Şeyx Bəhaəddin Amili ( Bir şamla suyu qızdırılan məşhur İsfahan hamamı mühəndisi)

Şeyx Bəhai, Şeyx Bəhaəddin Amili (1546-1622) məşhur riyaziyyatçı, astronom və mühəndis.

Həyatı

Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bələbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur).

O, ilk təhsilini valideynlərindən, habelə Bələbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhidi Əvvəl, Şəhidi Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir.

İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü.

O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər. Şeyx Bəhai tarixdə ədib, fəqih, təfsirçi, riyyaziyatçı, mühəndis, şair, həmçinin həkim və filosof kimi qalmışdır. O, cəbr, həndəsə, astranomiyanı Molla Əli Müzəhhəbdən, İbn Sinanın “Qanun” kitabından isə (tibb elmi) Həkimud-din Mahmud adlı alimin yanında dərs almışdır. Səfəvi şahları bu alimə çox yüksək qiymət verərək onu böyük dini və dövlət mənsəblərinə təyin etmışlər. Şeyx bir müddət Herat və İsfahan şəhərlərinin Şeyxul-İslamı olmuş, camaatın şəri məsələlər barəsindəki suallara cavab vermişdir.

Bir qədər sonra Şeyx Bəhai dünya və onun məqam və dövlətinə arxa çevirib bir növ tərkidünyalığa qapandı. Üzünü tutdu Mədinədə Peyğəmbərin (s) məqbərəsini də ziyarət etdi. Bundan sonra səyahətə başladı. Otuz ilə qədər səyahətlərdə oldu. Misiri, Suriyanı, Hicazı, İraqı, Fələstini, Əfqanıstanı, şəhərlərdən isə Qumu, Məşhədi, Girmanşahı, Heratı, Təbrizi, Gəncəni gəzdi dolaşdı. Çoxlu alimlərlə görüşdü, dərs aldı, kitablar yazdı. Nəhayət, İsfahan şəhərinə qayıdıb ömrünün sonuna kimi orada məskunlaşdı. Hər yerdən elm təşnələri və alimlər onun elm dəryasından bəhrələnməyə tələsdilər.

O, elə bir əxlaqi-kəriməyə sahib idi ki, əgər dəryaların duzlu sularına qarışsaydı, onu şirin suya çevirərdi. Şeyx çox əzəmətli, kəramətli və bəxşişli bir kişi idi. Geniş evi qərib və yetimlərin pənahı idi. Möhtaclar hər yandan onun evinə müraciət edər və heç vaxt əliboş qayıtmazdılar. Belə maddi rifah içərisində olan Şeyx həqiqi təqva, zöhd və tərkidünyalığın mücəssəməsi idi.

Həmçinin Şeyxin müxtəlif elmlərdən bəhs edən xeyli əsəri mövcuddur, o cümlədən.

  1. “Əsrarul-Bəlağə”.
  2. “Ustürlab”yaxud “Səhifə”. Bu əsər astranomiyaya aiddir.
  3. “Bəhrul-hesab”. Riaziyyata aiddir.
  4. “Təşrihul-əflak” (astranomiya barəsində). Bu kitab Hindistan və İranda çap olunmuşdur.
  5. “Cameyi-Əbbasi” – fiqh və şəriət məsələlərindən bəhs edir.
  6. “Cəhatül-qiblə”.
  7. “Xülasətül-hesab” – bu əsər cəbr və həndəsə elmlərinə aiddir.
  8. “Risalətun fi mərifətul-qiblə”.
  9. “Şərh Ərbəin” ya “Ərbəin Bəhai”.
  10. “Fəvadius-Səmədiyyə” – ərəb dilinin qramatikasından bəhs edir. Şeyx bu kitabı, qardaşı Əbdüs-Səmədə ithaf edərək yazmışdır. Bu kitab hal-hazırda mədrəsələrdə tədris olunur.
  11. “Kəşkül” – müxtəlif tərbiyəvi və s. mövzular haqqındadır.
  12. “Eynul-həyat” – Quranın şərhi və təfsiri haqqındadır.
  13. “Falnamə”.
  14. “Risalə dər kurəviyyəti zəmin”.
  15. “Həll-hurufil-Quran” və s. əsərlərini göstərmək olar. Mühəqqiqlər şeyxin 95 cildə qədər kitabını qeyd ediblər.

