Hollandiyanın “qol maşını” Yazı+Fotolar

Bəzən “Van Tor”, “Nistelqol”, ya da “The Ruud Devil” deyə çağırıldı, bəzən də “istənilməyən adam” elan edildi. Amma iştirak etdiyi oyunlarda istedadını göstərməkdən, qol keyfiyyətlərini sərgiləməkdən heç vaxt geri qalmadı.

Komanda.az istinadən

Ruud Van Nistelroy “Den Boş”u tərk edib, “Herenven”ə keçəndə, böyük ehtimalla, məşqçisi Foppe de Haandan başqa, heç kim 22 yaşlı orta sahə futbolçusunun Avropanın ən böyük hücumçularından biri olacağını bilmirdi. Amma De Haan qısa zamanda elə bir futbolçu yaratdı ki, onu sadəcə bir mövsüm əlində saxlaya bildi.

Məşqçisi onun haqqında danışarkən, “Ondan bir səhifəyə oyunlardakı qaçışını, digər səhifəyə topla nə qədər irəlilədiyini və ötürmələrini qeyd etməsini istədim. Sonra bunları dəyərləndirib, növbəti həftə üçün qarşımıza hədəflər qoyduq” deyir. Bu üsulun qısa zamanda belə təsirli olmasını De Haan belə şərh edir:

“Bir insana etməsi lazım olanları deməkdənsə, bunu özünün görməsini təmin etmək daha təsirli olur”.

Nistelroy, De Haan və onun metodu haqqında danışarkən, “Foppe de Haan məni formalaşdıran və başdan yaradan biridir. O qeydlər necə oldu deyə soruşsaz, onları hələ də saxlayıram” deyir.

Qısa zaman sonra De Haanın yaratdığı “qol maşını”na müxtəlif adlar, ləqəblər verilməyə başlayır. İngilislər ona “Devil Ruud” və ya “Nistelqol”, almanlar “Van Tor”, ispanlar isə “Van qol” deyirdilər.

“Herenven”də keçirdiyi sonuncu mövsümündə komandasına faydası çox dəyməsə də, Hollandiya millisinin heyətinə dəvət almağa başladı. Sadəcə sonradan transfer olunduğu PSV deyil, “Mançester Yunayted” də onunla maraqlanırdı. Həmin illərdə “qırmızı şeytanlar”ın ulduz futbolçuları “oğurlayan” seleksiyaçısı Martin Ferqyuson, “Əslində, onu gördüyüm oyuna qapıçılardan birini izləmək üçün getmişdim. Əvvəllər Nistelroy deyə bir ad eşitməmişdim. Oyunun gedişatında Hollandiyada olan nümayəndəmizdən “10 nömrə kimdir” deyə, soruşdum, o isə mənə “10 nömrəni boş ver, “Mançester Yunayted”lik futbolçu deyil” dedi. Buna baxmayaraq, mən ondan bu futbolçunu izləməsini istəmişdim” deyir.

Van Nistelroy Hollandiya millisi ilə heç bir böyük turnirdə uğur qazanmasa da, həmvətənləri onu çox sevirlər

1998-ci ildə Martin atası Aleks Ferqyusona bu futbolçu haqqında məlumat verəndə, artıq PSV Nistelroyla razılıq əldə etmişdi. Bu gecikmə İngiltərə təmsilçisinə 21,5 milyon avroya başa gəlir. PSV isə o vaxta qədər bir hollandiyalı futbolçu üçün ödənilən ən yüksək məbləği gözdən çıxarmaq məcburiyyətində qalmışdı. Amma Van Nistelroy elə ilk mövsümündə bu pula artıqlaması ilə layiq olduğunu vurduğu 31 qolla sübut edəcəkdi. Bu rəqəm Erediviziyanın təşkil olunduğu ildən (1956-1957) bu yana Coen Dillenin vurduğu 43 qoldan sonra PSV-li bir futbolçunun çatdığı ən yüksək rəqəm idi. Və Van Nistelroy bunun nəticəsində Hollandiyada ilin futbolçusu seçildi. PSV-nin çox uğurlu keçirmədiyi mövsümü 3-cü pillədə bitirməsinə baxmayaraq, “Van qol” Avropada ən çox qol vuran ikinci futbolçu oldu.

