Azərbaycan Fevral inqilabından sonra

Azərbaycan Fevral inqilabından sonra

Petroqradda baş verən dəyişikliklər Rusiyanın müstəmləkə ucqarlarında, o cümlədən Cənubi Qafqazda da öz əks-sədasını verdi. 1917-ci il martın 5-də bölgənin ən iri sənaye şəhəri Bakıda yeni hökuməti müdafiə edən İctimai Təşkilatlar Şurası və onun Müvəqqəti İcraiyyə Komitəsi təşkil olundu. Martın 7-də Bakı fəhlə deputatları Soveti yaradıldı. Fevral inqilabından sonra leqal fəaliyyətə başlayan «Müsavat» partiyasının əhali arasında nüfuzu artmaqda idi. 1917-ci ilin oktyabrında Bakı sovetinə keçirilən seçkilərdə o, bolşeviklərə nisbətən 2,5, daşnaqlara nisbətən isə 18 dəfə çox səs almışdı. Bundan qısqanan digər partiyalar, xüsusən bolşeviklər və daşnaklar «Müsavat»a qarşı vahid cəbhə yaratdılar. Rusiyada oktyabr çevrilişindən sonra Bakı Sovetində çoxluq təşkil edən bolşeviklər hakimiyyəti ələ aldılar. Onlar Bakını cənub Qafqazda inqilabla əksinqilab arasında mübarizə dayağı elan etdilər. Başda Stepan Şaumyan olmaqla Bakı Soveti Qırmızı Qvardiya dəstələri yaratdı. Dünya müharibəsi cəbhələrindən qayıdan 5 min əsgəri qvardiya sıralarına götürdülər. Beləliklə, 1012 minlik ordu təşkil edildi. Onların da 70 faizini ermənilər təşkil edirdi. Bütün bu qüvvələr «əksinqilabi qüvvə» kimi qələmə verilən «Müsavat»a, müsəlmanlara, azərbaycanlılara qarşı çevrilmişdi. Bunun üçün bəhanə olaraq Evelina münaqişəsi törədildi. Bakı soveti min cür şayiələrə əsaslanaraq müsəlman alayı zabitlərini Lənkərana aparan «Evelina» gəmisini tərksilah olunmasını tələb etdi və onu həyata keçirdi, Bu şəhərin müsəlman əhalısini həyəcana gətirdi. Onlar silahların qaytarılmasını tələb etdilər. Bax bu, 1918-ci il martın 30 - aprelin 1-də Bakıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı üçün siqnal oldu. Soyqırım nəticəsində təkcə Bakıda 12 mindən çox azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Aprel ayının ilk günlərindən etibarən Şamaxıda, Qubada, Xaçmazda, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və b. ərazilərdə də azərbaycanlılara qarşı soyqırımı təşkil olundu, 20 mindən çox adam öldürüldü. Yüzlərlə Azərbaycan kəndi dağıdılıb yandırıldı. Sovet mətbuatında bu «müsavatçıların antisovet qiyamına qarşı mübarizə» kimi qələmə verilmişdi. Əslində isə bu bolşeviklərin daşnaqlarla birlikdə azərbaycanlılara qarşı düşünülmüş soyqırımı idi. Soyqırımın təşkilatçılarından olan S.Şaumyan 1918-ci il aprelin 13-də RSFSR XKS-nə göndərdiyi hesabatında yazmışdı: «Üç gün ərzində - 30, 31 mart və 1 apreldə Bakı şəhərində şiddətli vuruşma olmuşdur. Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik..., bizim 6 min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... «Daşnaksütyun»un da 3-4 min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin (daşnak hissələrinin) iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildi, biz bilərəkdən buna yol verirdik». Bolşevik - daşnak güruhu mart soyqırımını «inqilabın əksinqilab üzərində qələbəsi» kimi mənalandırırdı.Mart hadisələrindən sonra müvəqqəti üstünlük əldə edən Bakı Soveti şəhərdə idarəçiliyi öz əlinə aldı. O, antiazərbaycan siyasətini gücləndirdi. V.Avakyan Bakı və ətraf rayonların yeni komendantı təyin edildi. Erməni Milli Şurasından başqa bütün digər Milli Şuralar qadağan olundu. «Şəhər Duması» buraxıldı. 1918-ci il aprelin 25-də tarix ədəbiyyatında Bakı Kommunası adlandırılan Bakı Xalq Komissarları Soveti (BXKS) yaradıldı. Onun tərkibində əsas yeri qeyri millətlərin, xüsusən ermənilərin nümayəndələri tuturdu, Sədri və xarici işlər Komissarı Şaumyan, Xalq hərbi və dəniz Kommissarı Korqanov (Korqanyan), Ədliyyə Komissarı A.B.Korenyan (Qabrielyan) və b. idilər. BXKS-nin rəhbərliyinə Z.Avetisyan, Ter-Qabrielyan, Kostandyan, Osipyan, Əmiryan, Ter-Saakyan, Nuricanyan və b. da daxil idilər. Məhz buna görə də daşnak Ermənistanının o zamankı liderlərindən olan A.Xatisov (Xatisyan) BXKS-ni «erməni sovet hökuməti» adlandırmışdı. BXKS-nin tərkibinə azərbaycanlılardan ancaq N.Nərimanov, M.H.Vəzirov və M.Əzizbəyov daxil edilmişdi. BXKS-i 1918-ci il aprelin 28-də mart soyqırımında mühüm rol oynamış erməni hərbi hissələrini «Beynəlmiləl dəstələr» adı altında Qırmızı Qvardiyanın tərkibinə daxil etmişdi. 18 minlik Kommuna ordusunun 13 minini, zabitlərin isə demək olar ki, əksəriyyətini ermənilər təşkil edirdi. Deməli, BXKS Azərbaycan üçün yad bir siyasi qurum idi. O, tamamilə antiazərbaycan siyasəti yürüdürdü. BXKS, o zaman fəaliyyətdə olan əsil milli hökumət olan Azərbaycan Xalq Cümhuriyyətini ləğv etmək, Bakını, Azərbaycanı Sovet Rusiyasının tərkibinə qatmaq siyasəti yürüdürdü. Onun Azərbaycan milli sosial bazası yox idi. Ona görə də o, uzun müddət yaşaya bilmədi. 1918-ci il iyulun axırlarında (31-də) süqut etdi. 1918-ci il avqustun 1-də Bakıda «Mərkəzi Xəzər» diktaturası təşkil olundu. Sentyabrın 19-dan 20-nə keçən gecə Bakı kommissarlarından 26 nəfəri Ağcaqum çöllərində güllələndilər. Beləliklə, Azərbaycan tarixinə qara ləkə kimi daxil olan Bakı Kommunasına son qoyuldu. Mənbə. kayzen.az
568 Views