“AVARA” FİLMİ MƏHƏBBƏT ELEGİYASIDIR ( Səyavuş SÜLEYMANLI dilindən)
Yaddaşımda qalan 1954-cü il mənə həmişə dünya şöhrətli aktyor və rejissor RAC KAPURUN çəkdiyi və baş rolda oynadığı məşhur “Avara” filmini xatırladır. Düz 64 ildir ki, bu film ölkəmizdə və ümumiyyətlə, dünyamızda özünə şöhrət tapmış, tamaşaçıların rəğbətini qazanmışdır. Düz 64 ildir ki, bu filmə baxır və yenə də təkrar baxırıq. Bəs niyə biz bu filmə bu qədər vurulmuşuq? Bizi bu hind filminə bağlayan nədir görəsən? Məgər “Avara” filmindən başqa hind filmləri yoxdur? Əlbəttə, var. Özü də indi çox zəngin səhnələri, dekorasiyaları olan, texniki imkanlarla çəkilmiş Bollivud filmləri mövcuddur. Sosial şəbəkələrdə az qalabütün yerləri hind filmləri tutub. Lakin bu filmlər nə qədər zəngin, kübar çəkilmiş olsa belə, Rac Kapurun çəkdiyi “Avara” filmi ilə onları müqayisə etmək olmaz. Bu film isə dünya şöhrətlidir. Rac Kapur dünyaya bir dəfə gəldi və özündən sonra “Avara”nı, “Cənab 420”ni və onlarla başqa filmləri yadigar qoyub getdi. Mən isə bu gün sizə bir daha “Avara” filmindən danışacam. Söhbətimiz “Avara” filminin məziyyətlərindən, məzmunundan, Rita ilə Racın saf məhəbbətindən, filmin ideyasından gedəcək. Yəqin ki, “Avara” filmini görənlər üçün mənim düşüncələrim də maraqlı olacaq və sizə çox şeyləri xatırladacaq.
Dəyərli oxucularıma xatırlatmaq istəyirəm ki, Rac Kapur 1924-cü ilin 14 dekabrında Pişəvərdə dünyaya gəlib (Hazırda Pakistanın şimali-qərbində əyalət), 2 iyun 1988-ci ildə 64 yaşında vəfat etmişdir. Filmlərdə onunla tərəf müqabil olan Nərgiz isə 3 may 1981-ci ildə dünyasını dəyişmişdir. “Avara” filmi 1951-ci ildə “Rac Kapur film” kinostudiyasında Bombeydə istehsal olunub, 1954-cü ildə isə o zamankı SSRİ-yə satılıb və rus dilinə tərcümə edilib. Bizdə həmin filmin Azərbaycan dilində tərcümə variantı da var. Lakin ən yaxşı tərcümə rus variantıdır. Çünki bu tərcümə variantındakı aktyorlar filmin tərcüməsini elə məharət və ustalıqla yaşayaraq, obrazın daxilinə girərək aparıblar ki, bu gün də yaşlı tamaşaçılar filmdəki qəhrəmanların dialoqlarını rus dilində əzbərdən deyirlər. Bax, bu, filmin uğuru sayılmalıdır.
Səməd Vurğunun ölməz “Vaqif”draması səhnəyə qoyulanda tamaşaya gələnlər qəhrəmanların sözlərini necə əzbərdən deyirdilərsə, onlar “Avara” filmindəki qəhrəmanların da sözlərini əzbər deməkdən böyük zövq alırdılar. Belə adamları barmaqla göstərərdilər. Boradigah qəsəbəsində yaşayan 80 yaşlı kinomexanik Ramanalı Yaşar belə adamlardandır. O, Rac Kapurun rus dilinə tərcümə edilmiş bütün filmlərinin dialoqlarını özünəməxsus pafosla əzbərdən deyir.
“Avara” filmi 2 hissədən ibarətdir. Film ağ-qara rəngdədir. Filmin ssenari müəllifləri X. Ə. Abbas və V. P. Satxedir. Rejissoru Rac Kapur, operator Radxu Karmakar, bəstəkarı Şankar Jaykişan, səs operatoru Ələddin, rəqslərin quruluşçuları Krişna Kumar, Zübeyda və Simkidir. Rus tərcüməsində əsas rollarda: Kiçik Rac rolunda Şişi Kapur (Tolya Krılov), Böyük Rac rolunda Rac Kapur (N. Aleksandroviç), Kiçik Rita rolunda Lilya Sxutnis (Olya Krılova), Böyük Rita rolunda Nərgiz ( Q. Malkova), Hakim Raqunat rolunda Pritvirac Kapur (S. Krılov), Lilya rolunda (Racın anası) Lilya Misra ( Z.Şennikova ), Caqa rolunda isə K.N. Sinqdir (Y. Belenkiy).