1999-2000-ci il mövsümünün sonunda Ruud yenə bombardir olarkən, PSV də çempionatı ilk pillədə tamamlayır. Amma PSV azarkeşləri üçün bunlardan daha vacibi, əzəli rəqibləri olan “Ayaks”la keçirilən hər iki çempionat oyununda Van Nistelroyun het-triklə yadda qalması idi. Onlar üçün “Ayaks”ı məğlub etmək bir mövsümə bərabər idi və Van Nistelroy bunu tək bacardı.

AÇ-2000-dən əvvəl hollandiyalıları və “Mançester Yunayted”i təəssüfləndirən əsas məsələ “qol maşını”nın yaşadığı ardıcıl zədələr idi. Mart ayında əzələsində olan iki yırtıq yenicə sağalırdı ki, Van Nistelroy bu dəfə məşqlərin birində ayağından zədələndi və bu zədə onu həm AÇ-2000-dən, həm də mövsümün böyük bir hissəsindən məhrum edəcəkdi. Eyni zamanda, PSV ilə transferdə razılığa gələn “Mançester Yunayted” də daha bir mövsüm gözləmək məcburiyyətində qalırdı. Bu keçidin bu qədər uzanması İngiltərə klubunun prezidenti Martin Edvardsla baş məşqçi Aleks Ferqyuson arasında problemlərə səbəb olsa da, transfer nəhayət, 2001-ci ilin yazında baş tutur. Amma Van Nistelroyun İngiltərə macərası istədiyi kimi başlamır…

İngiltərə mətbuatı klubu və məşqçini “Devil Ruud”a çox məvacib verdiyinə görə tənqid edirdi. Futbolçu isə bütün açıqlamalarında “Mançester Yunayted”in ona güvəndiyini və bu məbləğin çox olmadığını deyirdi. Lakin deməklə kifayətlənmirdi, həm də meydanda göstərirdi. Premyer Liqada keçirdiyi ilk oyunda “Fulhem”ə iki qol vuran hücumçunun İngiltərədəki ilk mövsümü uğurlu keçir və o, ilin futbolçusu seçilir.

O, “Mançester Yunayted” formasıyla çıxdığı ikinci mövsümdə iştirak etdiyi 45 oyunda 39 dəfə qol vurmağı bacardı. Bundan başqa, “Fulhem”lə oyunda bütün komandanı keçərək vurduğu qol, Premyer Liqa tarixinin ən gözəl qolları arasında daxil olur. “Mançester Yunayted”də keçirdiyi 4 il ərzində adını klubun əfsanələri sırasına yazdırmağı bacarır. Ruud “Lion”a vurduğu iki qolla avrokuboklardakı qolların sayını 30-a çatdırır və klubun digər əfsanəsi Denis Lounu geridə qoyur.

O, hər şeyə səbrli yanaşsa da, qəbul edə bilmədiyi yeganə şey oynamamaq idi. 2005-2006-cı il mövsümündə Ferqyuson onu ardıcıl 6 oyunda ehtiyatda saxladıqdan sonra tərəflər arasında münasibətlər gərginləşməyə başlayır. Nistelroy qol vurmağa davam etsə də, baş məşqçinin əsas favoriti artıq Kriştiano Ronaldo idi. O, əvvəlcə Luis Saha ilə, sonra da Ronaldo ilə məşqlərdə mübahisə edir. Onun son olaraq, portuqaliyalı hücumçuya “indi get, atana şikayət et” deməsi, böyük qalmaqalın başlanğıcı olur. Hər kəs onun Ronaldonun mövsümün əvvəlində vəfat edən atasını nəzərdə tutduğunu düşünsə də, əslində isə o, Ferqyusonun portuqaliyalı köməkçisini nəzərdə tuturdu. Bu dəfə isə son qərarını verir və mövsümün son oyununun başlanmasına saatlar qalmış stadionu tərk edir. Bobbi Robsonun dediyi kimi, “Mançester Yunayted” hər kəsdən vacib idi, amma MY Ferqyuson demək idi”.

