Qəhrəman ana! (SSRİ)

1944-cü ilin iyul ayının 8-də SSRİ də qərar qəbul olundu ki, çoxuşaqlı analar “qəhrəman” adını alsınlar və ordenlə mükafatlandırılınlar.

Qəhrəman ana. 10 uşağa sahib olan ailələr çoxuşaqlı ailələr adlandırılaraq, analara qəhrəman adı verilir və bu ailələr dəyərləndirilirdi. Müxtəlif yerlərdə də analar qəhrəman adını alırdılar və illər ərzində minlərlər qadınlar bu adlara layiq görüldülər. Amma, bu,  yerlərdə fərqli olaraq övlad sayına görə dəyişilirdi.

Azərbaycanda isə səhv etmirəmsə 5 uşaqlı analar artıq qəhrəman ana sayılır və   “Qəhrəman ana”, “Şöhrət”, “Analıq şöhrəti”, “Analıq şərəfi” ordenləri  kimi orden və medallarla fərqləndirilirdilər.

Bəs indi qəhrəman ana varmı ki?
Var, amma, azlıq təşkil edir. Ya da ki, baxır onun qəhrəmanlığına. Mənim anamgil 7 uşaq olublar. Babam öləndə ən böyükləri 12 yaşında, ən kiçikləri isə 6 aylıq olub. Körpə-körpə uşaqlar- nənəm bu uşaqları savadsız (o vaxtı atalar qızları oxutmağa üstünlük vermirdilər, nənəmin də atası onu oxumağa buraxmayıb) olduğu halda tək başına elə böyüdüb ki, heç kim deyə bilməzmiş ki, bunlar yetimdilər. Nə bir tikə çörəyə, nə geyimə, nə də başqa bir şeyə möhtac olublar. Gecələr də yuxu yatmayıb, paltarlar tikib başa vurarmış ki, səhər onları təhfil verib, pulunu alsın.

Hər şeyin qıt olduğu vaxtda işgüzarlıq, hər şeyin bol olduğu vaxtda isə hədsiz yorğunluq, bezmək, təmbəllik. Tərəzidə hər şeyin bol olduğu, texnikanın irəlilədiyi indiki zamanın yorğunluğu ağır və maraqlı gəlir. O vaxtı nə paltaryuyanmaşın var idi, nə avtomatik isti-soyuq su, nə də pampaers; dayə də tutmazdılar. O vaxtın qadınları uşaqlara elə baxırdılar ki, gəl görəsən. O zaman heç “uff” da demirdilər. Uşaqları boya başa çatdırıb, lazımınca oxudurdular. İndi isə 1-2 uşaq vəssəlam. Onları da zar, zor böyüdürük. İndi deyirik ki, uşağa baxmaq çox çətindir, uşaq saxlamaq olmur. Pulu da səbəb götürürük. Amma, övlad payını verən Allah, onun nemətini verir. Həm də ki, evdə 1 qab yemək varsa, demək o iki nəfərə çatar, iki qab yemək varsa üç nəfərə və beləcə neçə nəfər varsa, Allaha şükür, hamı doyar. Amma, bu da bizi qane etmir.Böyütdüyümüz o 1-2 uşaq da cəmiyyətin mənfi təsirinə məruz qalıb, mənfi xüsusiyyətlər daşıyır (təbii ki, bu dediklərim hamıya aid deyil). Demək ki, düzgün böyütmürük ki, o da zəif düşür. Bəs biz nəyi düz edirik?

Anaların qarşısında baş əyirəm. Amma, hər zaman deyib, üstündə durduğum bir söz var: analıq övladı doğub, dünyaya gətirmək deyil. Analıq seriala, filmə baxım, rahat oturum deyə uşağı saatlarla kompüter arxasında saxlamaq deyil, sonra uşaq buna öyrəşəndə dizimizə döyürük, ya da heç döymürük. Analıq qadının dözləri formada, gözəl qalsın deyə uşağı öz südündən məhrum etmək deyil, uşaq yatsın deyə onun çayına, suyuna dərman qatmaq deyil… Analıq başqa şeydir. Mən hələ bu hissi bilmirəm, yaşamıram, heç bilmirəm ki, bu qədər danışıram, danışıram, amma, özüm necə olacam. Hər halda görüb, öyrəndiklərim də mənə bir dərsdir. Gördüyüm mənfilərdən təəssüflə, müsbətlərdən isə sevə-sevə dərs alıram.

Məncə indi qəhrəman ana yox dərəcəsindədir. Sadəcə müxtəlif düşüncəyə, xüsusiyyətə, xasiyyətə malik analar var. Əslində qəhrəman olmaq da asan deyil, belə götürəndə heç qəhrəman olmaq lazım da deyil, sadəcə öz borcumuzu ürəkdən və layiqincə yerinə yetirək, vəssəlam. Qiyməti də Allah verər, inşallah.

Mənbə sayt. kayzen.az