir dəyişilməyəcəyinə inanılan qəbullanmalar var. Qəbullanmalara ram olmayın. Məsələn, 70 il əvvəl kinosevərlərin Tarzan olaraq tanıdığı Conni Veysmuller dünyaya gəlmiş-getmiş ən böyük üzgüçü hesab olunurdu. 1924-cü il Paris Olimpiada oyunlarının əfsanəvi iştirakçısı sayılan Veysmuller 100 və 400 m sərbəst üzgüçülük üzrə qızıl medal almaqla yanaşı,4×200 m üzrə yarışlarda da birincilik əldə edən komandada iştirak etmiş və üç birincilik qazanmışdı. 1928-ci il Amsterdam Olimpiadasında nailiyyətlərinə 2 qızıl da əlavə etmişdi. Əllidən çox rekord, məhz onun adını daşıyırdı. Beləcə, dünyadakı bütün məşqçilər və mütəxəssislər “Kimsə Conni Veysmullerin rekordunu qıra bilməz”, – deyirdi.
Bilirsinizmi Tarzanın rekordlarını indi kimlər qırır? 13 yaşlı qızlar. 1936-cı ilin olimpiada rekordları 1972-ci il olimpiadalarına qəbul edilmə standartı hesab olunurdu.
Demək ki, qırılmış rekordlar yenidən də qırıla bilər. Elə isə, içində boğulmağa üz tutduğunuz qəbullanmalar vakuumunu qırın. Əmin olun, istəsəniz veriləcək, axtardığınız tapılacaq və vurduğunuz qapı mütləq üzünüzə açılacaq.

Cəsarətinizi toplayın.
Tommi məktəb dərslərini oxumaqda çətinlik çəkirdi. Davamlı sual soruşur, lakin dərs proqramını mənimsəyə bilmirdi. Atdığı hər addım uğursuzluqla nəticələnirdi. Nəhayətdə müəllimi onun valideyninə şikayət edib, öyrənə bilmədiyini və heç cür müvəffəq olmayacağını söyləyir. Lakin anası Tommiyə güvənməkdədir. Dolayısıyla özü evdə oğluna dərs verməyə başlayır. Və hər uğursuzluqla nəticələnən işdə ona cəsarət verir.
Sizcə aldığı cəsarət Tommiyə nəyi bəxş etdi? O, bir ixtiraçı oldu və o qədər ixtiraya imza atdı ki, bu səbəblə ona Menlo parkının sehrbazı dedilər. Minə yaxın patentin sahibi halına gəldi. Bu şəxs ixtirası ilə dünyamızı aydınlığa boğan Tomas Alva Edisondur. Cəsarəti sayəsində milyonların tanıdığı insan olmuşdu.
Məhz, bu səbəbdən Neyrolinqvsitik Proqramlaşdırma mövzusunda verdiyi seminarlar və qələmə aldığı yazılar ilə tanınan Məhəmməd Bozdağ cəsarət haqqında “Varlığınız cəsarətinizə bağlıdır”-deyir. “Cəsarətiniz varsa, hər kəs sizin varlığınızı hiss edər. Sizi insanların dünyasına sadəcə cəsarətiniz daşıyar. Cəsarətiniz yoxdursa, iç dünyanıza məhkum olarsınız”.
Demək ki, zəfərin ilk şərti cəsarətdir və ən pis halda qələbəyə bərabər məğlubiyyətdir, çünki cəhdiniz fiasko ilə nəticələnsə də, öz inam və güvəniniz ölməz.
Cəsur davranmağa ehtiyacınız var. Bilirsiniz, tısbağaları sadəcə başlarından vurub öldürmək olur. Lakin onlar irəliləmək üçün başlarını önə çıxarıb, həyatlarını risk altına alırlar. Qazanmaq üçün itirməyi, gəzmək üçün yıxılmağı göz önünə almalısınız. Əslində, o qədər də itirəcək deyilsiniz. Yoxsa, Yaradıcının nemətləri başımızdan yağmur kimi yağdırdığının fərqində deyilsinizmi?

Var gücünüzlə çalışın.
Tomas Edison “Yetmiş yaşına gəlmiş insan bir iş görmədiyi gün ölümə məhkumdur”, – deyir. Cəsarətinizlə təkan verdiyiniz qabiliyyət lokomotivinizi çalışmalarınızla hərəkətə gətirin. Var gücünüzlə çalışın.
Axıcılığını itirən suların qoxmağa üz tutması kimi tənbəl insanların da həyatlarının puç olması mütləqdir. Çünki insanda rahat etmə arzusu ilk ölüm xəbərdarlığı və işarəsidir. Özünü tamamən rahatlığın qucağına atan, tənbəlliyin pəncəsinə tərk edən insanlar üçün isə bu hal gələcək məhrumiyyətlərin xəbərdarlıq dəvətnaməsidir.

Başqa yolunuz yoxdur.
Bir gün ata oğluna timsah ilə tısbağanın hekayəsini danışır:
– Timsah tısbağanın yemək istəyir və onu qovalamağa başlayır. Tam tutmaq üzərə ikən tısbağa var gücü ilə kənara sıçrayır və ağaca dırmanır.
Elə bu an oğul “Ata, heç tısbağa da ağaca çıxar?”, – deyə etiraz etməyə başlayır.
– “Çıxmalıdır, oğlum. Başqa yolu yoxdur. Qurtulmaq naminə mütləq çıxmalıdır.
Lətifədən gerçəyə, demək ki, həyat bizə böyük çətinlikləri də təklif edəcək. Özünüzü və qabiliyyətlərinizi düşünün. Ailənizi və yaxınlarınızı düşünün. Başqa yolunuz yoxdur. Olmazları bacarmalısınız!
Artıq daxili imkan və qabiliyyətlərinizi kəşf etdiniz. Varlığınızın fərqindəsiniz. Müvəffəqiyyətə gedən yolun növbəti stansiyası “xəyal dünyası” olacaq.

Müəllif: Əsədulla Əliyev
Mənbə: Müvəffəqiyyətə gedən yol

Mənbə.sayt. bilgibazarı.com

Bir Cevap Yazın

Your email address will not be published.