Depressiya aylarında oxumaga dəyər 10 kitab

Depressiya aylarında oxumaga dəyər 10 kitab

George Saunders, "Lincoln bardo içində" (Lincoln in the Bardo)

Hekayə janrının ustası Saunders özünün ilk romanı üçün çıxış nöqtəsi kimi ABŞ-ın ən çox ehtiram edilən prezidentlərindən birinin həyatında baş vermis məşhur faciəni seçib. Abraham Lincoln-nun oğlu Willie 1862-ci ildə 11 yaşında tif xəstəliyindən vəfat edib. Prezident oğlu üçün Vətəndaş Müharibəsinin kəllə-çarxda olduğu və sonu bəlli olmadığı vaxtlarda yas tuturdu. Saunders-in romanında Tibet buddist inancına görə nə o dünya, nə də bu dünya olan bardo konsepsiyasından istifadə olunub. Əsər məzarlıq ətrafında cərəyan edən bəlağətli səslərin mozaikasından qurulub. Bu səslər sanki atanın oğul kədəri ilə onun "müharibədə qətiyyətli və cəsarətli olmaq" məramını birləşdirib.

Lüdmila Petruşevskaya,"Metropol otelindəki qız" (The Girl from the Metropol Hotel)

Rusiyanın məşhur yazıçılarından olan Petruşevskaya 1938-ci ildə Moskvada, Kremlin yaxınlığında yerləşən Metropol otelində doğulub. Onun uşaqlıq illərində qızın ailə üzvləri, ailənin tanışları olan ziyalılar "xalq düşməni" kimi güllələnmişdilər. O uşaqlıq illərində sərt ehtiyaca, aclığa və tənhalığa məruz qalmışdı. O qonşunun zibil vedrəsindən əlinə keçəni yeyir və ayaqqabısı olmadığı üçün məktəbə gedə bilmirdi. Bu məşəqqətlərə baxmayaraq Petruşevskaya Volqa boyunca səyahətdən, nənəsindən Qoqol haqqında eşitdiyi xatırələrdən və opera teatrının pəncərəsinə dırmaşaraq oradan Rossininin "Seviya bərbəri" əsərinə tamaşa etməsindən sevinclə yazır. Bu kitab Stalin zəmanəsinin çox özünəməxsus təsviridir.

Katie Kitamura, "Ayrılıq" (A Separation)

Kitamuranın sayca üçüncü romanı çox sadə başlanır: "Hər şey İsabellanın telefon zəngindən başlandı. O Christopher-i axtarırdı". İsabella Christopher-in anası idi və oğlu arvadı ilə artıq 6 aydır ki, ayrı yaşadıqlarını ondan gizlətmişdi. İndi isə o yoxa çıxıb. Bütün yalanlar və sirlər açılır. Arvadı izə düşərək onu axtarmaq üçün Afinaya yollanır. Onun məqsədi ərindən boşanma istəməkdir. O ərinin yaşadığı otelə düşür. Qadın ərini bütün Mani yarımadası boyunca izləyir. Bu axtarış zamanı o ərinin aldatdığı qadınların və onların xəyənət olunmuş ərlərinin hekayətləri ilə üz-üzə qalır. Çox emosional trillerdir.

Steve Erickson, "Yan şosse" (Shadowbahn)

Romanda yük maşınının sürücüsü 2021-ci ildə Cənubi Dakota ştatının ərazisindən keçərkən üfüqdə gözlərinə 2001-ci ildə terror hücumu zamanı dağıdılmış Ticarət Mərkəzinin qoşa qülləsi görünür. Buraya - "Amerika Stonehenge"i deyilən tamaşaya baxmaq üçün izdiham toplaşıb. Bununla parallel olaraq Parker və Zema da analarına baş çəkmək üçün Michigan-a gedərkən Qüllələrə doğru yan şosseyə düşürlər. Erickson bu əsərində Amerika mifi ilə Amerika tarixini fantastik bir şəkildə birləşdirib.

Glenn Frankel, "Gün günorta" (High Noon)

"Gün günorta" əslində Hollivudun "qara siyahı" vaxtlarında 32 günə çəkdiyi vestern filmin adıdır. Bu həmin vaxtlar idi ki, ABŞ-da makkartizm cövlan edir və kommunistlər təqib olunurdular. Bu kitabda Pulitzer laureatı Frankel həmin "qara siyahının" kino industriyasında buraxdığı izdən bəhs edir.

