Ruandanın iqtisadi uğuru

Ruandanın iqtisadi uğuru

Ruandanın iqtisadi uğuru: yoxsul afrikalılar üçün azad bazarın əhəmiyyəti

Bu məqalə iqtisadiyyat üzrə fəlsəfə doktoru Angel Martin Oro və keyfiyyət analitiki Mark Bisbal Ariasın “Foundation for Economic Education”da 27 iyun 2012-ci il tarixində nəşr edilmiş “Rwanda’s Economic Success: How Free Markets Are Good for Poor Africans” məqaləsinin tərcüməsidir. Faciəvi münaqişə və qəddar zorakılıq dövründən keçən cəmiyyətlər başlarına gələnləri unudaraq uğur qazanırlar. Ruanda da buna bir nümunədir. Ruandadakı siyasi və sosial şərait 1994-cü ildə gerçəkləşən, ölkə əhalisinin 20%-nin öldürülməsi ilə nəticələnən dəhşətli soyqırımdan sonra sabitləşib. Azad bazar islahatları ilə birlikdə, nisbətən sakit olan yeni mühitdə uzunmüddətli iqtisadi inkişaf start götürüb. Ruanda dənizə çıxışı olmayan, Afrikanın mərkəzi-şərqi bölgəsində yerləşən, 11 milyon əhaliyə sahib kiçik bir ölkədir. Ölkənin əsas iki etnik qrupu – tutsilər (azlıq) və hutular (çoxluq) bir-birilə ilə vuruşurdu. Bu münaqişə Belçikanın I Dünya müharibəsindən sonra ərazini ələ keçirməsindən xeyli əvvəl başlamış, 1962-ci ildə isə Ruanda Belçikadan ayrılaraq öz müstəqilliyini qazanmışdı. Daimi sosial və etnik gərginlik, əsasən, tutsilərdən ibarət olunan 800 mindən çox insanın öldürülməsi ilə nəticələnmişdi. Həmin il iqtisadiyyat 50% zəifləmiş, ancaq çox sürətli və sabit şəkildə bərpa edilmişdi. 1995-ci ildə ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) 35% böyümüşdü. Ruanda o vaxtdan bəri yüksək inkişaf dərəcələrini qoruyub saxlaya bilir. Ölkənin inkişaf sürəti son on ildə bir dəfə olsun belə yavaşlamayıb. Ruandanın iqtisadiyyatı 1994–2010-cu illərdə hər il ortalama 6.6% böyüyüb. Bu, Afrikanın sub-səhra regionunda nümayiş olunan ortalamadan əhəmiyyətli dərəcədə çoxdur. 2001-ci ildə əldə edilən məlumatlara görə, Ruanda sakinləri gündəlik ortalama 50 sent qazanırdı. Bu göstərici 2012-ci ildə 1.50 dollara qalxıb. “Third Household Living Conditions Surve”-in, ölkənin yoxsulluq və rifah səviyyəsi ilə bağlı verdiyi göstəricilər də ruhlandırıcıdır. Belə ki, Ruandada yoxsulluq dərəcəsi son beş ildə 57%-dən 45%-ə düşüb. Bu, kəskin bir dəyişiklikdir. Müqayisə etsək, 2002–2007-ci illərdəki dəyişiklik sadəcə 2% faiz idi. Həmçinin ölkədə qeydə alınan ifrat yoxsulluq 37%-dən 24%-ə enib. Doğum zamanı ana və körpələrin ölüm halları kimi göstəricilərdə də inkişaf müşahidə olunur. Böyük britaniyalı inkişaf iqtisadçısı Pol Kolyenin fikrinə görə, araşdırmanın nəticələri “son dərəcə təsiredicidir”. Həmçinin Kolye qeyd edib ki, Ruanda üç açar hədəfə çata bilib. Onlar – sürətli inkişaf, yoxsulluq dərəcəsinin kəskin azalması və bərabərsizliyin nisbətən aradan qaldırılmasıdır. Ruanda Afrikada bir istisna deyil. Beynəlxalq Valyuta Fondunun hesablamarına görə, Afrikanın sub-səhra regionunun iqtisadiyyatı 2012–2013-cü illərdə müvafiq olaraq, 5.4%–5.3% böyüyəcək. Təkmilləşmiş iqtisadiyyatlar növbəti bir neçə ildə 2%-dən artıq böyüməyəcək. Bunlara əlavə olaraq, Maksim Pinkovski və Ksavye Sala-i-Martinin 2010-cu ildə yayımladığı “African Poverty İs Falling … Much Faster than You Think” adlı araşdırmada bildirilir ki, qitədəki ümumi yoxsulluq dərəcəsi ehtimal olunandan daha sürətlə azalır. Dünya