Şeyxin Seyid Hüseyn adlı bir şagirdi yazır:” Bizim ustadımız, zəmanənin ən əfzəli, bəzi elmlərdə isə (çox ehtimal ki, sirli elmlərə işarədir) öz əsrinin və özündən qabaqkıların arasında misilsiz bir alim idi ki, heç kəs o elmlərə vaqif olmamışdı. Habelə, Şeyx təsəvvüfə (irfana) da çox təmayülü vardı. Münazirə və elmi mübahisələrdə çox insaflı adam idi. Mən 40 il onunla birgə oldum… Hətta Şah Abbas İsfahandan piyada Məşhədə İmam Rzanın (ə) ziyarətinə gedəndə də mən Şeyxin yanındaydım”.

Əvvəldə qeyd olundu ki, Şeyx, çox məharətli mühəndis olub, onun inşa etdiyi bir şamla suyu qızdırılan məşhur İsfahan hamamının hələ də sirri açılmayıb. Maraqlı burasıdır ki, bir çox yerlərdə, o cümlədən Azərbaycanda, Gəncə şəhərində Qoşa minarəli Şah abbas məscidi və yanındakı hamam da Şeyx Bəhaəddin dühasının məhsuludur. Bu məscid barədə “Lüğətnameyi-Dehxoda” kitabının 12-ci cildində belə məlumat verilir: “Gəncədə böyük abidlər, o cümlədən Bürclər, Cameə məscidi, Şah Abbas karvansarası və başqa abidələr gözə dəyir. Cameə məscidi birinci Şah Abbasın tikdirdiyi binalardan biri olub, memarı isə Şeyx Bəhaidir. Bu məscid hicri-qəməri tarixi ilə 1015-ci ildə inşa edilmişdir”. Bakı Dövlət Universitetinin professoru M.Məmmədov bu məscid haqqında belə yazır: “Gəncədə olan Cümə məscidinin memarı Şeyx Bəhaəddindir ki, bir şamla qızdırılan məşhur şərq hamamını inşa etmişdir. Astronomiya baxımından möcüzə sayılan məsciddə olan kərpiclər çox qəribə bir xüsusiyyətə malikdir. Belə ki, fəsillərdən asılı olmayaraq saat 13:00-da günəş şüasının daim pəncərədən daxilə eyni bir kərpicin üzərinə düşməsi müşaidə edilir. Bu möcüzəni əyani görmək üçün keçmişdə Avropa ölkələrindən buraya faytonla gəlmişlər. Məscidin digər möcüzəsi də odur ki, Şeyx Bəhaəddinin quraşdırdığı soba, bütün məscidi qızdırmaqdadır. Həmçinin yaxınlıqda olan hamam da çox qəribə isitmə sisteminə malikdir. Qazanxanadan borular hamamın döşəmələrinin altından keçib krantlara gəlir. Bu ona görədir ki, həm hamamın döşəməsi isti olur, həm də suyu soyutmaq (çimmək) üçün lazım gəlmir.

Şeyxin müsəlmanlara göstərdiyi xidmətlər əvəzsizdir. O, tikdiyi abidələr, yazdığı kıtablardan əlavə İslam aləminə elm korifeyləri olan Molla Sədra Şirazi, Molla Möhsün Feyz Kaşani və Məhəmməd Təqi Məclisi kimi böyük filosof, mühəndis və fəqihlər yetişdirmişdir.

Ümumiyyətlə Şeyx Bəhainin həyatını mütaliə edəndə, Tanrının o cənaba etdiyi inayət və lütflərin böyüklüyü və hesaba gəlmədiyi insanı heyrətə salir. Ona əta olan nemətlərin hərəsi bir insanın həyatını dəyişə və xoşbəxtliyə çatdıra bilərdi. Müxtəlif sahələrə aid elm və bilgilərə yiyələnərək usdadlıq dərəcəsinə çatıb bəzilərində isə əsrinin yeganəsinə cevrilmişdir. İrfani və zahidlik məqamı, dünya zər-zibasına etinasızlıq onu Tanrının ən uca qürb dərəcəsinə yüksəltmişdir.