Filmin I hissəsi Racın məhkəməsi ilə başlayır. Hakim cənab Raqunatı evində olarkən öldürmək istəyən Racın məhkəməsinə xeyli adam toplaşmışdır. Lakin məhkəmədə çinayət etmiş Racın müdafiəçisi yoxdur. Hakim onu dindirərkən aydın olur ki, Rac heç atasının adını da bilmir. Bu, əlbəttə, cəmiyyətdə insan üçün bir dərd, utanclıq mənbəyi idi. Müttəhimə vəkil axtarılarkən bu zaman Rita qabağa çıxır və bu missiyanı öz üzərinə götürür. Rac tərəddüd etsə də, sonradan onunla razılaşır. ( Rac Kapur həyatda Raqunatın (Pritviracın) doğma oğludur).
Cənab Raqunat dindirilir. O, başlanğıcda bildirir ki, müttəhimlə aralarında heç bir münasibət yoxdur, müttəhimin ona qəsd etmək niyyəti isə ona olan nifrətindən irəli gəlir. Bu, hakimə bəslənilən nifrətdir, avara bir adamın cinayət etmək niyyətidir. O, islaholunmaz cinayətkardır.
Bu zaman məhkəmədə Raca vəkillik edən Rita cənab Raqunatdan (öz qəyyumundan) müraciətlə soruşur:
RİTA: -Müəllimim, siz həmişə mənə deyirdiniz ki, ədalət qalib gələndə heç kim yalan danışmağa cürət etməməlidir. İndisə burada söyləyəcəyim sözlər sizi incidəcəksə, məni bağışlayın. Bu, mənim məhkəmədə ilk çıxışımdır. Mənə xeyir-dua verin. Dediniz ki, müttəhim islaholunmazdır. Bu, nə deməkdir? Xahiş edirəm, bunu izah edin.
RAQUNAT: -Məncə bunu izah etməyə ehtiyac yoxdur. Müttəhim doğularkən avara doğulub. Cinayətə meyillilik ona öz valideynlərindən keçib.
RİTA: -Deyin, sizin övladlarınız var?
RAQUNAT: -Xeyir. Bunun heç bir şeyə dəxli yoxdur.
RİTA: -Dəxli var. Sizə yenə sual verəcəm: nə zaman və nə vaxt evlənmisiniz?
RAQUNAT: -Cənab hakim, aidiyyəti olmayan suallara cavab verməliyəmmi?
RAC: -Mən qatiləm. Mən onu öldürmək istəyirdim. Mənə qulaq asın.
RİTA: -Cənab Raqunat, nə zaman, necə və nəyə görə arvadınızı evdən qovmusunuz?
Rita bu sualla cənab Raqunata bir neçə dəfə müraciət edir. Elə hər şey də bu sualdan sonra ekranda görünməyə başlayır.
Burada gözəl operator işi var. Raqunatın gözləri az qala hədəqəsindən çıxır. Bunu operator müxtəlif texniki üsullardan istifadə edərək həyata keçirmişdir. Cənab Raqunatın gözləri ekranda böyük planda görünür və bütün hadisələr Raqunatın gözləri fonunda davam etdirilir.
Hind filmlərinin ənənələrinə uyğun olaraq mahnı və rəqslər onun baxımlılığını daha da artırır. Hadisələr filmdə Raqunatın dilindən söylənildiyi kimi 24 il əvvəl Laknaul şəhərində baş verib. Raqunatın ekran arxasından səsi eşidilir: ”24 il əvvəl Mahabatdan evə qayıdırdıq…” Bu zaman ekranda kütləvi rəqslər göstərilir. Hind musiqisinin ecazkarlığı, ritm, hərəkətlərin çevikliyi, rəqslərin oynaqlığı “Avara” filmində də öz gözəlliyini və milliliyini saxlayıb.
