Maldiv adaları

Maldiv adaları

Maldiv adaları

Maldiv Respublikası Hind okeanının ekvatorial sularında, Hindistanın cənubunda 1200 adada yerləşən dövlətdir. Ərazisi 298 kv.km, əhalisi 396 min nəfərdir. Qlobal iqlim dəyişikliklərinin adanı su altında qoyacağı proqnozlaşdırılaraq, 2005-ci ilin 15 noyabrından Maldiv xalqına Avstraliyaya sığınmaq haqqı verilib. Maldiv adalarının 200-də yaşayış var. Bunların 90-da Maldiv xalqı yaşayır, qalan 110 ada “otel ada” kimi istifadə
edilir. Maldiv xalqı müsəlman olaraq sünni mənsəbinə mənsubdur. İslam dininin adət və ənənələri burada ciddi qorunur. Maldivdə əvvəlcə buddistlər məskunlaşıb. Daha sonralar ərəb taciri Əbul Barakhat Əl-Bar Barinin təbliği ilə əhali İslam dinini qəbul edib. Zaman-zaman Portuqaliya və Hollandiyanın hücumuna məruz qalan ada 75 il ingilislərin müstəmləkəsi altında olub. 1965-ci ilin 26 iyulunda isə müstəqillik qazanıb. Əhalinin etnik tərkibi pakistanlılar, hindlilər, ərəblər və sinqalardan ibarətdir. Dövlət dili Maldiv Dhivehi (sinqa ləhcəsi) və ingilis dilidir. Pul vahidi rufiyadır.

Maldiv adalarının görməli yerləri

Tropik iqlimi olan adada hava musson yağışlarının təsiri ilə noyabrdan martadək quru, iyundan avqustadək isə yağışlı keçir. İlboyu isti hava hökm sürür. Havanın temperaturu +25-30, suyun temperaturu isə +25-33 dərəcə arasında dəyişir. Maldiv Respublikası əsrarəngiz sualtı dünyası ilə məşhurdur. Sualtı gözəllikləri buradan başqa heç bir yerdə görə bilməzsiniz. Maldiv akvalanqçılar üçün əsl “Məkkə” adlandırılır. Üzməyi bacaran turistlər ekzotik dəniz cəngəlliyinə səyahət edib, müxtəlif növ ekvatorial canlı heyvanları, rif köpək balığı, ilanbalığı, durnabalığı, nəhəng su tısbağası, səkkizayaqlı ilbizi yaxından görə bilərlər. Ən əsası canlı sualtı dünyanı görmək üçün heç yerə getmək lazım deyil. Qaldığınız otellərin ətrafında hər cür şərait var. Balıq tutmağı sevənlər üçün Maldiv əsl cənnətməkandır. Maldiv adalarının hər birində İslam incəsənətinin nümunələrini görmək mümkündür. Asiyada ən məşhur və böyük məscidlərdən biri paytaxt Maledə yerləşir. Sultan sarayına, Mərkəzi məscidə, balıq və suvenir bazarlarına tez-tez səyahətlər təşkil edilir. Maldiv adaları,cənnət,gözəl mənzərə

Turistlərə məsləhət

Maldiv adalarında turizm 1970-ci illərdən başlayaraq inkişaf etməyə başlayıb. Turizm və balıqçılıq Maldiv iqtisadiyyatının ayrılmaz hissəsidir. 2004-cü ilin 26 dekabrında Hind okeanında olan sunami dalğası Maldiv adalarına da böyük ziyan vurdu. Buna baxmayaraq, ada yavaş-yavaş turizmə dəyən ziyanı aradan qaldırmaqdadır. Əsas nəqliyyat vasitələri yelkənli və motorlu qayıqlardır. Nəqliyyat daşınmalarının böyük hissəsi dəniz təyyarələri, helikopterlər və katerlərlə reallaşır. Adaların hər birinə keçid 1.5-2 saata qədər vaxt ala bilər. Geniş gəzinti üçün böyük qayıqlardan “vedis”lərdən istifadə edirlər. Bu adalarda taksi çox bahadır və onlardan yalnız paytaxt Maledə və Qan adasında istifadə edilir. Maldivdə şəriət qanunlarına ciddi əməl edilir. Ölkəyə özünlə bərabər spirtli içki, donuz əti gətirmək qadağandır və cəzası böyükdür. Turistlər içkini ancaq restoran, kafe və otellərdə içə bilərlər. Əgər siz əsrarəngiz okeanda balıq tutmaq istəyirsinizsə, 35-40 ABŞ dolları ödəməli olacaqsınız. Burada SPA salonları da geniş yayılıb. Hər otelin özünün belə mərkəzləri var. Üstəlik, tennis, voleybol üçün də meydançalar açılıb.