Onun İmam Əli (ə)-a və pak İmamlara (ə) sonsuz ehtiram və məhəbbəti vardı. Çoxlu sayda kitabları, dəyərli yetişdirmələri, saysız-hesabsız insanları Əhli-Beyt xəttinə irşad etmək də ona məxsus idi.

Hesaba gəlməz maddi və mənəvi nemətlərə malik idi. Süfrəsindən yetimlər, fəqirlər faydalanırdı. Məhrum və kasıb təbəqəyə həmişə onun diqqət mərkəzində idi.

Ona əta olan nemətlərdən biridə də alim, əməlisaleh, ləyaqətli bir həyat yoldaşının olması idi. Bu xanımın adı Mühəddisə idi. O, məşhur alim Şeyx Əli Minşarın qızı idi və ondan da dərs almışdı. Nəql edirlər ki, o qadın fiqh və hədis tədris edirdi və çoxlu sayda qadınlar onun elmindən bəhrələnmişdi.

Atasından o qadına dörd minə qədər kitab qalmışdı. Şeyx Bəhainin möhtərəm atasına gəldikdə isə bunu demək olar ki, o cənab dahi din alimi Şəhidi Saninin tələbəsi və həqiqi mənada sirdaşı olmuşdur. Elmdə böyük dərəcələrə çatması səbəb oldu ki, Səfəvi şahı Təhmasib onu əvvəlcə Qəzvinə, sonra isə Herata Şeyxul-İslam təyin etsin. Şah onu Herata göndərdi, oranın valisi Əmir Şahquluya tapşırdı ki, ona tam mənada tabe olsun, ona heç kim müxalif olmasın. Namazdan sonra o cənabın mübarək xütbə və buyruqlarından bəhrələnmək üçün öz oğlu Sultan Məhəmməd Xudabəndənin isə cümələr məscidə aparsın.

Şeyxin atası bir neçə ildən sonra şah Təhmasibdən, öz oğlu ilə birlikdə həccə getməyə icazə istədi. Şah təkcə getməsinə razı oldu, oğlunu isə qalıb dini elminin tədrisi ilə məşğul olmasını məsləhət gördü.

O, həcci yerinə yetirib Bəhreyn tərəfdən geri dönəndə bir yuxu gördü. Yuxusundakı göstərişə əsasən Bəhreyndə məskunlaşdı və ömrünün sonunadək orada yaşadı və qəbri də Bəhreyndədir. Şeyx Bəhaəddin Amilini bərəkətli ömrü sona çatırdı. Qoca vaxtları idi. Vəfatına altı ay qalmışdı. Bir dəfə öz yaxın tələbələri ilə birgə (onların arasında dahi hədis alimi Əllamə Məclisi də vardı) İsfahanın qəbirstanlığına, qəbir-əhlini ziyarətə gedmişdi. Baba Rüknüddinin qəbrinin yanından keçdikdə qəbirdən bir səs eşitdi. Şeyx bu səs haqqında tələbələrindən soruşdu: – “Bir səs eşitdinizmi? ”

Tələbələr heç bir səs eşitmədiklərini dedilər. Onlar Şeyxdən nə eşitdiyini sual etdikdə, buyurdu: -“Bu qəbirdən mənə nida gəldi – Ya Şeyx öz aqibətin haqqında fikirləş”. (Yəni ölümün yaxınlaşıb.) Bu hadisədən altı ay keçməmişdi ki, o, hicri-qəməri tarixi ilə 1030-cu ilin şəvvalın 12-də İsfahan şəhərində dünyasını dəyişdi. Onun pak cənazəsini Məşhəd şəhərinə apararaq İmam Rzanın (ə) hərəminin yaxınlığındakı evində dəfn etdilər.

