Xərçəng xəstəliyi hansı ölkələrdə yayğındır?

Statistikaya görə, xərçəng xəstəliyi, nə qədər qəribə görünsə də, rifahın, həyat şərtlərinin ən yaxşı olduğu Avropa ölkələrində, hətta daha irəli gedərək, lap cənnət Skandinaviyada geniş yayılıb. Həyat şərtlərinin pis olduğu ölkələrdə az, insanların kifayət qədər ehtiyac içində yaşadığı Afrika ölkələrində isə nisbətdə bu xəstəlikdən əziyyət çəkənlər lap azdır. Stasitstikaya görə, Avropa, Skandinaviya ölkələrində hər dördüncü adamın bu xəstəliyə tutulma, hər beşinci adamın isə xərçəngdən ölmə riski var.

Bu, ilk baxışdan paradoks kimi görünə bilər, amma məntiqi izah özünü çox ləngitmir. Məsələ burasındadır ki, Avropa, xüsusilə də Skandinaviya ölkələrində həyat şərtləri yaxşı olduğundan, insanlar uzun yaşayır. Yaşlı orqanizmin isə, immun sistemi kifayət qədər zəif olduğu üçün, xərçəngə tutulma riskləri çoxdur, xəstələndikdə isə sağalma şansları azdır.

Rifahın pis olduğu ölkələrdə isə, insanlar o qədər də uzun yaşamadığına görə, kobud dildə desək, xərçəng onlara “qonaq gəlməkdə gecikir”.

Kimin xərçəngə tutulma riski daha çoxdur

Statistikaya görə xərçəngin dünyada ən çox yayılan dörd növü var ki, bunlar da ağciyər xərçəngi, süd vəzilərinin xərçəngi, bağırsaq və prostat xərçəngi kimi növlərdir. Ağciyər xərçənginə kişilər, süd vəzilərinin xərçənginə isə qadınlar daha çox tutulur.

Xərçəng xəritəsi – hansı ölkədə hansı növ daha çox yayılıb

Əvvəla ondan başlayaq ki, dünyanın “xərçəng çempionu” Macarıstan hesab edilir. Bu ölkədə hər il hər 100 000 nəfərdən 313 nəfəri xərçəng xəstəliyindən ölür. Xəstəliyin “dişinin batmadığı” ölkələrdən isə Makedoniyanı misal göstərmək olar – hər il hər 100 000 nəfərdən cəmi 6 nəfər xərçəngdən vəfat edir.

Keçək ölkələr üzrə yayğın olan xərçəng növlərinə

İlk olaraq, mədə xərçəngi. Bu xəstəliyin ən çox yayıldığı birinci ölkə Yaponiya, ikinci isə Rusiyadır. Daha sonra İran, Hindistan və digər Asiya ölkələri gəlir. Maraqlıdır ki, Türkiyə, Azərbaycan və ümumiyyətlə Qafqaz ölkələri mədə xərçənginin geniş yayıldığı ölkələr hesab edilmir.

Mədə xərçəngi

Bəs, niyə Rusiya və Yaponiya? Onkoloqlar bunun səbəbini bu ölkələrdəki yayğın, gündəlik qida rasionu ilə izah edirlər. Yaponiyanın konservləşdirilmiş, konservantlar və kimyavi əlavələrlə dolu ərzaqları, Rusiyada isə donuz ətinin mal və qoyun ətindən daha populyar olması, spirtli içkilərin yüksək dozada içilməsi və s. Eyni zamanda, hər iki ölkəyə və digər Asiya ölkələrinə xas olan qidalanma vərdişində nişastalı ərzaqların – düyü, kartof, unlu məmulatların bolluğu xərçəngi şərtləndirən əsas səbələrdir.

Sual oluna bilər ki, Türkiyə və Qafqaz ölkələrində də nişastalı yeməklər – düyü, kartof, ağ çörək boldur, bəs mədə xərçəngi niyə bizim regionda da yayğın deyil? Bunun səbəbi kimi, regionumuzdakı əkinçilik kültünü, mövsümi tərəvəzlərdən və qoz-fındıqdan bol istifadədir, həmçinin, məsələn Türkiyə və Azərbaycanda donuz ətindən istifadə minimumdur.

Müsəlman və yəhudilərə xoş xəbər, donuz əti mal və qoyun ətinə nisbətdə orqanizmi xərçəngə daha tez təşviq edir.