Anders Rydell, "Kitab oğruları" (The Book Thieves)

Kitabda nasist partiyasının incəsənət incilərini talan etməsindən, ədəbiyyata hücumlarından, solçu və yəhudi yazıçıların təqibindən və Avropa boyunca kitabxanaları soymasından danışılır. Əsərdə deyilir ki, Üçüncü Reyx düşmənlərin kitabxanalarından oğurlanmış, yandırılmış kitablarla tarixi yenidən və özünə uyğun uydurmağa cəhd edib. İsveç naşiri və jurnalist Rydell Avropa boyunca oğurlanmış və birdəfəlik itirilmiş milyonlarla kitabların izinə düşür.

Vivek Şanbaq, "Qaçar-Qoşar" (Ghachar Ghochar)

Hindistan yazıçısı Şanbaqın ingilis dilinə tərcümə edilmiş romanı mehriban ailə haqqındadır. Bu ailəyə əhvalatı nəql edənin özü, valideynləri, dayısı, bacısı və arvadı daxildir. Atanın erkən təqaüdə çıxarılması ilə ailənin güzaranı pozulur və məşəqqətli yoxsulluq başlanır. Bu vaxt köməyə dayı gəlir. O Kerala şəhərindən ədvalar alıb yerli dükanlara satan firma qurur. Ailə yavaş-yavaş dirçəlir. Onlar əvvəlcə daxmadan babat mənzilə köçürlər. Amma varlanmasına baxmayaraq ailənin həyatı ananın sözləri ilə deyilsə "qaçar-qoşar" olaraq qalır.

Stephen O'Shea, "Alp dağları" The Alps

O'Shea-nin bu kitabı səyahətnamədir. Səyahət İsveçrə gölünün sahilindən başlanıb İtaliyada Adritaik dənizinin sahilindəki Triestdə bitir. Müəllif yol boyunca gördüyü adamlardan, ən başlıcası tarixlə bağlı yerlərdən söz açır. O James Bond filmlərinin çəkildiyi məkanlardan söz açır. Müəllif İsveçrə gölünün sahilindəki bir villadan da bəhs edir. Burada Mary Shelley 1816-cı ildə Frankenstein-ə hamilə qalıb. Davos yaxınlığındakı başqa bir yerdə isə yazıçı Arthur Conan Doyle 1894-cü ildə ilk dəfə olaraq xizək sürməyi öyrənirmiş. O Sherlock Holmes-u "öldürməyi" də burada qərar alıb. Bu kitabda nasistlərin qiymətsiz incəsənət incilərini gizlətməyə çalışdıqları duz mədənlərindən də bəhs olunur. Heydilend həm də Mozart-ın doğulduğu yerdir.
Christina Baker Kline, “Dünyanın bir parçası” (A Piece of the World)Fotonun müəllifiWİLLİAM MORROW

Christina Baker Kline, "Dünyanın bir parçası" (A Piece of the World)

Kline-nın yeni romanının qəhrəmanı Andrew Wyeth-in məşhur "Christinanın dünyası" tablosundakı Christina Olsondur. Uşaqlıqdan xəstəliklə bağlı axsaq olan Christina-nın buralardan qaçmaq arzusu Harvard tələbəsi ilə 4 illik sevgi macərası başa çatanda bitir. Bir gün buralara gələn rəssam Wyeth Christinaya onların evlərindən emalatxana kimi istifadə etmək istədiyini bildirir. Bundan sonra rəssam və qız arasında əsl eşq başlanır. Rəssam həmişəlik burda qalıb əsərlərində bu yerləri təsvirləndirir. "Bəzən sığınacaq, bəzən həbsxana… amma bu ev həmişəlik mənim evim olub" - yazır Baker.

Ethel Rohan, "Onun çəkisi" (The Weight of Him)

Ethel Rohan-in ilk romanının qəhrəmanı Yekəpər Billy Brennan əslində çox incəqəlbli və sakit bir irlanddır. Onun yeniyetmə oğlu təzəcə intihar edib. Kədər atanı stresə salır. Bu stres onu daim nəsə yeməyə vadar edirdi. O bu münvalla 180 kiloya çatır. Nəticədə zavallı Billy Brennan "yekəpər" ləqəbini qazanır. Amma ata sonsuz kədərindən xilas olmaq üçün intiharları önləyən xeyriyyə kampaniyasına başlayır. Bax belə qəmli və ümidli bir kitabdır
  • Bu məqalənin orijinalını ingilis dilində BBC Culture səhfəsində oxuya bilərsiniz.
  • Mənbə. bbc.com istinadən
568 Views