Həm rejissor Rac Kapurun, həm də operator Radxu Karmakarın filmdəki işləri təqdirəlayiqdir. Filmdə kiçik bir nöqsan belə əsla tapmaq mümkün deyildir.
Caqa Lilyanı qaçırarkən ona deyir:
-Məni quldur edən sənin ərin Raqunatdır. Sənin ərin məni həyatda məhv edib. Mən sənin ərindən intiqam alacam.
Caqa Lilyanın hamilə olduğunu bilib onu azadlığa buraxır və Raqunatın həyat məsələlərində naşı olduğunu bildirir, onun sözlərini təhrif edir. Caqa deyir: “Sənin ərin Raqunat deyir ki, təmiz adamın oğlu təmiz, oğrunun oğlu isə oğru olur.”
Amma Raqunatla Lilyanın ailə həyatı tezliklə pozulur. Caqanın gecə yarısı Raqunatın arvadını qaçırması tezliklə söz-söhbətə səbəb olur. Qohumlar Lilyanı Raqunatın gözündən salırlar, onu ərinə xəyanətdə günahlandırırlar. Caqanın həsxanadan qaçması xəbəri Raqunatı bərk qəzəbləndirir.Arvadının hamilə qalmasına Raqunat birmənalı yanaşmır, daxili aləmində onu hər gün narahat edən nə isə yad bir duyğunun olduğunu hiss edincə Lilyadan soyuyur, hər şeydən şübhələnir, qadınına qayğı göstərməkdən vaz keçir. Raqunatın qohumları onu rüsvay edirlər. Ona Lilya haqqında böhtançı sözlər söyləyirlər. Bu şaiyələr isə Raqunatı içəridən qurd kimi yeyir.
Raqunat həmkarı olan dostuna da öz şübhələri haqqında danışır. Arvadına inanmadığını, aldadıldığını, gecələr yuxusunun ərşə çəkildiyini, işdən soyuduğunu, hər şeyə biganə qaldığını, az qala həyatdan da bezdiyini bildirməklə pessimist fikirləri ilə Ritanın atasını bezikdirir.
Əslində isə Lilyanın heç bir günahı yoxdur. O, bütün bu məhrumiyyətlərə dözsə də, axırda yorulub əldən düşür. Əzab-əziyyətlə bətnində olan dünyaya gətirəcək körpəsinin yolunu səbrsizliklə gözləyir. Lakin körpənin yaxın günlərdə dünyaya gələcəyi xəbəri Raqunatı bir qədər də qəzəbləndirir, hövsələdən çıxarır, beləliklə, arvadına qayğı göstərmir və bir gün tufanlı bir gecədə zavallı Lilyanı evdən qovub küçəyə atır.
-Bu dəqiqə çıx get!!!-deyir cənab Raqunat.
Bax, burada elə bir rejissor və operator işi aparılıb ki, hadisələrin son nəticəsinə heyranlığını gizlədə bilmirsən. Lilyanın küçəyə atılması ilə körpənin küçədə yağış, tufan altında dünyaya gəlməsi də çox təsirli, az qala sinirləri donduran musiqi sədaları altında filmin ana xətti elə bil ideya başlanğıcı kimi meydana çıxır.
Dünyaya gələn oğlundan sonra Lilya Laknauldan çıxıb Bombeyə gedir, öz övladını böyütməyə başlayır. Oğlu Rac anasının kasıb daxmasında yaşasa da, təhsilindən ayrılmır.
Məktəb həyatı. Buradakı məktəb yoldaşları ilə o, çox mehriban dolanır. Ancaq bəzən dərsə ac gəlir. Evlərində də çox zaman yeməyə çörək tapa bilmir. Məktəbdə onu yaxşı başa düşən təkcə Ritadır. O, həmişə Racın qayğısını çəkir, onun kiçik qəlbində Raca qarşı ilk məhəbbət cücərtiləri göyərir və gündən-günə şaxələnir. Bu səmimi münasibətlər gücləndikcə onlar məktəbdə bir-birlərini görməyə tələsirlər. Ritanın kübar həyatda yaşaması da Racın ona olan münasibətini dəyişmir, əksinə, o, Ritaya daha çox bağlanır. Onu bir gün görməyəndə darıxır. Ritanın ad günündə pulu olmadığı üçün Rac Ritanın təkidi ilə ona ətirli bir çiçək dərib hədiyyə edir. Şənlikdə iştirak edən Raqunat burada Racla tanış olur və dostuna istehza ilə deyir ki, Ritanın məktəb yoldaşı atasının adını bilmir. Ritanı oğlandan uzaqlaşdırmaq lazımdır. Raqunat ona əsaslanır ki, oğrunun oğlu oğru, təmiz atanın oğlu isə həmişə təmiz olur. Bu, əlbəttə, səhv fikir, yalnış mühakimə idi. Odur ki, Ritanın atası dostunun bu fikirləri ilə qətiyyən razılaşmır.