Əlavə məlumatlar. Bundan sonra yazacağımız məlumatları mənbəsini bilmirik. Şeyx Bəhainin çoxlu kitabları olduğdan və həmçinin onun həyatını anlatan bir çox kitab olduğundan bu məlumatın hansı kitab məxsus olduğunu bilmirik. Lakin bir dinləyici olaraq eşitdiyimiz marağlı məlumatları sizlə bölüşürük. Həqiqət olub olmaması izə sizin inancınıza qalıb.  Əgər Siz Şeyx Bəhani qəbrini ziyarət etsəz ordakı bələdçilər bu cür hekayəlar çox danışacaq. Mənim marağımı cəlb edən hekayə isə Şeyx Bəhai İmam Rzanın hərəmin düzəldərkən qapısını  özü qoymağ istəməsi olmuşdur. O təkidlə işi bitirdikdən sonra qapının onsuz qoymamlarını demişdi. Lakin iş bitdikdən sonra Şeyxsiz qapını qoydular. Şeyx Bəhai bunu gördükdə çox əsəbləşdib öz iradlarını bildirdi. Lakin usta başı Şeyx dedi ki, mənə bunu İmam Rza yuxuda dedi ki, Şeyx deyin mənim qapımna işi olmasın. Şeyx bu sözdən sonra heçnə demədi. Çünkü Şeyx elə bir qapı qoymaq istəyirdi ki, yalnız qəlbi təmiz insanlar o qapıdan daxil olsunlar. Lakin İmam Rza hərəminin qapıları hər kəsə açıqdır. Təbi ki, bu xalq arasında yayılmış bir rəvayətdir. Amma hər hansı bir kitabda olub olmamasını bilmirik.

Mərhum Şeyx Bəhayi buyurur: “Hər kim yersiz işlərə həvəs göstərər – haqqa çatmaz. Hər kim nadanlıq üzündən düşmənçilik edər – gözləri haqqı görməkdən kor olar. Hər kim haqdan yolunu azar – yaxşılığı pis kimi qarşılayar. Pisliyi yaxşılıq kimi qəbul edər, yolunu azmaq mehi ilə məst olar. Hər kim düşmənçilik edər – yolu hamarsız və dəhşətli olar. İşləri çətin olar, bayıra çıxmaq yolu üzünə bağlı olar.

Bizim dini mərifətimizə əsasən həm yolumuz vardır, həm də vəzifələndirilmişik. Ancaq Allahın zatı barəsindəki həqiqətlər sonsuzdur. Hər kimin yolu Allaha tərəf olar, ancaq o səmtə tərəf meyli olar. Bu sifət saliklərin sifətlərindəndir.

Quranın qadağan etdiyi mövzulardan biri – mübahisə etməkdir. Hər kim bilmədiyi mövzuda mübahisə edərsə, korluğu davam edər. Münaqişə mövzusu da bu cürdür. O kəs ki, dava edər, həm öz qüdrətini azaldar və həm də qarşı tərəfin qüdrətini. Bir başqası ki, onunla dava edər – həm öz qüdrətini azaldar, həm də qarşı tərəfin. Ona görə də davanın sonu ancaq belədir.

O kəs ki, yolunu azar – yaxşını pis kimi görər. Quran onları münafiq adlandırmış və buyurmuşdur: “Pis işlər görməyi əmr edərlər, yaxşı işləri qadağan edərlər və öz əllərini (mallarını haqq yolunda xəcləməyə) bağlayarlar”. (“Tövbə” 67).

Din onlar üçün heç nə olar. Çünki yaxşını pis və pisi yaxşı görərlər”. (Tebyan)

Xülasə bu böyük alim demək istəyir ki, yolunu azan insan pisi yaxşı kimi gördüyü üçün, həmin pis əməlləri ipək kimi öz ətrafına dolayar.

Nəticədə ortasında qalıb can verər. Çünki hər kim yolunu azar və batil işlərlə məşğul olar – nicat tapması üçün yol tapmaz.

Mənbələr. Xalq arasında gəzən hekayələr, dəyərlər.org və vikipediyadan götürülmüş mənbələrə əsasən.

Bir cavab yazın

Your email address will not be published.