İlk görüşdə hesabı kim ödəməlidir? - VİDEO

İlk görüşdə hesabı kim ödəməlidir? - VİDEO

Bütün sevgi münasibətlərində ilk görüş unudulmaz olur. Hər kəs qarşı tərəfi tanımağa çalışır. Bunun üçün kimisə üzbəüz görmək, söhbətləşmək lazımdır. Belə olan zaman gərək əlini də cibinə salasan. “Alman hesabı” deyilən bir anlayış var. Bu praktikaya görə, hər kəs  öz hesabını ödəyir.  Azərbaycanda çox vaxt hesab bəylərin üzərinə düşür. Əksər qadınlar və kişilər düşünür ki, hesabı bəylər ödəməlidir. Bəs ilk görüşdə hesabı kim ödəməlidir?    
Şair Rəbiqə Nazimqızı bildirib ki, Azərbaycanda elə kişi var ki, qadın hesabı verəndə, ya hesabı bölüşəndə bunu özünə təhqir bilir: “Eləsi də var, əksinə, düşünür ki, mütləq bölüşmək lazımdır. Alfonslar da var, o heç. Ümumiyyətlə, məncə, hesabı təklif gələn tərəf ödəməlidir, əgər sevgili, ya ər, qardaş deyilsə. Ya da hesab bölüşülməlidir”. “Trend” informasiya agentliyinin müxbiri Samir Güləliyev bildirib ki, belə hallarda alicənablıq mənasında hesabı kişi verir: “Belə deyək ki, bu, yazılmamış qanundur. Ola bilər ki, bu ərəfədə qadın imkanlı olar və kişiyə yazığı gələr, hesabı özü verər. Belə dostcanlı qadınlar da var. Bax, onda həmin qadın kişinin ən sevimli insanına çevrilir”. Jurnalist Müşfiqə Bayramlı bildirib ki, ilk görüşdə ancaq oğlan hesabı ödəməlidir deyə bir yanaşma düzgün deyil: “İlk görüşə əgər oğlan dəvət edirsə, xanım onun ödəməsinə şərait yaratmalıdır. Sadəcə, nəzakət xətrinə qadın təklif edə bilər. Haşiyədən kənara çıxıram, amma əksər xanımlar düşünürlər ki, yanımda oğlan ola-ola mənim ödəməyim düzgün deyil. Hər zaman hesabı  o ödəməlidir. Bu, yanlış təfəkkürdür. Əslində, neçənci görüşdən asılı olmayaraq, hesablar bərabər ödənilməlidir”. Tədqiqatçı jurnalist, mühacirətşünas Dilqəm Əhməd deyir ki, ilk görüşdə hesabı kişi ödəməlidir: “Münasibət görüşüdürsə, hesabı kişi ödəməlidir. Hər hansı bir işlə bağlıdırsa, işi düşən tərəf ödəsə, yaxşıdır. Olub ki, məndən bir xanım məsləhət alıb, görüşmüşük, hesabı o ödəyib”. “Xalq qəzeti”nin müxbiri Əfsanə Ələsgərli deyir ki, istər iş görüşmələri də, istərsə də şəxsi görüşlərdə dəvət edən tərəf hesabı ödəməlidir: “Bunun kişi və ya qadın olmasının fərqi yoxdur”. Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, bu məsələdə ən böyük rol oynayan etnopsixologiyadır: “Daha sonra insanın qarşı tərəfə olan münasibəti, onunla hansı mərhələdə olmasından asılıdır. Burada milliyyətin çox böyük önəmi var. Yəni etnopsixologiya deyəndə məhz bunu nəzərdə tuturam. Əgər azərbaycanlı psixologiyasından çıxış etsək, bizim xarakterimizdə, vərdişlərimizdə var ki, ilk hesabı kişi ödəyir. Amma ödəməlidir deyə bir qanun yoxdur. Bir önəmli məqama toxunmaq istəyirəm. Bizdə hesabı ödəməyən kişi qadının gözündə bəyənilməyəcək. Kişi də qarşı tərəfi itirməmək üçün “mütləq hesabı ödəməliyəm” kimi özündə məcburiyyət hiss edir. Bu, bütün hallarda belə deyil,  amma bu cür hallar da az deyil”. Vəfa Rəşidova bildirib ki, borc alıb ilk görüşə gedənlər də az deyil: “Hesab ödəmək kişilərin xoşuna gəlir və bu ənənəni yaşadırlar. Münasibət daha möhkəm olduqdan sonra artıq hesabı kimin ödəməsi böyük rol oynamır. Feminist düşüncəli xanımlar daha çox “Mən niyə kişidən asılı olub, içdiyim çayın pulunu ona ödətməliyəm ki, ondan da asılı qalım”, – fikrini səsləndirirlər. Feminist olmayan xanımlar jesti çox sevir”. “İlk görüş barədə fikirlərin formalaşmasında ətrafdakılar da rol oynayır. Görüşdən gələn xanımdan “Necə insan idi?”, - deyə soruşulmur. İlk sual “Hesabi kim ödədi?” olur. Ödəyibsə, demək, yaxşı insandır. Yox, ödəməyibsə, pis adamdır” kimi fikirlər var”, - deyə psixoloq qeyd edib. https://youtu.be/LU_uUi45uDk Mənbə. oxu.az Yazar. İlhamə Əbülfət
568 Views