Filosof necə ayıldı? – İmam Həsən Əsgərinin (ə) hidayəti

Filosof necə ayıldı? – İmam Həsən Əsgərinin (ə) hidayəti

İshaq Kəndi İraq alimlərindən biri idi ki, insanlar onu filosof kimi tanıyırdılar. O, kafir idi və İslam dinini qəbul etmirdi. Hətta Quranı inkar edən bir kitab yazmağa başlamışdı. Belə düşünürdü ki, Quranın bəzi ayələri bəzilərinə ziddir. Onun şagirdlərindən biri İmam Həsən Əsgərinin (ə) yanına gəlir və məsələni xəbər verir. İmam (ə) buyurur: “Sizin aranızda ayıq və inkişaf etmiş bir nəfər yoxdur ki, möhkəm dəlillərlə Kəndini bu işdən çəkindirsin? Onu peşman etsin?”. Şagirdi deyir: “Biz onun şagirdləriyik. Elmi cəhətdən onu qane edə bilmirik”. İmam (ə) ona buyurur: “Mən sənə bir neçə söz öyrədəcəyəm. Bir neçə gün onun yanına get və gördüyü işdə ona kömək et. O zaman ki, onunla dost oldun, ona de ki, sualım vardır”. Denən: “Əgər Quranı nazil edən sənin yanına gəlsə mümkündür ki, belə desin: “Mənim bu ayələrdəki məqsədim sənin o ayələr barəsində düşündüyündən qeyrisidir”. Kəndi deyəcəkdir ki, mümkündür. Bu zaman ona de: “Sən haradan bilirsən, ola bilsin ki, Allahın Quran ayələri barəsindəki nəzəri sənin başa düşdüyündən qeyrisidir?”. Şagird İmamın (ə) buyurduğu kimi edir və müəlliminə yardım edib ona yaxınlaşır. O, həmin sualı müəlliminə verir və Kəndi deyir: “Bəli, mümkündür. Ola bilsin ki, Allah Quran ayələrinin zahiri mənasından qeyrisini iradə etsin”. Sonra üzünü şagirdinə çevirib deyir: “Düzünü de görüm, bu sözü sənə kim öyrətmişdir?”. Şagirdi deyir: “Ürəyimə düşdü ki, sizdən soruşum?”. Kəndi deyir: “Bu sual – çox mühüm və dərin bir sözdür. Səndən uzaqdır”. Şagirdi deyir: “Bu sözü İmam Həsəndən (ə) eşitmişəm”. Kəndi deyir: “İndi həqiqəti dedin. Belə bir məsələ ancaq risalət ailəsindən eşidilər”. Sonra atəş istədi və bütün yazdıqlarını bu atəşdə yandırdı”. (İslami saytlara istinadən)
568 Views