Mədəaltı vəzin xərçəngi

Bu xəstəlik daha çox Yeni Zelandiya, Daniya, Kanada və Birləşmiş Ştarlarda yayılıb. Onkoloqlar bunun səbəbini adıçəkilən ölkələrdə heyvan zülallarının və ətin ifrat istifadəsi ilə izah edir. Məsələn, Yeni Zelandiyada bir insan bir il ərzində 160 kilo ət istehlak edir. Mədəaltı vəzi xərçənginin nadir xəstəlik olduğu İsrail və İtaliya isə ət və heyvan mənşəli zülalları ən az istifadə edən ölkələr sırasındadır.

Ağciyər xərçəngi

Ağciyər xərçəngi bütün dünyada, əhalinin kişi təbəqəsi və əsasən də siqaret çəkənlər arasında geniş yayılan xəstəlikdir. “Qədim siqaret çəkənlər” kimi tanınan Şotlandiya, İrlandiya və Böyük Britaniyada bu xəstəlik daha geniş yayılıb.

Qaraciyər xərçəngi

Xəstəlik daha çox Cənub-Şərqi Asiya, Mərkəzi Afrikada yayılıb. Məsələn, Mozambikdə, hər il hər 100 000 nəfərdən 113 nəfəri qara ciyər xərçənginə yoluxur. Bu say, məsələn, Fransadakından 50 dəfə çoxdur. Qara ciyər xərçənginin əsas səbəbi kimi, onkoloqlar aflotaksin zəhərini göstərirlər. Bu zəhər orqanizmə kif göbələyinə yoluxmuş dənli bitkilər və qoz-fındıq, araxis qozu kimi ərzaqlarla düşür.

Süd vəzi xərçəngi

Bu xəstəliyi təşviq edən cinsi hormonlar – estrogenlərdir. Yüz ildən çoxdur aparılan müşahidələr göstərir ki, bir qadının uşağı nə qədər gec doğulursa, süd vəzi xərçəngi riski artır. Əgər uşaq məsələn, 18 yaşda deyil, 30 yaşda doğulubsa, risk üç dəfə artır. Buna görə də, erkən doğuşun yayğın olduğu Yaxın Şərq, Mərkəzi Asiya, Çin və Yaponiyada süd vəzi xərçəngi yayğın deyil. Xəstəliyin ən çox rastlandığı ölkə qadınların daha çox ana olmağa gec qərar verdikləri Böyük Britaniya kimi ölkələrdir.

Süd vəzi xərçəngi həm də xarici faktorlar və qidalanma ilə də bağlıdır. Məsələn siqaret tüstüsü estrogenlərin demək olar ki, kopiyalarına sahibdir və eyni cür təsir edir – xərçəng yaradır.

Qidalanmada isə müsbət tərəflər var – bəzi ərzaqlar qadınları süd vəzi xərçəngindən qoruyur. Bunlar alma, soğan, kələm, kahı və digər göyərtilər, bir də çaydır. Çayın çox içildiyi Çin və Yaponiyada süd vəzi xərçənginə digər ölkələrə nisbətdə daha az rast gəlinir.

Uşaqlıq boynu xərçəngi

Bu xəstəliyi cografiyadan daha çox cinsi əlaqəyə bağlayırlar. Cinsi həyatı zəngin olan qadınlar uşaqlıq boynu xərçənginə daha çox tutulur, nəinki bakirələr və rahibələr (dindarlarımızı yenə haqlı çıxarmış olduq). Əslində isə, izah daha sadədir. İnsan papilloması virusu cinsi yolla keçir və uşaqlıq boynu xərçəngi yaradır.

Xaya xərçəngi

Ağdərili, ortayaşlı kişi xəstəliyi hesab olunan bu nadir xərçəng növünə daha çox Norveç, Danimarka və İsveçrədə rast gəlinir. Xəstəliyin məhz bu regionda yayılmasının səbəbini izah etmək çox çətindir. Üstəlik, vəziyyəti qarışdıran elə bu ölkələrin qonşuluğundakı bölgələrdə xaya xərçənginin az yayılmasıdır. Müasir tibb Danimarkada xaya xərçənginin niyə qonşu Finlandiyadakından 4 dəfə çox olduğunu izah etməkdə çətinlik çəkir.

Bir cavab yazın

Your email address will not be published.