Bankının apardığı hesablamalar göstərir ki, bölgədə, doğrudan da, yüksək əhali artımı müşahidə olunmasına baxmayaraq, 2005–2008-ci illərdə sub-səhra regionunda yaşayan afrikalıların ümumi sayı müasir dövrdə ilk dəfə azalmağa başlayıb. Ruandadakı iqtisadi inkişafın səbəbi ölkə ixracatının əksəriyyətini təşkil edən və əsasən, qəhvə-çay istehsalından ibarət olan kənd təsərrüfatı sahəsində aparılan liberallaşdırma kampaniyasıdır. Bu islahatlar istehsalçılara ixracat partlayışından faydalanmağa imkan yaradıb. Beləliklə, gəlir yüksəlib, məhsuldarlıq isə kapital investisiyaları vasitəsilə artıb. Əldə edilən iqtisadi uğurda dinamik turizm və sənaye (məsələn, mədən və tikinti) sektorlarının da rolu var. Buna baxmayaraq, ölkə iqtisadiyyatı hələ də həssas və dəyişkəndir. Daha inkişaf etmiş Ruanda uğrunda irəliləmək üçün dəyərli məhsullar istehsal etmək lazımdır, çünki məhsuldarlıq potensialı daim artır və ənənəvi sahələrdəki ixracat məhduddur. Bu dəyişiklikliyə iqtisadi böyümənin aparıcı amili olan sahibkarlıq və yenilikçilik vasitəsilə nail olmaq olar. Ruandaya gəldikdə, ölkənin qeyri-kənd təsərrüfatı fəallığına aid olan və əsasən, şəhərətrafı əraziləri əhatə edən ev təsərrüfatı üzrə sahibkarlıq göstəricilərində diqqətəlayiq dinamizm müşahidə olunub. Ölkədəki işçi qüvvəsinin yalnız 10%-nin işə götürülməsinə rəğmən, 2006-cı ildə ailələrin 30%-dən çoxu gəlir mənbəyi kimi müəssisələrə arxalanırdı. Bu müəssisələr az məhsuldarlıq göstəricilərinə sahib fəallığa malik olmalarına ( məsələn, saç düzümü və digər sadə məhsulların istehsalı) baxmayaraq, yüksək savadsızlıq və yoxsulluqla mübarizə aparan ölkədə əhəmiyyətli sosial rol oynayır. Üstəlik, həmin ev təsərrüfatı müəssisələrinin verdiyi maaş kənd təsərrüfatında verilən maaşdan daha çoxdur. Bunu nəzərə alsaq, maliyyə bazarı və bank sisteminin formalaşdırılması önəmlidir, çünki bu təşəbbüslər borclara ehtiyac duyur. Digər tərəfdən, regional ticarət inteqrasiyası Avropadan qonşu ölkələrə edilən idxalları yüngülləşdirib. Hər halda dənizə çıxışı olmayan Ruandanın avtomobil yollarının çox keyfiyyətsiz olması və ölkədə hansısa dəmiryol sisteminin olmaması nəqliyyat xərclərini çoxaldır. Lakin bu hal da getdikcə dəyişir. 2006-cı ildə ölkədəki avtomobil yollarının 11%-i yaxşı vəziyyətdə idi. 2009-cu ildə isə bu göstərici 52%-ə çatıb. Əgər tənzimləyici və sosial təsisat strukturu təkmilləşdirilməsəydi, ölkənin sözügedən nisbi biznes dinamizmini əldə etmək mümkün olmayacaqdı. “Doing Business”in 2012-ci ilə dair hesabatına görə, Ruanda biznesin tənzimlənməsində 45-ci yerdə idi. Ölkə sadəcə dörd il əvvəl 148-ci yerdə qərarlaşmışdı. “Heritage Foundation” və “Wall Street Journal” tərəfindən tərtib edilən iqtisadi azalıq indeksində Ruanda Afrika ölkələri üzrə 3-cü yeri tutur. 1997-ci ildə ölkənin ümumi balı 40-dan az idi, ancaq 2012-ci ildə bu rəqəm 64,9-a qalxmışdı (maksimum ball 100-dür). Ruandadakı biznes və ticarət azadlığı diqqətəlayiq dərəcədə təkmilləşdirilib. Təəccüblü deyil ki, Ruanda ən yaxşılaşdırılmış iqtisadi mühitə sahib ölkə hesab edilir. Bunun səbəbi geniş liberallaşdırılma kampaniyasıdır. Dəyişiklik yaşayan ən əhəmiyyətli sahələr mülkiyyət qeydiyyatı, investorların müdafiəsi, Afrika ölkələri arasında azad ticarət və kredit almaq imkanıdır.

