Əsrin müqaviləsi

1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildikdən sonra Azərbaycana, onun zəngin yeraltı və yerüstü sərvətlərinə Amerika, Avropa və Asiyanın aparıcı dövlətlərinin marağı bir qədər də artdı. Xəzər dənizi və Xəzər hövzəsi rayonu Rusiya və İran kimi dövlətlərlə yanaşı digər ölkələrin də maraq obyektinə çevrildi. Burada əsas səbəb bölgənin geosiyasi və iqtisadi əhəmiyyətini, Xəzərin zəngin karbohidrogen ehtiyatları və digər sərvətləri idi. Bu baxımdan Azərbaycanın yürütdüyü xarici siyasət kursu mühüm əhəmiyyət daşıyırdı.

1993-cü ildən bəri yürüdülən xarici siyasət region ölkələri, Avropa dövlətləri və Amerika Birləşmiş Ştatları ilə hərtərəfli iqtisadi əlaqələrin qurulmasına, xüsusən enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək prioritet istiqamət təşkil edir. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev Azərbaycanın xarici siyasətinin təməl prinsiplərindən biri kimi ölkəmizin milli maraqlarını və xarici dövlətlərin qarşılıqlı mənafelərini nəzərə almaqla, Azərbaycanın neft ehtiyatlarına maraq göstərən hər bir ölkəylə qarşılıqlı-faydalı əməkdaşlığa hazır olduğunu bəyan etdi. Əsas məqsəd ölkənin mövcud sərvətlərinə, o cümlədən zəngin neft və qaz ehtiyatlarına sahib olmaq, onlardan dövlətin möhkəmlənməsi, əhalinin həyat şəraitinin yaxşılaşması və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində düzgün istifadə etmək idi. Bu yolda ilk uğur “Əsrin müqaviləsi” kimi tarixə düşmüş neft kontraktı oldu.

1994-cü ilin 20 sentyabrında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqqında” sazişin imzalanmasıyla Azərbaycan neft sənayesi tarixində tamamilə yeni era başlandı.
12 dekabr 1994-cü ildə Milli Məclis tərəfindən ratifikasiya olunan müqavilənin əsas şərtləri aşağıdaklardan ibarət idi:
ü Müqavilə müddəti – 30 il;
ü İşlənməsi nəzərdə tutlan yataqlar –  “Azəri”, “Çıraq”, “Günəşli”;
ü Qiymətləndirilən ehtiyatlar – 511 milyon ton (4 milyard barrel) neft;
ü Respublikanın mülkiyyəti – 258 milyon ton neft və 55 milyard m3 həcmində səmt qazı;
ü Xarici şirkətlərin mülkiyyəti – 64 milyon ton neft;
ü Layihənin ümumi investisiya qoyuluşu – 10 milyard ABŞ dolları (7,4 milyard dolları Qərb şirkətləri tərəfindən qoyulmalı idi);
ü Azərbaycanın gəliri – 34 milyard ABŞ dolları;
ü Xarici şirkətlərin gəliri – 8 milyard ABŞ dolları.

Müqavilə iştirakçılarının payı bu cür bölünmüşdür:
Ø Azərbaycan Respublikasının payı – 80 %;
Ø Bütün şirkətlərin payı – 20 %. 

Öz növbəsində bu 20 % bu qaydada bölünmüşdür:
·        “BP” – 17,1267 %;
·        “AMOKO” – 17,01 %;
·        “LUKoyl” – 10 %;
·        “Pennzoyl” – 9,8175 %;
·         ARDNŞ – 20 %;
·        “Yunokal” – 9,52 %;
·        “Statoyl” – 8,5633 %;
·        “MakDermott” – 2,45 %;
·        “Remko” – 2,08 %;
·        “Turkish Petroleum Cor.” – 1,75 %;
·        “Delta – Nimir” – 1,68 %

Sonradan müqaviləyə Yaponiyanın “İtoçu” və ABŞ-ın “Eksson” və “Amerada/Hess” şirkətləri də qoşuldular.

Müqaviləyə əsasən ölkəyə 300 milyon ABŞ dolları həcmində bonus ayrılırdı. Eyni zamanda, müqavilədə saziş qüvvəyə mindikdən sonra 18 ay ərzində ilk neftin çıxarılması, 48 aydan gec olmayaraq əsas yataqlarda neft hasilatına başlanılması, 54 ay ərzində neft kəmərinin tikintisinin başa çatdırılması da nəzərdə tutulmuşdu. Qərb konsorsiumu Prezidentin Tibb Fonduna 5 milyon ABŞ dolları, respublikanın sosial təminat fonduna isə 50 milyon ABŞ dolları ayırmış oldu. Müqavilə şərtlərinə əsasən Azərbaycan Respublikası neft yataqlarının istismarına nəzarət və istismarın idarə edilməsi, 3 dəniz yatağındakı neft və qaz ehtiyatlarına sahiblik hüququnu özündə saxlayırdı.
Bu prosesdə gəlir 3 mənbədən alınacaqdı:
1.    Təbii ehtiyatların mülkiyyətçisi hüququndan irəli gələn gəlirlə;
2.    Yataqların işlənməsinə investisiya qoyuluşunda iştirak etməklə bağlı gəlirlər;
3.    Respublika büdcəsinə konsorsiumun gəlirlərinin ¼ hissəsi məbləğində vergi ayırmalarıyla bağlı gəlirlər.

Yekun olaraq qeyd edə bilərik ki, “Əsrin müqaviləsi“nin imzalanmasıyla respublika iqtisadi cəhətdən aşağıdakıları əldə etmiş oldu:
ü Layihənin reallaşdırılması Azərbaycan neftinə Avropa bazarına çıxmaq imkanı verdi;
ü Azərbaycan beynəlxalq investorların və kredit təşkilatlarının nəzərində daha etibarlı mövqe əldə etmiş oldu ki, bu da ölkəyə strateji layihələrin reallaşması planında imtiyazlı mövqeləri təmin edir;
ü Neft sahəsinə daha iri həcmli kapital yatırımları üçün şərait yaranır;
ü Respublikaya valyuta ehtiyatlarını yaratmaq və özünəməxsus investisiya siyasəti yürütmək imkanı yaradır;
ü Azərbaycanın ümumdünya iqtisadi birliyinə inteqrasiya prosesi sürətlənir;
ü Ölkənin texnoloji inkişafının səviyyəsi artır.

Birbaşa iqtisadi mənfəətlərdən əlavə müqavilə digər sahələrə də (maşınqayırma, kənd təsərrüfatı, telekommunikasiya, xidmət sahələri) investisiya qoyuluşu üçün əlverişli zəmin yaradır. Müqavilə Azərbaycan neft sənayesini dirçəldirdi ki, bu da xeyli iş yerinin yaranmasıyla nəticələndi.
Müqavilə imzalandıqdan və 1997-ci ilin 12 noyabrında “Çıraq”  platformasından ilk neft hasil olunduqdan sonra Azərbaycan dəniz yataqlarının işlənməsində iştirak etmək istəyən xarici şirkətlərin sayı xeyli artdı. Bügünki günə qədər 16 dövlətə məxsus 36 aparıcı şirkətlə 26 neft müqavisi imzalanıb. Bu müqavilələr əsasında 30 il müddətinə Azərbaycan neft sənayesinə 70 milyard ABŞ dollarına qədər xarici investisiya qoyulmalıdır.

Mənbə. Kayzen.az

Bir cavab yazın

Your email address will not be published.