Həyat da bir məktəbdir! (Slumdog Millionaire film)

Aylar öncə bir film (“Xarabalıqdan çıxmış milyonçu”, “Slumdog Millionaire”, “Миллионер из трущоб”) izlədim. Hansı ki, bu film 2009-cu ildə mükafatlara da layiq görüldü. Mən də izlədim və istədim ki, öz təəssüratlarımı bölüşəm. Filmdən çıxartdığım nəticə: həyat da bir məktəbdir, elə deyilmi?! Həm də böyük məktəb!

Film mənə çox təsir etmişdi.Məncə filmi hər biriniz izləmiş olarsınız, amma, filmi izləməyənlər üçün bildirim ki, film kasıb, töküntü bir yerdən olan oğlandan, o oğlanın yaşamında başına gələnlərdən və bütün bunların onun milyonlara sahib olmasından bəhs edir. Ən əsası da sonda sevdiyi qıza qovuşur.


Qısacası oğlanın sevdiyi qız həmişə milyonçu verlişini izləyirmiş və elə olur ki, müxtəlif səbəblərdən dolayı onlar bir-birindən ayrı düşürlər. Oğlan da düşünür ki, əgər o bu verlişə çıxarsa qız onu görər və onların qovuşmaq şansı olar. Oğlan çox çətin həyat şərtləri ilə böyümüş, oxumamış biridir və onun milyonçu verlişinə düşüb, bütün suallara doğru cavab verib, pulları qazanması hamını heyrətə salır və verliş aparıcısı düşünür ki, burda nəsə yolunda deyil, guya oğlan bu suallara hec cürə cavab verə bilməz, deməli burda hiylə var. Bundan sonra aparıcı onu həbsə verir ki, bu oğlanı danışdırıb, nə hiylə törətdiyini bilsinlər. Oğlan da öz növbəsində bu suallara necə cavab verdiyini danışır. O hər sualda öz həyatının bir məqamını xatırlayır. O dərsi, savadı kitablardan, məktəblərdən yox, həyatdan alıb və beləcə, o, suallara da cavab verib.

Bilirsinizmi, filmdə mənə təsir edən nə oldu? Bizlər tez-tez təhsildən, bilikdən, savaddan, dünya görüşünüdən çox dəm vururuq. Amma, bəzən bəi şeylər bizə bir “stop” deyir. “Dur da ətrafa yaxşıca boylan” deyir. Hər şey əksinə necə də başqadır.

Bir dəfə bir bloqda təhsil, kitab oxumaq haqqında bir yazı var idi və bu yazının ətrafında çox müzakirələr, mübahisələr olunmuşdu və mən də o vaxt belə bir şərh yazmışdım ki, bəzi insanlar ancaq düşünürlər ki, bir iş görüm, çörək pulu qazanım, balalarım ac qalmasın…və təsəvvür edin belə fikirlərlə gününü keçirən bir insanın həvəsi hardandır ki, kitablarla maraqlansın, oxusun…Həvəs də bir yana, heç vaxt da yoxdur. Çoxları deyəcək ki, kitab oxumaq istəyən gecə də oxuyar. Ay başına dönüm, bəs bu adam bütün günün mənəvi və fiziki yorğunluğunu necə çıxardacaq!? Çətin ki, həmən an Poelo Koelyo və ya digərləri ona yuxunu əvəz edəcək qədər şirin və gərəkli ola.
Mən də, o filmə baxdıqdan sonra həmən o yazını xatırladım və bir daha öz sözlərimin üstündə durdum.

Film insanı elə bil əsl həyata qaytarır. Hətta filmdə onlar hələ uşaq ikən biri iki turisti gəzdirən vaxt digərləri maşının nəyi var idisə söküb, aparmışdılar. Bu turistlər qayıdıb bu halı görəndə, uşaq onlara belə bir söz dedi: “Hindistanı gəzmək, görmək istəyirdiniz, bu da sizə əsl Hindistan.”

Bəli həyat bir rəngdən ibarət deyil, ağı da var qarası da, qırmızısı da var, yaşılı da və s. Biz isə ancaq birindən yapışır, qovrulduğumuz həyatın rəngində bişib gedirik. Danışanda da elə danışırıq ki, elə bil dünyanı biz yaratmış, hər şeyin doğrusunu biz bilirik. Mütləq oxumaq, oxumaq, oxumaq.. Bəli bu mütləqdir, vacibdir, amma, məncə oxumayanları, daha doğrusu da oxuya bilməyənləri, həyatda yaşaya bilmək üçün mübarizə aparanları dəhşətlə qınamaq da lazım deyil. Həyat çox başqadır. Kiminə rahat, kiminə çətin. Bir şeyi bir daha lap yaxşı başa düşdüm ki, həyat özü də məktəbdir.

Mənbə. kayzen.az