Filofobiya nədir
Filofoblar çox fərqli insan keyfiyyətlərinə və həyat yoluna sahibdirlər. Yəni onların hamısı bir birinə oxşamırlar. Buna baxmayaraq, onları birləşdirən əsas xüsusiyyət – əks cinslə güvənli münasibətlər qurmaq istəməməsi, ya da bacarmamasıdır.
Filofobiyadan əziyyət çəkən insanlar bəzən problemi dərk etmirlər. Onlar özlərinə uyğun həyat tərzi hansıdırsa, onu da yaşamağa çalışırlar. Elə bir həyat yolu seçməyə çalışırlar ki, özlərini təhlükəsiz və rahat şəkildə hiss etsinlər.
Öz praktikamdan misal gətirim. Bir xanım xaricdə təhsil almışdı. Xaricə getməsinin səbəbini izah edəndə maraqlı məqam ortaya çıxdı. Xanım Bakıda qalacağı təqdirdə ailəsi onu evləndirmək istəyirmiş. O isə evlənmək istəmirdi. “Həm hazır deyiləm, həm də sevməkdən qorxuram, bağlanmaqdan qorxuram“.
Təbii ki, xanım filofobiyadan əziyyət çəkirdi, bu qorxu isə öz növbəsində onun ölkəni tərk etməsinə səbəb oldu. Yəni xaricə getmək qərarının əsasını təhsilin özü yox, qorxu təşkil etdi. Bu qorxudan əziyyət çəkənlər həyatlarını ondan qaynaqlanan qərarlar əsasında qururlar. Bu isə heç də həmişə müsbət qərarlar demək deyil.
Sevməkdən qorxan bir insanın xarici dünya ilə daxili dünyası nə qədər məsafəli olsa, o qədər də ona başqa bir insanı öz “şəxsi ərazisinə” buraxmaq, öz ürəyini açmaq, öz hisslərini, fikirlərini etibar etmək çətin olacaq.
Bütün bunların nəticəsində insan özünü həmişə bədbəxt hiss edir. O hissi, emosional olaraq “ac” qalır, dostlarla, iş yoldaşları ilə münasibətlər isə təbii ki bu “aclığı” aradan götürə bilməz.
Əks cinslə yaxın münasibətlər qurmaq cəhdləri adətən qısamüddətli və uğursuz olur. Həmin münasibətlərdən sonra boşluq və həyatın mənasızlığı kimi hisslər yaranmağa başlayır. Burda bir məqamı əlavə etmək istərdim ki, evli kişilərin xəyanət etmələrinin əsasında bəzən filofobiya dayana bilər. Öz həyat yoldaşları ilə yaxın, səmimi münasibətlər qura bilməmək, sevməkdən, bağlanmaqdan qorxu onları bəzən qısamüddətli münasibətlərə sürükləyir. Bu onlara haqq qazandırmır, təbii ki, lakin psixoloji problem kimi baxanda, filofobiya həll edilməklə, deməli bəzi xəyanət hallarını da aradan qaldırmaq mümkündür. (Xahiş edirəm, sırf bu misalı əsas götürərək, şərhlərdə aqressiv mesajlar yazmayın)
Filofobiyanı yarada biləcək səbəblər:
- Əlçatmaz, ideal partnyor obrazı. Mükəmməllik sindromu da deyə bilərik. Çox gözəl şəxsiyyətə malik ata və ya anadan qaynaqlanan, həmçinin bədii əsərlərdən formalaşan mükəmməl partnyor obrazı və onun əlçatmaz olması.
- Uşaq vaxtı əks cinsə qarşı aşağılayıcı münasibətin formalaşması.
- Ailə münaqişələri, fiziki zorakılıq, valideynin xəyanəti və s. ailə qurmaq qorxusu formalaşdırır. Doğma atası xəyanət edən xanım yad bir kişiyə necə etibar edib, onunla ailə quracaq?
- İlk sevginin uğursuz bitməsi. Unudula bilməməsi. Keçmiş ilə yaşamaq.
- Uğursuz seksual təcrübə. Zorlanma, kobud və aşağılayıcı seksual xarakterli davranışa məruz qalma və s. gələcəkdə mümkün kişi və qadın münasibətlərinə qarşı güclü qorxu, bəzi hallarda isə nifrət formalaşdırır.
- Boşanma. Ailə həyatından sonra insanlar bəzi hallarda qarşı cinslə bütün münasibətləri kəsirlər, öz hisslərində qapanıb, özlərini və ya keçmiş yoldaşlarını günahlandırmaqla məşğul olurlar.
- Doğma insanı itirmək. Yaxın insanın ölümündən sonra onun mənfi tərəfləri unudularaq, obrazı ideallaşdırılır. Real həyatdakı insanlar kənarda qalırlar, obraz isə hər kəslə ünsiyyəti “əvəzləyir”.