***
Quldur Caqa artıq məqsədinə çatmışdı. Lakin o, Racı oğru görmək istəyirdi. Ona görə də hələlik Racgilin qayğısına qalmırdı. Racın oğru olacağına əmin idi və bunun üçün məqam gözləyirdi. Nəhayət, bir gün məktəbdən qovulan Rac evə gələrkən anasının ac olduğunu görüb ilk dəfə olaraq oğurluğa əl atır. Bunların hamısı Caqanın gözləri qarşısında baş verir və Rac tutulandan sonra o, Lilyanın məişət qayğıları ilə müntəzəm məşğul olur, onun güzəranını yaxşılığa doğru dəyişdirir.
Rac peşəkar oğru həyatına qədəm qoyur və kriminal aləmdə Caqanın şagirdi kimi məşhurlaşır.
Filmdə lirik səhnələr də çoxdur. Yoxsullar məhəlləsinin acınacaqlı, yeknəsək həyatı, uşaqların kasıb, avara-sərgərdan güzəranı operatorun rejissorla birlikdə qara-ağ fonda çəkilişləri o zamankı Hindistanın kasıb həyatından xəbər verir. Kasıblar və varlılar. Sinfi bərabərsizliklər fəlakətlər doğurur. Cəmiyyətin kasıb təbəqəsi iş tapmır, varlıların isə ac qalanlardan xəbərləri yoxdur. Belə bir cəmiyyətdə, belə bir mühitdə böyüyürdü Rac. O, bütün keçənləri yadına saldıqca, oğurluğa necə başladığını xatırladıqca öz-özünə gülür. “Çörək və ya acından ölməmək üçün oğurluq etmək!” Bu iki yol ayrıcında o, tərəddüd etsə də, nəhayət, nəticədə oğurluğu seçmişdi. Caqa Racın bu qətiyyətli addımını görərək onun yolunun çox uzun olacağına əminliyini bildirmişdi. Racın sonrakı taleyi ilə Caqa özü məşğul olacaqdı. Çünki kriminal aləm Caqanın əlində idi və o, sahibsiz gəncləri ələ almağı, pis yollara istiqamətləndirməyi bacarırdı.
***
Racın həbsxana həyatı uzun çəkir. Azadlığa çıxır, az sonra yenə də həsxananın “qonağı” olur. Artıq o, böyümüş, cavanlıq həddinə girmişdir. O, növbəti dəfə həbsxanadan çıxarkən oğurluq və quldurluqda müəllimi olmuş Caqanın yanına gəlir. Caqa onun gəlişinə çox sevinir və ilk günlər üçün ona xeyli pul verir və yeni oğurluq planları ilə şagirdini tanış edir.
Filmin Racın həbsxanadan çıxıb evinə getməsi səhnəsi də çox maraqlı və yaddaqalandır. Bu səhnə hər şeydən əvvəl, ən çox da dünyada məşhur olan “Avara” mahnısı ilə diqqəti çəkir.
Həbsxanadan qayıdan Rac anasına özünü elə təqdim edir ki, guya o, idxal-ixrac işləri ilə məşğuldur. Amma anası Lilya onun çamadanında silah görərkən oğlunun düzgün yolda olmadığına tam əmin olur.
Hər dəfə Rac evindəki divardan asılmış uşaqlıq dostu Ritanın foto-şəklini görərkən çərçivəni arxası üstə çevirir, çünki o, Ritanın şəkildəki baxışlarından çəkinir. Axı o, özünü oğru, quldur və qatı cinayətkar sayır. Onun bu qəribə hərəkətini anası dəfələrlə müşahidə edir, səbəbini bilməsə də, oğluna irad tutur.
