İSLAM PEYĞƏMBƏRİNİN (S) MERAC SƏFƏRİ (1)

İSLAM PEYĞƏMBƏRİNİN (S) MERAC SƏFƏRİ (1)

Müsəlmanlara görə, İslam Peyğəmbərinin (s) meracı dinin qəti məsələlərindəndir və Qurani-Kərimdə ona aydın şəkildə toxunulmuşdur. Merac səfəri Qurani-Kərimin iki surəsində – biri “İsra”, digəri isə “Nəcm” surəsində (1-18-ci ayələrdə) qısa şəkildə qeyd olunmuşdur. Biz bu yazıda öncə “merac” sözünün mənası, sonra isə “merac” dastanından söz açacağıq:

1. MERAC ANLAMI

Meracın lüğəvi mənası: Merac yüksəlmək və yuxarı qalxmaq mənasını daşıyan “üruc” sözündən alınmışdır. Duanın səmaya ucaldığı gecəyə “ləylətül-merac” (merac gecəsi) deyirlər. Demək, meracın mahiyyəti yer aləmində və yüksək aləmlərdə seyr etməkdir. Meracın terminoloji mənası: İslamda Peyğəmbəri-Əkrəmin (s) qeyri-adi şəkildə səmaya səfərinə “merac” deyilir. Rəvayətlərə əsasən, o həzrətin merac səfəri iki mərhələdə baş vermişdir: a) O həzrət merac gecəsi Məscidül-Həramdan Məscidül-Əqsaya aparılmışdır. “İsra” surəsinin 1-ci ayəsində bu haqda belə buyurulur:

“Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (İslam Peyğəmbəri (s)) bir gecə (Məkkədəki) Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz Məscidül-Əqsaya (Beytül-Müqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir.”

Tarix kitablarında bu mərhələ “isra” adlandırılmışdır. b) Növbəti mərhələdə isə Peyğəmbəri-Əkrəm (s) Məscidül-Əqsadan yuxarı aləmlərə qalxır, orada səma təbəqələri, ilahi nişanələri və yaranış qəribəliklərini müşahidə edir, peyğəmbərlərlə görüşür.[2] Bu səfərdə o həzrət üçün “qüdsi hədislər” bəyan olunur və həmin hədislərdə imam Əlinin (ə) vilayət və rəhbərliyi təsdiqlənir. Bu səfərdə Peyğəmbəri-Əkrəm (s) behişt və cəhənnəmi görür. Behişt əhlinin vəziyyəti və onlara verilən nemətlər, cəhənnəm əhli və onlara verilən əzablar Peyğəmbəri-Əkrəm (s) tərəfindən müşahidə olunur. Bu mərhələ “merac” adlanır.[3]

