Tovuzquşunun və qarışqanın timsalında, İmam Əli (ə) Yaradanı tanımağa bizə belə yardım edir

Uca Allahı müxtəlif yollarla tanıyıb, isbat etmək olar. Bəzilərinə sadə yollarla, bəzilərinə orta yolla və bəzilərinə də bürhan yolu ilə.

“Nəhcul-bəlağə” bizə Allahı bürhan yolu ilə tanıdır.

İmam Əli (ə) buyurur: “Allah qəribə varlıqlar yaratmışdır. Bəziləri canlı və bəziləri də cansızdır. Bəziləri sakit və bəziləri hərəkətdədir. Aşkar dəlillərlə onu yaradanın gözəlliyinə və böyüklüyünə şəhadət verər.

Onların ən qəribəsi – tovuzquşudur. Onun rənglərini ən gözəl tərtiblə yerləşdirmişdir. Quyruğunu uzun etmişdir. Dişiyə yaxınlaşan zaman o, quyruğunu yüksəyə qaldırar və sanki açılmış yelkən kimi olar. Öz rəngləri ilə naz edər. Şad halda quyruğunu bir tərəfdən o biri tərəfə tərpədər.

Əgər onu torpağın cücərtdiyinə bənzətmək istəsək, bahar gülünə bənzədərik. Əgər zivərlərini nəyəsə bənzətmək istəsək, rəngarəng olan zinət daşlarına bənzəyər.

Məgər Allahın yaratdığı ən xırda şeylərə nəzər salmırlar? Allah necə onun varlığını möhkəm etmişdir və tərkibini bərqərar etmişdir? Ona eşitmək və görmək qabiliyyəti vermişdir. Onun üçün sümük və dəri xəlq etmişdir.

Qarışqaya nəzər salsın və onun bədəninin xırdalığına baxsın. Belə ki, gözlərinin kənarını görmək olmur, düşünərək xilqətinin necəliyini tapmaq olmur. Necə torpağın üzərində hərəkət edir və ruzisi dalınca qaçır. Necə dənələri yuvasına aparır. Onun bədəni, onun gözləri və qulağı necədir.

Xilqətində möcüzədən başqasını görməzsən”.

Əgər İmamın (ə) gətirdiyi bürhanlara nəzər salsaq görərik ki, Həzrət (ə) zahirən çox sadə, ancaq dərin mənalı sözləri ilə Allahı bizə tanıdır və isbat edir. O, canlılardan elə misallar çəkir ki, həqiqətən onun haqqında düşünən qəlb üçün agahlıq və qəflətdən ayılmaq vardır. (Beytutə)

Allahın yaratdığı hər bir məxluq gözəldir. İstər ən xırda varlığı olsun, istərsə də ən böyük varlığı. Hər birində o qədər möcüzə və qəribəliklər müşahidə etmək olar ki, aqil insan ancaq onun Yaradanına iman gətirmək və Ona təslim olmaq qalır.

Mənbə. /Deyerler.org/