15 Yaşında Nobel Mükafatı Alan Cəsur Qız
Məlalə Yusəfzayi 2009-cu ildə, hələ 11 yaşında ikən Təhriki-Taliban rejiminin nəzarəti altında olan bölgədəki yaşayışı və Talibanın vəhşilikləri barədə BBC üçün yazmağa başladığı bloq sayəsində məşhurlaşıb.
3 il əvvəl o məktəbə getməyə cürət etdiyi üçün başına güllə ilə atəş açılıb. Məlalə hazırda Nobel Mükafatı nominasiyasına layiq görülmüş ən gənc insandır.
O, Pakistanda qadınların təhsil hüquqları uğrunda mübarizə aparan bir qızdır. Hindistanlı uşaq hüquqları müdafiəçisi Kaylaş Satyarti ilə birlikdə 2014-cü il Nobel Sülh mükafatı alıb.
Onun anası Toor Pekai Yusəfzayi mediadan qaçsa da, BBC xəbər agentliyinə qızı Məlalə və onların Amerikadakı həyatı haqqında müsahibə verməyə razı olub:
“O, mənim həmişəki balaca qızımdır, heç dəyişməyib, sadəcə bir az böyüyüb. O çox ağıllı qızdır, hətta balaca yaşlarında belə o hamıdan fərqlənirdi. Bizim münasibətlərimiz demək olar ki dəyişməyib. Biz yenə birlikdə ibadət edirik. O, əsla məşhur biri kimi davranmır. Bizim burdakı həyatımız əvvəlkindən çox fərqlidir. Biz tez-tez bacılarımızı, qardaşlarımızı, qonşularımızı görərdik.
Kimsə məndən evimiz üçün darıxdığımı soruşanda həmişə cavab verirəm ki, əlbəttə darıxıram. Lakin mən burada Məlalə üçün qalıram, mən onu az qala ölü görmüşdüm, burada isə o təhlükəsizlikdədir.
Başından vurulanda mən onun yatağının yanında oturub, mənə cavab verməsi üçün yalvarırdım. Qızım mənə uzun müddət sonra cavab verdi. İndi isə mən ona hər baxanda o mənə cavab verir. Bu məni xoşbəxt edir. Mən ingilis dili dərsləri ilə məşğul oluram, kampaniya və aksiyalara rəhbərlik edirəm, qohumlarımla əlaqə saxlayıram.
Məlalə ilə aramızda 4 cür münasibət var. Əvvəla o, mənim qızımdır, mənim bacımdır, o, mənim dostumdur və müəllimimdir. Mən həmişə insanlara deyirəm “uşaqlarınızı dinləməyi bacarın”.
Biz uşaq olanda valideyinlərimizlə aramızda böyük bir uçurum vardı. Lakin, Məlalənin atası mənə uşaqlarımızı dinləməyi öyrətdi. Mənim həyat yoldaşım həmişə fikirlərimi açıq deməyə mənə icazə verib. O, həmişə uşaqlara təhsil verməyin önəmli olduğunu və qızla oğlan arasında əsla fərq qoymamağı öyrədirdi. Məlalə sülh mükafatı alıb, lakin o hələ də hədələnir, o hələ də təhlükədədir”.
https://youtu.be/MOqIotJrFVM
Sui-qəsd cəhdi
Məlaləni öldürmək üçün cəhdlər çox olub. Onlardan biri onun həyatında ən dəhşətlisidir. Naməlum bir kişi şagirdləri evə aparan məktəb avtobusuna daxil olaraq, kimin Məlalə olduğunu soruşub. Şagirdlərdən biri əli ilə Məlaləni göstərib. Silahlı şəxs hər iki qıza atəş açaraq hadisə yerini tərk edib. Yetkinlik yaşına çatmamış qız başından və boyun nahiyəsindən güllə yarası alıb. O günlərdə Taliban qruplaşmasının nümayəndəsi İhsanulla İhsan hücuma görə məsuliyyətin Talibana aid olduğunu bəyan edib və Məlaləni “kafirliyin və əxlaqsızlığın təcəssümü” adlandırıb. Onun sözlərinə görə, əgər Məlalə sağ qalarsa, Taliban ona qarşı yenidən sui-qəsd törədəcək.
Mənbə. kayzen.az