dünyanın ən gözəl yeri,möcüzəli adaMaldivdə mətbəx

Maldiv xörəkləri ərəb və hind mətbəxinin qarışığından ibarətdir. Milli mətbəxdə dəniz məhsulları, düyü, ədvalar və acı souslardan geniş istifadə olunur. Ən sevimli yeməkləri tunes (iri yırtıcı balıq) və düyüdən hazırlanır. Maldivlər tunes balığı ilə olan yeməkləri kokos və istiotdan hazırlanmış sousla süfrəyə verməyi çox sevirlər. Hisə verilmiş balıq “xikimas”, balıqdan hazırlanmış piroq “kuli borkiba”, kokos və soğan “badciya”, milli balıq şorbası düyü ilə “qarudiya”, tunes balığı və kokosdan hazırlanmış kotlet “qulu”, balıq paşteti “rihaukuru”, istiot və sarımsaqlı qızartma balıq “teluli mae” və s. kimi milli xörəklərin də dadına baxa bilərsiniz. Toyuq və mal ətindən bayramlarda xüsusi yeməkləri hazırlamaq üçün istifadə edirlər. Maldivlər düyünü kokos və süddə, müxtəlif tərəvəzlərlə, dəniz və çörək ağacının məhsulları, banan, manqo, qabaq və şirin kartofla hazırlayırlar. Ən məşhur içkiləri südlü çay və ərəb üsulu ilə hazırlanmış qəhvədir. Qara çaydan çox az istifadə edirlər. Günəşin isti şüaları altında sərinləmək üçün müxtəlif meyvələrdən, şirin palma və palma südündən hazırlanmış şirə və yerli şirin süd “kiru sarbat” içə bilərsiniz. gözəl kurort zonası,cənnət kimi yer

Şopinq

Paytaxt Male alış-verişi sevənlər üçün əlverişli məkandır. Turistlərin sevdiyi ən məşhur suvenirlər köynək, şərf, saronqi, açıqca, balıqqulağı, ağacdan və mərcandan hazırlanmış suvenirlər, kiçik xalçalar, köpək balığı çənəsi və kokos yağıdır. Maldiv adalarından ən gözəl hədiyyə ağacdan hazırlanmış qara-qırmızı heykəlciklər də ola bilər. Mərcandan hazırlanmış büjiteriyalar günəşli adadan ən maraqlı nümunədir. Adadan həm də uyğun qiymətə sualtı ləvazimatlar da gətirmək mümkündür. Əgər siz alış-veriş üçün Maleni seçirsinizsə, cümə və şənbə günləri getməyiniz məsləhət deyil. Çünki həmin günlər istirahət günləridir. Vergidən azad olunmuş duty-free mağazalarında alış-veriş etmək istəyirsinizsə, Beynəlxalq Male hava limanı ən ideal məkandır. Maldiv adaları,Male, Maldiv bazarlarında Hindistan, Şri-Lanka və Cənub-Şərqi Asiyadan gətirilmiş suvenirlər var. Yerli sənətkarların hazırladığı “No shoes, no news - Maldives” tipli futbolkalar, mərcanla nəfis işlənmiş güllər, laklı, rəngli güllərlə işlənmiş qara-sarı sandıqçalar və bəzək əşyalarından da almağı unutmayın. Güllü naxışlarla toxunmuş keyfiyyətli həsirləri lülə şəklində büküb saxlaya bilərsiniz. Qızıl və gümüşdən hazırlanmış əl işlərini də münasib qiymətə satırlar. Palma yarpaqlarından hazırlanmış səbətlər, kokosdan hazırlanmış kasalar, Quran üçün altlıqlar sadə suvenir xoşlayanlar üçün maraqlı hədiyyə ola bilər. Mənbə: Aysel jurnalı kayzen.az
 
568 Views