PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) XANIM XƏDİCƏ (S.Ə.) İLƏ İZDİVACI
Rəbiül-əvvəl ayının 10-u (Noyabr ayının 29-u – hicrətdən 27 il öncə) İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:
Tarixi mənbələrdə İslam Peyğəmbərinin (s) xanım Xədicə ilə tanışlığı və onların evliliyi belə göstərilir:
“Xüveylidin qızı Xədicə nəsil-nəcabətli və şərafətli bir qadın olması ilə bərabər, ticari işlərlə məşğul olur və ticari işlərini icra etmək üçün bəzilərini bu işə cəlb edirdi. İslam peyğəmbəri həzrət Mühəmməd (s) iyirmi beş yaşına çatdıqda, əmisi Əbu Talib o həzrətə belə bir təklif etdi: “Xüveylidin qızı Xədicə Qüreyş tacirlərindəndir və ticari işlərini öhdəsinə götürəcək əmanətdar bir şəxs axtarışındadır. Nə yaxşı olar ki, özünü ona tanıtdırıb, onun ticari işlərinə rəhbərliyi öhdənə alasan!”
Peyğəmbərin (s) yüksək ruhu bu istəyi birbaşa olaraq Xədicəyə söyləməyə mane olduğundan, əmisinə belə dedi: “Yaxşı olar ki, Xədicə özü bu təklifi irəli sürsün.”
Xədicə o həzrətin “Əmin” (əmanətdar) ləqəbi ilə tanındığını bildiyi üçün, bir nəfəri Peyğəmbərin (s) hüzuruna göndərib dedi: “Mühəmmədin (s) gözəl əxlaqı, sədaqət və əmanətdarlığına məftun olmuşam. Ticari səfər üçün başqalarının verdiyi puldan ikiqat artıq verməyə və bu səfərdə sənə kömək etmək məqsədilə qulamlarından iki nəfəri səninlə birgə göndərməyə hazıram!”
Peyğəmbər (s) Xədicənin təklifini qəbul edib, Qüreyş karvanı ilə birlikdə Şama doğru hərəkət etdi. Peyğəmbər (s) bu səfərdə hamıdan çox qazanc əldə etdi. Xədicənin Peyğəmbərlə (s) birgə öndərdiyi Meysərə adlı qulamı sıfırdın qayıtdıqdan sonra o həzrətin kərmətləri, alicənablığı və mənəviyyatı haqda Xədicəyə məlumat verdi.
Xədicə zəkalı, uzaqgörən, şərafətli bir qadın idi və cahiliyyət dövründə əxlaqi və ictimai mövqeyinə görə Qüreyş qadınlarının pakizəsi və xanımı adlanırdı. Məşhur nəzərə əsasən, o, öncə iki dəfə evlənmiş və hər iki əri vəfat etmişdi. Qüreyşin Əqəbə ibn Əbu Muit, Əbu Cəhl və Əbu Süfyan kimi böyükləri və sərvətliləri Xədicədən elçilik etmiş, o isə razılıq verməmişdi.
Digər tərəfdən, Xədicənin Peyğəmbərə (s) qohumluğu çatırdı. Belə ki, hər ikisinin nəsil-nəcabəti Qüsəydə birləşirdi. Həm də, onun Peyğəmbərin (s) parlaq gələcəyi haqda məlumatı olduğundan, qırx yaşında ikən o həzrətlə evlənmək qərarına gəldi. Xədicə Peyğəmbərə (s) evlilik təklifi verdi.
İbn Hişam özünün “Sirə” kitabında yazır: “Xədicə özü evlilik təklifini irəli sürüb Peyğəmbərə (s) dedi: “Ey əmioğlu! Aramızdakı qohumluq əlaqələrini, eləcə də, gözəl əxlaqa, qohum-əqrəba içində izzət, əzəmət, sədaqət və əmanətdarlığa sahib olduğunu nəzərə alaraq səninlə ailə həyatı qurmaq istəyirəm.” Peyğəmbər (s) buyurdu: “Bu haqda əmilərimə məlumat verməli, onların məsləhətinə qulaq asmalıyam.” (“Sireyi-İbn Hişam”, 1-ci cild, səh. 204.) Əksər tarixçilər isə qeyd edirlər ki, Xədicə evlilik təklifini Nəfisə adlı bir qadının vasitəsilə göndərdi.
Nəhayət, Peyğəmbər (s) evlilik macərasını öz əmiləri, məxsusən, Əbu Taliblə müzakirə etdi və Qüreyşin böyüklərinin iştirakı ilə toy mərasimi təşkil edildi. Əbu Talib Allaha həmd-səna edərək bir xütbə oxudu və qardaşı oğlunu belə təriflədi: “Qardaşım oğlu Mühəmməd ibn Abdullah (s) sərvət sahibi olmasa da, Qüreyşin kişiləri ilə müqayisədə, onların hamısında üstün və fəzilətlidir. Sərvət kölgə tək ötəri və gedəsidir, nəsil-nəcabət isə əbədi və qalasıdır.” (Biharul-ənvar”, c.16 səh.16.)
Əbu Talibin xütbəsindən sonra, Xədicənin qohumlarından Vərəqət ibn Nofəl ibn Əsəd sözə başladı: “Qüreyşlilərdən heç kim sizin fəzilət sahibi olmağınızı inkar etmir. Biz də səmimi qəlbdən bu şərafət kəndirinə birləşmək istəyir, sizinlə qohum olmağı özümüzə şərəf hesab edirik.”
Beləliklə, dörd yüz dinar (və yaxud iyirmi dəvə) mehriyyə təyin olunaraq “nikah” oxundu və Peyğəmbər (s) iyirmi beş yaşında ikən Xədicə ilə evləndi. O həzrətin xanım Xədicə ilə evliliyindən iki oğul və dörd qız uşağı dünyaya göz açdı: Qasim, Abdullah, Zeynəb, Rüqəyyə, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (ə).
(“Tarixi-İslam”, Ustad Mehdi Pişvayi; “Füruğe-əbədiyyət”, Ayətullah Cəfər Sübhani, 1-ci cild, səh.190-198.)
Yazar .Rza Şükürlü
Mənbə, maide.az