2. MERAC DASTANI

Dini mətnlərə diqqət yetirdikdə, bu səfəri qısa şəkildə belə bəyan etmək olar: “İslam Peyğəmbərinin (ə) gecə vaxtı səmalara seyri Məkkədə yaşadığı son illərdə baş vermişdir.[4] Amma ilin hansı gecəsində baş verdiyi haqda dəqiq məlumat yoxdur. Əllamə Məclisi “Biharul-ənvar” kitabında onun üç gecədən birində baş verdiyini qeyd etmişdir: 1. Rəbiül-əvvəl ayının 17-ci gecəsi; 2. Rəcəb ayının 27-ci gecəsi; 3. Ramazan ayının 17-ci gecəsi.[5] Peyğəmbəri-Əkrəm (s) həmin gecə Əbu Talibin qızı Ümmü-Haninin evində ikən meraca getdi. O həzrətin Məscidül-Əqsadan səmalara gedib-qayıtması bütünlüklə bir gecə içərisində baş vermişdir. Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur: “Mən Ümmü-Haninin evində mürgülədiyim zaman Cəbrail gəlib dedi: “Ey Muhəmməd, ayağa qalx!” Mən ayağa qalxdım. O, mənim əlimdən tutub Zəmzəm quyusuna tərəf apardı. Bir mələyə dedi: “Zəmzəm və Kövsər suyundan bir qədər su gətir ki, Muhəmməd dəstəmaz alsın. Həmin mələk su gətirdi və mən dəstəmaz aldım. Cəbrailin göstərişi ilə Məscidül-Hərama daxil oldum. Sonra Cəbrail əlimdən tutub məsciddən çıxartdıqda, qapının önündə Büraqı (Büraq adlı at) gördüm. Cəbrail mənə dedi: “Min. İbrahim peyğəmbər Kəbə evinin ziyarətinə gedərkən ona minərdi.” Mən mindim və o, məni Məscidül-Əqsaya, sonra isə göylərə apardı. Orada qəribəliklər gördüm, yaradılış sirləri ilə tanış oldum və sonra Büraq məni Məkkəyə qaytardı. Rəvayətlərdə deyilir ki, Büraq bir neçə yerdə – Mədinədə, Kufə məscidində, Sina dağında, İsa peyğəmbərin doğulduğu Beytül-Ləhmdə dayandı və Peyğəmbəri-Əkrəm (s) namaz qıldı. Sonra Məscidül-Əqsaya daxil olub, orada da namaz qıldı və səmalara qalxdı. İbn Hişam “Əs-sirətün-Nəbəviyyə” kitabında Ümmü-Hanidən “merac” hədisi ilə bağlı belə nəql edir: “Peyğəmbəri-Əkrəm (s) həmin gecə mənim evimdə idi. “İşa” namazını qılıb yatdı. Biz də yatdıq. Sübhə yaxın bizi yuxudan oyatdı və sübh namazını birgə qıldıq. Sonra mənə buyurdu: “Ey Ümmü-Hani, bildiyiniz kimi, mən bu evdə “işa” namazını sizinlə birgə qıldım, sonra Beytül-Müqəddəsə gedib, bir neçə rükət namaz da orada qıldım. Gördüyünüz kimi, burada sübh namazını yenidən sizinlə birgə qıldım.” Peyğəmbər (s) bunu deyib, ayağa qalxdı. Getmək istədikdə, əlimi atıb libasından yapışdım. Dedim: “Ey Allahın Rəsulu, bizə buyurduğun sözü başqalarına demə ki, səni təkzib edəcək, incidəcəklər. Həzrət buyurdu: “Allaha and olsun, onlara da söyləyəcəyəm!” Ümmü-Hani deyir ki, həbəşili kənizimə dedim: “Peyğəmbərin (s) arxasınca get və gör, camaata nə deyəcək? Sonra onları mənə danışarsan! Kəniz evdən çıxıb getdi və evə qayıtdıqda dedi: “Peyğəmbəri-Əkrəm (s) merac səfərini camaata danışdıqda, onlar təəccüblə deyirdilər: “Sözünün doğruluğuna bir dəlilin, nişanən varmı? Biz haradan bilək ki, sən düz danışırsan?” Həzrət isə onlara buyurdu: “Dəlilim-nişanəm fılan karvandır. Mən Şama gedərkən onları fılan yerdə gördüm. Onların dəvələri Büraqın hərəkətinin səsindən qorxdu, hətta biri qaçıb gözdən itdikdə, mən onun yerini göstərdim. Səfərdən geri qayıdarkən, (Məkkənin yaxınlığındakı) Zəcnan məntəqəsində fılan karvanla rastlaşdım. Onların hamısı yatmış, başları üzərinə qoyduqları su tuluğunun üstünü örtmüşdülər. Həmin karvan hal-hazırda “Tənim” dərəsindən Məkkəyə girəcəklər. Əlaməti isə onların önündə hərəkət edən qəhvəyirəngli dəvədir. Ona yüklənmiş iki kisənin biri qaradır. Camaat bunu eşitcək, “Tənim” dərəsinə yollandılar. Peyğəmbəri-Əkrəmin (s) söylədiyi nişanələri müşahidə etdilər. Camaat Məkkəyə daxil olan həmin karvandan dəvələrin qorxduğu və hətta birinin itdiyindən xəbər aldıqda, onun doğruluğunu təsdiq etdilər. Əllamə Təbatəbai yazır: “İsra” və “merac” inkaredilməz bir həqiqətdir. Çünki Qurani-Kərimdə bu haqda söz açılmış və məsum imamlar vasitəsilə Peyğəmbəri-Əkrəmdən (s) “mütəvatir” hədislər nəql olunmuşdur.[9] Biz isə burada həmin hədislərdən ikisini qeyd etməklə kifayətlənirik: a) İmam Cəfər Sadiq (ə) buyurur: “Dörd məsələdən birini inkar edən kəs bizim şiəmiz deyil: meracı, qəbirdə sorğu-sualı, behişt vəcəhənnəmin yaranışını və şəfaəti.” b) İmam Rza (ə) buyurur: “Meracı inkar edən şəxs, həqiqətdə Allahın Rəsulunu (ə) inkar etmişdir.” Bir sözlə, merac səfəri keçmişdə nəzərə uzaq gəlsə də, müasir elm və texnologiya insanda onun mümkün iş olduğuna dair təsəvvür yaradır. Buna rəğmən, İslam mənbələrində “təvatür” həddinə çatmış qəti dəlillərdə göstərilir ki, mütəal Allah Öz Peyğəmbərini (s) gecə ikən sürətli miniklə səmalara aparmışdır.   Yazar. Rza Şükürlü Mənbə. (Maide.az)
568 Views