Rac bütün kriminal aləmində birincidir, Caqanın ən istedadlı oğru şagirdlərindən biridir. Caqa şagirdi ilə fəxr edir.
Racın Rita ilə ilk rastlaşması onun çantasının oğurlanması ilə bağlı çox məzəli və gülüş doğuran səhnəsidir. Sonra Rita ilə onun yaşadığı evində təsadüfi görüşü hər iki məktəb yoldaşının keçmiş xatirələrini dilə gətirir. Rac burada Ritanın evindəki foto-şəklin eynilə öz evlərində də olduğunu yəqin etdikdən sonra Ritanı evinə aparır və Rita uzun illərdən sonra nəhayət, ilk məhəbbətinin sahibini görməkdən məmnun olur və taleyin bu hədiyyəsinə çox sevinir.
Hələ Ritagildə olduğu zamanda Racla Rita arasında qəribə söhbətlər nə qədər gülüş doğursa da, bu dialoqların hamısında o zamankı Hindistanda baş verən hadisələrin gerçəkliyi öz əksini tapır. Burada gülüşlə lirik ricətlər üst-üstə düşür. Keçmiş hisslər, taleyin burulğanlarında pərən-pərən olmuş, az qala itib-batmış saf sevgiləri bir anda özünə güc tapır, hər iki aşiqin duyğularını dilə gətirir. Hər iki aşiq məktəb illərindən onların qəlblərinin pünhan yerində gizli saxladıqları sevgilərini üzə çıxarırlar. Sanki illərlə yatmış vulkan birdən-birə püskürür. Bu, məhəbbət idi. Bu, Rita ilə Racın illərlə bir-birindən ayrı düşüb həsrət ilə yandıqları, birləşmək üçün imkan tapa bilmədikləri zamanların onlara yenidən bağışlanan böyük sevgi hədiyyəsi idi. Bu, iki aşiqin illərlə ürəklərində saxladıqları pak, təmiz, saf duyğularının təcəssümü, tərənnümü idi!
Elə bu ilk görüş, bir-birini tanımaq prosesi Ritanın çox sevincək evə gələrık nikbin əhval-ruhiyyə ilə oxuduğu gözəl mahnı ilə müşaiyət olunur. Onu da deyim ki, ifaçı kadr arxasında dahi müğənni Lata Mangeskardır. Ümumiyyətlə, Latanın zərif, ecazkar səsi bütün film boyu tamaşaçını ovsunlayır. Lata sehrbaz kimi öz füsunkar səsi ilə tamaşaçının qəlbində sanki şölə saçır.
Rita ilə Racın sevişməsi, görüş səhnələri, küsüb-barışmaları o qədər inandırıcı, reallıqla verilib ki, hətta onların arasında olan münasibətlərin kəskinləşdiyi vaxtlarında belə, bir-birlərinə güzəşt edib yenidən barışmaları da rejissor kimi Rac Kapurun böyük uğuru sayılmalıdır. Filmdə böyük məhəbbətlə tərənnüm olunan iki aşiqin sevgi macərası öz ideya dəyərinə görə dünya kinomotoqrafiya tarixində mühüm yer tutur.
Filmdə hadisələr gərginləşdikcə qəhrəmanlar da çıxılmaz vəziyyətə düşürlər. Quldur Caqa Racın təmiz yola qayıtmasından hiddətlənir və onun bütün yollarını bağlayır. İctimai ədalətsizliklər baş alıb gedir. Bir gün belə xoş gün görməyən Racın həyatı gün-gündən pisləşir. Təzadlar içərisində yaşayan Rac həyatının mənasını Ritanın sevgisində görsə də, əngəllər onun Ritaya olan saf məhəbbətinin qarşısını alır. Bir tərəfdən Caqa, digər tərəfdən də atası Raqunatın təzyiqləri, onu avara bir adam sayması konfliktləri bir qədər də kəskinləşdirir. Geriyə isə yol yoxdur. Geriyə getmək, quldurluq etmək ölümə, səfalətə, cinayətkarlığa getmək deməkdir. O isə Ritaya söz vermişdir. Və hər dəfə bunlar haqqında düşünərkən Rac sarsılır, özü ilə mübarizəyə qalxır, saflaşmaq üçün özünü islah etmək istəyir; nə qədər ağır olsa da, bu yolda yenə də ona Rita kömək edir. Bu məhəbbət təmiz, riyakarlıqdan uzaqdır. Filmdə Racla Ritanın saf məhəbbəti inandırıcı detallarla, həm də gözəl musiqinin müşaiyəti ilə verilir ki, biz filmdəki bütün yaradıcı heyətin uğurlarına ancaq sevinirik. İndi bu filmin yaradıcı heyəti həyatda yoxdur, ancaq onların yaratdıqları bu film unudulmazdır, yadda qalandır. Bu film elə bir incidir ki, əsrlər bir-birini əvəz edəcək, tarix kitabı vərəqlənəcək, lakin “Avara” filmi əsrlər boyu hind filmatekasının qızıl fondundan əskik olmayacaq. Bu filmi heç bir hind filmi ilə müqayisə etmək olmaz. Filmdə qoyulan ideya ilə aktyorların ifası əsərdə qoyulan ideyanın açılmasına çox kömək edir.
