SƏN PİSLİYİ YAXŞILIQLA DƏF ET!

SƏN PİSLİYİ YAXŞILIQLA DƏF ET!

Başqalarının pislikləri müqabilində yaxşılıq etmək İslamın qəti göstərişlərindən biridir və bu sayaq rəftarın fərdi və ictimai təsirləri danılmazdır. Çətinliklə ötüşən çağdaş həyatımızda İslamın bu göstərişinə əməl etmək insana ağır gəlir. Hər gün küçə-bazarlarda, ətraf mühitimizdə, iş yerlərimizdə elə səhnələrlə rastalışırıq ki, həmin gün rəftar tərzimizə təsirsiz ötüşmür və yaşayışımızı təsir altına alır. Elə bu səbəbdən, qarşılaşdığımız insanlarla düzgün rəftar və ictimai ünsiyyətlərimizdə doğru baxış böyük əhəmiyyət kəsb edir. İslamın insanlarla necə rəftar etməklə bağlı gözəl bir təklifi və tövsiyəsi var. Bu təklif və tövsiyə sadə olması ilə bərabər, həm də mütərəqqidir: “Başqalarına yaxşılıq etmək.” İslamın bu mövzuda ilk göstərişi budur ki, başqalarının yaxşılıqları müqabilində yaxşılıq etmək, başqa sözlə, yaxşılığa yaxşılıqla cavab vermək lazımdır. “Ər-rəhman” surəsinin 60-cı ayəsində buyurulur: “Məgər yaxşılığın əvəzi ancaq yaxşılıq deyilmi?” İkinci göstəriş isə, bu mərhələdən üstün, hətta çətindir. Belə ki, pisliklərin müqabilində də yaxşılıq etmək lazımdır. Bu haqda Qurani-Kərimin “Muminun” surəsinin 96-cı ayəsində belə buyurulur: “Sən pisliyi yaxşılıqla dəf et!” “Fussilət” surəsinin 34-cü ayəsində də belə buyurulur: Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda, aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!”

İKİ GÖZƏL İNCƏLİK

Qeyd edilən ayələrdən məlum olur ki, başqalarına yaxşılıq etmək, hətta onların pisliklərinin müqabilində yaxşı davranmağın iki mühüm təsiri vardır ki, biri fərdi, digəri isə ictimai xarakter daşıyır: 1. Düşmənçiliyin dostluğa çevrilməsi: Pis rəftarlara ən gözəl cavab bəxşiş, güzəşt, əfv, məhəbbət və səmimiyyətdir. Bunu biz peyğəmbərlərin, vəsilərin və övliyaların həyat tərzində də müşahidə edirik. Necə ki, “Fussilət” surəsinin 34-cü ayəsində də buna işarə edilir:

Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda, aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” 2. Cəmiyyətdən pisliklərin dəf edilməsi: İslam camiəsində rabitələrin qorunması, qəflət və günah nəticəsində yaranan yaraların iltihabı üçün İslamın ən gözəl göstərişi başqalarına yaxşılıq etmək, onların səhvlərinə göz yummaq, qisas və intiqam hissini boğmaqdır. İslamın müsəlman şəxsə tövsiyəsi budur ki, əgər bir müsəlman sənə bir pislik edibsə, məbada sən də ona rəqib olasan, məbada sən də onun zərərinə çalışasan, əksinə, səy et ki, zərərli rəqabətləri aradan qaldırasan. Çünki düşmənçilik və rəqabət hissi aradan qaldırıldıqda, camiədə kin-küdurətlər və düşmənçiliklər dostluğa, məhəbbətə çevriləcək və bu da, həmin camiənin hər bir sahədə tərəqqisi ilə nəticələnəckdir.

BİR İNCƏLİK!

Burada bəzilərinin verilən ayələrlə bağlı yanlış yozumuna səbəb ola biləcək bir incəliyin qeyd olunmasını da zəruri bilirik. O da budur ki, İslamın uyğun göstərişi o zaman keçərlidir ki, düşmən sənin yaxşılığından sui-istifadə etməsin, onu sənin acizlik və zəiflik nişanən bilməsin, onun sənə qarşı cürət, cəsarət və hörmətsizliyini artırmasın. Digər tərəfdən, bu göstəriş zülm və haqsızlığa boyun əymək, ədalətsizliklə barışmaq, zalımla həmkarlıq etmək və bədxah düşmənin vəsvəsələrinə təslim olmaq mənasını daşımır. Elə bu səbəbdən də, “Fussilət” surəsinin 34-cü ayəsində uyğun göstərişdən dərhal sonra İslam Peyğəmbərinə (s) buyurulur ki, şeytani vəsvəsələrə qapılma və Allaha pənah apar:

Əgər şeytan tərəfindən bir vəsvəsə səni (vəzifənə əməl etməməyə) təhrik etsə, onda Allaha sığın. Çünki (hər şeyi) eşidən və bilən Odur.” Yazar.Rza Şükürlü Mənbə.(Maide.az)
568 Views