Qəhvə sektoru

İqtisadiyyatın liberallaşdırılmasının verdiyi faydanın ən yaxşı nümunəsi Ruandanın qəhvə sektorudur. Bir milyon yarımdan çox ailə bu sektora arxalanır. Ölkənin əsas gəlir mənbəyi olan qəhvə sektoru sadəcə iyirmi il əvvəl ağır şəkildə tənzimlənirdi və dövlət nəzarətində idi. Fermerlər öz sahələrinin, ən azı, dörddə birini qəhvənin becərilməsinə ayırmağa məcbur edilirdilər. Dövlət idarələri əkin sahələrini bazar qiymətindən ucuza satın alır, daha sonra dövlət, qəhvələri bazarlara daha yüksək qiymətə satırdı. Fermerlər gizli vergiyə əlavə olaraq, ixracat vergisi də ödəməli idilər Bu ədalətsiz müdaxiləçi sistem korrupsiyaya qurşanmış hökuməti dəstəkləyir və məmurları zənginləşdirirdi. Fermerlər isə qanunun köməyilə talanırdılar. Nəticədə sözügedən sistem həm dayanıqsızlığına görə, həm də soyqırımın dağıdıcı təsirilə çökdü. Pol Kaqame hökuməti 1990-cı illərin axırlarında qəhvə sektorunu azad etdi. İslahatlar qanuni zəruriyyətləri aradan qaldırdı və fermerlərin azad formada dünyanın hər tərəfindəki alıcılarla ticarət etmələrinə imkan yaratdı. Bu, təbii olaraq, kapital axınını və yenilikçiliyi stimullaşdırdı. Ruanda xalqı miqdarı yox, keyfiyyəti yüksəltməyə fokuslandı. Bununla da fermer və sahibkarlar üçün biznes münasibətləri, o cümlədən ticarət imkanları yarandı, onlar daha təcrübəli olmaq üçün ruhlandılar. Bu dəyişikliklərdən sonra qəhvə istehsalı ilə məşğul olan 50 min ailənin gəliri iki qat artdı. Tarixda ilk dəfə idi ki, ailələr öz övladlarının təhsil haqqını, səhiyyə xərclərini ödəyə, yeni paltarlar satın ala, evlərini düzəldə və kiçik bizneslərə kapital qoya bilirdilər. Karol Budro qeyd edir ki, liberallaşdırma yalnız iqtisadi imkanlar və xalqın potensialını yox, eləcə də hutular ilə tutsilər arasındakı sosial əməkdaşlıq və birliyi də gücləndirmişdi.

