XX əsrin açılmayan sirri — Üçüncü Reyxin yoxa çıxan rəhbərləri (2-ci yazı)
İkinci dünya müharibəsi başa çatanda Almaniyanın yüksək vəzifəli rəhbərləri ölkələrinin məğlub olacağını anladılar. 1945-ci ildə SS qoşunlarının keçmiş döyüşçülərinin təşkilatı yarandı. Bu strukturun tapşırığı yüksək rütbəli alman hərbçilərinə kömək etmək idi. Amma təşkilatın maddi imkanları zəif idi. Almanlar müharibə vaxtı ələ keçirdikləri sərvəti SS zabitlərini Latın Amerikası, Yaxın Şərq və Afrikaya yola salmağa xərclədilər.
SS Şturmbanfüreri Eduard Roşman
SS nasisti Eduard Roşmanın ləqəbi Qəssab idi.
O, müharibənin sonunda təqibdən qurtulmaq üçün ölümünü səhnələşdirmək qərarına gəlir. Amerikalılar onu axtaranda eybəcər hala salınmış meyit tapdılar və meyitin 40 mindən çox insanın qatili olan Roşmana aid olduğunu təsdiqlədilər. Meyit Bavariya Alplarında tapıldı. Təşkilatın maliyyəsi hesabına Roşman digər cinayətkarlar kimi təhlükəsiz yerlərə gedəcəyini gözləyirdi. Demək lazımdır ki, soyuq dağlara səfər Eduard üçün pis nəticələndi. Onun ayaq barmaqlarını don vurdu və amputasiya etmək məcburiyyəti yarandı. Roşmanı əməliyyat edən həkimin meyiti təşis etmək cəhdi nəticə vermədi. Amputasiyadan sonra Qəssab axsamağa başladı və bu da sonradan onun tanınmasına kömək etdi.
Roşman üç il Avropa ölkələrindən birində yaşayıb. Onu hamı ölü bildiyi üçün axtarışla heç kəs məşğul olmadı. Ehtimal edilir ki, onun ölümünə inam yaradılmışdı və Təşkilatın hesabındakı pullar istənilən axtarışın qarşısını ala bilərdi. Sonra Roşman saxta sənədlər əldə edərək Latın Amerikasına yola düşdü. Bir il Qəssab Argentinada İsveçrə vətəndaşı Frits Verner adı altında yaşadı. Sonra qəflətən yoxa çıxdı. Roşman argentinalı Federiko Bernardo Veqner adı ilə yenidən üzə çıxdı. Bir müddət sonra kimsə Eduarda 50 min dollarlıq çek (o dövr üçün çox böyük məbləğ) göndərdi. Pulu kimin göndərdiyi naməlumdur. Təbii ki, bu, keçmiş əməkdaşlarına himayədarlıq edən Təşkilatın işi idi.
Roşman bu pul ilə biznes qurmağa başladı. Onun “Ştenler və Veqner” şirkəti Avropa ölkələrinə qiymətli ağac materialları göndərirdi.
Qeyd etmək lazımdır ki, Argentina hökuməti Roşmanın şəxsiyyəti ilə o qədər də maraqlanmırdı şünki Təşkilat əməkdaşlarını yaşadıqları ölkənin polisindən də qoruyurdu.
Beləcə Qəssab 20 il Argentinada yaşadı. Amma 1970-ci illərdə onun qəddarlıqlarının şahidi olan bir nəfər Qəssabı tanıdı. Bu barədə Almaniya hökuməti də məlumatlandırıldı. Anti-faşist təşkilatları fəaliyyətə keçdi və Argentina hərbi cinayətkarı Almaniyaya təhvil verməyə razılaşdı.
Roşman mühakimə olunmaq üçün Almaniyaya təhvil veriləcəyini bilirdi. Naməlum şəxs Eduradın yanına gəldi və Paraqvaya keçməyinə kömək etdi. Roşmana verilən təlimat sadə və dəqiq idi: Axşam avtobusa əyləşib “Pes-Mar” barının sahibinin yanına gəlmək və növbəti tapşırıqları gözləmək. Qəssab deyilənlərə əməl etdi. Onu pansionata yerləşdirdilər. Bir neçə ay yeni yerdə yaşayan Roşman diqqət cəlb etməməyə çalışdı. Amma bir dəfə ürəyində problem yarandı və onu xəstəxanaya apardılar. Bir müddət sonra Roşman xəstəxanada dünyasını dəyişdi. Polis mərhumun sənədlərini araşdıranda onun özünü təqdim etdiyi şəxs olmadığını başa düşdü. Paraqvay polisi Argentina polisi ilə əlaqəyə keçdi və ölən şəxsin hərbi cinayətkar olduğu faktı təsdiqləndi.
Amma Roşmanın meyitini morqdan oğurladılar. Bu isə onun ölümünün Təşkilatın işi olduğuna dəlalət edir. Çünki meyitin yarılması polisi Təşkilatın təlimatı ilə Roşmanı kimin qətlə yetirdiyi izinə sala bilərdi...
Yazar .Hikmət Həsənov
Mənbə. Ölkə.Az