HAŞİYƏ: Son zamanlar məzmunlu, ideya-məfkurəsi olan teleseriallar tamaşaçıların diqqətini çəkməkdədir. Türkiyə televiziya kanallarında (“Star” və “ATV” “İstanbullu gelin”, “Sen anlat Karadeniz”, Azərbaycanın “arb” kanalında “Könül yarası” kimi teleseriallar həm aktyor, həm ssenari müəllifləri, həm də quruluşçu rejissor baxımından həqiqi mənada tərifli, səviyyəli və dəyərli ekran əsərləridir. Onları ancaq alqışlamaq lazımdır! Quruluşçu rejissor Qulu Əsgərova gəlincə ona gələcəkdə yeni-yeni teleserialları çəkməyi etibar etmək olar. Mən onu istedadlı rejissor hesab edirəm və onu “Könül yarası” teleserialının uğur qazanması münasibətilə təbrik edirəm. Yaxşı çəkilən teleserialları alqışlamaq la-
zımdır. Qoy sənət aləmində də ədalət zəfər çalsın!
***
Özünə ömürlük oğru damğası vuran Rac keçmişinə görə Ritanın yanında özünü günahkar hesab edir. Bu damğanı Racın üstündən götürməyə çalışan Rita sevgilisini qəyyumu, uşaqlıqdan onu saxlayıb tərbiyəsilə məşğul olan hakim cənab Raqunatın yanına gətirir və ata ilə bala burada görüşürlər. Onların arasında olan söhbət çox maraqlıdır.
RAQUNAT: -Adınız?
RAC: -Rac.
RAQUNAT: -Sadəcə Rac?
RAC: -Bəli, cənab hakim.
RAQUNAT: -Atanızın adı?
RAC: -Mən bilmirəm.
RAQUNAT: -Hm... Aydındır. Peşəniz?
RAC: -İşsiz. Minlərlə insanlar kimi...
RAQUNAT: -Bəs nə ilə dolanırsınız? Məgər var-dövlətiniz var?
RAC: -Heç nəyim yoxdur.
RAQUNAT: -Yadımdadır ki, vaxtilə ayaqqabı təmizləyən olmusuz?
RAC: -Bəli. Nə vaxtsa olmuşam.
RAQUNAT: -Rita ilə evlənmək istəyirsən?
RAC: -Bəli, əgər siz icazə versəniz...
RAQUNAT: -Siz dəfələrlə həbsxanalarda olmusunuz.
RAC: -Rita yəqin sizə deyib. Mən indi...
RAQUNAT: -Düzəlmisiz? Müvəqqəti məşğuliyyətinizi atmısınız? Hə?
RAC: -Bəli, atmışam.
RAQUNAT: -Gözəl. Vəkil olmağa hazırlaşan bir qızla evlənməyə hazırlaşırsınız?
RAC: -Məni niyə ələ salırsınız? Niyə? Biz bir-birimizi sevirik. Mən onunla evlənmək istəyirəm.
RAQUNAT: -Mən bunları artıq eşitmişəm. Aydındır. Hm... Əyləşin. Gəlin iş barəsində söhbət edək.
RAC: -Mən sizi başa düşmürəm.
RAQUNAT: -Oyunu məharətlə qurmusunuz, sadə bir qızı torunuza salmısınız. Bilirəm, bunu niyə etmisiniz Bilmək istəyirəm, ondan əl çəkməyiniz üçün nə qədər pul istəyirsiniz?