“Mançester Yunayted”də keçirdiyi 5 mövsüm ərzində 3 liqa çempionluğu, bir liqa kubokunu qazanan, bir dəfə İngiltərənin ən yaxşı futbolçusu seçilən, bir dəfə dünyada ilin bombardiri, üç dəfə Çempionlar Liqasının bombardiri olan Van Nistelroyun 2006-cı ildə yaşadığı problemlər təkcə baş məşqçiylə məhdudlaşmırdı. Bir zamanlar idealı olan, Hollandiya milli komandasının baş məşqçisi Marko van Bastenlə dünya çempionatında, Portuqaliya ilə oyundan əvvəl mübahisə edir və heyətdən kənarlaşdırılır. Bundan sonra özünə yeni bir başlanğıc yaratmaq üçün “Real”a keçir. Özünü yenidən sübut etmək üçün vaxtı olmayan Van Nistelroy, mövsümün ilk 10 oyununda 8 qolla yadda qalmağı bacardı. Həmin vaxt “Real”ın baş məşqçisi olan Fabio Kapello, futbolçunun 4 qol vurduğu “Ossasuna” ilə matçdan sonra “Qolun qoxusunu hiss edir. Hazırda dünyanın ən yaxşısıdır” demişdi.

“Real”da keçirdiyi iki mövsümdə yaşadığı bütün problemləri geridə buraxmışdı. Bu müddət ərzində iki dəfə La Liqa çempionluğu, bir dəfə İspaniya kuboku və bir dəfə La Liqanın ən yaxşı hücumçusuna verilən “Piçiçi” mükafatına layiq görülmüşdü. Bu uğurlardan sonra onun milliyə yolu yenidən açıldı.

AÇ-2008-in qrup mərhələsində heyətlə bağlı sıxıntılar yaşayan Van Basten, onu yenidən heyətə çağırmağa qərar verdi. Amma onun bu təklifini futbolçu, “Milli komandaya nə vaxt qayıdacağıma başqaları deyil, mən qərar verərəm” deyərək, rədd edir. Daha sonra Van der Sar tərəflər arasında münasibətlərin mülayimləşməsinə səbəb olur və Van Nistelroy milli komandya qayıtmağa qərar verir. Qayıtma səbəbini də özünəməxsus şəkildə izah edir: “Hollandiyanın ən yaxşı futbolçularını izləmək azarkeşlərimizin haqqıdır və mən də onlardan biriyəm. Buna görə də, milliyə qayıtdım”.

Hollandiya millisi turnirin 1/4 final mərhələsində mübarizəni dayandırır. Van Nistelroy üçün isə bu, zirvədə olduğu son böyük turnir oldu. Yaşadığı ardıcıl zədələrdən sonra əvvəlki formasını bərpa edə bilməyən futbolçu, 2008-ci ildə əzələ yırtığına görə bütün mövsümü əldən buraxır. Növbəti  mövsümdə isə artıq “Real”ın ona ehtiyacı yox idi. Buna baxmayaraq, Madriddən İngiltərədə olduğu kimi ayrılmadı. Klubun prezidenti Florentino Perez və idman direktoru, 70 min azarkeşin qarşısında hollandiyalı futbolçuya təşəkkür edərkən, o, azarkeşlərə “Çox təəssüflənirəm, amma futbol oynamağım lazımdır” dedi.

33 yaşı olmasına baxmayaraq, bir çox klubun hədəfində olan futbolçu “Hamburq”a transfer olunur. Əvvəlki formasından uzaq olması dəqiq idi, amma “Hamburq”un heyətində keçirdiyi ikinci oyunda “Ştutqart”ın qapısına iki qolu 90 saniyə ərzində vurdu.

Hər kəs karyerasının sona gəldiyini düşünsə də, o, bir mövsüm daha oynamağa qərar verir və 2011-2012-ci il mövsümünü “Malaqa”da keçirir. Çox şans qazanmasa da, gənc futbolçu Rondona etdiyi köməkliklər klubun Çempionlar Liqasına vəsiqə əldə etməsində böyük rol oynadı. “Çempionlar Liqasında oynamaq istəyərdim, amma artıq futbolu buraxmanın vaxtıdır. Fiziki olaraq yüksək səviyyədə futbol oynayacaq vəziyyətdə deyiləm” deyərək, 35 yaşında karyerasını bitirir.

20 illik futbolçu karyerası ərzində 450-dən çox oyun keçirən Ruud van Nistelroy, 250-dən çox qol vurur. Hər nə qədər tərs, qazanmaq üçün hər şeyi edən biri olsa da, öz dövrünün ən yaxşılarından biri olduğunu inkar etmək mümkün deyil.

Yazar. Aygül Qarayeva

Mənbə. komanda.az