Xarici yardım lənəti

Ölkədə hələ də ciddi problemlər var. Onlardan bəziləri digər aşağı gəlirli iqtisadiyyatlar üçün adi bir haldır. Bu problemlərdən ən önəmlilərinə insanların malyariya və QİÇS xəstəliklərinə yoluxması, içməli su və elektrik çatışmazlığı, o cümlədən ölkədəki işçi qüvvəsinin təqribən 70%-ni işlə təmin edən kənd təsərrüfatından güclü asılılıq aiddir. Həmçinin Ruanda iqtisadiyyatı, inkişafına mane olan bir neçə zəif nöqtəyə malikdir. İlk olaraq, ölkə geniş səviyyədə xarici yardıma möhtacdır. Xarici yardım dövlət büdcəsinin 40%-ni, ÜDM-in 18%–20%-ni təşkil edir. İkincisi zəif nöqtə odur ki, əsasən, qəhvə və çaydan ibarət olan, zəif diversifikasiya edilmiş (şaxələndirilmiş) iqtisadiyyat Ruandanı müəyyən sarsıntılar önündə daha aciz edir. Üçüncü isə, digər problemlərin simptomları olan xronik büdcə və ticarət defisitlərinin yüksək daxili və xarici borclara gətirib çıxarmasıdır. Bu problemlər bir-birindən müstəqil görünsələr də, həqiqət odur ki, onların hamısı daim qarşılıqlı əlaqədədir. Məsələn, borc probleminin gündən-günə artan inkişaf yardımına görə yarandığı ehtimal olunur. Ruandanın ümumi borcunun dörddə üçünü Dünya Bankından alması faktı bu mövzunu çox yaxşı təsvir edir. Böyük inkişaf iqtisadçısı Piter Tomas Bauerin dediklərini təsdiqləyən afrikalı iqtisadçılar – Dambisa Moyo və Corc Ayitteyin iddia etdiyi və prezident Kaqamenin düşündüyünə əsasən, xarici yardım proqramları kömək etmək istədikləri ölkələrə və icmalara xeyirdən çox ziyan verir. Bir tərəfdən, ehtiyatlar, adətən, qeyri-məhsuldar və hətta dağıdıcı üsulla xərclənir. Bu da ağır sosial nəticələrə səbəb olur. Digər tərəfdən, ayrılan məbləğ kasıblara çatsa belə, bu, fəlakət səviyyəsində bir asılılığa təkan verir. Yoxsul ölkələrə məhsuldar investisiya və sahibkarlıq lazımdır, sədəqə yox. Bütün hallarda heç bir ölkə bir gecədə inkişaf etməyib. Əslində, iqtisadi böyümə sabit inkişafdan ibarət uzunmüddətli bir prosesdir. Bu proses böyük ölçüdə səbr, eləcə də xalqın təbii fəlakət və siyasi qeyri-sabitlik kimi çoxsaylı maneələri dəf etmək bacarığına ehtiyac duyur.

2020 Ruanda xəyalı

Ruandanın dördüncü prezidenti Pol Kaqame 2000-ci ildən bəri vəzifədədir. Ruanda hökuməti bir müddət əvvəl “2020 Ruanda xəyalı” (Rwanda Vision 2020) adlı bir təşəbbüsə start verib. Bu təşəbbüsün diqqət mərkəzində indiki kənd təsərrüfatı iqtisadiyyatını daha möhkəm və şaxələndirilmiş bir iqtisadiyyata çevirmək, o cümlədən xarici yardımlardan asılılığı aradan qaldırmaq kimi uzunmüddətli inkişaf hədəfləri var. Hökumət başa düşür ki, yoxsulluğun çarəsi azad bazardır, dövlət fəallığı deyil. Beləliklə, “2020 Ruanda xəyalı”nın xülasəsində qeyd edildiyi kimi, dövlət məhsulların və xidmətlərin təminatına müdaxilə etməyəcək. Özəl sektor bunları daha səmərəli və rəqabətli şəkildə edə bilər. Aktivlər, məhsul və xidmətlərin qiymətlərinin azaldılması, müştərilərə edilən təkliflərin genişləndirilməsi və xarici investorların cəlb olunmasına dəstək məqsədilə özəlləşdiriləcək. Həmçinin əhalinin və məhsulların azad hərəkəti də təbliğ ediləcək. Üzləşdiyi problemlərə baxmayaraq, ölkədə yürüdülən bazarameylli iqtisadi siyasət indidən öz bəhrəsini verir. Ruanda əldə etdiyi uğurların uzun müddət davam etməsinə nail olmaqdan ötrü iqtisadi azadlığı artırmalı və məhsuldar fəallığın önündəki sədləri dağıtmalıdır. Üstəlik, Qərb ölkələri də afrikalı istehsalçılara ziyan vuran ticarət maneələrini aradan qaldırmalıdır. Ruandadakı dövlət kiçik olmağa davam etsə, özəl sektor çiçəklənəcək və Ruanda xalqı qlobal bazardan daha çox faydalanacaq. Mənbə. azlogos.eu
568 Views