RAC: -Mən özümü dünyanın ən pis adamı bilirdim. Amma indi görürəm məndən də pisi varmış. Siz məndən də betərimişsiz, buna əmin oldum.
RAQUNAT: -Bu nə cürətdir?! Nə cürətlə mənə söz qaytarırsan, avara! Sən elə bilirdin belə asanlıqla Ritanın sənə ərə gələcəyinə razı olacam? Qoy ondansa, heç kəsə heç zaman ərə getməsin. Eşidirsən?! Rədd ol burdan!!!
RAC: -Siz elə bilirsiniz Rita varlı adama ərə getsə, yaxşı olacaq? Mən sizin evinizdən gedəcəm, cənab hakim. Ancaq mən sizə bir sual verəcəm. Əgər mənim yerimdə sizin oğlunuz olsaydı, onda da belə danışardınız? Kasıb olduğuna görə xoşbəxtliyinə mane olardınız?
Racla cənab Raqunatın arasında gedən dialoq çox şeylərdən xəbər verir. Sosial ədalət prinsiplərinin pozulduğu cəmiyyətdə insanların siniflərə bölünməsi və ədalətsizliyin, bərabərsizliyin tuğyan etdiyi bir ölkədə Racın cənab Raqunatdan nə isə diləməyə, özünü onun yanında doğrultmağa haqqı olsa da, cənab hakim onu həqarətlə dinləyir və evindən qovur.
***
Rac Caqanı öldürür və həbsxanaya düşür . Anası Lilya Raqunatın avtomobili altında qalır və ölərkən Raca vəsiyyətində cənab Raqunatın onun atası olduğunu söyləyir. Rac həbsxanadan qaçır və atası Raqunatı evində olarkən öldürmək istəyir. Lakin qisas ala bilmir. Yenidən həbsə düşür.
Rita ilə Raqunat arasında belə bir söhbət olur:
RAQUNAT: -O oğrudur, cinayətkardır. Onu necə sevə bilərsən?
RİTA: -Amma mənim ürəyim qanunlardan xəbərsizdir.
RAQUNAT: -Ürək və qanun. Qanun və ürək. Bunlar başqa-başqa şeylərdir. Bir-birinə çox az uyğun gəlir. Səninlə razıyan, Rita. Ürək üçün qanun yoxdur.
Məhkəmə Raca hökm kəsəndən sonra Racın doğma oğlu olduğunu yəqinləşdirən cənab Raqunat həbsxanaya gedib oğlu ilə görüşmək istəyir. Lakin Rac atasını bağışlamır. Bu görüş tamaşaçının tüklərini ürpəşdirir. Biz ata-oğul münasibətlərinin ən dərin qatlarında doğmalıqla yadlıq anlayışında nə qədər böyük təzadların olduğunu aydın görürük. Filmin sonu Rita ilə Racın həbsxana görüşündə “Avara” mahnısının sədaları altında nikbin notlarla bitir. Bu, iki aşiqin gələcəkdə xoşbəxt olacaqlarını bildirən notlar idi...
***
“Avara” filmi uşaqlığımızda və gəncliyimizdə gördüyümüz retro filmlərindən biridir. Bu gün bu film ekranlarda yoxdur. Lakin sosial şəbəkələrdə ona həmişə baxırıq və bundan sonra da baxacağıq. Bu günkü gənclərimizi həyata düzgün istiqamətləndirmək üçün biz ictimai bərabərsizlik hallarına qarşı bərabər mübarizə aparmalı, ədalətin zəfər çalmasına çalışmalıyıq. Onların yoluna yaşıl işıq yandırmalı, onları pis yollardan, pis əməllərdən uzaqlaşdırmalıyıq. Çünki gənclik bizim gələcəyimizdir. Bu günkü gəncliyin yolu ölkəmizin sərhədlərini qoruyan, Vətən yolunda, torpaq uğrunda canını fəda edən şəhidlərimizin yoludur. Gəlin hamımız gənclərimizi sevək və göz bəbəyi kimi qoruyaq. Qoy onlar daim inkişaf edən ölkəmizdə şad və firavan yaşasınlar.
Səyavuş SÜLEYMANLI
Yazıçı-publisist,
AYB və AJB-nin üzvü
Mənbə.azpress.az